Məhkəmə qərarları › İş №2(008)-2656/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-2656/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2656/2023 23.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən kredit müqaviləsinə əsasən 27.500 manat və əlavə olaraq 7.500 manat olmaqla, cəmi 35.000 manat məbləğində borcun, 300 manat hüquqi yardım haqqı və 195 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Nizami rayonu, Şərifli küçəsi ev 94 V, 64 saylı mənzildə yaşayır. Cavabdeh 2018-ci ildən tanıyır. Həmin vaxt münasibətləri yaxşı olmuşdur. Belə ki, cavabdeh ona 2020-ci ildə ev tikib sataraq yaxşı pul qazanmağın mümkün olduğunu, lakin ev tikmək üçün lazımi məbləğdə pulunun olmadığını bildirmiş, eyni zamanda tikiləcək evin sənədlərini ona göstərmişdir. Cavabdeh ondan 6.500 manat borca pul götürmüş və bildirmişdir ki, yaxşı iş götürüb, borcunu tezliklə artıqlaması ilə qaytaracaqdır. Bir neçə gündən sonra cavabdeh ondan götürdüyü 6500 manat pulun 1.500 manatını qaytarmışdır. Cavabdehin qısa müddətdə pulunun bir hissəsini qaytarması onda həmin şəxsə qarşı inam yaratmışdır. Cavabdehin ev tikib satmaq barədə təklifini onunla yaxşı münasibətdə olan yaxınlarına da danışmış, həmin şəxslər bunun yaxşı təklif olduğunu bildirmişlər. O, cavabdehə maddi imkanının yaxşı olmadığını, lakin bəzi rəfiqələri ilə də danışaraq, birlikdə pulu toplayıb iş görmək üçün verə bilcəyini bildirmişdir. Həmçinin cavabdehə demişdir ki, onlar bir neçə nəfərdirlər və onlar hamısı pulu bir yerə toplayıb verirlərsə, onlardan biri ilə rəsmi müqavilə bağlamaq lazımdır. Cavabdeh razı olduğundan, birlikdə 50 saylı notariat ofisinə gəlib xx.xx.2020-ci il tarixdə kredit müqaviləsi bağlamışlar. Həmin müqaviləyə görə cavabdeh evi iki il müddətində tikib sataraq xx.xx.2020-ci ildə qazancı ilə birlikdə ondan aldığı pulu qaytaracağını öhdəsinə götürmüşdür. O, bir neçə dəfə tikinti və təmir işləri aparılan evə baxmış və cavabdehin onu aldatmayacağına inanmışdır. Bir müddət sonra ev tikilib başa çatdırılmış və satışa çıxarılmışdır. Sonradan cavabdeh bildirmişdir ki, oğrular evə girib evdə quraşdırılmış qızdırıcı sistemin batereyalarını və digər əşyaları oğurlamışlar. Ona görə də, cavabdeh oğrular tərəfindən evə vurulmuş zərərin təmiri və qızdırıcı sistemlərinin quraşdırılması üçün ondan əlavə pul istəmiş və o, evin satılaraq qazanc götürəcəyini nəzərə alaraq cavabdehə notariat müqaviləsi olmadan 2.500 manat pul vermişdir. Lakin bir müddət sonra ona məlum olmuşdur ki, cavabdeh evi satsa da, nəinki ondan aldığı pulu qaytarmış, hətta bir qəpik belə ona qazanc kimi ödəməmişdir. O, zəng edərək cavabdehlə görüşmək və pulunu ondan geri almaq istəsə də, cavabdeh ilk vaxtlar pulu qısa müddətdə qaytaracağını bildirmiş, lakin qaytaramamışdır. O zaman “COVİD-19” pandemiyası dövrü olduğu üçün cavabdehlə görüşə bilməmiş, daha sonra isə cavabdehin ona bildirməsinə görə, həmin xəstəliyə tutulduğundan, ona olan borcunu qaytara bilməmiş və tezliklə həll edəcəyini bildirmişdir. Həmin vaxt o, tikilmiş evə getmiş və evdə başqa şəxslərin yaşadığını görmüşdür. Həmin şəxsə evin onun pulu ilə tikildiyini bildirdikdə, o, pulu verib ev aldığını, onluq bir problem olmadığını demişdir. Sonradan dəfələrlə cavabdeh “whatsapp” yazışmalarında ondan aldığı pulu əminliklə qaytaracağını yazsa da, verdiyi sözü tutmamış və pulunu qaytarmamışdır. Cavabdeh borcunu qaytarmadığı üçün, o, başqa şəxslərdən aldığı pulu da qaytara bilməmiş və onların yanında pis vəziyyətə düşmüşdür. Son zamanlar cavabdeh telefonlarına cavab vermir. Ona yazdığı “whatsapp” yazışmasını məhkəməyə verməyi bildirir. Hesab edir ki, cavabdehin əməli onu aldatmaqdır. Ona görə də, ondan ev tikib, təmir edib satmaqla pul qazanmaq adı ilə aldığı 35.000 manat pulunu qaytarmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verib, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanılmış Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, sonuncu, İddiaçı aldığı 27500 manat məbləğində pulu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, Cavabdeh yuxarıda göstərilən müqavilə üzrə öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməyərək, iddiaçıdan aldığı borcu qaytarmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 423.2-ci maddəsinin mahiyyətindən görünür ki, tərəf müqavilənin ləğv edilməsi tələbini məhkəməyə təklifdə göstərilmiş müddətdə irəli sürə bilər. Həmin Məcəllənin 428.4 və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf cavabdehdən iddia tələbinin 3500 manat məbləğində borcun qaytarılmasına dair hissəsinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 27.500 manat, həmçinin sonradan aldığı, lakin qaytarmadığı 7500 manat olmaqla, cəmi 35.000 manat ödənilməmiş borcu vardır və cavabdeh həmin borcu iddiaçıya ödəməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 195 manat məbləğində dövlət rüsumu və hüquqi xidmətin göstərilməsinə görə 300 manat pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələblərinə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 195 manat dövlət rüsumu və vəkil xərcinə görə çəkilmiş 300 manat pul vəsaiti cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı hazırkı iddiası təmin edilərək, 35.000 manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 35.000 (otuz beş min) manat borc, 195 (bir yüz doxsan beş) manat dövlət rüsumu və 300 (üç yüz) manat vəkil xərcinin əvəzi olmaqla, cəmi 35.495 (otuz beş min dörd yüz doxsan beş) manat məbləğində pul vəsaiti tutulsun. Cavabdeh qətnaməni aldıqdan 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar