Məhkəmə qərarları › İş №2(008)-2664/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2664/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2664/2021 03.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış 18.03.2019cu il tarixli, İK №666740/F-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə 1520.42 manat əsas, 224.22 manat faiz, 303.32 manat cərimə borcu olmaqla, ümumilikdə 2047.96 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh1 arasında bağlanmış 18.03.2019-cu il tarixli, İK № 666740/F-19 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik dərəcəsi 24 % faiz olmaqla, 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi bankla Cavabdeh2 arasında 18.03.2019-cu il tarixli, İK №666740/F-19 saylı zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər müqavilə üzrə öhdəliyə və müqavilə şərtlərinə riayət etməmiş, ödəniş qrafikinin tələblərini davamlı şəkildə pozmuşlar. Belə ki, Cavabdeh1 22.12.2020-ci il tarixədək əsas və faiz borcunu tam şəkildə ödəməli olduğu halda, 1479.58 manat əsas, 644.42 manat faiz borcundan ödəniş etmişdir. Halhazırda onun İddiaçı ASC-yə borcu 1520.42 manat əsas, 224.22 manat faiz, 303.32 manat cərimə borcu olmaqla, cəmi 2047.96 manat təşkil edir. Bununla əlaqədar, cavabdehə və zaminə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmişdir. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.3-cü bəndinə əsasən, borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu bank qarşısında birgə məsuliyyət daşıyırlar. İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1520.42 manat əsas, 326.88 faiz, manat, 303.32 manat cərimə borcu olmaqla, cəmi 2150.62 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış 18.03.2019-cu il tarixli, İK №666740/F-19 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik 24 % faiz dərəcəsi ilə 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Xaçmaz filialı ilə Cavabdeh2 arasında bağlanmış 18.03.2019-cu il tarixli, İK №666740/F-19 saylı zaminlik müqaviləsinə əsasən, sonuncu özünə məxsus bütün daşınar və daşınmaz əmlakları ilə 18.03.2019-cu il tarixli, İK № 666740/F-19 saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 bank qarşısında öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirilməsi ilə əlaqədar məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 18.03.2019-cu il tarixli, İK №666740/F-19 saylı kredit müqaviləsinə dair ödəniş qrafikindən görünür ki, Cavabdeh1 18.04.2019-cu il tarixdən 18.03.2021-ci il tarixədək hər ay 158.61 manat olmaqla, cəmi 3806.74 manat məbləğində banka ödəniş etməlidir. İş materiallarında olan 18.03.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 nağd qaydada 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh1, Cavabdeh2 ayrı-ayrı vaxtlarda göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, kredit borcunun ödənilməsi üçün bank tərəfindən cavabdehlərə müvafiq xəbərdarlıqlar edilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 08.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 1520.42 manat əsas borc, 326.88 manat faiz borcu, 303.32 manat cərimə borcu olmaqla, cəmi 2150.62 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1-ci maddə). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (739.2-ci maddə). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi, Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmaqla, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdehlər müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq, əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişlər. Məhkəmə hesab edir ki, iddia tələbi tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 1520.42 manat məbləğində əsas borcun, 326.88 manat məbləğində faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını və hesablanmış cərimənin götürülmüş kreditə münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, 20 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi, Cavabdeh2 isə, zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirmədiklərindən, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASCnin xeyrinə 18.03.2019-cu il tarixli, İK №666740/F-19 saylı kredit müqaviləsi üzrə 1520.42 manat məbləğində əsas borc, 326.88 manat məbləğində faiz borcu, 20 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1867.3 manat məbləğində pul tutulmalıdır. İddia qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehlərə aid edilməlidir. Eyni zamanda tərəflər arasında bağlanmış 18.03.2019-cu il tarixli, İK №666740/F-19 saylı kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18.03.2019-cu il tarixli, İK №666740/F-19 saylı kredit müqaviləsi üzrə 1520.42 (min beş yüz iyirmi manat qırx iki qəpik) manat əsas borc, 326.88 (üç yüz iyirmi altı manat səksən səkkiz qəpik) manat faiz borcu, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 1867.3 (min səkkiz yüz altmış yeddi manat otuz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi 20 (iyirmi) manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 18.03.2019-cu il tarixli, İK №666740/F-19 saylı kredit müqaviləsi ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar