Məhkəmə qərarları › İş №2(008)-2666/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2666/2023

23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2666/2023 23.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2, Cavabdeh Rüstem oğlunun iştirakları ilə İddiaçı Ləğv prosesində olan "xxxx" QSC KB-nin Cavabdeh Rüstem oğluna qarşı kredit müqaviləsi üzra borcun tutulması teləbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" QSC KB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2015-ci il tarixli, 1xx/xx/135496/15 №-li kredit müqaviləsi üzrə 288,86 ABŞ dollar məbləğində əsas borc, 976.99 ABŞ dolları məbəğində faiz borcu, 1235.28 ABŞ dolları məbləğində cərimə borcu, 39.28 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 2540.41 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, QSC "xxxx" KB ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixində kreditin verilməsi haqqında 1xx/xx/135496/15 №-li müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə 24 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 288,86 ABŞ dollar məbləğində əsas borcu, 976.99 ABŞ dolları məbəğində faiz borcu, 1235.28 ABŞ dolları məbləğində cərimə borcu, 39.28 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 2540.41 ABŞ dolları məbləğində borcu qalmışdır. Qeyd olunanlara əsasən QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixində kreditin verilməsi haqqında 1xx/xx/135496/15 №-li kredit müqaviləsi üzrə cavabdehdən 2540.41 ABŞ dolları borcun, 30 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan "xxxx" QSC KB-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh yalnız əsas borcunu etiraf etdi, həmin hissədə iddianın təmin edilməsinə etiraz etmədi.. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır. QSC "xxxx" KB ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli kreditin verilməsi haqqında 1xx/xx/135496/15 №-li müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeha 24 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Ödəniş cədvəlindən görünür ki, cavabdeh hər ayın 27-dən gec olmayaraq 36 ay müddətinə 117.70 ABŞ dolları banka ödəməyi öhdəsinə götürmüşdür. Hesabdan çıxarışdan görünür ki, Fərmanla bağlı cavabdehin hesabından 2298,14 manat əsas borcdan silinmişdir. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixində kreditin verilməsi haqqında 1xx/xx/135496/15 №-li müqavilə üzrə Ləğv prosesində olan "xxxx" QSC KB-yə cavabdehin 1235.28 ABŞ dollar məbləğində əsas borcu, 612.52 ABŞ dolları məbəğində faiz borcu, 958.45 ABŞ dolları məbləğində cərimə borcu, 39.28 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 2540.41 ABŞ dolları məbləğində borcu vardır. Cavabdehə ünvanlanmış bildirişdən görünür ki, Bank tərəfindən Cavabdeh kredit borcunun ödənilməsi üçün müvafiq qaydada məlumatlandırılmış, əks halda Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanına müraciət olunacağı bildirilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə arasında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdehlər müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər. Bu əsasdan məhkəmə hesab edir ki, iddia əsas, faiz və gecikdirmə faizi borcunun tutulması hissəsində tam təmin, cərimə borcunun hissəsində isə qismən, yəni 50 ABŞ dolları məbləğində təmin edilməlidir . Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesb edir ki, 288,86 ABŞ dollar əsas borc məbləğinə münasibətdə 1235.28 ABŞ dolarrı cərimə borcunun hətta 10 faizi tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bütün sübutlara qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, borclu Cavabdeh xx.xx.2015-ci il tarixli, 1xx/xx/135496/15 №-li müqavilə üzrə 288,86 ABŞ dollar məbləğində əsas borcu, 976,99 ABŞ dolları məbəğində faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə borcu, 39.28 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1355,13 ABŞ dolları məbləğində borc və 30 manat dövlət rüsumu iddiaçı Ləğv prosesində olan "xxxx" QSC KB-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 288,86 ABŞ dollar məbləğində əsas borc, 976,99 ABŞ dolları məbəğində faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə, 39.28 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1355,13 ABŞ dolları məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu "Ləğv prosesində olan "Bank Standart" KB-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar