Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2670/2021 08.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və aliment borcunun cavabdehdən məcburi qaydada tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24.04.2017-ci il təvəllüdlü X1 və 25.08.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin tutulması və 3120 manat məbləğində aliment borcunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdehlə birgə nikahından X2 və X4 anadan olmuşdur. Yevlax Rayon Məhkəməsinin 26.12.2019-cu il tarixli, 2(039)-2716/2019 saylı qətnaməsi ilə 24.04.2017-ci il təvəllüdlü X1 və 25.08.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, ümumilikdə 240 sabit pul məbləğində aliment müəyyən edilmişdir. Bir ildən artıqır ki, cavabdeh alimenti ödəmir. Uşaqlar böyüdüklərindən, ehtiyacları da artır, buna görə də həmin məbləğdə aliment uşaqların saxlanılması üçün kifayət etmir. O, qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə maddi imkanı yoxdur. Onun hər ay hər uşağın saxlanılması üçün 150 manat sabit pul məbləğində aliment ödəməyə imkanı vardır. O, qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 26.12.2019-cu il tarixli, 2(039)-2716/2019 saylı qətnaməsi ilə müəyyən olunur ki, həmin qətnaməyə əsasən, Cavabdeh 24.04.2017-ci il təvəllüdlü X1 və 25.08.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 04.12.2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 120 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətlərindən görünür ki, tərəflərin birgə nikahından 24.04.2017-ci il təvəllüdlü X2 və 25.08.2018-ci il təvəllüdlü X4 anadan olmuşlar. İş materiallarına əlavə edilmiş ərizədə Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, hər ay hər uşağın saxlanılması üçün 150 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanı olduğunu bildirmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8-2/2016 saylı qərarının, 8.2 və 8.3-cü bəndlərində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. İddiaçı hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etsə də, məhkəmə 2021-ci il üçün uşaqlar üçün yaşayış minimumunun miqdarını, eləcə də, cavabdehin maddi vəziyyətini nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından olan iki uşağın saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, aliment borcunun məcburi qaydada tutulması məhkəmə qətnaməsinin icrası ilə bağlı məsələ olduğundan, hazırki məhkəmə baxışının predmetini təşkil edə bilməz. Ona görə də, iddia tələbi həmin hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən, cavabdeh Cavabdeh oğlundan 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 26.12.2019-cu il tarixli, 2(039)-2716/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. 24.04.2017-ci il təvəllüdlü X1 və 25.08.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat sabit pul məbləğində olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Alimentin yeni qaydada tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-2670/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2670/2021
08.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver