Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-269/2023 12.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən mənzilinə su axıdılması nəticəsində vurulmuş maddi ziyana görə 5000 manat, mənəvi ziyana görə 2000 manat, ödənilmiş dövlət rüsumuna görə 90 manat olmaqla, cəmi 7090 manat məbləğində pul vəsaitinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 10 və 11 saylı mənzillərin mülkiyyətçisidir. 5 ildən artıqdır ki, onun mənzilindən üst mərtəbədə yerləşən 13 saylı mənzilin sahibi Cavabdeh mənzilinin kanalizasiya və su xəttindən su axıdılaraq, onun mənzillərini yararsız vəziyyətdə salır. Cavabdehin mənzilində yaşayan şəxsdən dəfələrlə suyun axıdılmasına son verməsini istədikdə, həmin şəxs buna məhəl qoymayaraq “get, əlindən nə gəlir, buyur” cavabını verir. İddiaçı onun mənzillərinə və mənzildə olan mallara vurulan ziyanı hesablatdırdıqda, 5000 manat məbləğində maddi ziyan vurulduğu müəyyən olunmuşdur. Mənzillərin elektrik kabellərinin düymələrindən su axdığından, işıq xətləri yararsız və təhlükəli vəziyyətə düşmüş, günlərlə işığı yandırmaq, soyuducunu işlətmək mümkün olmamış, nəticədə hər şey xarab olmuşdur. Mənzilin tavanı, divarı, islanıb pis vəziyyətə düşmüşdür. Cavabdehdən mənzilinin su və kanalizasiya xətlərini düzəltdirməsini, mənzilinə su axıdılmasına son qoymasını dəfələrlə xahiş və tələb etsə də, cavabdeh buna məhəl qoymamışdır. Şikayətlə bağlı həmin ərazinin MKTB-inin rəisi və işçiləri onun və cavabdehin mənzilinə baxış keçirərkən təsdiq olmuşdur ki, 2-ci mərtəbədən 13 saylı mənzidən, 1-ci mərtəbəyə, 10-11 saylı mənzillərə su axıdılır. Mənzilinə axıdılan çirkab su axıntısının dayandırılması əvəzinə, daha çox su axıdılır. Bir müddət gözlədikdən sonra, su axıdılmasının davam etdiyini görən MKTB-nin əməkdaşları akt tərtib edərək cavabdehin evində yaşayan şəxsə xəbərdarlıq etmişlər, lakin nəticəsi olmamışdır. xx.xx.2021-ci il tarixli aktda da cavabdehlərin mütəmadi onun mənzilinə su axıtması nəticəsində mənzilə ziyan vurulması göstərilmişdir. Axıdılan çirkli su otağın divarlarına keçmiş, sanitar qovşağa daxil olmaq mümkün olmur. Cavabdehin evində yaşayan şəxs isə, “dözürsən döz, dözmürsən, evini sat get, heç bir təmir işləri görmüyəcək” deyə, ona bildirir. Cavabdehlərin su axıtması nəticəsində pis vəziyyətə düşmüş mənzilinin təmirə ehtiyacı olduğundan, mənzilinin təmirinə usta gətirmiş və o, 5000 manat pul lazım olduğunu demişdir. Hesab edir ki, həmin maddi ziyan cavabdeh tərəfindən ödənilməlidir. Göstərilənlərə əsasən, nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən məcmu halında qiymətləndirilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarış və ÖM249605 seriya nömrəli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 10 saylı və 11 saylı mənzillər İddiaçı xüsusi mülkiyyətindədir. - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Sabunçu rayon Mənzil-Kommunal Təsərüfat Birliyinin 44 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 13 saylı mənzildən 10 saylı mənzilə su axıdılmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/4001 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin plan yerləşməsini, yəni iddiaçıya məxsus 10 və 11 saylı qeyri-yaşayış sahəsinin binanın 1-ci mərtəbəsində, cavabdehə məxsus 13 saylı mənzilin 10 və 11 saylı qeyri-yaşayış sahəsinin üstündə 2-ci mərtəbədə yerləşdiyini, 10 və 11 saylı qeyri-yaşayış sahəsinin tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarındakı məlumatları nəzərə alaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi ünvanında yerləşən 36/14 saylı evin 10 və 11 nömrəli qeyri yaşayış sahələrinə həmin mənzilin üst mərtəbəsində yerləşən 13 saylı mənzildən su axıdıldığı və nəticədə 10 və 11 saylı qeyri-yaşayış sahəsinin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 13 saylı mənzilə baxış keçirilən zaman sözügedən mənzilin su kanalizasiya xətləri təmir olunduğundan, üzərində hər hansı bir qüsur olmadığından, eləcə də baxış zamanı su sızması davam etmədiyindən, 10 və 11 saylı qeyri-yaşayış sahəsinin tikililərinə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 10 və 11 saylı qeyri-yaşayış sahəsinə su sızması 13 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 13 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Rəyə əlavə edilmiş smeta üzrə mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 2271 manat məbləğində müəyyən olunmuşdur. - İş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə məhkəmə qərardadı əsasında təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 10/2334 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi ünvanında yerləşən 36/14 saylı evin 10,11 və 13 nömrəli mənzilləri üzrə aparılmış və baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan mənzillər beton plitələrdən inşa edilmiş 5 mərtəbəli yaşayış binasının 1-ci və 2-ci mərtəbəsində yerləşir. Qeyd olunur ki, baxış zamanı İddiaçı məxsus mənzillər faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə edilir. Sözügedən qeyri-yaşayış sahələrinə giriş binanın çöl hissəsindəndir. 13 saylı mənzilə giriş pilləkən meydançasındandır. İş üzrə İddiaçı məxsus 10 və 11 saylı qeyri-yaşayış sahəsi (mənzillər) faktiki olaraq 6 (altı) tikilidən ibarətdir. Baxış zamanı 2 (iki) ədəd tikilinin tavan və divarında su sızmaya xarakterik qüsurların olduğu müəyyən edilmişdir. Tikililərin tavanına lambirin təbəqə quraşdırılmış, divarlara şpaklyovka çəkilərək boya ilə rənglənmiş, döşəməsinə isə metlaq vurulmuşdur. Baxış zamanı tikililərin divarında su sızma izləri və qüsurların olduğu müşahidə olunmuşdur. Tikililərin ümumi sahəsi 33,5 və 37,5 m2, hündürlüyü isə 3,0 metr təşkil edir. İş üzrə iddiaçının bildirdiyinə görə 10 və 11 saylı qeyri-yaşayış sahəsinin tikililərinə su sızması 10 və 11 saylı qeyri yaşayış sahələri ilə eyni proeksiyada olan binanın 2-ci mərtəbəsində yerləşən 13 saylı mənzilin su və kanalizasiya xətlərindən olmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi ünvanında yerləşən 36/14 saylı evin 10 və 11 nömrəli qeyriyaşayış sahələrinə su sızmasının səbəbini müəyyən etmək üçün 13 saylı mənzilə baxış keçirilməsi zəruri olmuşdur. Baxış zamanı 13 saylı mənzilin sanitar qovşağının təmir olunduğu və su-kanalizasiya xətlərinin gizli şəkildə olduğu müşahidə olunmuşdur. Bu səbəbdən də iddiaçıya məxsus qeyri-yaşayış sahələrinə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Mülki iş materialına əlavə edilmiş Sabunçu rayonu 44 saylı MKİS əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən 10 və 11 saylı qeyri-yaşayış sahə yaşayış sahələrinin tikililərində qüsurlar əmələ gəldiyi qeyd edilmişdir. Cavabdehə məxsus 13 saylı mənzilin 10 və 11 saylı qeyri-yaşayış sahəsinin üstündə 2-ci mərtəbədə yerləşdiyini, 10 və 11 saylı qeyri-yaşayış sahəsinin tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarındakı məlumatları nəzərə alaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi ünvanında yerləşən 36/14 saylı evin 10 və 11 nömrəli qeyri-yaşayış sahələrinə həmin mənzilin üst mərtəbəsində yerləşən 13 saylı mənzildən su axıdıldığı və nəticədə 10 və 11 saylı qeyri-yaşayış sahəsinin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. 13 saylı mənzilə baxış keçirilən zaman sözügedən mənzilin su kanalizasiya xətləri təmir olunduğundan, üzərində hər hansı bir qüsur olmadığından, eləcə də baxış zamanı su sızması davam etmədiyindən, 10 və 11 saylı qeyri-yaşayış sahəsinin tikililərinə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 10 və 11 saylı qeyri-yaşayış sahəsinə su sızması 13 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 13 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi ünvanında yerləşən 36/14 saylı evin 10 və 11 nömrəli qeyri-yaşayış sahələrində su sızması nəticəsində, yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2271 manat təşkil edir. Göründüyü kimi, mübahisə predmeti olan məsələyə aydınlıq gətirilməsi məqsədilə təyin edilmiş ekspert tədiqiqatlarına əsasən, iddiaçının mülkiyyətində olan mənzilə su sızmasının səbəbi kimi 13 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 13 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilə bilməsi və yaranmış nəticənin aradan qaldırılması üçün icra olunacaq təmir-tikinti işlərinin orta bazar dəyərinin təqribən 2271 manat olduğu göstərilmişdir. Belə olan halda, məhkəmə, hesab edir ki, xüsusi biliyə malik ekspert rəyi ilə razılaşmamaq üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iddianın digər, mənəvi ziyanın vurulması ilə bağlı hissəsini aşağıdakılara əsasən qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qeyd olunan halları və iddiaçının keçirdiyi mənəvi iztirabları nərəzə alaraq, məhkəmə belə qənaətə gəlir ki, cavabdehdən iddiaçıya vurulmuş mənəvi zərərə görə, 300 manat məbləğində pul kompensasiyasının tutulması ədalətli, tərəfin maddi vəziyyətinə uyğun və ağlabatan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Qeyd olunanlara əsasən, məhkəmə bu qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə ona vurulmuş maddi ziyana görə 2271 manat, mənəvi ziyana görə isə 300 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə ödənilmiş 90 manat məbləğində dövlət rüsumunun 45,71 manat hissəsi cavabdehə aid edilməli və ondan alınaraq, iddiaçıya verilməli, həmçinin ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 150 manat cavabdehə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 2271 manat, mənəvi ziyana görə görə 300 manat olmaqla, cəmi 2571 (iki min beş yüz yetmiş bir) manat və ödənilmiş dövlət rüsmumun əvəzi olan 45,71 (qırx beş manat, yetmiş bir qəpik) manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı verilsin. İş üzrə keçirilmiş keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-269/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-269/2023
12.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver