Məhkəmə qərarları › İş №2(008)-2706/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2706/2021

03.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2706/2021 03.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı İddiaçının iştirakı ilə, İddiaçının Cavabdeh oğluna qarşı “aliment miqdarının artırılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılmasıı” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3 uşağının saxlanılması üçün tutulmalı olan alimentin məbləğinin artırılması və 01.01.2021-ci il tarixindən etibarən hər uşağa ayda 175 manat cəmi 525 manat sabit pul məbləğində alimentin tutulması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinə 9 fevral 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh 3 uşağın saxlanılması üçün hər uşağa görə ayda 108 manat cəmi 324 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında qanuna əsasən 01.01.2021-ci ildən ölkə üzrə hər uşaq üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin müdafiə edərək, uşağlarının böyüdüyünü, maddi ehtiyaclarının artığını, uşaqları saxlamaqda çətinliy çəkdiyini qeyd edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və qanuni qüvvəsini almış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-556/2015 nömrəli, 09.02.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 03.10.2014-cü il tarixdən başlayaraq 05 yanvar 2006cı il təvəllüdlü X2, 05 yanvar 2006-cı il təvəllüdlü X3 və 04 oktyabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçının xeyrinə hər ay hər uşağa 108 manat olmaqla, 324 (üç yüz iyirmi dörd) manat sabit pul məbləğində aliment tutulmuşdur. Bakı şəhəri Sabunçu rayonu qeydiyyat şöbəsi tərəfindən 04 mart 2006-cı il tarixində AZ-İ 742277 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 05.01.2006-cı il tarixində Bakı şəhərində doğulmuşdur. X11, atası Cavabdehdır. Bakı şəhəri Sabunçu rayonu qeydiyyat şöbəsi tərəfindən 04 mart 2006-cı il tarixində AZ-İ 742276 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 05.01.2006-cı il tarixində Bakı şəhərində doğulmuşdur. X11, atası Cavabdehdır. Bakı şəhəri Sabunçu rayonu qeydiyyat şöbəsi tərəfindən 26 avqust 2009-cu il tarixində AZ-İİ 312598 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 04.10.2007-cı il tarixində Bakı şəhərində doğulmuşdur. X11, atası Cavabdehdır. Qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 175 manat yaşayış minimumundan da azdır və uşağların tələbatını ödəyə bilməz. Bununla da uşaqların maraqlarını pozduğundan, onların maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən məhkəmə hesab edir ki, uşaqların saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarına nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh oğlunun birgə nikahından doğulmuş 05 yanvar 2006-cı il təvəllüdlü X2, 05 yanvar 2006-cı il təvəllüdlü X3 və 04 oktyabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09.02.2015-ci il tarixli, 2(008)-556/2015 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh oğlundan İddiaçının xeyrinə hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat aliment olmaqla, cəmi 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh oğlunun birgə nikahından doğulmuş 05 yanvar 2006-cı il təvəllüdlü X2, 05 yanvar 2006-cı il təvəllüdlü X3 və 04 oktyabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09.02.2015-ci il tarixli, 2(008)-556/2015 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh oğlundan İddiaçının xeyrinə hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat aliment olmaqla, cəmi 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar