Məhkəmə qərarları › İş №2(008)-2788/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2788/2024

11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2788/2024 11.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 44.500 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə qohumu Elmirin vasitəsilə tanış olmuşdur. Söhbət əsnasında Anar “SOCAR” şirkətində yuxarı vəzifədə işlədiyini, geniş əlaqələrinin olduğunu bildirmişdir. Oğlu Elçin işsiz olduğundan onu həmin şirkətə işə düzəltmək qərarına gəlmişdir. Bu məqsədlə Anarla görüşüb oğlu Elçini həmin şirkətə işə düzəltmək istədiyini bildirdikdə Anar atasının da əvvəllər “SOCAR”da yaxşı vəzifələrdə işləyərək böyük hörmətə malik olduqlarından bunun mümkün olmasını və 25.000 manat pulun müqabilində oğlunu şirkətə Kraz markalı yük avtomobilinə sürücü vəzifəsinə işə düzəldərək ayda 1800-2000 manat məbləğində maaş alacağına söz vermişdir. Anarın təklifini düşünüb Elmirlə məsləhətləşib, onun Elçini şirkətə işə düzəlməsinə Anarın köməklik göstərə biləcəyinə əmin olduğunu bildirmişdir. Bundan sonra o, Anarla əlaqə saxlayıb onun təklifi ilə razılaşdığını və görüşməyi təklif etmiş, onunla yaşadığı evdə görüşmüş, oğlu Elçinlə bərabər qohumu Laləzar xanımın, qonşusu Maarif və Amilin iştirakı ilə ilkin 10000 manat, bundan 4 gün sonra isə yerdə qalan 15000 manat pulu onların iştirakı ilə Anara vermişdir. Təxminən bundan 20 gün sonra Anar ona müraciət edərək ona təcili olaraq yaranmış borcunu qaytarmasına görə 20000 manat pul lazım olduğunu bildirmiş, 12000 manatı özü, 5000 manat bacanağı Abbasov Vəzirdən, 1500 manat dostu Amildən, 1000 manat Maarifdən almış və cəmi 19500 manatı Maarif, Amil və oğlu Elçinin yanında, evində Anara vermişdir. Bir müddət sonra bacanağı Vəzirə pul lazım olduğundan ondan 5000 manatı geri istəmiş, o da Vəzirin pulunu Anardan tələb etmiş, o isə hazırda pulunun olmadığını, bankdan kredit götürərək 5000 manatı qaytarmasını, kredit üzrə aylıq ödənişləri isə özünün maaş kartı ilə ödəyəcəyini bildirərək kartı ona vermiş, ayda 800 manat kredit üzrə ödənişlər etməsini bildirmişdir. "xxxx"dan 5000 manat kredit götürüb bacanağı Vəzirin pulunu qaytarmış, maaş kartı vasitəsilə krediti ödəmək istəyərkən kartın bağlandığı məlum olmuşdur. Bu barədə Anara iradını bildirdikdən sonra o kredit borcu üzrə ödənişləri icra edəcəyini bildirmişdir. Lakin kreditin ödənilməsini təmin etmədiyindən 5000 manat kredit borcu bankın hesabladığı faizlərlə birlikdə cəmi 6.200 manat Anarın əvəzindən tərəfindən banka ödənilərək kredit borcu bağlanılmışdır. O, Anarla görüşərək oğlu Elçinin işinin düzəlməsini, kredit borcunun qaytarılmasını tələb etsə də yaxın günlərdə işin düzələcəyini vəd etmiş, müxtəlif bəhanələrlə vaxtı uzadaraq vədlərinə əməl etməmiş, Elçinin işə düzəlməsini təmin etməmiş, kredit borcuna görə 2022-ci ilin mart ayında ona cəmi 650 manat ödəyərək yerdə qalan 38300 manat borcu olduğunu etiraf edərək bu barədə qəbz versə də, qalan pulları geri qaytarmamış, ona ödənilmiş 44500 manat vəsaitini mənimsəmişdir. Pul vəsaitlərini qaytarmadığına görə Bakı şəhər Xətai RPİ-nin 37-ci Polis Bölməsinə müraciət etmiş, xx.xx.2022-ci il tarixli qərarla bu işin mülki xarakterli olması əsas gətirilərək cinayət işinin başlanması rədd edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh 45050 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, o, iddiaçı ilə 2016-cı ildən tanışdırlar. Elmir adlı oğlan onları tanış edib. O, maaş kartını saxlamağa vermək şərtilə Rafiqdən faizlə 500 manat, 1000 manat, 2000 manat pul götürmüşdür. Ümumiyyətlə, ondan başqa dörd iş yoldaşı var ki, kartları həmin iddiaçıdadır. Sonra onun işləri yaxşı getmədiyi üçün iflas etməyə başlamış, Rafiqə demişdir ki, pulu qaytara bilməyəcəkdir. Rafiq ona dedi ki, pulu yaxınından alıb, qaytarmalıdır. 2020-ci ilin sentyabr ayında Rafiq ona da borcu olduğu qonşu Rasim ilə birləşərək onu tutdurmaq üçün polisə müraciət etdilər. O, polisə müraciət edəndə də bildirdi ki, Rafiqə 19.500 manat borcu qaytarmış, 12500 manat da borc almışdır, həmin vaxt ailəsində də problem olduğunu Rafiqə demişdir. Rafiqin yaxınları evinə basqın etmiş, qapını sındırmış, atasının üstünə maşın sürmüşlər. Bununla bağlı prokurorluğa müraciət etmişdir. Rafiq faizin üstünə faiz gətirib məbləği şişirdib 25.000 manat edib. Ona bir dəfə 4500 manat, bir dəfə 8000 manat pulu anasigilin yanında ona vermişdir. Xətai Rayon Polis İdarəsində qərar çıxmış, onun dediklərinin yalan olduğu, ona iftira atdığı ortaya çıxmışdır. İndi isə onu məhkəməyə verib. O, artıq əsəb xəstəsi olmuşdur, ailəsi də dağılıb, banklardan borc almışdır. Şahidləri də var, anasının kartından da, onun kartından da pul çıxarıb. O, ilkin olaraq Rafiqdən 500 manat borc almışdır ki, həmin borcu da qaytarmışdır. Sonra isə 4500 manat və 8000 manat olmaqla, Rafiqdən cəmi 12.500 manat borc almış, bunun müqabilində ona 19.500 manat pul qaytarmışdır. Sonra ondan heç bir borc almamışdır. Rafiqlə yazılı şəkildə heç bir müqavilə bağlamamışlar. Bu borcları ondan işə düzəltmə adı ilə yox, borc kimi almışdır, fəhlə işləyir. Polis bölməsində onun iki şahidi dindirilib: Faiq və Elmir. Rafiqdən borc alanda yanlarında heç kim yox idi, ikisi idilər. Pulları ona qaytaranda da şahid və ya başqa sübut yox idi. Tək sübut kimi kartından çıxarışlardır. Kartdan çıxarılan məbləğlər təxminən 10.000 manat məbləğindədir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini etiraf etmədi və izahatında cavabdehin izahatındakı xüsusatları təsdiq etdi və əlavə olaraq bildirdi ki, cavabdeh iddiaçını sələmə borc verən şəxs kimi tanıyıb. İddiaçı cavabdehdən sui-istifadə edir, cavabdeh aldığı borc məbləğini iddiaçıya qaytarsa da, iddiaçı cavabdehin borc aldığı məbləği gecikdirməsinə görə bu məbləğin üzərinə hesabladığı faizin üstünə də faiz hesablayaraq daha artıq məbləği cavabdehdən geri istəyir. Həmçinin, bu borcların iddiaçının oğlunu işə düzəltmə adı ilə alındığını deməsi də iddiaçının qeyri-səmimiliyini göstərir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirmişdir ki, Rafiqlə həmkəndlidir. Rafiqgilə gələndə Anarla həyətdə oturub çay içdiklərini görmüşdür. Pul söhbəti oldu uşağı işə düzəltməklə bağlı, Rafiq 10.000 manatı gözünün qabağında çıxarıb Anara verdi. Ondan başqa orada Elçin, Amin, Maarif, bir də Rafiqin öz ailəsi var idi. Sonra üç gün keçdi, dördüncü gün olanda Anar yenə gəldi, Rafiq ona 15.000 manat pul verdi. Yenə həmin adamlar orada idi. 2018-ci ilin oktyabrı idi, axşamüstü idi. Başqa heç nə görməmişdir. Anarı Rafiqgildə iki dəfə görmüşdür. Hətta o, Rafiqə sual verəndə ki, Anara necə etibar edir, o da onun yaxın adam olduğunu, ona inandığını dedi. O, gedəndə Maarif kişi orada idi. Rafiqin oğlu Elçin də dostu Amin ilə gəlmişdi. O, Rafiqgilə axşamüstü xəstəxanadan buraxılanda getmişdir. Orada olduğu müddətdə pulları Anara Rafiq vermişdir. Pulları Rafiq ona verəndə məbləği səsləndirirdi, məsələn, bu 10.000 manat. Bir neçə gün sonra da Anar gələndə yenə Rafiq 15.000 manat sayıb Anara vermişdir. Məhkəmə iclasında Cavabdeh X3 ilk dəfədir ki, gördüyünü bildirdi. Məhkəmə iclasında şahid X13 ifadəsində bildirmişdir ki, Rafiqlə uzun illərdir ki, qonşudurlar. Anarla isə tanışlığı yoxdur, sadəcə olaraq onu Rafiqgildə görmüşdür. Rafiqgildə olanda Rafiq demişdi ki, indi Anar adlı şəxs gələcək, o, onun oğlunu SOCARda işə düzəltməklə bağlı vəd verib. Rafiq Anara övladını SOCAR-da Kraz markalı avtomobildə sürücü kimi işə düzəltmək üçün bir dəfə 10.000 manat və bir dəfə də 15.000 manat da borc verdi. Sonra Rafiq gəlib ondan 1000 manat borc istədi, Anarın ondan 20.000 manat pul istədiyini dedi. 10.000 manat və bir neçə gün sonra 15.000 manat borcu Anara verəndə o da orada idi, yanında sayıb verdi. Amma il yadında deyil. Rafiqin deməsinə əsasən bilir. Anar da özü həmin axşam gəlib işə düzəltmə adı ilə pul istədi. Bütün söhbətlər günortadan sonra olan söhbətlərdir. Anara 19.500 manat borc veriləndə orada olmuşdur. Anara borc verilən vaxtı ondan başqa Laləzar xanım, Amin, Elçin var idi. Anar Rafiqdən borc aldığı vaxt hansısa kağızı yazıb imzalaması yadına düşmür, elə bir şey görməmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 014202 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. - əlyazmadan görünür ki, “Mən Cavabdeh oglu X18 oglunı 38,300 borcum var otuz səkız mın üç yuz manat borcum var”. - Kapitalbank ASC Visa elektron **********767380 nömrəli kartın sahibi Cavabdehdur. - "xxxx" ASC tərəfindən verilmiş ödəniş cədvəlinin surətindən görünür ki, X2 xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan 18 ay müddətinə illik 28% dərəcəsi ilə 5000 manat məbləğində kredit almışdır. Banka ödəniləcək cəmi məbləğ faizlərlə birlikdə 6183.17 manat təşkil edir. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh “X7 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialında neft və qaz quyularının operatoru vəzifəsində işləyir və aylıq əmək haqqı 1106.67 manat təşkil edir. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh VÖEN statusu aktivdir, əsas fəaliyyət istiqaməti taxtadan ağac çəllək, çən, kadok və digər çəllək məmulatlarının istehsalıdır. - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış İddiaçı qeyd etmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Lakin fərdi işlərlə məşğul olub ailəsini dolandırır. Barəsində şikayət etdiyi Cavabdeh 2018-ci ilin sonlarında qohumu Elmirin vasitəsi ilə tanımışdır. Belə ki, Anar Elmir ilə onun yaşadığı mənzilə gəlmişdir. Söhbət zamanı Anar ona bildirmişdir ki, “Socar” şirkətində işləyir və əlaqələri genişdir. Anarın deməsinə görə o, “Socar” şirkətində mühüm vəzifədə işləyir. Anarın deməsinə görə onun atası da “Socar” şirkətində hansısa şöbələrin birinin müdiri olmuş və yaş həddi ilə təqaüdə göndərilmişdir. O, Anarın dediklərindən sonra oğlu Elçini “Socar” şirkətinə işə düzəldə biləcəyini fikirləşmişdir. Belə ki, Anarın atası “Socar” şirkətində müdir işləmiş, Anar özü də orada rəhbər vəzifəsində işləyir, sözü keçər və tanışları olar. Ona görə də Anardan xahiş etmişdir ki, oğlu Elçini işə düzəltsin. Anar da oğlu Elçin barədə maraqlanıb onun sürücülük vəsiqəsi olub-olmadığını soruşmuşdur. O da oğlu Elçinin sürücülük vəsiqəsini ona göstərmişdir. Həmin vaxt yanlarında oğlu Elçin, Elmir, X9 və X13 olmuşdur. Həmin şəxslərdə Anarın dediklərini eşitmişlər. Anar ona bildirmişdir ki, oğlu Elçini “Socar” şirkətinə sürücü kimi işə düzəldə bilər və oğlu aylıq 1800-2000 manat civarında əmək haqqı alacaq. Ancaq Anar həmin işin pulla həll olunacağını demişdir. O, Anara bildirmişdir ki, əsas işi düzəltsin pulu nə yolla olur-olsun tapıb verəcək. Anar da ondan 50.000 manat pul istəmişdir. O, həmin məbləğin çox olacağını və buna imkanı çatmayacağını bildirmişdir. Bu zaman Anar məbləğdən 5000 manat çıxıb 45.000 manat pul istəmişdir. O da razılaşmışdır. Ancaq Anara bildirmişdir ki, həmin məbləği hissə-hissə verəcək. Anar da narahatçılıq olmadığını demişdir. Təxminən 2018-ci ilin oktyabr ayının sonlarında Anar ona zəng edərək bildirmişdir ki, pulu hazırlasın. O da 10.000 manat pul hazırlayıb 2018-ci ilin oktyabr ayının sonlarında Anarın istifadəsində olan ***-***-**-** saylı nömrəsinə zəng edərək ona pul vəsaitini düzəltdiyini bildirib yaşadığı evə gəlməsini xahiş etmişdir. Həmin vaxt onun evində Maarif və Amil olmuşdur. Bir neçə dəqiqə keçdikdən sonra Anar yaşadığı evə gəlmişdir. O, Anara bildirmişdir ki, 10.000 manat pul düzəldib, ancaq narahatdır. Anar da bildirmişdir ki, “Socar” şirkətində böyük hörməti var, hər kəs onu tanıyır, “Socar” şirkətinə şəxsləri işə düzəltməklə məşğul olur və Zakir müəllim onu tanıyır. Anarın deməsinə görə Zakir müəllim “Socar” şirkətində müdir işləyir. Ona görə də Anardan xahiş etmişdir ki, Zakir müəllimlə onu tanış etsin. Ancaq Anar ona demişdir ki, Zakir müəllim bu barədə bilsə iş alınmayacaq, özü işi həll edəcək. O da Anarla razılaşmışdır. Bundan sonra yaşadığı evdə oğlu Elçinin, qonşuları Maarifin və Amilin iştirakı ilə Anara 10.000 manat pul vermişdir. Anar da pulu sayaraq götürmüş və qalan məbləği də çatdırmağı demişdir. 2018-ci ilin noyabr ayının ortalarında 15.000 manat pul düzəldib Anara zəng edib onu evinə dəvət etmişdir. Həmin günü yaşadığı evdə oğlu Elçinin, qonşuları Maarifin və Amilin iştirakı ilə Anara 15.000 manat pul vermişdir. Anar pulu sayıb götürmüş və bildirmişdir ki, qalan məbləği də verdikdən sonra oğlu Elçin bir neçə günə işə çıxacaq. Anar pulu tam şəkildə verildikdən sonra Elçinin sənədlərinin surətini də ona verməyi bildirmişdir. Təxminən bir neçə gün keçdikdən sonra Anar yaşadığı evə gəlib ondan 20.000 manat borca pul istəmişdir. O da Anara pulu olmadığını, Elçinin işinə görə heç qalan məbləği düzəldə bilmədiyini, güclə qalan məbləği də düzəldəcəyini və oğlunun işini həll etməsini demişdir. Lakin özündə 10.000 manat pul olduğuna görə Maarifdən 1000 manat, Amildən 1500 manat, bacanağı Vəzir Abbasovdan isə 5000 manat borc alıb evdə də üzərini əlavə etməklə Anara 19.500 manat borca pul vermişdir. Anar da əvəzində maaş kartını ona vermişdir ki, hər ay 1300 manat maaş alır. Onun maaşından hər ay 700- 800 manat pulu götürsün, qalan 500 manat da ona xərclik pulu qalsın. Lakin Anar kartı verdikdən sonra kartın hesabını bağlatdırmışdır ki, kartından istifadə edə bilməsin. Ancaq Anar borcunun əvəzində 3 dəfəyə ona 650 manat pul qaytarmışdır. Anara borc verdiyi puldan 5000 manat hissəsini bacanağı Vəzirdən alandan sonra Vəzir ondan pulunu geri qaytarmasını tələb etmişdir. O da bu barədə Anara demiş, Anar da ona bildirmişdir ki, öz adına bankdan 5000 manat pul götürüb Vəzirə versin, pulun özünü faizləri ilə birlikdə o ödəyəcək. Lakin Anar 5000 manat əsas puldan, 1200 manat isə faiz pulundan ona cəmi 600 manat pul ödəmiş, sonrada pulu olmadığını demişdir. 2018-ci ilin dekabr ayının əvvəllərində Anara zəng edərək bildirmişdir ki, Elçinin işi ilə bağlı qalan pulu düzəldib gəlib götürə bilər. Həmin günü Anar yaşadığı evə gələnədək o, Anara qalan məbləği də verəndə iştirak etmələri üçün Maarifi və Amili yaşadığı evə dəvət etmişdir. Həmin şəxslər onlara gəldikdən sonra Anar da gəlmişdir. O, oğlu Elçinin, Maarifin və Amilin iştirakı ilə 19.500 manat pulu sayaraq Anara vermiş və bildirmişdir ki, oğlu Elçini "Socar” şirkətinə sürücü kimi işə düzəltməyi üçün ümumilikdə 44.500 manat pul vermişdir. Anar demişdir ki, qalan 500 manat lazım deyil, artıq iş həll olunmaq üzrədir. Belə ki, lazım olan yerlərə pulları verib, 19.500 manat pulu və sənədləri verdikdən sonra təxminən 10-15 günə Elçinin əmri olacaq. O da Anara inanmışdır. Evdə oğlu Elçinin sürücülük və şəxsiyyət vəsiqəsinin, attestatının surətini və sağlamlıq haqqında arayışı Anara vermişdir. Anar bir daha öz öhdəsinə götürmüşdür ki, oğlu Elçini “Socar” şirkətinə sürücü kimi işə düzəldəcək. O, Anara bir daha bildirmişdir ki, “bax ha mən kasıb adamam pulum yoxdur birdən məni aldadarsan”. Anar da bir daha söz vermişdir ki, heç bir problem olmayacaq. Bundan sonra gözləməyə başlamışdır. Eyni zamanda mütəmadi olaraq Anara zəng etmiş və işlə maraqlanmışdır. Lakin bir neçə ay keçdikdən sonra işin düzəlmədiyini görüb Anara tez-tez zəng etməyə başlamışdır. Anar da hər dəfə müxtəlif bəhanələr gətirib onu aldatmışdır. Sonda başa düşmüşdür ki, Anar onu aldadıb. Bundan sonra “Socar” şirkətinin Ramana qəsəbəsində yerləşən tikilisinə getmişdir. Orada Zakir müəllimin qəbulunda olmuş və baş verənləri ona danışmışdır. Zakir müəllim onu dinlədikdən sonra bildirmişdir kı, Anar adlı şəxsi tanıyır, ancaq Anar onu aldadıb və “Socar” şirkətinə pulla işə qəbul edilmir. Zakir müəllim Anar adlı şəxsin “Socar” şirkətində fəhlə işləməsini demişdir. Ona aydın olmuşdur ki, Anar onu aldatmışdır. Bundan sonra Anarın yaşadığı evə getmiş və onun valideynləri ilə görüşmüşdür. Anarın onu aldatması barədə atasına və anasına bildirmişdir. Anarın valideynləri ondan xahiş etmişdir ki, şikayət etməsin, pulu onlar qaytaracaq. Lakin ona heç kim pul qaytarmamışdır. Bundan sonra o, Xətai RPİ-nin 37-ci polis şöbəsinə şikayət etmişdir. Araşdırma üzrə izahatı alınmış X9 qeyd etmişdir ki, 2019-cu ilin əvvəli tanışı Elçinlə aralarında olan söhbət zamanı Elçin “SOCAR” şirkətinə işə düzəlməsi ilə əlaqədar ondan borca pul istəmişdir. Elçinə cavab olaraq borca pulu 2-3 ay müddətə qaytarması şərti ilə verəcəyini bildirmişdir. Bundan sonra Elçin onun evinə gələrək 2.000 manat borca pul götürüb, onunla birlikdə Anar adlı şəxslə görüş zamanı yanında getməsini xahiş etdiyini bildirmişdir. Elçinin evinə gəldikdə orada sonuncunun atası Rafiqin də olduğunu və orada Anara 15.000 manat pul vəsaitinin verildiyini bildirmişdir. Anar pulu götürdükdə Elçinin yaxın günlərdə işinin düzələcəyini bildirmişdir. Təxminən bir neçə ay keçdikdən sonra Elçini gördükdə ondan iş məsələsinin nə yerdə qaldığını soruşmuş, sonuncu isə Anara 44.500 manat pul verdiklərini və nəticədə aldadıqlarını bildirmişdir. Araşdırma zamanı izahatı alınmış X13 qeyd etmişdir ki, İddiaçı ilə qonşudur. 2019-cu ilin əvvəlində Rafiqin evinin həyətində oturub çay içərək söhbət etdikləri zaman sonuncunun oğlunu “SOCAR” şirkətinə işə düzəldəciyini bildirmişdir. Həmin söhbətdən bir neçə dəqiqə sonra Anar adlı şəxsin oraya gələrək Rafiqə tələsdiyini söylədiyni, sonuncu isə evə keçib 10.000 manat pul gətirərək Anara saymasını söylədiyini bildirmişdir. Anar pulu götürdükdən sonra Rafiq ona qalan hissəni 3-4 gün ərzində düzəldəcəyini bildirmişdir. Daha sonra Anarın onlarla sağollaşaraq, Rafiqə narahat olmamasını və oğlunun artıq işdə olmasını hesab etməsini söylədiyini bildimrişdir. Araşdırma zamanı izahatı alınmış X15 qeyd etmişdir ki, o, İddiaçı təxminən 5-6 ildir tanıyır. İddiaçı əvvəllər dayısı ilə birlikdə 62 saylı sərnişin avtobusunda sürücü işləmişdir. Onu Tovuzlu bir şəxs kimi tanıyır. Aralarında hər hansa bir ədavəti və düşmənçiliyi olmayıb və yoxdur. Eyni zamanda Cavabdeh təxminən 4 ilə yaxındır ki, tanıyır. Onunla da aralarında hər hansı bir ədavəti və düşmənçiliyi yoxdur. İşdə olduqları zaman Cavabdeh ona müraciət edərək maddi çətinliyi səbəbindən faizə pul axtardığını və faizə pul verən tanıdığı şəxsin olub-olmadığını xəbər almışdır. O da İddiaçı faizə pul verdiyini bildiyi üçün Anara demişdir ki, tanıdığı İddiaçı adlı şəxs faizə pul verir, özü də pula ehtiyacı olduğu zamanlar ondan faizlə pul alıb qaytarıb. İstəyirsə onu İddiaçıla tanış edə bilər. Anar da razılaşmışdır. Ona görə də o, Anarı özü ilə İddiaçı evinə aparmışdır. Onun yanında Cavabdeh İddiaçıla danışaraq 12 faiz olmaqla 400 manat pul götürməyə razılaşmışlar. Onların danışıqları belə olmuşdur ki, Anar Rafiqə girov olaraq qızıl-zinət əşyası qoyub ondan 400 manat faizə pul götürəcək. Onların bu barədə razılaşmalarından sonra Anarla birlikdə Rafiqin evindən getmiş və bir daha onların pulla bağlı danışıqlarının şahidi olmamışdır. Araşdırma zamanı izahatı alınmış Cavabdeh qeyd etmişdir ki, 2015-ci ildən etibarən iş yoldaşı Elmir Saadovun vasitəsi ilə Rafiqlə tanış olmuşdur. Həmin ərəfələr ona pul lazım olduğundan Elmirə müraciət etmiş, Elmir də Rafiq adlı tanışının faizə pul verdiyini və sonuncudan onun üçün faizlə pul ala biləcəyini söyləmişdir. Bu səbəbdən o, Elmirlə birlikdə Rafiqin yaşadığı Xətai rayonu, NZS qəsəbəsində yerləşən evinə getmişdir. Evdə Rafiqlə tanış olmuşdur. İlk olaraq Rafiqdən 500 manat faizlə pul almış və əvəzində qızılzinət əşyalarını girov qoymuşdur. Daha sonra Rafiqlə şəxsi münasibətləri yarandığından bir neçə dəfə ondan, ümumilikdə 12.500 manat faizlə pul almışdır. İlk zamanlar o, faizləri ödəyə bildiyindən Rafiqlə aralarında hər hansı narazılıqları olmamışdır. Bir müddət sonra maddi sıxıntıları olduğundan faizləri çətinliklə vermək məcburiyyətində qalmışdır. Bundan sonra Rafiq onun yaşadığı ünvana və işinə gedərək münaqişələr yaratmağa başlamışdır. 2020-ci ilin yay aylarınadək Rafiqə ödənişlər etmiş, daha sonra həmin ilin yay aylarından etibarən pulu hissə-hissə verdiyindən, Rafiq onunla münasibətləri pozmuşdur. Bundan sonra Rafiq onun barəsində yalan məlumatlar verərək, şər atmışdır ki, guya oğlunu işə düzəltmək adı ilə ondan pul aldığı barədə ərizələr yazmışdır. Rafiq onun ətrafında bir çox şəxsə faizə pul vermişdir. Hal-hazırda da Rafiqin istifadəsində bir çox şəxsə məxsus maaş kartları var və Rafiq bu yolla vermiş olduğu pulun əvəzinə faizləri toplamaqla məşğuldur. Eyni qayda da, o da özünə və anasına məxsus maaş və pensiya kartlarını Rafiqə vermişdir. Həmin kartlar uzun müddət Rafiqin istifadəsində olmuş və ona almış olduğu borc puldan qat-qat artıq pul vəsaiti qaytarmışdır. Daha sonra Rafiqin şər və böhtanla məşğul olduğunu görüb ona vermiş olduğu pulların ilkin aldığı borcdan daha çox olduğunu hesablayaraq aşkar etdiyindən, o, Rafiqə vermiş olduğu kartları ləğv etdirmişdir. O, heç bir zaman Rafiqdən onun oğlunu işə düzəltmək adı ilə pul almamışdır. Eyni zamanda Cavabdeh, İddiaçı ona 44.500 manat pul verdiyi barədə verdiyi ərizə və izahatın tamamilə yalan olduğunu, X5 və X10 ümumiyyətlə tanımadığını bildirmişdir. Ümumiyyətlə o, Rafiqdən faizə 12.500 manat pul aldığını və həmin pulu da qaytardığını bildirmişdir. Beləliklə, toplanmış materialdan görünür ki, Cavabdeh, İddiaçı oğlu Elçin Qurbanovu “Socar” şirkətinə işə qəbul etdirəcəyi adı ilə İddiaçı 44.500 manat pul alması öz təsdiqini tapmamışdır. Belə ki, İddiaçı oğlu Elçin Qurbanovu işə qəbul etdirmək üçün Cavabdeh verdiyi 44.500 manat pulların hamısını qonşuları Maarif Abbasovun və Amil Qiyasovun iştirakları ilə verdiyini qeyd etmişdir. X17 Amil Qiyasovun izahatları bir-birini təsdiq etməmiş və fərqli məzmunda izahatlar vermişlər. Eyni zamanda İddiaçıla Cavabdeh tanış edən Elmir Saadov da izahatında qeyd etmişdir ki, o, Cavabdehla İddiaçı tanış etməkdə məqsəd Cavabdeh İddiaçı faizə pul alması olmuşdur. Bundan əlavə daxil olmuş şikayət ərizəsi üzrə verilmiş izahatların təhlilindən də görünür ki, şikayətçi tərəfin göstərmiş olduğu şəxslərin izahatlarında ziddiyyətlər vardır. Belə ki, şikayətçinin və digər şəxslərin izahatlarında göstərdikləri xüsusatlar bir-birinə uyğun gəlmir. Bu da obyektiv səbəblər və daxili inama əsaslanaraq, şikayətin qərəzli olmasına işarə edir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1176 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 61-ci vərəqində olan dama-dama şagird dəftəri vərəqinin üzərində “Mən Cavabdeh oglu X18 oglunı 38.300 borcum var otuz səkız mın üç yuz manat borcum var” sözləri ilə bitən qəbzdəki yazılar və qəbzin sonundakı imza öz aralarında – eyni şəxs, Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. İddiaçı iddia edir ki, oğlu Elçini “SOCAR”-da sürücü vəzifəsinə işə düzəltməsi üçün Cavabdeh ümumilikdə 45.700 (10.000+15.000+12.000+5000+1500+1000+1200(5000 manat kreditin faizi)) manat məbləğində pul vermiş, lakin cavabdeh vədinə əməl etməyərək oğlunu işlə təmin etməmişdir. Bundan sonra o, cavabdehə verdiyi pul məbləğlərini tələb etsə də, sonuncu ona cəmi 650 manat pul qaytarmış, qalan 45.050 manat borcunu isə bugünədək ödəməmişdir. Bu səbəbdən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin iddiaçıya 45.050 manat məbləğində borcunun olması, həmin pul vəsaitini iddiaçının oğlunu işə düzəltmək məqsədi ilə alması öz təsdiqini tapmamışdır. Belə ki, tərəflər arasındakı hazırkı mübahisə ilə bağlı 2023-cü ildə Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə eyni məzmunlu şikayətlə Bakı şəhəri Xətai RPİ-nə müraciət etmiş, araşdırma zamanı iddiaçının, cavabdehin, X4, X6, X11 izahatları alınmışdır. Cavabdeh iddiaçıdan ümumilikdə faizə 12.500 manat borc pul aldığını, həmin pulu da qaytardığını bildirmişdir. Toplanmış material əsasında cavabdehin iddiaçının oğlu Elçin Qurbanovu “Socar” şirkətinə işə qəbul etdirəcəyi adı ilə iddiaçıdan 44.500 manat pul alması öz təsdiqini tapmamış, həmin pulun yanlarında verildiyi bildirilən Maarif Abbasovun və Amil Qiyasovun izahatları bir-biri ilə ziddiyyət təşkil etmişdir. Həmçinin, Elmir Saadov izahatında tərəfləri tanış etməkdə məqsədinin Cavabdeh İddiaçı faizə borc pul istəməsi olduğunu bildirmişdir. Məhkəmə iclasında cavabdeh iddiaçı ilə Elmir adlı tanışı vasitəsi ilə tanış olduğunu, iddiaçıdan 4500 manat və 8000 manat olmaqla, cəmi 12.500 manat faizlə pul aldığını, iddiaçıya faizi ilə birlikdə 19.500 manat pul qaytardığını, pulu alarkən və qaytararkən yanlarında heç kimin olmadığını, pulu nağd şəkildə, heç bir sənədi imzalamadan alıbqaytardığını, hazırda iddiaçıya heç bir borcunun olmadığını, iddiaçının tələbində qeyd etdiklərinin yalan və iftira olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində Rafiqin Anara övladını işə düzəltmək 10.000 manat və 15.000 manatı onun yanında verdiyini, həmçinin, Anara 19.500 manat borc verilən vaxt orada ondan başqa Laləzar xanım, Amin, Elçinin olduğunu, pulun hansı ildə verildiyini xatırlamadığını, istintaq orqanındakı araşdırma zamanı isə izahatında 2019-cu ilin əvvəlində iddiaçının cavabdehə 10.000 manat pul verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində iddiaçının 2018-ci ilin oktyabr ayında onun yanında cavabdehə 10.000 manat və 15.000 manat pul verdiyini bildirmişdir. Məhkəmə, şahid ifadələrinə hüquqi qiymət verərək qeyd edir ki, həmin ifadələr verilən pulun məbləğləri, verilmə tarixləri, pulun verilməsində iştirak edən şəxslərin dairəsi baxımından bir-biri ilə (həmçinin, X6 məhkəmədəki ifadəsi ilə və istintaq orqanındakı izahatı) ziddiyyət təşkil edir. Bundan başqa, iddiaçı qohumu-bacanağı Vəzirdən alaraq cavabdehə verdiyi 5000 manat pulu qohuma qaytarmaq üçün "xxxx" ASC-dən 5000 manat kredit aldığını, faizi ilə birlikdə 6200 manat krediti banka qaytardığını bildirərək, həmin pulu da cavabdehdən tələb etmişdir ki, həmin hissədə də iddia tələbi (iddiaçı tərəfindən bankdan kreditin alınması, kreditin məhz qohumuna olan 5000 manat borcun qaytarılması məqsədi ilə alınması) öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarından görünür ki, X2 "xxxx" ASC-dən xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 18 ay müddətinə illik 28% dərəcəsi ilə 5000 manat məbləğində kredit almışdır və banka ödəniləcək cəmi məbləğ faizlərlə birlikdə 6183.17 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış şifahi borc müqaviləsi əsasında iddiaçının cavabdehə ümumilikdə 12.500 (4500+8000) manat məbləğində borc pul verməsi, cavabdehin həmin pul vəsaitindən 650 manatını iddiaçıya qaytarması, qalan 11.850 (12.500-650) manatı isə hazırkı vaxtadək qaytarmadığı müəyyən edilmişdir. Cavabdeh iddiaçıdan aldığı 12.500 manatı tam şəkildə qaytardığını, hazırda iddiaçıya heç bir borcunun olmadığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, pulu alan və qaytaran zaman hər hansı sənədi imzalamadıqlarını, həmin vaxt yanlarında özlərindən başqa heç kimin olmadığını bildirmişdir. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan 12.500 manat (650 manatın qaytarıldığını iddiaçı etiraf edir) borc aldığını etiraf etdiyindən, lakin həmin pulu qaytarmasına dair məhkəməyə heç bir sübut təqdim etmədiyindən, 11.850 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməli, qalan hissədə isə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı müharibə veteranı olduğundan Cavabdeh 125.55 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, qalan dövlət rüsumu isə dövlət büdcəsinə aid edilməlidir. Həmçinin, məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 125 manat tərəflərdən müştərək qaydada - İddiaçı 62.50 manat, Cavabdeh 62.50 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11.850 (on bir min səkkiz yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 125.55 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qalan dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 125 manat müştərək qaydada - İddiaçı 62.50 manat, Cavabdeh 62.50 manat tutulsun və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar