Məhkəmə qərarları › İş №2(008)-2818/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2818/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2818/2021 29.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun alınması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02.05.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə, cavabdehdən 2367.91 manat əsas borc, 59.73 manat faiz borcu olmaqla, cəmi 2427.64 manat borcun, həmçinin ödənilmiş 30.40 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02.05.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə, cavabdehdən 1325.33 manat əsas borc, 15.06 manat faiz borcu olmaqla, cəmi 1340.39 manat borcun, həmçinin ödənilmiş 30.40 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 5000 manat məbləğində kredit verilmiş və tərəflər arasında 02.05.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh 27.01.2021-ci il tarixə 2367.91 manat əsas borcu, 59.73 manat faiz borcu vardır. Cavabdehə borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq, o, götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Buna görə məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02.05.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh şəxsi (istehlak) məqsədlər üçün 24 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 02.05.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 08.06.2019-cu il tarixdən 02.05.2021-ci il tarixədək hər ay 262.82 manat olmaqla, banka ümumilikdə 6307.66 manat məbləğində ödəniş etməlidir. İş materiallarında olan 02.05.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh nağd qaydada 4950 manat məbləğində krediti İddiaçı ASC-dən götürmüşdür. İş materiallarında olan 04.09.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh banka olan borcunun ödənilməsi barədə İddiaçı ASC tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan 27.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 2367.91 manat əsas borc, 59.73 manat faiz borcu olmaqla, cəmi 2427.64 manat borcu vardır. İş materiallarına əlavə edilmiş 29.04.2021-ci il tarixli kredit hesabından çıxarışdan görünür ki, Cavabdeh banka 1325.33 manat əsas borc, 15.06 manat faiz borcu olmaqla, cəmi 1340.39 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1-ci maddə). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (739.2-ci maddə). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmaqla, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq, əsas və faiz borcunu vaxtı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyindən, iddia təmin edilərək, 02.05.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 1325.33 manat əsas borc, 15.06 manat faiz borcu olmaqla, cəmi 1340.39 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi 30.40 manat tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02.05.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh Cavabdeh 1325.33 (min üç yüz iyirmi beş manat otuz üç qəpik) manat əsas borc, 15.06 (on beş manat altı qəpik) manat faiz borcu olmaqla, cəmi 1340.39 (min üç yüz qırx manat otuz doqquz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi 30.40 (otuz manat qırx qəpik) manat tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02.05.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi ləğv edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar