Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-282/2022 19.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4170 ABŞ dolları borcun, hüquqi xidmət göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 700 manat pulun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 09.02.2021-ci il tarixli borcun etirafı haqqında müqaviləyə əsasən, cavabdeh iddiaçıya 4170 ABŞ dolları borcunun olduğunu təsdiq edərək, həmin pulu 01.03.2021-ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüş, lakin razılaşdırılmış tarixdən keçməsinə baxmayaraq, borcunu ödəməkdən yayınır. Buna görə də hüquqlarının bərpa olunması üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" MMC-nin direktoru Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o tələbin irəli sürüldüyü cəmiyyətdə icraçı direktor vəzifəsini icra edir. Hesab edir ki, "xxxx" MMC-nin iddiaçıya hər hansı borcu yoxdur və tələbin əsası kimi istinad olunan müqavilədə onun tərəfindən icra edilmiş kimi göstərilən yazı və imza ona məxsus deyil. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib (habelə cavabdehin əvvəl verdiyi izahatını nəzərə alıb), toplanmış sübutları araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı və "xxxx" MMC-nin direktoru Nümayəndə arasında bağlanılmış 09.02.2021-ci il tarixli müqavilədən görünür ki, cəmiyyət iddiaçıdan 4170 ABŞ dolları məbləğində pul vəsaitini maliyyə yardımı kimi almış və həmin borcu 01.03.2021-ci il tarixədək geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı, vəkil bürosu və vəkil X2 arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında 29.03.2021-ci il tarixli, 083 saylı müqavilədən məlum olur ki, tərəflər hüquqi yardıma görə xidmət haqqının 700 manat müəyyən edilməsi barədə qarşılıqlı razılığa gəlmişlər. İş materiallarında olan “Kommersiya qurumlarının dövlət reyestri haqqında” 11.03.2021-ci il tarixli məlumatdan görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1isi Nümayəndədur. İşin məhkəmə iclasında araşdırılan faktiki halları ondan ibarətdir ki, iddiaçı cavabdehlə bağladığı müqaviləyə əsasən borc qismində götürülmüş 4170 ABŞ dollar məbləğində borcun geri qaytarılmasını, habelə öhdəlik şərtləşdirilmiş müddətdə icra edilmədiyindən məhkəməyə müraciət edilməsi ilə əlaqədar hüquqi yardımın göstərilməsinə görə çəkdiyi xərcin əvəzinin cavabdehdən tutularaq xeyrinə ödənilməsini xahiş edir. Lakin həmin müqavilə, "xxxx" MMC-nin direktoru Nümayəndə tərəfindən “Müqavilədə qeyd olunanları imzamla təsdiq edirəm”, “Nümayəndə” yazılarının və imzaların onun özü tərəfindən icra edilmədiyini əsas gətirərək mübahisələndirilmişdir. Cavabdehin nümayəndəsinin vəsatətinə əsasən məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə məhkəmənin 02.06.2021-ci il tarixli, 2(008)-3347/2021 saylı qərardadına əsasən təqdim edilmiş 10.12.2021-ci il tarixli, 4/1675 saylı ekspert rəyi ilə, ekspertizaya təqdim olunmuş, 2(008)-3347/2021 nömrəli işin 6-cı vərəqəsində olan 09.02.2021-ci il tarixli müqavilədə “Unitech Solutions İcraçı direktor MMC Nümayəndə” qrafasındakı imzanın, həmin imzadan aşağıda “Müqavilədə qeyd olunanları imzamla təsdiq edirəm Nümayəndə” yazılarının və həmin yazıların qarşısındakı imzanın Nümayəndə tərəfindən icra olunması qənaətinə gəlinmişdir. Məhkəmə, həmin ekspert rəyi ilə gəlinmiş nəticənin aydınlıq gətirilməli olan xüsusi bilik sahəsinə aid olduğunu, habelə toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparıldığını nəzərə alaraq hesab edir ki, rəy işin müəyyən olunmuş halları ilə üst-üstə düşür və onunla razılaşmamaq üçün əsas yoxdur Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə 4170 ABŞ dolları məbləğində borc pulun tutulması əsaslıdır və işin hallarına uyğun gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (739.2-ci maddə). Azərbaycan Respublikasının MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında 29.03.2021-ci il tarixli, 083 saylı müqavilədən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmət göstərilməsi ilə əlaqədar 700 manat məbləğində xərc çəkilmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələblərini və iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, hüquqi yardım göstərilməsi üçün ödənilmiş xidmət haqqına görə 700 manat, dövlət rüsumuna görə isə 30 manat məbləğində pul vəsaiti cavabdehə aid edilməklə, ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 4170 (dörd min yüz yetmiş) ABŞ dolları məbləğində borc, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 700 (yeddi yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin əvəzi tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-282/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-282/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver