Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-283/2025 17.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh2 MMC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən “Kia Cerato” markalı, “** RG ***” dövlət qeydiyyat nişanlı avtomobilə 3030 manat dəymiş zəzər və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 07:45 radələrində ünvan 1 ünvanında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh2 MMC-nin mülkiyyətində olan və Cavabdeh1 lizinq hüququ əsasında idarə etdiyi “Chevrolet Cobalt LTZ” markalı, **-AM-***- dövlət qeydiyyat nişanlı avtomobil, zərərçəkmiş İddiaçı idarə etdiyi “Kia Cerato” markalı, “** RG ***” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan “Kia Cerato” markalı, “** RG ***” dövlət qeydiyyat nişanlı avtomobilə 11 iyun 2024-cü il tarixli zərər aktına əsasən, 3030 manat məbləğində maddi zərər dəymişdir. Binəqədi rayon DYPŞ-nın xx.xx.2024-cü il tarixli, ( İXP ******* saylı protokol) TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından göründüyü kimi, Paşayev X6 Xətalar Məcəlləsinin 327.1-ci (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə) və 469.3-cü (“İcbari sığortalar haqqında ” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) maddələri ilə təqsirli bilinmiş, barəsində 50 manat cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Göründüyü kimi, yol-nəqliyyat hadisəsi zamanı “Chevrolet Cobalt LTZ” markalı, **-AM-***- dövlət qeydiyyat nişanlı avtomobil barəsində mülki məsuliyyətin icbari sığortası müqaviləsi olmamışdır. Buna görə də, “Kia Cerato” markalı, “** RG ***” dövlət qeydiyyat nişanlı avtomobilə 3030 AZN məbləğində dəymiş zərərin sığorta şirkəti tərəfindən qarşılanması mümkün olmamışdır. Dəymiş zərərin mülki məhkəmə qaydasında cavabdehlər Cavabdeh1 və “Azərmaş Alyans" MMC-dən tələb edilməsi zərurəti yaranmışdır. Cavabdeh2 MMC iddia ərizəsinə aşağıdakı məzmunda etiraz vermişdir. Cavabdeh2 MMC ilə "xxxx" MMC-nin arasında xx.xx.2024-cü il tarixdə ALY-2112 saylı “Daxili Lizinq” müqaviləsi bağlanmış və Cavabdeh2 MMC-nin mülkiyyətində olan 2022-ci il buraxılışlı, “Chevrolet Cobalt” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı, XWBTV69V9LA040130 ban, 0235 mühərrik nömrəli, ağ rəngli avtomobil Lizinq Alan "xxxx" MMC-nin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmçinin Lizinq alan "xxxx" MMC-nin xahişi əsasında Cavabdeh2 MMC “Daxili Lizinq” müqaviləsinin 4.1.3-ci, 4.1.5-ci və 4.1.6 bəndlərinə əsasən Cavabdeh1 avtomobilin idarə olunmasına dair etibarnamə verilmişdir. Daxili Lizinq müqaviləsinin 3.1 -ci bəndinə əsasən müqavilə imzalandığı andan müqavilənin müddəti sona çatana və ya müqavilə ləğv olunan kimi lizinq obyekti olan avtomobilin müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcmdə keçir. xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh1 oğlunun avtomobili idarə etmək səlahiyyəti olmuşdur. Həmçinin qəzada təqsirli olduğu üçün Paşayev X6 məsuliyyətə cəlb olunmuşdur. “Daxili Lizinq” müqaviləsinin: 2.6-ci bəndinə əsasən lizinq obyektindən istifadəni Lizinq Verən tərəfindən verilmiş etibarnamələr əsasında həyata keçirir. “Daxili Lizinq” müqaviləsinin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddət ərzində istismar zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. 5.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla),həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. İddiaçı dəymiş maddi ziyanı qanunvericiliyin tələbinə uyğun olaraq Lizinq alan "xxxx" MMC-dən və etibarnamə ilə idarə edən Cavabdeh1 tərəfindən ödənilməlidir. Məhkəmə hazırlıq iclasında iddiaçı Cavabdeh2 MMC-nin "xxxx" MMC ilə əvəz edilməsinə razı olmadığını bildirmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin Cavabdeh1 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi (oğlu) X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi X5 izahat verərək qeyd etdi ki, onlar bütün huquqları"xxxx" MMC-yə ötürmüş, eyni zamanda Cavabdeh1 həmin avtomobilin idarə edilməsinə dair etibarnamə vermişlər. Odur ki, iddianın onlara qarşı rədd edilməsini xahiş edirlər . Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. “Kia Cerato” markalı, “** RG ***” dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı istifadəsindədir (elektron məhkəmə sistemindən əldə edilmiş məlumat). “Chevrolet Cobalt LTZ” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 MMC-nin sahibliyindədir (nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi). Həmin avtomobilə dair Cavabdeh2 MMC ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli ALY-2112 №-li “Daxili Lizinq” müqaviləsi bağlanmışdır. Adıçəkilən müqaviləyə əsasən Cavabdeh2 MMC həmin avtomobili lizinq alan "xxxx" MMC-nin müvəqqəti sahiblik və istifadəsinə vermişdir. “Daxili Lizinq” müqaviləsinin: 2.6-ci bəndinə əsasən lizinq obyektindən istifadəni lizinq Verən tərəfindən verilmiş etibarnamələr əsasında həyata keçirir. 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddət ərzində istismar zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. 5.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla),həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. Lizinq müqaviləsində lizinq alanın aşağıdakı hüquqları nəzərdə tutulmuşdur: 4.1.3-cü bəndində lizinq müqaviləsi üzrə hüquq və vəzifələri üçüncü şəxslərə vermək; 4.1.5-ci bəndində lizin obyektinin sublizinq və ya kirayəyə vermək: 4.1.6-cı bəndində lizinq obyektini əvəzsiz istfadəyə vermək. Cavabdeh2 MMC Cavabdeh1 avtomobilin idarə olunmasına dair xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan etibarnamə verilmişdir. Həmin etibarnamə qüvvədə olan müddətdə, xx.xx.2024-cü il tarixdə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh1 lizinq hüququ əsasında idarə etdiyi “Chevrolet Cobalt LTZ” markalı, **-AM-***- dövlət qeydiyyat nişanlı avtomobil, İddiaçı idarə etdiyi “Kia Cerato” markalı, “** RG ***” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdu (Binəqədi RPİ X10 tərəfindən tərtib edilmiş 088374 №-li arayış). Binəqədi rayon DYPŞ-nın xx.xx.2024-cü il tarixli, TP ******* №-li inzibati tənbeh vermə haqqında qərarı ilə Paşayev X6 Xətalar Məcəlləsinin 327.1-ci (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə) və 469.3-cü (“İcbari sığortalar haqqında ” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) maddələri ilə təqsirli bilinmiş, barəsində 50 manat cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. «Avanqard» avtoservis tərəfindən tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Qüsur Aktına əsasən “Kia Cerato” markalı, “** RG ***” dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 1630 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh1 məbləğlə razı olmadığı üçün məhkəmənin təşəbbüsü ilə məhkəmə-iqtisad ekspertizası təyin təyin edilmişdir. Azərbycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 9/9620 №-li ekspert rəyinə əsasən “Kia Cerato” markalı, “** RG ***” qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan təxminən 2532 manat məbləğində qiymətləndirilmişdir (1232 manat ehtiyyat hissələri və 1300 manat təmir-bərpa işlərinin qiyməti). Hazırda iddiaçı 3030 manat məbləğində pulun və məhkəmə xərclərinin hər iki cavabdehdən tutulmasını iəstəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi, qanunun mənasına görə zərərin əvəzini ödəmək vəzifəsi mülki hüquq pozuntusu törətmiş, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yəni, məhkəmə hesab edir ki, nə qədər ki delikt törətmiş şəxs Cavabdeh1 qanuni əsasla (etibarnamə əsasında) avtomobili idarə etmişdir, zərərin əvəzi də məhz ondan tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 2532 manat məbləğində pul Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı, iddia digər hissədə və Cavabdeh2 MMC-yə qarşı hissədə rədd edilməlidır. Eyni zamanda iddiaçı 51 manat məbləğində dövlət rüsumunun tutulmasını istəyir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 45,32 manat dövlət rüsmumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, 5,68 manat iddiaçının özünə aid ediməlidir. Eyni zamanda ekspertiza məhkəmənin tşəbbüsü ilə tyin edildiyindən, ekspertiza tədqiqatının 50 manat dəyərinin yarısı iddiaçıdan, yarısı Cavabdeh1 tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Beləliklə, məhkəmə işin hallarına və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 2532 manat vurulmuş zərərin əvəzi, 45,32 manat məbləğində dövlət rüsumu tutulub İddiaçının xeyrinə ödənilməli, iddia qalan hissədə və Cavabdeh2 MMC-yə qarşı rədd edilməli, 25 manat Cavabdeh1, 25 manatı isə İddiaçı tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 2532 manat vurulmuş zərərin əvəzi, 45,32 manat məbləğində dövlət rüsumu tutulub İddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə və Cavabdeh2 MMC-yə qarşı rədd edilsin. Dövlət rüsumunun qalan hissəsi (5,68 manat) iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 25 manat Cavabdeh1, 25 manatı isə İddiaçındən tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-283/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-283/2025
17.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver