Məhkəmə qərarları › İş №2(008)-2840/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2840/2020

25.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2840/2020 25.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh X5 iştirakları ilə, İddiaçı cavabdeh X6 qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(008)-8167/2017 saylı qətnaməsinə əsasən təyin olunmuş alimentin miqdarının dəyişdirilərək övladları xx.xx.2007-ci il təvəllüdlü X1 üçün hər ay 170 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X7 ilə xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Rəsmi nikahdan xx.xx.2007-ci ildə Kamran adlı bir övladları doğulmuşdur. Sonradan cavabdehin ailəyə qarşı münasibəti tamamilə dəyişməyə başlamışdır. Lakin ailənin qorunub saxlanılması üçün cavabdehin bütün mənəvi və psixoloji əzablarına dözmüşdür. Güman etmişdir ki, cavabdeh nə vaxtsa etdiyi əməllərdən səmimi peşiman olacaq və birlikdə yaşayacaqlar. Lakin, cavabdeh günügündən ailəyə qarşı dahada aqressiv münasibət bəsləmişdir. Cavabdeh ümumiyyətlə onlarla maraqlanmadığından və ailənin maddi tələbatını ödəmədiyi üçün 2017-ci ildə aliment tələbinə dair Sabunçu rayon məhkəməsində iddia qaldırmışdır. Həmin məhkəmənin xx.xx.2017-ci il tarixli 2(008)-8167/2017 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, cavabdehdən hər ay 136 manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda həmin məbləğlə övladının maddi tələbatını ödəyə bilmir. Övladının gündəlik məktəb, geyim və digər xərcləri artmağına baxmayaraq cavabdeh onlara əlavə maddi köməklik göstərmir. Övladı azyaşlı olduğu üçün işləyə bilmir. Sosial iqtisadi vəziyyəti həddindən artıq ağır və acınacaqlıdır. Heç bir yerdən əlavə maddi gəlir yeri yoxdur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətində çalışır, kifayət qədər aylıq gəlirə malikdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X7 izahatında əmək haqqının ¼ hissəsi məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı və cavabdeh X7 xx.xx.2017-ci il tarixdə nikahlarını bağlamışlar (Cəbrayıl rayon VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 297917 №-li nikah haqqında şəhadətnamə). Tərəflərin birgə nikahdan xx.xx.2007-ci il tarixdə Kamran adlı uşaqları doğulmuşdur (Şəxsiyyət vəsiqəsinin surəti). Sabunçu rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(008)-8167/2017 saylı qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq X4 hər ay 136 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hazırda iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, tərəflərin 1 övladlarının olması, yetkinlik yaşına çatmamış uşağın iddiaçının yanında qalması, həmçinin uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 170 manat olduğu halda, bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2007-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 170 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh uşağa görə ondan əmək haqqının ¼ hissəsi miqdarında alimentin tutulmasını tələb etməsinə baxmayaraq, alimentin məhz həmin məbləğdə tutulması üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda hazırki iddianın qiyməti 408 manat təşkil edir (34 man x 12 ay = 408 man). Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.12.-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda dövlət rüsumunun məbləği 20 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Sabunçu rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(008)-8167/2017 saylı qətnaməsinə əsasən təyin olunmuş alimentin miqdarının dəyişdirilərək cavabdeh X4 qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. Sabunçu rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(008)-8167/2017 saylı qətnaməsinə əsasən təyin olunmuş alimentin miqdarının dəyişdirilərək cavabdeh X4 qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar