Məhkəmə qərarları › İş №2(008)-2843/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2843/2024

12.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2843/2024 12.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçının nümayəndəsi “Arbitrium” Vəkil Bürosunun vəkili Vəkil qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh törətmiş olduğu hadisə nəticəsində “Toyota Prius” minik markalı. **-UY- *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 8895 manat zərər, 700 manat cərimə və ödənilmiş 115,95 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, İddiaçı mülkiyyətində olan “** UY ***” qeydiyyat nömrə nişanlı “Toyota Prius” markalı minik avtomobilini etibarnamə əsasında istifadə etmək üçün daha əvvəldən tanıdığı Cavabdeh vermişdir. Cavabdeh xx.xx.2023-cü il tarixində İddiaçı məxsus “** UY ***” qeydiyyat nömrə nişanlı “Toyota Prius” markalı minik avtomobilini sərxoş vəziyyətdə sürmüş bunun nəticəsində də Məmmədəli qəsəbəsi, Kürdəxanı qəsəbəsindən Pirşağa qəsəbəsinə doğru gedərkən idarəetməni itirmiş və yol nəqliyyət hadisəsi törədərək, zəncirvari qəzaya səbəb olmuşdur. Qəza nəticəsində maşına böyük zərər dəymiş, maşın demək olar ki, yararsız vəziyyətə düşmüşdür. (Maşının ön kapotu, petlə kapotu, ön buferi, ön patpresi, sol tərəf ön və arxa şüşəsi və digər bir çox ehtiyyat hissəsi zərər görmüş və. s,) İddiaçı xx.xx.2023-cw il tarixdə “** UY ***” qeydiyyat nömrə nişanlı “Toyota Prius” markalı nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı “Grand Auto” Services tərəfindən nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün müraciət etmiş, avtomobilə baxış keçirilmiş və qüsur aktı tərtib olunmuşdur. Həmin qüsur aktına əsasən Cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində 8895 manat məbləğində ziyanın dəyməsi müəyyən edilmişdir. Həmçinin qəza nəticəsində Cavabdeh AP0191294 saylı protokolla 700 manat cərimə edilmişdir. Həmin protokol üzrə qeyd edilən maşın nömrəsi İddiaçı adına olduğu üçün və də İddiaçı maşının adına borc qalmasını istəmədiyi üçün qeyd olunan 700 manat cərimə pulunu da Cavabdeh əvəzinə ödəmişdir. Vurulan zərər borclu Cavabdeh etibarnamə əsasında idarə etdiyi “** UY ***” qeydiyyat nömrə nişanlı “Toyota Prius” markalı minik avtomobilini ehtiyyatsız formada və də qanunun tələblərini pozaraq (həmin vaxt o içkili olmuşdur) idarəetməsi nəticəsində əmələ gəlmişdir. Cavabdeh dəfələrdə borcunu ödəyəcəyi barədə vədlər versə də vədinə bu günə qədər əməl etməmişdir, iddiaçı və cavabdeh bir birlərini daha əvvəldən tanımışlar. İddiaçı cavabdehin atasını da əvvəldən tanımışdır. Hətta aralarında iş münasibətləri olmuşdur. Məhz bunlara görə iddiaçı bu qədər vaxt cavabdehin borcunu qaytarmasını gözləmişdir. Lakin nəticə olaraq cavabdeh avtomobilə dəymiş ziyani, cəriməni və borc məbləğini qaytarmamışdır. Buna görə də hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Həmçinin yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdehə pretenziya ilə müraciət edilmiş və vurulmuş 8895 manat maddi ziyanın və 700 manat cərimənin ödənilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi “Arbitrium” Vəkil Bürosunun vəkili Vəkil iddia tələbinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Altay Məmmədovun xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən məlum olur ki, Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından, barəsində cinayət işinin başlanması rədd edilmiş və İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-yə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçının nümayəndəsi “Arbitrium” Vəkil Bürosunun vəkili Vəkil Cavabdeh törətmiş olduğu hadisə nəticəsində “Toyota Prius” minik markalı. **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 8895 manat zərər, 700 manat cərimə məbləğinin İddiaçı ödənilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3096 saylı rəyində aşağıdakılar göstərilmişdir: “ ... 2008-ci il buraxılışlı “Toyota Prius” minik markalı. **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və həmin avtomobilin salamat qalan yararlı vəziyyətdə hissələri avtomoilin dəyərinin təxminən 20 faizini təşkil edir. Təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zaədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 10500 manat olmuş. 2008-ci il buraxılışlı “Toyota Prius” minik markalı. **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği, salamat qalmış hissələr (qalıq qiyməti) nəzərə alınmaqla təxminən 8400 manat müəyyən edilir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 459.1-ci maddəsinə əsasən isə, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. İş üzrə iddiaçıya maddi zərərin vurulduğu işin mübahisəsiz və aşkar halıdır. Yuxarıda sadalanan normaların məzmunundan və işin hallarından göründüyü kimi, bu zərərin əvəzinin ödənilməsi vəzifəsi cavabdehin üzərindədir. Belə ki, cavabdeh yolnəqliyyat hadisəsinin onun tərəfindən törədilməsini mübahisələndirmir, mübahisələndirilən yalnız dəymiş ziyanın məbləğidir. Eyni zamanda məhkəmə 700 manat cərimə məbləğində pulun cavabdehdən tutulmasını əsaslı hesab etmir. Belə ki, həm iddiaçının nümayəndəsinin izahatından, həm də mütəxəssis rəyindən göründüyü kimi, Cavabdeh barəsində tərtib edilmiş AP0191294 saylı protokolla təyin edilmiş 700 manat cərimənin iddiaçı tərəfindən ödənilməsi iş materialları ilə öz təsdiqini tapmır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyində qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, 8400 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi qismən təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 104 manat hissəsi cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 8400 (səkkiz min dörd yüz) manat borc və 104 (yüz dörd) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar