Məhkəmə qərarları › İş №2(008)-2847/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2847/2025

01.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2847/2025 01.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8000 (səkkiz min) manat pulun və 100 (bir yüz) manat dövlət rüsumunun - cəmi 8100 (səkkiz min yüz) manat pulun alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ondan pensiya düzəltmək adı ilə 8000 (səkkiz min) manat pul almışdır, lakin vədinə əməl etməmişdir, aldadaraq ona pensiya düzəltməmişdir, nə də ki, pulunu geri qaytarmamışdır. Bundan sonra o, dəfələrlə Cavabdeh 8000 (səkkiz min) manat pulunu tələb etməsinə baxmayaraq, həmin pulu ondan ala bilməmişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirir və pulu qaytarmaqdan yayınır. O, bu barədə hüquq mühafizə orqanlarına ərizə ilə müraciət etmiş və ona mülki qaydada məhkəməyə müraciyət edilməsi tövsiyə olunmuşdur. Bir sözlə, cavabdeh onun etibarından sui-istifadə edərək, dələduzluq yolu ilə onu aldatmış və nəticədə ona ziyan vurmuşdur. O, 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Hesab edir ki, həmin məbləğlər cavabdehdən alınaraq onun xeyrinə tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, pulu cavabdehə ona təqaüd düzəltmək üçün vermişdir. Hüseynağa adlı bir şəxs onu xəstəxanaya müayinə üçün aparmışdır ki, guya sənədləşmə üçün lazımdır. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Diskdə təqdim olunmuş səs yazılarında da cavabdeh bunu etiraf edir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatındakı xüsusatları təsdiq edərək bildirmişdir ki, məhkəməyə təqdim etdikləri səs yazısı qeyd edilmiş diskdə cavabdeh özü açıq şəkildə borcunun olmasını etiraf etmişdir. Cavabdehin ərizə ilə qiyabi qatnaməni ləğv etməkdə məqsədi vaxtı uzatmaqdır. Çünki onun borcu qaytarmağa niyyəti də yoxdur. Səs yazısında borc məbləğini də qəbul edərək mübahisələndirməmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, iddiaçı onun həyat yoldaşıdır, Cavabdeh isə qonşuları olub. Bu söhbətlər olanda o, həyat yoldaşının yanında olmuşdur. Cavabdeh onlara təklif etmişdir ki, 8000 manat versələr həyat yoldaşı üçün pensiya düzəldəcək. Yoldaşı işdə olduğundan pulu özü evdən gətirmiş və Cavabdeh vermişdir. 8000 manatı 4 dəfə olmaqla hissə-hissə vermişlər. Birinci dəfə 2500 manat, ikinci dəfə 2500 manat, növbəti dəfə 1000 manat pulu Cavabdeh mağazada, sonda 2000 manat pulu isə maşında vermişlər. Hər dəfə Cavabdeh pul veriləndə üç nəfər olmuşlar: yoldaşı, o və Səyarə xanım. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış materialları, habelə səs yazısını tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, araşdırma zamanı İddiaçı müraciətində göstərilən xüsusatların mülki hüquqi xarakterli mübahisə olduğu müəyyən edilmiş, buna görə də ona mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı ərzaq mallarının market şəbəkələrində pərakəndə satışı ilə məşğuldur. Hazırda VÖEN statusu fəaliyyətini müvəqqəti dayandırmış kimidir. - Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Seymur Həsənovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarına əsasən cinayət tərkibi və cinayət hadisəsi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, X1 qeyd olunan mübahisə ilə bağlı məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. - İş materiallarına əlavə edilmiş diskdən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixli Cavabdeh məxsus olduğu bildirilən səs yazısında qadın hazırda pulu olmadığını, olanda hissə-hissə qaytaracağını Azərə etiraf edir, Hüseynağa adlı şəxsin Azəri sənədləşməyə görə həkimə müayinə üçün apardığı, Azərin arvadından başqa sübutunun olmadığı, varsa məhkəməyə sübut təqdim etməsi, məhkəməyə gəlməyəcəyi, Azərdən aldığı pulu Hüseynağaya verdiyi, Azərin həmin pulu Hüseynağadan istəməsi, Azərdən “knijkanı” qaytarması qeyd edilir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasındakı razılaşmaya əsasən sonuncu, iddiaçıya pensiya düzəltmək üçün ondan 8000 manat pul almışdır. Lakin cavabdeh vədinə əməl etməmiş və iddiaçıdan aldığı 8000 manat pulu geri qaytarmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə 8000 manat məbləğində pul vəsaiti versə də, tərəflər arasında bununla bağlı yazılı müqavilə rəsmiləşdirilməmişdir. Halbuki, Mülki Məcəllənin 739.2-ci maddəsinin tələbinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğu hallarda borc müqaviləsi yazılı formada bağlanmalı idi. Beləliklə, tərəflər arasında forma tələbinə əməl edilməyən bir əqd var və belə bir əqd mülki qanunvericiliyin tələblərinə görə etibarsızdır (əhəmiyyətsizdir). İşin müəyyən edilmiş hallarına əsasən məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh iddiaçı ilə aralarında razılaşdıqları vədə əməl etmədiyindən və bu məqsədlə sonuncudan aldığı 8000 manat məbləğində pulu qaytarmadığından, həmin vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh etibarsız əqd üzrə həmin məbləği özündə saxlamaqla əsassız varlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 238, 241, 242, 244, 252-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul və 100 (bir yüz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 8100 (səkkiz min yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar