Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2854/2021 06.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 Hüseynəli oğlu və Cavabdeh1 müştərək qaydada 2712,75 manat əmlakına dəyən zərərin əvəzi və 30 AZN dövlət rüsumunun, 500 AZN mənəvi zərərin əvəzinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, AD 473062 tarixli qeydiyyat şəhadətnaməsinə əsasən Kia Optima minik markalı, ** RR *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 27.11.2020-ci il tarixdə, saat 13:00 radələrində Ziya Bünyadov prospektində 40-50 km/saat sürətlə hərəkətdə olarkən qarşı tərəfdən gələn Cavabdeh2 Hüseynəli oğlunu idarə etdiyi KİA Rio markalı, ** FB *** dövlət qeydiyyat nişanlı minik avtomobili hərəkət etdiyi istiqamətdə qarşına çıxaraq onun idarə etdiyi avtomobillə toqquşaraq, avtomobilin sol təkər, sol qanad, sol qapı, sol bufer hissələrinə ciddi ziyan vurmuşdur. Bakı şəhəri Sabunçu Rayon DYPŞ-nin YNH inspektoru polis baş leytenantı X1 tərtib etdiyi 23.12.2020-ci il tarixli, ******* saylı İnzibati Xəta haqqında protokoluna əsasən Cavabdeh2 Hüseynəli oğlu İXM-nin 327.1 və 332.1 -ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən İnzibati tənbeh vermə haqqında qərarla barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Cavabdeh2 Hüseynəli oğlu 23.12.2020-ci il tarixli izahatında etibarnamə olmadan “KİA Rio” markalı, ** FB *** dövlət qeydiyyat nişanlı minik avtomobili idarə edərkən qarşısına çıxan “KİA Rio” markalı, ** FB *** dövlət qeydiyyat nişanlı minik avtomobilə ziyan vurmasını bildirmişdir. İddiaçı tərəfindən dəfələrlə maşının mülkiyyətçisi Cavabdeh1 Ziyadxan qızı və faktiki idarə edən Cavabdeh2 Hüseynəli oğluna müraciətlər olsa da, törədilmiş hadisəyə etinasız yanaşaraq dəymiş ziyanı ödəməkdən yayınmışlar. İddiaçı tərəfindən KİA MOTORS servis mərkəzinə müraciət edilmiş, 30.11.2020-ci il tarixli qüsur aktı ilə minik avtomobilinə vurulmuş ziyan 1932.75 AZN və təmir üçün 780 AZN xidmət haqqı, ümumilikdə 2712,75 AZN müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirakı etməmiş, bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin inzibati xəta haqqında ******* nömrəli protokolun surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 23 ünvanında yaşayan Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - 23.12.2020-ci il tarixli, ******* nömrəli qərarın surətindən görünür ki, 27.11.2020-ci il tarixli, İXP ******* nömrəli protokola əsasən Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. -Yeni dövr Qiymətləndirmə Mərkəzinin 01.06.2021-ci il tarixli, 042 saylı ekspert rəyindən görünür ki, “Kia Optima” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcləri 2.242.75 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsulyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh2 Hüseynəli oğlu nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan digər Cavabdeh1 Ziyadxan qızının mülkiyyətində olan Kia RİO markalı, 90FB772 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərəkən yol hərəkəti qaydalarını pozaraq 27.11.2020-ci il tarixində saat 13.00 radələrində yol-nəqliyat hadisəsi törədərək hazırkı cavabdeh İddiaçı mülkiyyətində olaraq idarə etdiyi Kia Optima markalı 99RR042 dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərə vurmuş və bununla əlaqədar Cavabdeh2 Hüseynəli oğlu barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İddiaçı delikt nəticəsində onun mülkiyyətində olan avtomobilə 27712.75 manat məbləğində ziyan dəyindiyini iddia etsədə, 01.06.2021-ci il tarixli, 042 saylı ekspert rəyindən görünür ki, “Kia Optima” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2.242.75 manat olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə ekspert rəyində göstərilmiş məbləği ağlabatan qəbul edərək hesab edir ki, iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın aradan qaldırılması və təmir bərpa işlərinin görülməsi üçün 2.242.75 (iki min iki yüz qırx iki manat, yetmiş beş qəpik) manat pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Cavabdeh2 Hüseynəli oğluna ödənilməlidir. İddia tələbinin mənəvi zərərə görə 500 manat məbləğində pulun cavabdehlərdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirilməsini ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Mülki Məcəllənin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi) Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuranın təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bütün bunlar məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır, odur ki, məhkəmə bu hissədə iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Keçirilmiş ekspertiza xərci olan 200 manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq “Yeni Dövr” Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada maddi ziyana görə 2.242.75 (iki min iki yüz qırx iki manat, yetmiş beş qəpik) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ekpert rəyi üzrə 200 (iki yüz) manat ekspertiza xərci tutularaq “Yeni Dövr” Ekspertiza Mərkəzinin VÖEN **********, AZ82NABZ******************** hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2854/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2854/2021
06.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver