Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-29/2024 16.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə iddiaçı ″Dəmirbank″ ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı ″borcun tutulması″ barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ″Dəmirbank″ ASC (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı ″borcun tutulması″ barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ləğv prosesində olan ″Dəmirbank″ ASC-nin xeyrinə 6592,21 ABŞ dolları əsas, 4112,01 ABŞ dolları faiz, 33,61 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 11097,83 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli ********* nömrəli ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" ASC-dən illik 27 %-lə 24 ay müddətinə 12650 ABŞ dolları məbləğində kredit götürmüşdür. xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 11098,16 ABŞ dolları təşkil edir və kreditin müddəti xx.xx.2017-ci ilə təyin edilir. Borcun təminatı olaraq Cavabdeh2 Əligüi oğlu ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. xx.xx.2018-ci ilədək cavabdehlərin ləğv prosesində olan "xxxx" ASC-yə 6592,21 ABŞ dolları əsas, 4112,01 ABŞ dolları faiz, 33,61 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 11097,83 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddianı qəbul edərək izahatında bildirmişdir ki, mərhum Cavabdeh1 xərçəng xəstəsi idi. Öz adına olan əmlaklarını sataraq müalicə olunmuşdur. Pul ondan yox, mərhumun oğlundan tutulmalıdır. İddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Tağızadə Rəşad xx.xx.2024-cü ildə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və faktiki mirasın müəyyən edilərək hazırda kimin istifadəsində olması barədə sorğular verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ********* nömrəli ″Kredit müqaviləsi″ndən görünür ki, Cavabdeh1 iddiaçıdan illik 27%-lə 24 ay müddətinə 12650 ABŞ dolları məbləğində kredit götürmüşdür. - xx.xx.2014-cü il tarixli ZM-1-1119/14 ″Zaminlik müqaviləsi″ndən görünür ki, Cavabdeh2 kredit götürmüş Cavabdeh1 iddiaçı qarşında öz öhdəliklərini tamamilə və ya hissə-hisssə icra etməsi üçün məsuliyyəti üzrəinə götürmüşdür. - xx.xx.2015-ci il tarixli 01/15-ƏS nömrəli ″280008775 nömrəli xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsini Əlavə Saziş″dən görünür ki, kreditin qalıq məbləği 11098,16 ABŞ dolları təşkil edir və kreditin müddəti xx.xx.2017-ci ilədək təyin olunmuşdur. - xx.xx.2015-ci il tarixli 01 nömrəli ″280008775 nömrəli xx.xx.2014-cü il tarixli X1 Saziş″dən görünür ki, kreditin qalıq məbləği 11098,16 ABŞ dolları təşkil edir və kreditin müddəti 30 ay təyin olunmuşdur. - xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 ″Dəmirbank″ ASC-nin Xəzər filialı tərəfindən 12650 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh1 isə bunu öz imzası ilə təsdiq etmişdir. - 18.10.2018-ci il tarixli **********391 və **********396 nömrəli bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına riayət edilmişdir. - 23.11.2018-ci il tarixli **********839 nömrəli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 xx.xx.2018-ci ilə banka əsas borcu 6952,21 ABŞ dolları, faiz borcu 4112,01 ABŞ dolları, 33,61 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 11097,83 ABŞ dolları borcu mövcuddur. - AZ-İİ seriyalı 011396 nömrəli "Ölüm haqqında şəhadətnamə"dən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu ildə "Durğunluq, hipertoniya xəstəliyi"ndən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu ildə 525 nömrəli qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-16-5/2-11- 3929/23 nömrəli məktubundan görünür ki, "Elektron notariat" informasiya sistemində aparılmış araşdırma nəticəsində Cavabdeh1 adına respublikanın notariat ofislərində vərəsplik işinin açılması aşkar olunmamışdır. Beləliklə, məhkəmə araşdırma nəticəsində müəyyən edildi ki, Cavabdeh1 xx.xx.2019-cu ildə vəfat etmişdir və onun vərəsələrini müəyyən etmək mümkün olmamışdır. Ona görə də, hazırkı iddia tələbi rədd edilməlidir. Tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan Azrəbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. İcra şəxsən kreditor üçün nəzərdə tutulmuşdursa, onun ölümü öhdəliyin xitamına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 256.0.1-ci maddəsinə görə isə bu Məcəllənin 254.1.1 və 254.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda çıxmış şəxsin hüquq varisi müəyyən edilənə və ya fəaliyyət qabiliyyəti olmayan şəxs üçün nümayəndə təyin edilənədək iş üzrə icraat dayandırılır. Yuxarıda qeyd olunan maddələrə nəzər yetirdikdə görünür ki, hazırki tələb üzrə icraatın xitamına yol verilmir, hüquqi varis müəyyən olunanadək icraat dayandırılır. Lakin, göründüyü kimi 2018-ci ildən etibarən məhkəməyə daxil olmuş mülki işin dayandırılmasına baxmayaraq, o zamandan hələ də mərhumun hüquqi varisi müəyyən olunmamışdır. Belə olan halda isə işin sonsuzadək məhkəmənin icraatında qalması və ona hər il yeni iş nömrəsinin verilməsi də məntiqli hesab olunmur. Bu səbəbədən məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 558-ci maddəsinə əsaslanaraq öhdəliyə xitam verilməsi əsası ilə iddia tələbini rədd edir. Qeyd olunan maddəyə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmçinin gələcəkdə Cavabdeh1 vərəsələrinin müəyyən edilməsi və iddiaçının onlara qarşı iddia ərizəsi ilə müraciət etməsi də istisna olunmur. İddiaçının Cavabdeh2 qarşı olan tələbinə dair münasibətdə isə zaminlik müqaviləsinin müddəları tətbiq olunmalıdır. Mülki Məcəllənin 470-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli əlavə sazişin 2.1-ci bəndində göstərilmişdir ki, zaminlik müqaviləsi üzrə əlavə saziş tərəflərin onu imzaladığı gündən qüvvəyə minir və tərəflərin həmin saziş üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədədir. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin müddəaları nəzərə alınmaqla şərh olunmalı və nəzərə alınmalıdır ki, qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. "Zaminlik müqaviləsi üzrə əlavə saziş tərəflərin onu imzaladığı gündən qüvvəyə minir və tərəflərin həmin saziş üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədədir" ifadəsi isə zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz, çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətindən söz etmək mümkün deyildir. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 367-ci maddəsinə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Buna görə də tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Bankla kredit götürən arasında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən tərəflər razılaşdırmışlar ki, borcalan aldığı krediti xx.xx.2017-ci il tarixinə qədər qaytarmalıdır. Buna görə də iddiaçı zaminə qarşı xx.xx.2018-ci ilədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən sonrakı bir il müddətində ona qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir və buna görə də Cavabdeh2 münasibətdə iddia tələbi təmin edilməməlidir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ″Dəmirbank″ ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı ″borcun tutulması″ barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №2(008)-29/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-29/2024
16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver