Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-295/2021 23.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı İddiaçı-nın nümayəndəsi X4, Cavabdeh X2 iştirakları ilə, İddiaçı İddiaçı-nın Cavabdehlər X5 və Abbasova Xırdaxanım Gülməmməd qızına qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Abbasov Zakir Akif oğlu və Abbasova Xırdaxanım Gülməmməd qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən iddiaçının xeyrinə 28.03.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5678,46 manat əsas borc, 645,5 manat faiz borcu və 70,71 manat cərimə borcu olmaqla ümumilikdə 6394,67 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abbasov Zakir Akif oğlu 28.03.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 7000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Abbasova Xırdaxanım Gülməmməd qızı ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 22.01.2020-ci il tarixədək Abbasov Zakir Akif oğlunun banka 28.03.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5678,46 manat əsas borc, 645,5 manat faiz borcu və 70,71 manat cərimə borcu olmaqla ümumilikdə 6394,67 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Sonradan iddiaçı tərəfindən ərizə təqdim edilərək cavabdeh Abbasov Zakir Akif oğlunun onun hüquqi varisləri X5 və Abbasova Xırdaxanım Gülməmməd qızı ilə əvəz edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Abbasov Zakir Akif oğlu 21.09.2020-ci il tarixdə ölmüş, ondan miras qalmış əmlaklara dair vərəsəlik işi açılmışdır. Məhkəmə Abbasov Zakir Akif oğlunu onun hüquqi varisi X5 ilə əvəz etmişdir.13.04.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh Abbasova Xırdaxanım Gülməmməd qızı ərizə verərək proseslərin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 izahat verərək qeyd etdi ki, borcu ödəməyə onun maddi imkanı yoxdur. Xahiş edir iddia rədd edilsin. Əvvəllər keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh Abbasova Xırdaxanım Gülməmməd qızı iş üzrə izahat verərək, qeyd etmişdir ki, oğlunun ölümündən sonra onun tərəfindən müəyyən ödənişlər edilmişdir, lakin o, bütün məbləği ödəyə bilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Abbasov Zakir Akif oğlu 28.03.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (hazırkı adı İddiaçı) illik 28 faizlə 24 ay müddətinə 7000 manat kredit götürmüş, kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli tərtib edilmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 72 faiz dərəcəsi ilə dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. X6 Gülməmməd qızı arasında həmin kreditin təminatı kimi 28.03.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 28.03.2019-cu il tarixli məxaric qəbzindən görünür ki, Bank tərəfindən Abbasov Zakir Akif oğluna 7000 manat məbləğində pul verilmişdir. İş materiallarında olan İddiaçı (əvvəlki adı "xxxx" İKB ASC) tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Abbasov Zakir Akif oğlunun kredit müqaviləsi üzrə 22.01.2020-ci il tarixə yaranmış əsas borcu 5678,46 manat, faiz borcu 645,5 manat, cərimə borcu 70,71 manat, ümumilikdə borcu 6394,67 manat təşkil edir. Abbasov Zakir Akif oğlu 21.09.2019-cu il tarixdə ölmüşdür. Abbasov Zakir Akif oğlundan miras qalmış əmlaklara dair 17 saylı notariat kontorunda vərəsəlik işi açılmışdır. Məhkəmənin tələbi ilə Abbasov Zakir Akif oğlunun öldüyü tarixə yaranmış borcu barədə maliyyə arayışı təqdim edilmişdir. Həmin maliyyə arayışından görünür ki, Abbasov Zakir Akif oğlunun 21.09.2019cu il tarixə əsas borcu 5828,46 manat, faiz borcu 113,28 manat təşkil edir. Cərimə borcu hesablanmamışdır. Hazırda iddiaçı cavabdehlərdən 6394,67 manat məbləğində kredit borcunun tutularaq ödənilməsini istəyir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, İddiaçı tərəfindən cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarından cavabdehlər tərəfindən yaranmış borcun iddiaçıya ödənilməsi görünmür. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Həmin Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddia tələbindən görünür ki, iddiaçı müqavilədən yaranmış borcu həm X1, həm də zamin Abbasova Xırdaxanım Gülməmməd qızından birgə tələb edir. Yuxarda qeyd olunan zaminlik müqaviləsindən görünür ki, zamin Abbasova Xırdaxanım Gülməmməd qızı kredit müqaviləsindən irəli gələn öhdəlik üçün kredit verən qarşısında kredit alanla birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Kredit müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi üçün iddiaçı tərəfindən cavabdehə rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmiş, lakin buna baxmayaraq cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənişlər edilməmişdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər. Lakin, məhkəmə hesab edir ki, cavabdeh Abbasov Zakir Akif oğlu ölən gündən sonra faiz borcunun hesablanması dayandırılmalı idi. Odur ki, məhkəmə hesab edir ki, əsas borc 22.01.2020-ci il tarixə verilən maliyyə arayışına əsasən, yəni 5678,46 manat, faiz borcu isə 21.09.2019-cu il tarixə verilən maliyyə arayışına əsasən, yəni 113,28 manat məbləğində tutulmalı, cərimə isə tutulmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər X5 və Abbasova Xırdaxanım Gülməmməd qızından İddiaçının xeyrinə 28.03.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5678,46 manat əsas borc, 113,28 manat faiz borcuolmaqla, ümumilikdə 5791,74 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər X5 və Abbasova Xırdaxanım Gülməmməd qızından İddiaçı-nın xeyrinə 28.03.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5678,46 manat əsas borc, 113,28 manat faiz borcu olmaqla, ümumilikdə 5791,74 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-295/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-295/2021
23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver