Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2964/2023 31.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6715 (altı min yeddi yüz on beş) manat dəyərində avtomobilinə dəyən maddi zərərin əvəzi, əzilmiş avtomobilinin evakuasiyası üçün ödədiyi 35 (otuz beş) manat xərcin, avtomobilinin müayinəsi üçün "xxxx" MMC servisinə ödədiyi 100 (yüz) manat xərcin və notariat təsdiqi üçün ödədiyi 3.4 (üç manat qırx qəpik) manat rüsumun, cəmi olaraq 6853.4 (altı min səkkiz yüz əlli üç manat qırx qəpik) manat xərcin cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində saat 19:00 radələrində özünə məxsus olan və etibarnamə əsasənda idarə etdiyi “Mercedes Benz” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Buzovna- Mərdəkan yolunda hərəkətdə olan zaman Cavabdeh “OKA” markalı **-ME-*** dövlət nömrə nişanlı avtomobili idarə edən zaman işıqforun qadağanedici işığından keçərək avtomobili düz üstünə sürmüş, nəticədə Cavabdeh inzibati xəta törətməsi nəticəsində onun idarə etdiyi “Mercedes Benz” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobil ön tərəfdən əzilərək yararsız hala düşmüşdür. Hadisə zamanı ona yüngül xəsarət dəymiş, avtomobilinə 6715 (altı min yeddi yüz on beş) manat maddi ziyan dəymişdir. Cavabdehin idarə etdiyi avtomobilin icbari sığortası olmadığı üçün avtomobilinə dəymiş ziyanı icbari sığorta ödəməmişdir. Cavabdehdən dəfələrlə avtomobilinə dəymiş ziyam ödəməsini tələb etsə də nəticəsi olmamışdır. “Mercedes Benz” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili alqı-satqı əsasında almışdır. Özünün “B” kateqoriyalı sürücülük vəsiqəsi var və həmin avtomobili onun əsasında idarə edir. Yolnəqliyyat hadisəsi zamanı DYP əməkdaşları hadisə yerinə gəlmişlər və hadisə ilə bağlı avtomobillərə baxılmış, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında xx.xx.2023-cü il tarixli İXP ******* saylı protokol və həmin protokol əsasında qərar tərtib olunmuşdur. Yol hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri DYP-nin əməkdaşları tərəfindən tanınmışdır. Hadisədən sonra hadisə yerinə dərhal təcili yardım və Yol Patrul Xidmətinin əməkdaşları gəlmişlər. Yol Patrul Xidmətinin əməkdaşları cavabdehin idarə etdiyi avtomobilin icbari sığortasının olmadığını müəyyənləşdirmişlər. Bundan sonra X3 maşını onu xəstəxanaya aparmış və orada hadisə nəticəsində onda yüngül xəsarətlərin olması müəyyənləşdirilmişdir. O, müayinə və müalicələr aldıqdan sonra avtomobilinə və sağlamlığına dəymiş ziyanın ödənilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh isə ona bildirmişdir ki, “mən 1-ci qrup əliləm və heç kimə 1 manat da olsun ödəməyəcəm”. Cavabdehin idarə etdiyi “OKA” markalı **-ME-*** dövlət nömrə nişanlı avtomobilin icbari sığortası olmadığı üçün o, hazırda avtomobilini təmir etdirə bilmir. Hadisədən bir neçə gün sonra cavabdeh onunla maraqlanmamış və sığorta ödənişi olmadığı üçün o, xx.xx.2023-cü il tarixli Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin sənədi əsasında əzilərək yararsız hala düşmüş avtomobilini evakuatora mindirərək müvəqqəti duracaqdan çıxarmış və "xxxx" MMC-nin Texniki Təminat Departamentinə aparmışdır. Evakuatora 35 manat pul ödəmişdir. "xxxx" MMC qəzaya uğramış ona məxsus olan “Mercedes Benz” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanı müəyyən edərək, təyin etmişdir ki, onun avtomaşınının ilkin təmir işləri 6715 (altı min yeddi yüz on beş) manat tutur. Həmin müayinə üçün o, "xxxx" MMC servisinə 100 manat rüsum da ödəmişdir. Cavabdeh idarə etdiyi “OKA” markalı **-ME-*** dövlət nömrə nişanlı avtomaşının icbari sığortasının olmadığını, sonra isə dəymiş ziyanı ödəyəcəyini bildirmişdir. Lakin həmin 6715 manatı maddi ziyanı cavabdehdən tələb edəndə cavabdeh telefonlarına cavab verməməyə başlamışdır. Hadisədən sonra Xəzər Rayon Polis İdarəsi Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Bakı şəhər Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmə onun iştirakı olmadan keçirilmişdir. Həmin məhkəmə işində Cavabdeh etdiyi əməli boynuna almış və qəzanın onun təqsiri ucbatından baş verdiyini təsdiqləmişdir. Bundan sonra Bakı şəhəri Xəzər Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli 3(003)-453/2023 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edərək 400 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta törətməsi və ona qarşı bu cür məsuliyyətsiz hərəkətləri nəticəsində ona mənəvi ziyan vurmuşdur. Bu günə qədər o, piyada qalmış, taksilərə külli miqdarda pul xərləmiş, bu gündən sonra da külli miqdarda pul xərcləməlidir. Yol-nəqliyyat hadisəsi nəticəsində əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üçün cavabdehə dəfələrlə tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə olmamışdır. Cavabdeh bu cür hərəkətləri nəticəsində o, ağır sarsıntı və iztirab keçirir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, sözügedən yol-nəqliyyat hadisəsini törətmişdir. Lakin vurulan ziyanın məbləği ilə razı deyil, tələb olunan məbləği ödəməyə maddi imkanı yoxdur. Göstərilənlərə əsasən iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AD 126811 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, **-MF-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C 180” minik markalı avtomobilin sahibi İddiaçıdur. -xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19:00-da **-ME-*** dövlət qeydiyyat nişanlı “OKA” markalı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikasının İXMnin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. -49429 nömrəli xx.xx.2023-cü il tarixli məxaric orderindən görünür ki, **-MF-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C 180” minik markalı avtomobilə texniki baxış keçirilməsi üçün "xxxx" MMC-nə 100 manat məbləğində pul ödənilmişdir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, **- MF-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C 180” minik markalı avtomobilə 6715 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-453/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, İddiaçı **-MF-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C 180” minik markalı avtomobilə dəymiş 6715 manat məbləğində zərərin ödənilməsini Cavabdeh tələb etmiş, əks təqdirdə, mübahisənin həlli üçün məhkəməyə müraciət edəcəyi barədə sonuncunu məlumatlandırmışdır. -AA seriyalı 156261 nömrəli məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Şuşa şəhərindən məcburi köçkündür. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən sənədin notarial qaydada təsdiq edilməsi üçün 3 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3409 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC-nin avtoservis mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışdakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 1995-ci il buraxılışlı “Mercedes Benz C 180” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5935,00 manat müəyyən edilir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə saat 19:00-da “OKA” minik markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Bakı şəhəri Xəzər rayonu Buzovna-Mərdəkan yolunda işıqforun qırmızı işığında hərəkəti davam etdirərək, yol hərəkəti qaydalarını pozmuş, nəticədə İddiaçı idarə etdiyi “Mercedes Benz C 180” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulmasına səbəb olmuşdur. Qeyd olunan inzibati xəta hadisəsi nəticəsində Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. “Mercedes Benz C 180” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən 6715 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin idarə etdikləri müvafiq olaraq “Mercedes Benz C 180” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı və “OKA” minik markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi, bu zaman iddiaçıya məxsus avtomobilin əzilməsi nəticəsində ona maddi zərər yetirildiyi, cavabdehin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi, iddiaçı tərəfindən həmin qərarın mübahisələndirilmədiyi işin mübahisəsiz hallarıdır və cavabdeh tərəfindən etiraf edilir, məhkəmə tədqiqi zamanı bu hallar öz təsdiqini tapmışdır. İş üzrə cavabdeh tərəfindən mübahisələndirilən hal, yalnız dəymiş maddi ziyanın həcmi ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə, qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğı maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Dəymiş maddi ziyanın həcmi ilə bağlı qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən “Mercedes Benz C 180” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6715 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən avtomobilə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, verilmiş ekspert rəyi ilə 1995-ci il buraxılışlı “Mercedes Benz C 180” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5935,00 manat müəyyən edilmişdir. Məhkəmə, məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia avtomobilə dəymiş maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, cavabdehdən 5935,00 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbi **-MF-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C 180” minik markalı avtomobilə texniki baxış keçirilməsi üçün "xxxx" MMC-nə ödənilmiş 100 manat məbləğində pul vəsaitinin, sənədin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 3 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutulması hissəsində də əsaslıdır və qeyd olunan pul vəsaitləri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, iddia tələbini avtomobilin evakuasiyası üçün ödənilmiş pulun tutulması hissəsində əsassız hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İddiaçı avtomobilin evakuasiyası üçün 35 manat məbləğində pul vəsaiti ödəməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı qeyd olunan hissədə tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. Ona görə də məhkəmə hesab edir ki, avtomobilin evakuasiyası üçün ödənilmiş pulun tutulması hissəsində iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərə görə 5935 manat, avtomobilə texniki baxış keçirilməsi üçün ödənilmiş 100 manat və sənədin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 3.40 manat olmaqla, cəmi 6038.40 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutulmalı və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərə görə 5935 manat, avtomobilə texniki baxış keçirilməsi üçün ödənilmiş 100 manat və sənədin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 3.40 manat olmaqla, cəmi 6038.40 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-2964/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2964/2023
31.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver