Məhkəmə qərarları › İş №2(008)-2967/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2967/2021

10.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2967/2021 10.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddi üzrə iddiaçı Cavabdeh-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddi üzrə iddiaçı Cavabdeh-ə qarşı “müqavilənin ləğv edilməsi, cərimə və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddi üzrə iddiaçı Cavabdeh-ə qarşı “müqavilənin ləğv edilməsi, cərimə və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək onunla Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 23 oktyabr 2020-ci il tarixli podrat müqaviləsinin ləğv edilməsini və Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilən artıq məbləğin, 5000 (beş min) manat cərimə məbləğinin və mənəvi zərər olaraq 3000 (üç min) manat məbləğin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək İddiaçı 4928 manat məbləğində pulun tutularaq Cavabdeh-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 23 oktyabr 2020-ci il tarixdə podrat müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən podratçı müqaviləni ayrılmaz tərkib hissəsi sayılan 1 saylı Əlavədə qeyd olunan təmir-tikinti işlərini yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Bağlanmış müqavilənin ümumi məbləği bütün vergilər daxil olmaq şərti ilə 33.460 (otuz üç min dörd yüz altmış) manat təşkil edir. Podratçı öhdəsinə götürmüşdür ki, mənzilin təmirtikinti işlərini tam şəkildə təmir başlandığı gündən 90 (doxsan) gün ərzində sifarişçiyə təhvil verəcək və sifarişçi həmin məbləğin 30%-ni, yəni 10.038 (on min otuz səkkiz) manat dəyərini avans olaraq podratçıya ödəyəcəkdir. Digər 30% hissəni, yəni 10.038 (on min otuz səkkiz) manatı isə tikinti (bölgü, hörgü) tavan, elektrik və su xətlərinin çəkilişi və suvaq işləri bitdikdən sonra ödəniləcəkdir. Digər 20% hissəni, yəni 6692 (altı min altı yüz doxsan iki) manat üzlənmə (boyama, divar kağızı, kafel metlaq və.s) elektrik açarlarının və yuvalarının qurulması, sanitar qovşağının tam hazırlanması bitdikdən sonra ödəniləcəkdir. Qalan 20% hissə isə yəni 6692 (altı min altı yüz doxsan iki) manat döşəmə, qapı quraşdırması, və 1 saylı əlavədə göstərilmiş bütün aksesuarların yerləşdirilməsindən və təhvil verilməsindən sonra ödəniləcəkdir. Eyni zamanda ödənişlər hər iki tərəfdən təsdiq edilmiş təhvil-təslim aktları əsasında həyata keçiriləcəkdir. Müqavilənin 5.3-cü bəndinə əsasən Podratçı 1 saylı Əlavədə müəyyən edilmiş müddət ərzində işləri bitirib təhvil vermədikdə o, hər gecikdirilmiş günə görə müəyyən olunmuş ümumi dəyərin 0,03 (sıfır tam yüzdə üç) faizi məbləğində Sifarişçiyə cərimə ödəyir. Eyni zamanda həmin cərimə məbləği Sifarişçi tərəfindən Podratçıya ödənilən məbləğdən tutula bilər. Həmçinin Müqavilənin 5.5-ci bəndinə əsasən Podratçı aşağıda göstərilən şərtlərə əməl etmədikdə, Sifarişçinin bu Müqaviləyə birtərəfli qaydada xitam vermək və razılaşdırılmış məbləği ödəməmək hüququ yaranır. 5.5.1-ci maddəsinə əsasən 5-ci bəndə əsasən Podratçı qüsurlu işlər təhvil verdikdə (qüsurları aradan qaldırmaq mümkün olmayan hallara şamil olunur). 5.5.2-ci bəndinə əsasən Podratçı 1 saylı Əlavədə qeyd olunmuş işlərin təhvil verilmə müddətini gecikdirdiyi halda. İddiaçı müqavilə üzrə üzərimə götürdüyü öhdəlik onun tərəfindən yerinə yetirilərək 10.000 (on min) manat məbləğ 30 oktyabr 2020-ci il tarixdə Podratçıya ödənilmişdir. Daha sonra 10.072 (on min yetmiş iki) manat 21 dekabr 2020-ci il tarixdə Podratçının hesabına ödənilmişdir. Podratçı mənzili ona təmir başlandığı gündən yəni ki, 23 oktyabr 2020-ci il tarixdən 90 (doxsan) gün ərzində son günü 23 yanvar 2021-ci il tarixdə təhvil verməli idi. Lakin buna baxmayaraq tərəfindən Podratçıya dəfələrlə müraciət etməyinə baxmayaraq Podratçı ona mənzili təhvil verməmiş və ödədiyi məbləği də geri qaytarmamışdır. Podratçı ilə onun arasında Podrat müqaviləsinə 12 dekabr 2020ci il tarixdə 2 saylı Əlavə edilərək razılığa gəlinmişdir ki, Müqavilənin 5.3-cü bəndi aşağıdakı yeni redaksiya verilsin. 5.3-cu bəndinə əsasən Podratçı 1 saylı Əlavədə müəyyən edilmiş müddət ərzində işləri tam bitirib təhvil vermədikdə o, həmin müddətin sonuncu günündən etibarən 10 (on) gün ərzində Sifarişçiyə 5.000 (beş min) manat cərimə ödəməlidir. Həmin cərimə məbləği Sifarişçi tərəfindən Podratçıya ödənilən məbləğdən tutula bilər. Bütün bunları və müvafiq qanunvericilik müddəalarını nəzərə alaraq İddiaçı tərəfindən Podratçıya 04 fevral 2021-ci il tarixdə 23 oktyabr 2020-ci il tarixli Podrat Müqaviləyə xitam verilməsi barədə bildiriş göndərilmişdir. 04 fevral 2021-ci il tarixədək Podratçı tərəfindən aşağıda qeyd etdiyi işlər görülmüşdür. Tikinti, bölgü və hörgü işləri, Tavana alçipan vurulması, Elektrik və su xəttlərinin çəkilişi (xəttlər çəkilib ancaq təhvil verilməyib), Suvaq işləri, Kafel-metlax işləri yarımçıq (divara vurulub, araları lazımi məmulatlarla doldurulmayıb), Döşəmə üçün reykalar atılıb və üzərinə dik vurulub (dik zəif olduğundan sifarşiçi yenidən düzəltdirmişdir), Paduqa işləri yarımçıq görülüb. Yuxarıda qeyd etdiyi işlərin Podratçı tərəfindən görülməsi üçün Podratçı ən çox 15.000 (on beş min) və ya 16.000 (on altı min) manat xərc çəkibdir, Mənzilin vaxtında təhvil verilməməsi səbəbindən o, əlavə olaraq maddi xərcə düşmüşdür. Eyni zamanda 23 oktyabr 2021-ci il tarixli Podrat müqaviləsinə dair xərclər smetasının təqdim edilməsinə dair 26 fevral 2021-ci il tarixində tərəfindən pretenziya göndərilərək müqavilənin 5.5-ci bəndini və müqaviləyə əlavələri rəhbər tutaraq Podratçıya bunları bildirmişdir: Onun tərəfindən 30.10.2020-ci il tarixində sizin şirkətə 10.000 manat avans olaraq ödəniş edilmişdir, Bundan əlavə 21.12.2020-ci il tarixdə ikinci mərhələnin təhvil-təslimi bitdikdən sonra onun tərəfindən həmin tarixdə 10.072 manat ödəniş edilmişdir. Həmçinin, Müqavilənin 1 saylı Əlavəsində qeyd edildiyi kimi təmir işlərinə başlandığı gündən 90 (doxsan) gün müddətində siz Cavabdeh olaraq təmir işlərini bitirib evi təhvil verməliydilər. Təmir işlərinin bitməsi vaxtı 23.01.2021 -ci il tarixinin qeyd edilməsinə baxmayaraq 04.02.2021 -ci il tarixində ikinci hissənin təhvil-təslimi belə olmamışdır. Beləliklə də, yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı podratçıdan xahiş etmişdim ki, Cavabdeh-yə ödədiyi 20.072 (iyirmi min yetmiş iki) manat məbləği və 2 saylı Əlavədə göstərilən 5000 (beş min) manat təzminatın məbləğinin nəzərə alıb xərclər smetasını təqdim edərək qalıq məbləğin ona qaytarılmasını təmin etsin. Bütün bunlara baxmayaraq podratçı tərəfindən İddiaçınyun bildiriş və pretenziyalarına hər hansı rəsmi münasibət bildirilməmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23.10.2020-ci il tarixli müqavilənin ləğv edilməsini “xxxx” MMC-yə ödənilən artıq məbləğin, 5000 manat cərimə məbləğinin və mənəvi zərər olaraq 3000 manat məbləğin Cavabdeh-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının iddia tələbi ilə razı deyillər və ilkin iddiaya qarşı məhkəməyə qarşılıqlı iddia ilə müraciət etmişdir. İlkin iddia üzrə iddiaçı iddia ərizəsində qeyd edir ki, 23.10.2020-ci il tarixdən 90 gün hesablansa cavabdeh mənzili 23 yanvar tarixində təhvil verməli idi. 23.10.2020-ci il tarixi təmirə başlama tarixi deyil, müqavilənin imzalanma tarixidir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə məbləğindən avans olaraq 10 038 manat ödənildiyi halda işlərə başlanılır. Həmin avans məbləği 30 oktyabrda ödənildiyi halda iddiaçı hansı əsasla təmirin 23 oktyabrda başlandığını qeyd edir? Müqavilənin 1 nömrəli əlavəsində təhvil müddətinin təmirə başlandığı gündən etibarən 90 gün nəzərdə tutulur. Təmirə başlanılan gün 09.11.2020-ci il tarixidir və müddət olaraq həmin tarixdən etibarən hesablansa evin təhvil verilmə vaxtı 09.02.2021-ci il tarixidir. Həmin tarixə qədər də həftənin şənbə və bazar günləri, bayram günləri (ümumi 27 gün) mənzilin yerləşdiyi binanın rəhbərliyi mənzildə təmir işlərinin aparılmasına icazə verməyib. Ümumi 27 gün təmir işlərinə icazə verilmədiyi üçün işlər görülməyib və belə olan halda AR MM-nin 448.4-cü maddəsinin tələbinə əsasən podratçı məsuliyyət daşımır. Lakin 04 fevral 2021-ci il tarixində iddiaçı müqavilədən imtina etdiyini və işlərin görülməsinə yeni ustalar cəlb etdiyini bildirmişdir. Ona görə də cavabdeh işləri davam etdirə bilməmişdir. Müqavilə şərtləri Cavabdeh tərəfindən pozulmamış əksinə müqavilə üzrə öhdəliklərin icra edilməsinə İddiaçı tərəfindən maneələr törədilmişdir. (AR MM 446.1-ci maddəsi) Belə ki, İddiaçı Cavabdeh-yə məxsus ustalarla işi daha ucuz məbləğə davam etdirərək müqavilənin icrasından yayınmış və evin qalan işlərini onlara təmir etdirmişdir. İddiaçı müqavilənin ləğvini məhkəmədən xahiş edir. Lakin qanuvericilikdə müqavilənin ləğvinin konkret əsasları nəzərdə tutulmuşdur. Belə ki, qanunvericiliyin tələbinə əsasən (MM 421-ci maddə) müqavilə tərəflərdən biri müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Hazırkı halda müqavilənin Cavabdeh tərəfindən pozulması və ya əhəmiyyətli dərəcədə pozulması hər hansı bir sübutla müəyyən olunmur. AR MPM-nin 77-ci maddəsinin tələblərinə əsasən müqavilənin şərtlərinin tərəfimizdən pozulması halına dair sübutetmə yükü İddiaçı üzərinə düşür, lakin İddiaçı həmin halın mövcud olması barədə məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Bundan əlavə, İddiaçı cərimənin ödənilməsi ilə bağlı 12.12.2020-ci il tarixli əlavəyə istinad edir. Həmin əlavədə qeyd olunmuşdur ki, 1 saylı Əlavədə müəyyən olunmuş müddət ərzində işlər bitib tam təhvil verilmədiyi müddətdə 5000 manat cərimə ödənilməsini öhdəsinə götürür. 1 saylı Əlavədə müəyyən edilmiş müddət bayram günləri və istirahət günləri ilə bağlı işlənilməyən günləri nəzərə almadan 09 fevral 2021-ci il tarixinə düşür, həmin günləri nəzərə alsaq isə müddət mart ayının ortalarına qədər uzanır. Lakin 04 fevral 2021-ci il tarixində İddiaçı özü müqavilədən imtina edib və podratçının mənzildə işləməsinə icazə verməyib. Hər bir halda müqavilə üzrə öhdəliklərin icra edilməməsi üçün İddiaçı məsuliyyət daşıyır. Ona görə də həmin məbləğin tələb edilməsi əsassız və qanunsuzdur. Digər tərəfdən tərəflər arasında imzalanmış podrat müqaviləsində ikinci mərhələnin bütün işləri (üzlənmə, boyama, divar kağızı, kafel, metlax və s.), elektrik açarları və yuvalarının qurulması, sanitar qovşağının tam hazırlanması ) görülüb qurtarıb və həmin işlərin görülməsindən sonra İddiaçı podratçıya 6692 manat məbləğində ödəniş etməli idi. Məhz həmin ödənişdən sonra podratçı işlərə davam etməli idi. Lakin İddiaçı həmin ödənişi etmədiyinə görə və müqavilədən imtina etdiyinə görə müqavilənin icrası mümkün olmamışdır. Podratçı mənzili təmir etmiş və mənzilə təxminən 25 000 manata qədər xərc (mal-material və dizayn daxil olmaqla) çəkmişdir. Lakin Sifarişçi həmin xərcdən cəmi 20 072 manat məbləğini ödəmiş, qalıq məbləğ ödənilməmişdir. Ona görə də hesab edir ki, 4928 manat məbləğində pul İddiaçı tutulub Cavabdeh-yə ödənilməlidir. Qeyd olunan faktiki hallara və maddi hüquq normalarına əsaslanaraq qarşılıqlı iddia tələbi tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ilk iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın rədd olunması, qarşılıqlı iddianın isə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İlkin iddia üzrə iddiaçı tərəfindən əvvəlki məhkəmə iclasına dəvət edilmiş şahid X3 ifadəsində bildirdiki, o Cavabdeh tərəfindən X2 evində usta kimi iş cəlb edilmişdir. 27.10.2020-ci il tarixində onlar sözü gedən mənzildə işə başlamışdılar. Təxminən fevral ayının əvəllərində onlara artıq məlum olmuşdur ki, İddiaçı evini Cavabdeh-ə artıq təmir etdirmyəcək. Lakin bundan sonra o, İddiaçılə danışmış, təmir pulunu artıq Ramildən alaraq öz işlərinə davam etmişlər. Onların təxminən işi mart ayının axırlarına yaxın yekunlaşmışdır. İddiaçılə Cavabdeh-un arasında narazılıq olduğu vaxt təxminən evin təmir işlərinin 60 faizi başa çatmışdır. Binadan bazar gününda işlənilməsinə icaze verilmirdi. İş vaxtı səhər saat 10:00-dan 18:00-dək olduğunu, bayram günləri 1-2 gün işlədiklərini bildirdi. İlkin iddia üzrə iddiaçı tərəfindən əvvəlki məhkəmə iclasına dəvət edilmiş şahid X6 ifadəsində bildirdi ki, o Cavabdeh tərəfindən İddiaçı evində 3 nəfərlə birlikdə usta kimi iş cəlb edilmişdir. Evin təmir üçün onlar arasında danışığ 2020-ci ilin oktyabrın 25-i olmuşdur, lakin 27-ci işə başlanılmışdır. Ev tam təmirli şəkildə təhvil verməli idi. Daha sonra Ramil onlara bildirmişdir ki, Cavabdeh ilə İddiaçı arasında narazılıq olduğundandan Cavabdeh təmiri həyata keçirməkdən uzağlanşırılmışdır. Cavabdehla müqaviləyə nə vaxt xitam verildiyi onun yadında deyildir. Bundan sonra Ramil onlara təxminən 2000 manat pul vermişdir. Müqavilə ləğv edildikdən sonra materialı Ramil Asalnov özü alıb verirdi. Binada yaşayış olduğundan onlar bazar günləri, bayram günləri istisna olmaqla hər gün saat 10dan 6-ya kimi işləmişlər. Axşam 6-dan sonra səsli cihazlarla işləməyə icaze yox idi. Döşəmə, alçipan, kafel-metlax işləri görmüşlər. Ara dolğun, alçipan, kafel, döşəmə işləri fevrala kimi görülmüşdür. İşin 70 faizi təxmini olaraq görülmüşdü. Onlara tapşırılmış işlərin hamısı qurtardıqlarını bildirdi. İlkin iddia üzrə cavabdeh tərəfindən məhkəmə iclasına dəvət edilmiş şahid X4 ifadəsində bildirdi ki, o və X1 Group MMC tərəfindən X2 evində ustalara, işin gedişatına nəzarət etmək üçün cəlb edilmişdir. İş başlayanda evdə heç bir təmir işi yox idi. Ev tam təmirli şəkildə təhvil verilməli olduğu halda, İddiaçı müqaviləni ləğv edərək evin təmirini yarımçıq saxladı. Heç Müqaviləyə xitam veriləndə fevral ayının əvvəli idi. İş tam yekunlaşmamış çıxdıqlarını, laminat, oboy, hamam aksessuarları qaldığını bildirdi. Siyahı verirdi ustalar, həmin siyahıya əsasən material alınırdı. Bayram günləri, şənbə və bazar günləri işləmədiklərini bildirdi. Hesablanmalardan 25000 manat yaxın pul xərcləndiyini bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində bildirdi ki, İddiaçı evin təmirindən tanıyır. Ustaların işə noyabrın 8-i başladığını, fevralın əvvəli başa çatdığını bildirdi. Ev 9-cu mikrorayonda yerləşir. Ustaların işinə nəzarət etdiyini, sonradan şirkət rəhbəri işi dayandırdıqlarını bildirdi. Evin təmirinin 90 faizinin başa çatdığını, laminat, santexnik işi, oboyu, aksessuarları qaldığını bildirdi. Evin təmirinə təxmini material və usta birlikdə 25000 xərc çəkilmişdi. Həftəsonu və pandemiya ilə əlaqədar işləməyə qoymurdular. İşin bitməsinə təxmini olaraq 10 gün qalmışdı. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 23 oktyabr 2020-ci il tarixli podrat müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən podratçı təmirtikinti işlərini yerinə yetirməyi, sifarişçi isə bu müqavilə ilə razılaşdırılmış dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. -23 oktyabr 2020-ci il tarixli Podrat müqaviləsinə dair 1 nömrəli əlavədən görünür ki, əlavədə görüləcək işlərin siyahısı verilmiş və təmirə başlanıldığı gündən 90 gün ərzində təhvil verilməsi tərəflər arasında razılaşdırılmışdır. -ĞĞV seriyalı, 176007 nömrəli 30 oktyabr 2020-ci il tarixli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, ilkin təmir üşüm 10.000 manat Cavabdeh-nin hesabına köçürülmüşdür. -12 dekabr 2020-ci il tarixli tarixli Podrat müqaviləsinə dair 2 nömrəli əlavədən görünür ki, 1 saylı Əlavədə müəyyən müəyyən edilmiş müddət ərzində işləri tam bitirib təhvil vermədikdə o, həmin müddətin sonuncu günündən etibarən 10 gün ərzində sifarişçiyə 5000 manat cərimə ödəməlidir. -21.12.2020-ci il tarixli Təhvil –təslim aktının surətindən görünür ki, 23.10.2020-ci il tarixli müqaviləyə əsasən İ mərhələyə aid tikinti (bölgü,hörgü), tavana alçipan vurulması, elektrik və su xətlərinin çəkilişi, eləcə də bütün evin suvaq (doldurma) işləri bitmişdir. -ĞĞV seriyalı, 176013 nömrəli 21 dekabr 2020-ci il tarixli kassa mədaxil orderi qəbzinin surətindən görünür ki, 10.072 manat Cavabdeh-nin hesabına köçürülmüşdür. -İddiaçı tərəfindən Cavabdeh-yə ünvanlanmış 04 fevral 2021-ci il tarixli müqaviləyə xitam verilməsi barədə bildirişin surətindən görünür ki, 23 oktyabr 2020-ci il tarixli müqaviləyə xitam vermək qərarına gəlmişdir və müqaviləyə 04.02.2021-ci il tarixindən xitam verilmişdir. - İddiaçı tərəfindən Cavabdeh-yə ünvanlanmış 26 fevral 2021-ci il tarixdə xərclərin smetasının təqdim edilməməsinə dair pretenziya məktubunun surətindən görünür ki, ödədiyi 20072 manat məbləği və 2 nömrəli əlavədə göstərilən 5000 manat təzminat məbləğini nəzər alıb xərclər smetasını təqdim edərək qalıq məbləğin ona qaytarılmasının təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Məhkəmə, tərəflərin izahatlarına və mövqeyinə tənqidi yanaşaraq həmin tələbin əsası kimi irəli sürülmüş dəlilləri əsassız sayır və hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olunmuş həqiqi hallar üzrə çıxarılır. Məhkəmə ilk öncə ilkin iddia tələbinin tərəflər arasında bağlanmış 23.10.2020-ci il tarixli podrat müqavilsinin ləğv edilməsi tələbinə münasibət bildirərək qeyd edir ki, ilkin iddia üzrə İddiaçı məhkəmədən tərəflər arasında bağlanmış 23.10.2020-ci il tarixli müqavilənin ləğv edilməsini xahiş etsə də mülki işin materiallarına əlavə edilmiş 04.02.2021-ci il tarixli müqavilənin xitam verilməsinə dair bildirişin surətindən görünür ki, sifarişçi İddiaçı 04.02.2021-ci il tarixdən birtərəfli olaraq podrat müqavilsinə xitam vermişdir. Onu da qeyd etmək zəruridir ki, tərəflərin izahatından, habelə şahid ifadələrindən də göründü ki, müqavilənin ləğvinə dair bildirşi alan Podratçı Cavabdeh sifarişçi tərəfindən müqavilənin ləğvinə dair göndərilmiş bildirişi aldıqdan podrat müqaviləsi üzrə işləri icra etməyi dayandırmış, bununla da podrat müqaviləsinin sifarişçi tərəfindən ləğv edilməsə şifahi qaydada öz razılğını bildirmişdir. Beləliklə məhkəmə hesab edir ki, 23.10.2020-ci il tarixli bağlanımış podrat müqaviləsinə 04.02.2021-ci il tarixdən xitam verilidiyindən yenidən həmin müqavilənin məhkəmə qaydasında ləğv edilə bilməz. Budan başqa ilkin iddia tələbində İddiaçı tərəfindən artıq ödənilən məbləğin və mənəvi zərər görə 3000 manat məbləğində pul vəsaitinin ödənilməsi hissəsinə məhkəmə münasibət göstərərək qeyd edir ki, ilkin iddia tələbi üzrə iddiaçı podratçıya artıq ödədiyi məbləği və mənəvi zərər görə 3000 manat məbləğindən pul vəsaitinin tələb etsə də, məhkəmə iclasında artıq məbləğin və mənəvi zərərin nədən ibarət olmasını, hansı əsaslarla yaranmasını, sübut edə bilməmişdir. Bundan başqa məhkəmə ilkin iddia tələbi üzrə 5000 manat məbləğində cərimənin ilkin iddia üzrə Cavabdeh-dən tutlaraq ona ödənilməsi hissəsinədə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Belə ki, mülki işin materiallarına əlavə edilmiş Podrat müqaviləsinə 12.12.2020-ci il tarixli 2 saylı əlavədən görünür ki, Podratçı 1 saylı Əlavədə müəyyən edilmiş müddət ərzində işləri tam bitirib təhvil vermədikdə o, həmin müddətin sonuncu günündən etibarən 10 (on) gün ərzində Sifarişçiyə 5.000 (beş min) manat cərimə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. 1 saylı Əlavədə isə işlərin təhvil verimə müddəti təmirə başlanıldığı tarixdən 90 gün nəzərdə tutulmuşdur. Lakin məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi təmirə başlanıldığı günü sübut edə bilməmişdir, o cümlədən ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən məhkəməyə çağırılan şahidlərin ifadəsi arasında yaranan ziddiyyətlər və şahidlərin ifadəsində konkret olaraq işə başlanma tarixinin 23.10.2020-ci tarix olduğunu, lakin işlərin bitirmə tarixlərini xatırlamaması məhkəmədə şahid ifadəsinə şübhələr yaradaraq, həmin ifadələri əsaslı sübut kimi qəbul edilməsini istisna etmişdir. Bundan başqa məhkəmə qarşılıqlı iddia tələbi üzrə cavabdehdən 4928 manat məbləğində pul vəsaitinin tutularaq qarşılıqlı iddia tələbi üzrə iddiaçıya ödənilməsi hissəsinədə münasibət bildirərək qeyd edir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdehnin nümayəndəsi podrat müqaviləsi üzrə işlərin yerinə yetirilməsi zamanı sifarişçi İddiaçı ödədiyi məbləğdən artıq məbləğdə işlərin görülməsini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim etmədiyindən, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, Q ə t e t d i: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddi üzrə iddiaçı Cavabdeh-ə qarşı müqavilənin ləğv edilməsi, cərimə və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilk iddia tələbi təmin edilməsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddi üzrə iddiaçı Cavabdeh-nin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar