Məhkəmə qərarları › İş №2(008)-2979/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2979/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2979/2021 02.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 056R********** saylı kredit razılaşması üzrə 4808,23 manat məbləğində kredit borcu, 598,59 manat məbləğində faiz borcu və 1313,97 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 6720.79 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 14.02.2019-cu il tarixli 056L**********16 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 300000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 14.02.2019-cu il tarixli 056R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1,2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 14.05.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 5191.77 manat ödəmiş, onun 4808.23 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 29.01.2021-ci il tarixə 260 gün üçün hesablanmış faiz borcu 598.59 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 29.01.2021-ci il tarixə 260 gün üçün hesablanmış cərimə 1313.97 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 14.02.2019cu il tarixli, 056L**********16 nömrəli uzunmüddətli kredit müqaviləsindən görünür ki, cavabdehə 120 ay müddətinə 300000 manat məbləğində kredit xətti açılmışdır. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 14.02.2019-cu il tarixli 056R********** kredit razılaşmasından görünür ki, bank 10000 manat olan krediti aylıq faiz dərəcəsi 2.1667 faiz olmaqla 24 ay müddətinə kredit alana vermiş, kredit alan kredit məbləğini, ona hesablanan faizləri razılaşdırılmış tarixdə geri qaytarmağı öhdəsinə götürmüşdür. - Kreditin verilməsi-köçürmə qəbzindən görünür ki, 10000 manat məbləğində pul vəsaiti 02.14.2019-cu ildə Cavabdeh1 hesabına köçürülmüşdür. - İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 14.02.2019-cu il tarixli 056S**********01 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclunun 14.02.2019-cü il tarixli saylı kredit 056L**********16 xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. - 03.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 16.02.2021-ci il tarixə 056R********** saylı 14.02.2019-cu il tarixli kredit razılaşması üzrə əsas borcu 2008,23 manat, faiz borcu 605.62 manat, cərimə borcu isə 1473.31 manat təşkil edir. - 03.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 03.05.2021-ci il tarixə 056R********** saylı 14.02.2019-cu il tarixli kredit razılaşması üzrə əsas borcu 2008,23 manat, faiz borcu 813.93 manat, cərimə borcu isə 1684.93 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit və zaminlik müqavilələri bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdirlər. Məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh1 arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İddiaçının digər cavabdehə qarşı olan tələbə münasibətdə isə zaminlik müqaviləsinin müddəları tətbiq olunmalıdır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, zamin Cavabdeh2 isə borclunun əvəzinə hər hansı ödəniş etməmiş və bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də, borc məbləği əsas, cərimə və faiz borcu hissəsində cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş arayışlardan müəyyən edilir ki, müqavilə müddətinə faiz borcunun məbləği 605.62 manat təşkil edir. Lakin, iddiaçının tələbində faiz məbləği 598.59 manat qeyd olunduğuna görə və iddianın həcminin artırılması barədə ərizə təqdim olunmadığına görə faizin tutulması iddia ərizəsində göstərilən məbləğdə təmin edilir. Məhkəmə iddia tələbi üzrə cərimə məbləğinin qismən tutulmasını ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə 03.09.2019-cu il tarixli 056R**********saylı kredit razılaşması üzrə əsas borcun 2008,23 manat, faiz borcunun 813,93 manat məbləğində müəyyən olunduğu halda cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 1684,93 manat məbləğində cərimə (dəbbə) pulu məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunu azaldaraq 200 manat müəyyən edilməsini cavabdehlərin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2008,23 manat əsas, 598.59 manat faiz, 200 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi borcu olmaqla, cəmi 2836 (iki min səkkiz yüz otuz altı) manat, 82 (səksən iki) qəpik məbləğində pul tutularaq İddiaçı QSC-inin hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar