Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3004/2025 03.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Fərəcova Nigar Zeyni qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, 6100 manat məbləğində pul vəsaitinin və 81 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq, xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, tələbini onunla əsaslandırmışdır ki, İddiaçı onun qardaşıdır. Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə tanış olmuşdur. Belə ki, iddiaçı bacısına, yəni ona torpaq sahəsi almaq istəmiş, Cavabdeh da ona vasitəçi kimi ev və torpaq sahələrinin alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. Cavabdeh ona Sabunçu rayonu, Zabrat qəsəbəsində içərisində yarım tikili ev olan təxminən 3 sot torpaq sahəsi göstərərək ilkin ödəniş kimi 6000 manat, ev hazır olanda isə, yəni iyun ayında əlavə olaraq 10.000 manat da pul verməli olduğunu bildirmişdir. Evin torpaq sahəsi ilə birlikdə ümumi qiymətinin 27.500 manat olduğunu və qeyd etdiyi ödənişləri etdikdən sonra isə məbləğin qalanını aylıq 350 manat olmaqla ödəyəcəyini demişdir. O da cavabdehlə razılaşmışdır. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə cavabdehin Sabunçu rayonu Zabrat dairəsi yaxınlığında yerləşən ofisində cavabdehə əlbəəl 2.000 manat pul vermişdir. Həmin gün Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində mobil telefonunda olan "Kapital" bankın mobil tətbiqi vasitəsilə 3000 manat pulu isə cavabdehin kart hesabına göndərmişdir. Bu hadisədən bir neçə gün sonra cavabdeh ona zəng edərək evin təmiri üçün əlavə 1100 manat pula ehtiyac olduğunu bildirmişdir. İddiaçı da razılaşmış və xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Biçin marketin" içərisində olan terminal vasitəsilə cavabdehin kart hesabına əvvəlcə 780 manat və daha sonra 20 manat olmaqla, ümumilikdə 800 manat pul göndərmişdir. Qalan pulu isə bir neçə gün ərzində verəcəyini demişdir. Bir neçə gündən sonra, yəni 11.06.iyun 2023-cü il tarixdə 300 manat pulu da Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi “Albalı” marketin yaxınlığında terminal vasitəsilə kart hesabına göndərmişdir. O, pulu cavabdehə verdikdən sonra cavabdeh ona torpaq sahəsinin içərisində olan evi deyil, həmin evin yaxınlığında olan başqa bir ev tikdirib verəcəyini bildirmişdir. Lakin bundan sonra cavabdeh onun zənglərinə cavab verməmiş və indiyə qədər də verdiyi vədə əməl etməmişdir. Daha sonra Cavabdeh ona qarşı dələduzluq edərək, pulunu aldığını və geri qaytarmadığını bildirərək, DİN-nə şikayət etmişdir. Toplanmış bütün sübutlar araşdırılmış və Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüş və təqsirli bilinərək cinayət işi baxılması üçün Bakı şəhər Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2024-ci il tarixli 1(003)-484/2024 saylı hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Qeyd edir ki, Cavabdeh tərəfindən nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı ona dəymiş ziyan, yəni 6100 manat pul ödənilməmişdir. Cavabeh ona qarşı dələduzluq edərək törətdiyi cinayət əməli üzrə cəza alsa da, ona dəymiş maddi ziyanla bağlı məsələ həllini tapmamışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən, nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan qanuni qüvvəyə minmiş Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-484/2024 saylı hökmündən görünür ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh özünü ittiham olunduğu əməllərin törədilməsində tam təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və əlavə olaraq göstərmişdir ki, zərərçəkmiş şəxsə dəymiş ziyanın (ümumilikdə 6100 manat) müqabilində sonradan təxmini dəyəri 8000 manat olan başqa torpaq sahəsi təklif etmiş, lakin zərərçəkmiş şəxs bundan imtina etmişdir. Həmin torpaq sahəsini isə maddi problemləri olduğu üçün başqa bir şəxsə satmışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə, sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlmiş ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Cavabdeh tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək və ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, artıq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə, hazırda iddiaçının tələbinin faktiki əsası kimi istinad etdiyi hallar sübuta yetirilmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən (bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir), prosessual qənaət prinsipini rəhbər tutaraq hazırkı iş üzrə əlavə araşdırma aparılmasına lüzum görmür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 fevral 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutlara məcmu halında məhkəmə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Çünki Cavabdeh tərəfindən göstərilən məbləğdə pulun əldə edilməsinin nə müqavilə, nə də qanun üzrə əsası olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2-ci maddə). Həmin Məcəllənin 1092.1-ci maddəsində göstərilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmədə hazırkı iddianın qaldırılması üçün iddiaçı tərəfindən 81 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş məhkəmə xərci Cavabdeh aid edilməklə, 81 manat ondan alınaraq, İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 6100 (altı min yüz) manat məbləğində dəymiş ziyan və ödənilmiş dövlət rüsumuna görə 81 (səksən bir) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-3004/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3004/2025
03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver