Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3005/2025 20.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "5500 manat maddi zərərin və 1000 manat mənəvi zərərin əvəzinin, cəmi 6500 manat pulun cavabdehdən alınması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "5500 manat maddi zərərin və 1000 manat mənəvi zərərin əvəzinin, cəmi 6500 manat pulun cavabdehdən alınması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, cavabdeh avtomobil almaq məqsədi ilə ondan əvvəlcə nəqd 3000 manat pul almışdır. Bundan sonra o, həmin avtomobilin təmiri üçün əlavə olaraq 1500 manat avtomobil təmiri servisinə və avtomobil ustalarına pul ödəmişdir. Daha sonra Cavabdeh həmin avtomobili götürüb başqa bir şəxsə satmış, lakin ondan aldığı 3000 manat pulu və avtomobilin təmirinə xərclədiyi 1500 manat pulu ona qaytarmamışdır. Bundan başqa, o, həyat yoldaşının adına "xxxx" ASC-dən 3000 manat kredit götürdüyünə görə banka əlavə olaraq 1000 manat faiz borcu yaranmışdır. Dəfələrlə cavabdehdən 5500 manat pulunu tələb etməyinə baxmayaraq həmin pulu cavabdedən ala bilməmişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirir və pulu qaytarmaqdan yayınır. O, bu barədə hüquq mühafizə orqanlarına ərizə ilə müraciət etmiş və ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdeh onun etibarından sui-istifadə edərək, dələduzluq yolu ilə aldatmış və nəticədə ona maddi ziyan vurmuşdur. Bundan başqa, Cavabdeh tərəfindən ona 1000 manat məbləğində mənəvi zərər də vurulmuşdur. Cavabdehin ona qarşı olan hərəkətləri nəticəsində o, mənəvi sarsıntı və iztirab, baş ağrısı, həyəcan hissləri keçirtmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, oğlu X9 Cavabdeh ilə sonuncudan nisyə "Honda İnsight" markalı avtomobil almaq barədə razılaşmışdır. Cavabdeh xx.xx.2023-cü ildə onun həyətinə gəlmiş, onlar ikisi və oğlu Eyvaz birlikdə oturub söhbət etmiş və qiymət danışmışlar. Cavabdeh avtomobili əvvəlcə 16000 manata demiş, lakin o, bunun baha olduğunu bildirdiyinə görə cavabdeh 15000 manata düşmüşdür. Oğlu Eyvazın ona əvvəlcədən deməsindən bilmişdir ki, cavabdeh ilkin ödəniş kimi 3000 manat istəyir, bu səbəbdən o, bankdan həyat yoldaşının adına 3000 manat kredit götürmüşdür. O, həmin 3000 manatı çıxarıb Cavabdeh vermiş, cavabdeh pulu sayaraq cibinə qoymuş və Eyvazı da götürüb avtomobili sənədləşdirməyə getmişdir. Bundan sonra cavabdeh onun oğlu Eyvaza avtomobil üçün elektron etibarnamə vermişdir. Razılaşmaya görə, onlar cavabdehə ödənişi iki il ərzində etməli və yekunda avtomobil onlara qalmalı idi. Avtomobil onlara veriləndə qabaq buferin solunda və arxa buferin ortasında əziklər olduğuna, eləcə də oğlu iki dəfə qəza törədərək avtomobili zədələdiyinə görə o, 1500 manat pul xərcləyib avtomobili təmir etdirmişdir. Oğlu Eyvaz 3 ay ərzində cavabdehə ödəniş etmiş, lakin 2024-cü ilin mart ayının 2-si və ya 3-ü günü cavabdeh müqaviləni pozaraq avtomobili başqa şəxsə satmışdır. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı etiraf etməyərək izahatında bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. İddiaçının oğlu X9 2 il ərzində ona məxsus başqa bir avtomobilin sürücüsü olmuş, iddiaçını isə o tanımır. X9 ilə "Honda İnsight" markalı avtomobili sonda mülkiyyətinə keçirmək şərti ilə 30 ay müddətinə hər ay 516 manat ödəməklə istifadəsinə verməyi razılaşmışlar. Buna baxmayaraq X9 iddiaçıya 24 ay müddətinə razılaşdırdıqlarını bildirmişdir. İlkin ödəniş almamışdır. Yazılı müqavilə bağlamamışlar. Maşını təhvil verərkən heç bir əziyi yox idi. X9 4 ay ərzində 516 manat ödəməklə maşını istifadə etmiş, bu müddət ərzində 2 dəfə qəza etmişdir. Daha sonra ödəniş edə bilmədiyindən maşını ona qaytarmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X9 bildirmişdir ki, 2023-cü ilin sentyabr ayında cavabdehdən öncə 24 ay müddətinə, daha sonra uzadılaraq 30 ay müddətinə 516 manat ödəniş etməklə "Honda İnsight" markalı maşın almışdır. Maşının qiymətini 15000 manata razılaşmış, cavabdehə ilkin ödəniş olaraq atası, yəni iddiaçı tərəfindən onun iştirakı ilə 3000 manat pul ödənilmişdir. Maşını 4 ay ərzində hər ay 516 manat ödəməklə istifadə etmiş, bu müddət ərzində maşını 2 dəfə vurub əzmişdir. İlk dəfə sol arxa qapını, daha sonra isə qabaq sağ buferini əzmişdir. Təmir üçün birinci dəfə 350-400 manat, sonra isə 1500 manat pul xərcləmiş, həmin pulları atası ödəmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 bildirmişdir ki, cavabdeh uzaqdan qohumu və dostudur, iddiaçını isə qiyabi X6 atası olaraq tanıyır. Cavabdeh iddiaçının oğlu ilə uzun müddət bir yerdə işləmişdir. 2023cü ilin noyabr ayında Cavabdeh hər ay təxminən 500 manat ödəməklə X8 maşın vermişdir. Maşının ümumi qiyməti təqribən 14000-15000 manat idi. Daha sonra X9 ödənişləri edə bilmədiyindən maşını Cavabdeh qaytarmışdır, sonuncu da Eyvaza 1000 manat pul vermişdir. Razılaşmanın əks olunduğu videoyazı xx.xx.2023-cü ildə onun tərəfindən aparılmışdır. Mübahisəli hüquq münasibətləri faktiki olaraq hazırkı tərəflər arasında deyil, cavabdehlə iddiaçının oğlu X9 arasında yarandığından, iddiaçıya onun əsl iddiaçı olan X9 ilə əvəz edilməsi təklif olunmuşdur. Lakin İddiaçı özünün əvəz edilməsinə razı olmadığına görə məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxmışdır. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Müəyyən edildi ki, Cavabdeh anası X3 məxsus olan "Honda İnsight" markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı oğlu X8 15500 manata satmaq barədə sonuncu ilə şifahi razılığa gəlmişdir. Razılaşmaya əsasən, cavabdeh avtomobili X8 təhvil verməli və sonuncu həmin məbləği 30 ay ərzində hər ay 516 manat olmaqla hissə-hissə ödəməli olmuşdur. Cavabdeh anası X2 nümayəndəsi olaraq xx.xx.2023-cü ildə "Mobil notariat" tətbiqi vasitəsilə X8 göstərilən avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Cavabdeh iddiaçının oğlu X9 ilə birlikdə xx.xx.2023-cü ildə bir ictimai iaşə müəssisəsində oturaraq razılaşmanın yuxarıda sadalanan və avtomobilə texniki xidmətlə bağlı digər şərtlərini səsləndirmiş və X5 telefonla bunun videoçəkilişini aparmışdır. Cavabdeh şərtləri səsləndirdikdən sonra X9 onları təsdiqləmişdir. İşdə olan Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-13-49-1/2Q-86156 nömrəli məktubundan görünür ki, İddiaçı müraciətində cinayət və inzibati xarakterli məlumat aşkar edilmədiyindən və məsələnin həlli daxili işlər orqanlarının səlahiyyətlərinə aid olmadığından rayon məhkəməsinə müraciət edilməsi tövsiyə olunmuşdur. İşdə olan "xxxx" ASC və X10 arasında bağlanmış xx.xx.2023-cü il tarixli "Kredit müqaviləsi"ndən görünür ki, sonuncuya 35 ay müddətinə illik 19% olmaqla 3100 manat kredit verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli ******* nömrəli "Qaimə faktura"dan görünür ki, **-BO-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin təmiri ilə bağlı "Murad servis"ə ödənilən məbləğ 600 manat təşkil edir. İşdə olan xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, X7 tərəfindən "Honda insight" markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyətini xx.xx.2024-cü ilədək X8 verilmişdir. İşdə olan AA seriyalı 421005 nömrəli "Məcburi köçkün vəsiqəsi"ndən görünür ki, İddiaçı Cəbrayıl rayonundan məcburi köçkün statusu verilmişdir. İşdə olan M/V seriyalı 123141 nömrəli vəsiqədən görünür ki, Cavabdeh müharibə veteranları üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İşdən görünür ki, İddiaçı tələbi aşağıdakı məbləğlərinin cavabdehdən tutulmasından ibarətdir: 1) 3000 manat ilkin ödəniş; 2) kreditin faizinə ödənilən 1000 manat; 3) avtomobilin təmirinə sərf edilmiş 1500 manat; 4) dəymiş mənəvi zərərə görə 1000 manat. Məhkəmə iddiaçının tələb etdiyi 3000 manat məbləğlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389-cu maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 650-ci maddəsinə görə, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı"na əsasən, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən aparılan daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalıdır. Göründüyü kimi, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilənin bağlanması üçün şifahi alqı-satqı müqaviləsi deyil, mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələblərinə əməl edilməklə müvafiq qaydada rəsmiləşdirilmiş yazılı alqı-satqı müqaviləsi bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Göstərilən Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə tərəfindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında avtomobilin alqı-satqısı ilə bağlı qanunla müəyyən edilən formada bağlanmış etibarlı müqavilə mövcud deyil. Bu halda, iddiaçı cavabdehdən 3000 manat pulu geri tələb edə bilməsi üçün həmin məbləği cavabdehə verdiyini sübut etməlidir. İddiaçı qeyd olunan halın sübut edilməsi üçün istinad etdiyi sübutlardan biri ondan ibarətdir ki, o, 3000 manat pulu cavabdehə oğlu X6 iştirakı ilə vermişdir. X1 şahid kimi verdiyi ifadəsində uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, şahid avtomobil almaq üçün cavabdehlə 24 ay ərzində ödəniş edəcəyinə razılaşdığını bildirmişdir. Lakin ilkin ödənişin verilməsi faktını təkzib etmək məqsədi ilə cavabdeh tərəfindən sübut olaraq məhkəməyə təqdim edilmiş videoyazıdan görünür ki, cavabdeh "Mən, Cavabdeh, Quliyev Eyvaza almaq şərti ilə maşın vermişəm. Hal-hazırda onun mənə qalıq borcu 15500 manatdır. Onu 30 aya böləndə aylıq 516,60 manat pul düşür" deyə bildirmiş, X9 isə bunu təsdiqləmişdir. Məhkəmə qeyd edir ki, əgər iddiaçı həqiqətən də cavabdehə əvvəlcədən 3000 manat vermiş olsaydı, onda avtomobilin yekun qiyməti 18500 manat olmalı idi. Lakin iddiaçı özü bunu inkar edir və avtomobili cəmi 15000 manata razılaşdıqlarını bildirir. Məhkəmə baxışı zamanı iddiaçıdan həmin anlaşılmazlığın səbəbi soruşulsa da, o, bunu izah edə bilmədi. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçının şahid kimi dəvət etdiyi X9 məhkəmə baxışı zamanı ifadəsində iddiaçının cavabdehə 3000 manat pul verdiyini göstərsə də, cavabdehin təqdim etdiyi videoçəkiliş onun bu ifadəsini təkzib etmişdir. Bundan başqa, iddiaçı məhkəməyə oğlu X9 ilə cavabdeh arasında olan "WhatsApp" yazışmalarının mətnlərini təqdim etmiş və həmin yazışmalar iş materiallarına əlavə olunmuşdur. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, həmin mətnlər xüsusi proqram vasitəsilə redaktə olunaraq müxtəlif əlavələr və düzəlişlər edilməklə çap olunmuşdur ki, bu da həmin mətnlərin həqiqiliyini istisna edir. İddiaçıya yazışmaların orijinalının saxlandığı telefonun məhkəməyə təqdim olunması təklif edilsə də, o, bunu etməmişdir. Ona görə də məhkəmə qeyd olunan mətnləri mötəbər sübut kimi qəbul etmədi. Göstərilənlərə əsasən məhkəmə bu qərara gəldi ki, iddianın 3000 manat məbləğlə bağlı hissəsinin təmin edilməsi üçün əsas yoxdur. Bundan başqa, məhkəmə kreditə görə ödənilən 1000 manat faizin cavabdehdən alınması tələbini də əsassız hesab edir və qeyd edir ki, iş materiallarına əsasən, X10 "xxxx" ASC-dən 35 ay müddətinə illik 19% olmaq şərti ilə 3000 manat kredit götürmüşdür. Həmin pulun cavabdehə verilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmadığından kreditə görə faizlərin cavabdehdən alınması üçün əsas yoxdur. Məhkəmə avtomobilin təmirinə sərf edilmiş 1500 manat pulun cavabdehdən alınması barədə tələblə əlaqədar bildirir ki, iddiaçı həmin tələbini avtomobilin qabaq buferinin sol tərəfində və arxa buferinin orta tərəfində əziklər olan vəziyyətdə onlara təhvil verilməsi ilə əsaslandırmışdır. Lakin iddiaçının bu iddiası onun şahid qismində dəvət etdiyi X6 ifadəsi ilə təkzib edilmişdir. Belə ki, həmin şahid öz ifadəsində göstərmişdir ki, avtomobili cavabdehdən aldıqdan sonra iki dəfə yol-nəqliyyat hadisəsi törətmiş, bir dəfə sol arxa qapını, bir dəfə isə sağ ön tərəfi əzmiş, hər iki dəfə avtomobili özü düzəltdirmiş, xərcini atası ödəmişdir. Birinci dəfə 300-400 manat, ikinci dəfə isə 1500 manat xərc çəkmişdir. Arxa buferdə əvvəldən çat var idi, o, çatı yamatdırıb sürürdü, lakin sonuncu qəza zamanı bufer zərbədən həmin yerdən qırıldığına görə buferi dəyişdirməli olmuşdur. Deməli, avtomobilin təmiri üçün çəkilmiş xərc X6 törətdiyi qəzalar nəticəsində vurulan zədələrlə bağlı olmuşdur. İddiaçı məhkəməyə qeyd olunan tələblə bağlı başqa sübut təqdim etməmişdir. Ona görə də məhkəmə iddianın həmin hissəsinin də təmin edilməməsi qənaətinə gəldi. Tələbin dəymiş mənəvi zərərə görə 1000 manat pulun tutulması hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarının 1-ci bəndində deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarında Plenum izah etmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum Qərarında daha sonra deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göründüyü kimi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddianın təmin edilməsinin şərtlərindən biri iddiaçıya zərərin vurulmasında cavabdehin təqsirinin müəyyən edilməsidir. Hazırkı işdən görünür ki, iddiaçı məhkəməyə cavabdehin təqsirli hərəkəti və ya hərəkətsizliyi nəticəsində ona mənəvi zərərin vurulması ilə bağlı hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Ona görə məhkəmə bu qənaətə gəldi ki, iddia bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə görə, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azad olunurlar. Hazırkı işdən görünür ki, iddiaçı məcburi köçkün olduğuna görə dövlət rüsumunu ödəməkdən azad olunmuşdur. Ona görə də dövlət rüsumu ona aid edilməməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı "5500 manat maddi zərərin və 1000 manat mənəvi zərərin əvəzinin, cəmi 6500 manat pulun cavabdehdən alınması" barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X17.
Məhkəmə qərarları › İş №2(008)-3005/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3005/2025
20.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver