Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3012/2025 17.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı avtomobilə vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı avtomobilə vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh istifadəsində olan "Kia Optima" minik markalı **-MM-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozmaqla mülkiyyətində olan "Chevrolet Cruze" minik markalı, **-GA-*** dövlət nömrə nişanlı avtomobilə vurduğu zərərin əvəzi olaraq 3635 manat məbləğində pul vəsaitinin və 56,35 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 03:02 radələrində, mülkiyyətində olan “Chevrolet Cruze-minik” markalı **-GA-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində hərəkətdə olduğu zaman onunla eyni zolaqda olan Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Kia Optima” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillə düzgün ara məsafəsi seçmədiyinə görə onun idarə etdiyi avtomobili arxa hissədən vurmaqla toqquşmuşlar. Toqquşma nəticəsində ona yüngül bədən xəsarətinin yetirilməsi və “Kia Optima” minik markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh isə dərəcəsi təyin edilməyən bədən xəsarəti alması ilə nəticələnən ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə ilə əlaqədar, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Toğrul Məmmədov “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərar qəbul etmiş və Cavabdeh barəsində xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Cavabdeh barəsində toplanmış materiallar baxılması və qərar verilməsi məqsədi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə materiala aidiyyəti üzrə baxaraq, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə və barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair 3(005)-416/2025 saylı, xx.xx.2025-ci il tarixli qərar qəbul etmişdir. Hadisə nəticəsində ona məxsus "Chevrolet Cruze-minik" markalı, 77-GA-09 dövlət nömrə nişanlı avtomobil demək olar ki, tam yararsız vəziyyətə düşdüyündən ona xeyli miqdarda maddi ziyan dəymişdir. Mülkiyyətində olan avtomobilə dəymiş ziyanın məbləğini müəyyən etmək üçün mütəxəssis dəvət edərək, avtomobilə dəymiş ziyanın təqribən 7-10 min manat civarında olacağını demişlər. Bu məsələni cavabdehə bildirəndə o, heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Məhz bundan sonra məhkəməyə müraciət etmək qərarına gəlmiş və avtomobilinə dəymiş ziyanı tam dəqiq müəyyən etmək məqsədi ilə “Avtoservis357” adı altında fərdi sahibkar kimi fəaliyyət göstərən, X1 mürəciət etmişdir. Mərkəz tərəfindən aparılan incələmədən sonra baş verən hadisə zamanı mülkiyyətində olan "Chevrolet Cruze-minik" markalı **-GA-*** dövlət nömrə nişanlı avtomobilə ehtiyat hissələri üzrə 5710 manat, xidmət haqqı olaraq 2925 manat, ümumilikdə 8635 manat ziyan dəydiyi müəyyən edilmişdir. Bu ziyanla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən icbari sığorta haqqı miqdarında 5000 manat ödənilmişdir. Yəni hal-hazırda mülkiyyətində olan avtonəqliyyat vasitəsinə dəymiş 8635 manat məbləğdən 3635 manat cavabdeh tərəfindən ona ödənilmədiyinə görə o, avtonəqliyyat vasitəsini təmir edə bilməmişdir. Göründüyü kimi, Cavabdeh qanunsuz hərəkəti nəticəsində, ona dəymiş ziyanın əvəzi olaraq, mülkiyyətində olan "Chevrolet Cruze-minik" markalı, **-GA-*** dövlət nömrə nişanlı avtomobilin təmir xərci 3635 manat və 56,35 manat dövlət rüsumu cavabdehdən alınaraq ona ödənilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, o, baş vermiş yol-nəqliyyat hadisəsinə laqeyd yanaşmamışdır. Zərərin qiymətləndirilməsi sığorta şirkəti tərəfindən aparılmış və 6253 manat müəyyən olunmuşdur. Həmin zərərin 5000 manat hissəsi sığorta şirkəti tərəfindən ödənilmişdir. Qalan qalan pulun ondan tutulmasına etirazı yoxdur. Bundan əlavə, iddiaçı ona hadisə vaxtı avtomobilinin açarının itdiyini bildirmişdir. Bununla bağlı qeyd edir ki, onun həmin məsələ ilə bağlı məlumatı yoxdur, açar həqiqətən itmiş olsa belə, bunda onun təqsiri yoxdur. Həmçinin avtomobilin sol farasına zərər dəyməmişdir, sadəcə olaraq maşın Amerikadan gətirildiyi üçün qəza zamanı yastıqları açılmamış, bu isə, avtomobildə digər qüsurların yaranmasına səbəb olmuşdur. İddiaçının tələb etdiyi məbləğ şişirdilmişdir, o, həmin məbləğlə razı deyildir. 1253 manatdan açar və faranın qiyməti çıxılsa, qalan məbləği ödəməyə razıdır. Qeyd olunanlara əsasən cavabeh məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək məzmununa uyğun izahat verib təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair xx.xx.2024-cü il tarixli etibarnaməyə əsasən X2 tərəfindən Cavabdeh “Kia Optima” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin bağışlanması, sərəncam verilməsi, qeydiyyatdan çıxarılması barədə xx.xx.2025-ci il tarixədək qüvvədə olan etibarnamə verilmişdir. - xx.xx.2024-cü il tarixdə verilmiş BA358638 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, buraxılış ili 2017-ci il olan, boz metalik rəngli, “Chevrolet Cruze” minik markalı, **-GA-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1542 nömrəli rəyinə əsasən, İddiaçı almış olduğu xəsarətlər - burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan burun belinin şişkinliyi qançırları və hər iki diz nahiyyələrinin qançırları küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Cavabdeh Nərimanov RPİ-ə verdiyi izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 03:02 radələrində etibarnamə əsasında idarə etdiyi “Kia Optima” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə Atatürk prospekti istiqamətindən üzü Ə.Rəcəbli küçəsi istiqamətində 3 zolaqdan ibarət avtomobil yolunda sağdan 2-ci zolaqla saatda 60 km sürətlə düzünə hərəkət etmişdir. Onun idarə etdiyi avtomobillə düzünə hərəkətdə olan zaman onunla eyni zolaqda ondan qarşıda hərəkət edib, Z.Bünyadov prospektindən Q.Murad küçəsi istiqamətində dönən “Chevrolet Cruze” minik markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobillə düzgün ara məsafəsi saxlaya bilməmiş və nəticə də idarə etdiyi avtomobilin ön hissəsi ilə qeyd olunan avtomobilin arxa hissəsinə çırpılmışdır. Bundan sonra qeyd olunan avtomobilin sürücüsü idarə etməni itirmiş və beton səkiyə çırpıldıqdan sonra dəmir dirəyə dəyərək dayanmışdır. O, hadisə nəticəsində bədən xəsarəti almışdır. Bundan sonra o, avtomobildən düşüb, hadisənin təsirindən 112 xidmətinə zəng edərək baş vermiş hadisə barəsində məlumat vermişdir. Zərbənin təsirindən səhhətində yaranmış problemlə əlaqədar özünü yaxşı hiss etməmiş və huşu getmişdir. Daha sonra isə Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir. - İddiaçı Nərimanov RPİ-nə verdiyi izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 03:02 radələrində özünə məxsus idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **- GA-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə Atatürk prospekti istiqamətindən üzü Ə.Rəcəbli küçəsi istiqamətində 3 zolaqdan ibarət avtomobil yolunda sağdan 2-ci zolaqla saatda 40 km sürətlə düzünə hərəkət etmişdir. O, idarə etdiyi avtomobillə Z.Bünyadov prospekti də Q.Murad küşələrinin kəsişməsinə çatmağına az qalmış sağa dönmə işığını yandırıb, idarə etdiyi avtomobilin sükanını sağa doğru döndərmişdir. Həmin vaxt onunla eyni zolaqdan ondan arxada hərəkət edən “Kia Optima” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü düzgün ara məsafəsi saxlaya bilmədiyi üçün idarə etdiyi avtomobilin ön hissəsi ilə onun avtomobilinin arxa hissəsinə çırpılmışdır. Zərbənin təsirindən o, idarə etməni itirmiş və ilk öncə beton səkiyə, oradan da dəmir dirəyə çırpılmışdır. Bundan sonra hadisə yerinə TTYS-nin həkim briqadası, polis əməkdaşları gələrək araşdırma aparmağa başlamışdır. O da həmin araşdırmada iştirak etmişdir. - Bakı şəhəri Nərimanov RPİ-nın Təhqiqat Şöbəsinin Baş təhqiqatçısı polis kapitanı Toğrul Məmmədovun xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən sürücü Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Nərimanov RPİ-nin DYPŞ-si vasitəsilə Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. - İXP ******* nömrəli, xx.xx.2025-Cİ il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh idarə etdiyi “Kia Optima” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(005)- 416/2025 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. - “Avtomotoservis357”-nin xx.xx.2025-ci il tarixli qüsur aktına əsasən, “Chevrolet Cruze” minik markalı, **-GA-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilərkən müəyyən edilmişdir ki, təmir və ehtiyat hissələrinə cəmi 8635 manat xərc tələb olunur. - Məhkəmənin qərardadı ilə "xxxx" ASC-dən əldə edilmiş xx.xx.2025-ci il tarixli sığorta aktına əsasən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində baş vermiş hadisə ilə bağlı zərərçəkən İddiaçı məxsus “Chevrolet Cruze” minik markalı, **-GA-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər məbləği 6253 manat, sığorta məbləği isə 5000 manat müəyyən edilmişdir. - İddiaçı "xxxx" ASC-nin Sığorta İddiaları departamentinin rəhbəri Zaur Abbasovun adına yazdığı ərizəsində xx.xx.2024-cü il tarixdə baş vermiş sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən müəyyən edilmiş zərər məbləği ilə razı olduğunu bildirmiş və ödəniləcək 6253 manat məbləğində sığorta ödənişinin şəxsi bank hesabı vasitəsilə həyata keçirilməsini xahiş etmişdir. - xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı kartına 5000 manat pul vəsaiti köçürülmüşdür. İşin mübahisəsiz halı bundan ibarətdir ki, xx.xx.2024-cü il tarixdə, saat 03:02 radələrində, İddiaçı mülkiyyətində olan “Chevrolet Cruze-minik” markalı **-GA-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində hərəkətdə olduğu zaman onunla eyni zolaqda olan Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Kia Optima” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillə düzgün ara məsafəsi seçmədiyinə görə onun idarə etdiyi avtomobili arxa hissədən vurmaqla toqquşmuşlar. Toqquşma nəticəsində, tərəflərin sağlamlıqlarına və idarə etdikləri avtomobillərə maddi ziyan dəymişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İddiaçı qüsur aktı təqdim edərək baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, mülkiyyətində olan "Chevrolet Cruze-minik" markalı **-GA-*** dövlət nömrə nişanlı avtomobilə 8635 manat ziyan dəydiyini, həmin məbləğin 5000 manatının "xxxx" ASC tərəfindən icbari sığorta haqqı miqdarında ödənildiyini, qalan 3635 manat hissəsinin ödənilmədiyini bildirərək, hazırkı iddianı qaldırıb həmin məbləği cavabdehdən tələb edir. Halbuki məhkəmənin qərardadı əsasında "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli sığorta aktı ilə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə ilə bağlı zərərçəkən İddiaçı məxsus “Chevrolet Cruze” minik markalı, **-GA- *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər məbləği 6253 manat, sığorta məbləği isə 5000 manat müəyyən edilmişdir. İddiaçı "xxxx" ASC-nin Sığorta İddiaları departamentinin rəhbərinə yazdığı ərizəsində baş vermiş sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən müəyyən edilmiş zərər məbləği ilə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə hesab edir ki, mülki hüqüq pozuntusu (delikt) “Kia Optima” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən Cavabdeh tərəfindən törədilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən və i.a. istifadə edilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinə görə, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və işin araşdırılan hallarını nəzərə alaraq məhkəmə, belə nəticəyə gəlir ki, iddiaçıya dəymiş maddi ziyan 6253 manat məbləğində qiymətləndirilməklə, iddia tələbi qismən təmin edilərək Cavabdeh İddiaçı vurulmuş 1253 manat maddi ziyanın məbləği sonuncunun xeyrinə tutulmalı, əsassız olduğundan qalan hissələrdə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 102 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə, iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun 32,53 manat hissəsi cavabdehə aid edilməli və ondan tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş 1253 (min iki yüz əlli üç) manat məbləğində maddi ziyan və 32,53 (otuz iki manat əlli üç qəpik) manat dövlət rüsumunun əvəzi tutulsun. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-3012/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3012/2025
17.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver