Məhkəmə qərarları › İş №2(008)-3076/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3076/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3076/2025 03.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 1517,58 manat məbləğində pul vəsaitinin və 36 manat məbləğində dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək onunla əsaslandırmışdır ki, qonşuluqda yaşayan Cavabdeh gəlib təcili şəkildə 1200 manat məbləğində pul lazım olduğunu bildirmişdir. O, pulunun olmadığını dedikdə, yalvararaq oğlunun əsgərlikdə olduğunu, vacib pula ehtiyacının olduğunu, kredit götürərək ona verməyini, kredit ödənişlərini isə özünün edəcəyini bildirmişdir. Həmin şəxsə etibar etdiyindən və qonşuluqda yaşadığını düşünərək, onunla birlikdə gedib "xxxx" kredit təşkilatına müraciət etmişlər. "xxxx" kredit təşkilatı ilə xx.xx.2024-cü ildə 1017-SRM-0361- 24 saylı müqaviləni bağlamışdır. Kredit müqaviləsinə əsasən verilən 1175 manat pulu Cavabdeh götürmüşdür. Cavabdeh ödənişləri vaxtında və gecikdirmədən edəcəyinə dair söz versə də, bugünə kimi kredit müqaviləsi üzrə ödənişləri etməmişdir. Kredit borcu faizləri ilə birlikdə 1517,58 manat təşkil edir. Cavabdeh məxsus olan telefon nömrəsi ilə əlaqə saxlanılan zaman həmin şəxs müxtəlif bəhanələr gətirərərək ödənişlərdən yayınmışdır. Dəfələrlə Cavabdehla əlaqə saxlamağına baxmayaraq, ödəniş etməkdən yayınmış, hər dəfə müxtəlif bəhanələr gətirmiş, sonradan isə pulunu qaytaracağına söz vermişdir. Sonuncu dəfə danışdıqda ona bildirmişdir ki, “polis kimdir, məni qorxudursan? Hara istəyirsən get şikayət elə”. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. xx.xx.2025-ci tarixdə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis şöbəsində cinayət işinin başlanmasının rədd olunması haqqında qərar verilmişdir. Qərardan göründüyü kimi, Cavabdeh etdiyi əməli etiraf etmişdir. Bildirmişdir ki, 2024-ci ildə ona borc pul lazım olmuş buna görə X2 müraciət etmişdir. X4 "xxxx" kredit təşkilatı ilə 1175 manat pul əldə edib ona vermişdir. Guya 5 ayın ödənişini etdikdən sonra krediti verə bilməmiş, qalan borcu ödəməmişdir. Cavabdeh polis orqanın inzibati binasında yalandan ifadə vermişdir. Halhazırda onda Cavabdeh telefonla danışıqlarının yazıları vardır. Səs yazılarında həmin şəxsin ödəniş borcu olduğu görünür. Bütün aylıq ödənişləri iddiaçı etmişdir. Kreditə götürülən televizorun borcunu hər ay çox çətinliklə ödəyir. Süpürgəçilik etməklə çox çətinliklə dolanır. Əlavə kredit ödəmək imkanında deyildir. Bildirir ki, aylıq ödənişlər və faizlərlə birlikdə cavabdeh 1517,58 manat məbləğində ödəniş etməlidir. Bütün hüquqi prosedurları keçdikdən sonra məcburiyyətdə qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Cavabdeh bu formada tək onu deyil, başqa şəxsləri də aldadaraq ödənişdən yayınmışdır. Başqa məhkəmələrin də icraatında cavabdehə qarşı iddialara baxılır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla belə, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirdi ki, 1200 manata 18 ay müddətinə ayda 84 manat ödəməklə kreditlə “Playstation 5” markalı oyun aparatı almışlar. Faizlə birlikdə ümumi məbləğ 1517,58 manat təşkil etmişdir. Bir müddət sonra İddiaçı bacısına pul lazım olduğunu, bankdan pul götürmək istədiyini demiş, lakin banka müraciət edən zaman ona həmin pulu bağlamalı olduğunu bildirmişlər. Daha sonra iddiaçı 1200 manat kredit götürərək “Playstation 5” markalı oyun aparatı üçün alınan pulu bağlamışdır. O, özü götürülən puldan 2 ay 84 manat olmaqla, cəmi 168 manat ödəmiş, daha sonra isə 2 ay da 67 manat ödəniş etmişdir. O, 932,40 manat borcu qəbul edir, lakin hesablanan faizlə razı deyildir. Cavabdeh iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 1017-SRM-0361-24 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, "xxxx" QSC tərəfindən İddiaçı satışı həyata keçirilən malları almaq məqsədilə 18 ay müddətinə illik 34% ödəmək şərtilə ayda 84 manat (sonuncu ay 89 manat olmaqla) ödənilməklə 1175 manat məbləğində istehlak krediti ayrılmışdır. - Sabunçu RPİ-nin 13-cü PŞ-nin baş təhqiqatçısı polis mayoru X3 cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə icraatına Sabunçu Rayon Prokurorluğundan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbə sakinləri İddiaçı, X10, X5 və X6 birgə yazdıqları şikayət ərizəsi daxil olmuşdur. İddiaçı ərizədə bildirmişdir ki, qonşusu Cavabdeh xahişi ilə "xxxx" kredit təşkilatından öz adına 1517 manat kreditlə pul götürüb, Fikrətə vermiş, lakin Fikrət pulu ödəməyi öhdəsinə götürsə də, ödəməmişdir. Səfər Tağıyev ərizədə bildirmişdir ki, tanışı Fikrətin xahişi ilə “Kontakt Home” mağazasında 1650.60 manat dəyərində kreditlə “Samsung” markalı televizor götürüb Fikrətə versə də, sonuncu, ödənişləri etməmiş, məcbur olub mağaza ödənişlərini özü etmişdir. Nərminə Zamanova ərizədə bildirmişdir ki, qonşusu Telmiranın vasitəsilə tanıdığı Cavabdeh xahişi ilə “Kontakt Home” mağazasından kreditlə 1721.94 manatlıq “Playstation 5" oyun aparatı götürüb Fikrətə vermiş, lakin sonuncu, ödənişləri etməmişdir. Tofiq Ağayev ərizədə bildirmişdir ki, qonşusu Telmiranın vasitəsilə tanıdığı Cavabdeh 300 manat, sonra 500 manat borca pul vermiş, bundan başqa “Kontakt Home” mağazasından öz adına 1509 manatlıq “Playstation 5” markalı oyun aparatı və dəyəri 963 manat olan “Samsung Galaxy A54” markali mobil telefon götürüb Fikrətə vermiş, lakin sonuncu, kredit ödəmədiyi üçün məcbur olub özü ödəməkdədir. Kredit müqavilələri ərizəyə əlavə edilmişdir. Bu barədə tədbir görülməsini xahiş etmişlər. Araşdırma zamanı vətəndaş Cavabdeh izahatında vətəndaşlar İddiaçı, X7, X1 və X6 yazdıqları ərizə ilə tanış olub bildirmişdir ki, adı çəkilən şəxsləri sürücüsü olduğu 76 saylı marşurut avtobusundan tanımış və həmin şəxslərlə münasibəti yaranmışdır. 2024-cü ildə həmin şəxslərin adına məişət əşyaları götürmüş və hazırda da pulu ödəyir. Belə ki, 2024-cü ildə pula ehtiyacı olduğundan İddiaçı 1200 manat borca pul istəmiş, həmin vaxt Gülarə "xxxx" kredit təşkilatından 1175 manat pul götürüb ona vermiş, Gülarəyə 5 ayın pulunu ödədikdən sonra pulu ödəyə bilməmişdir. Bundan başqa X7 adına Bakıxanov qəsəbəsində yerləşən “Kontakt Home” mağazasından dəyəri 1650 manat olan televizor götürmüş, televizoru götürdüyü gündən 2025-ci ilin yanvar ayına qədər pulu ödəmiş, hazırda Səfər Tağıyevə 280 manat borcu qalmışdır. Vətəndaşlar İddiaçı, X10, X5 və X6 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməsi və mülki qaydada məhkəməyə müraciət etməsinin məqsədə müvafiq olması onlara bildirilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Beləliklə, işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiçıdan 1200 manat məbləğində borc istəmiş, iddiaçı pulunun olmadığını bildirdikdə, cavabdeh kredit götürərək ona verməyini, kredit ödənişlərini isə özünün edəcəyini bildirmişdir. İddiaçı "xxxx" kredit təşkilatı ilə 1017-SRM-0361-24 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi bağlayaraq, ayrılmış 1175 manat məbləğində istehlak kreditini cavabdehə vermişdir. Kredit təşkilatına əsas borcdan əlavə, faiz borcu da cavabdehin özü tərəfindən qaytarılmalı olmuşdur. Cavabdeh ayda 84 manat (sonuncu ay 89 manat olmaqla) ödənilməklə faizlərlə birlikdə 1517,58 manat ödəniş etməli olmuşdur. Lakin cavabdeh həmin məbləğdən 2 ay 84 manat və 2 ay 67 manat olmaqla, cəmi 302 manat ödəniş etdikdən sonra qalan borcu ödəməyi dayandırmışdır. İddiaçı cavabdehə razılaşdıqları kimi, kredit təşkilatına qalan ödənişləri etməsini bildirsə də, cavabdeh borcun qaytarılmasından yayınmışdır. Bu səbəbdən, iddiaçı həmin kredit borcunu faizləri ilə birlikdə özü ödəmişdir. Daha sonra iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etməli olmuşdur. Cavabdeh həm təhqiqat orqanına, həm də məhkəmədə verdiyi izahatlarında ehtiyacı olduğu üçün iddiaçıdan 1200 manat məbləğində pul istədiyini, iddiaçının "xxxx" kredit təşkilatından 1175 manat kredit götürərək ona verildiyini etiraf etmiş və müəyyən qədər ödənişlər etdiyini bildirmişdir. Cavabdeh kredit təşkilatından götürülən kreditə görə hesablanan faizlərlə razı olmadığını qeyd etmişdir. Belə olan halda, məhkəmə, təqdim edilmiş sübutları, o cümlədən cavabdehin iddiaçının ona kredit götürərək borc verməsi, həmin borcdan cəmi 302 manat ödədiyini etirafı etdiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi Cavabdeh 1215,58 manat məbləğində borcun İddiaçı xeyrinə tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, məhkəmədə hazırkı iddianın qaldırılması üçün iddiaçı tərəfindən 36 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələblərini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 36 manat dövlət rüsumunun 32,16 manat hissəsi cavabdehə aid edilməklə, ondan iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1215,58 manat məbləğində borc və ödənilmiş 36 manat dövlət rüsumunun 32,16 manat hissəsi cavabdehə aid edilməklə, ondan İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1215,58 (min iki yüz on beş manat, əlli səkkiz qəpik) manat məbləğində borc İddiaçı xeyrinə tutulsun. Ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumunun 32,16 (otuz iki manat on altı qəpik) manat hissəsi cavabdehə aid edilməklə, ondan iddiaçının xeyrinə tutulsun. Dövlət rüsumun qalan hissəsi iddiaçıya aid edilsin.. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar