Məhkəmə qərarları › İş №2(008)-3096/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3096/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3096/2021 16.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pul tələbi” barəsində iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pul tələbi” barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən əsas borca görə 4517,28 manat, faiz borcuna görə 939,99 manat, cəmi 5457,27 manat məbləğində pulun və 30,40 manat ödənilmiş dövlət rüsumunun tutulması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 17.10.2019-cu il tarixli 105804-785142/1 saylı kredit müqaviləsinə əsasən illik 26,5 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 5000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq, 17.10.2019-cu il tarixli, 105804-785142/1 nömrəli İddiaçı ASC ilə digər cavabdeh arasında zaminlik müqaviləsi bağlanmış, həmin müqavilə ilə zamin 17.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyırlar. Lakin cavabdehlər müqavilə üzrə götürdükləri öhdəlikləri yerinə yetirməmiş, nəticədə 4517,28 manat əsas, 939,99 manat faiz borcu yaranmışdır. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini, işə iştirakları olmadan baxılaraq, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 17.10.2019cu il tarixli, 105804-785142/1 nömrəli kredit müqaviləsinə görə cavabdehə 36 ay müddətinə, illik 26,5 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit limiti ayrılmışdır. - 03.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka olan əsas kredit borcu 4517,28 manat, faiz borcu 939,99 manat, cəmi 5457,27 manat təşkil edir. - İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 17.10.2019-cu il tarixli 105804- 785142/1 saylı Zaminlik müqaviləsindən görünür ki, borclunun həmin tarixli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. - 11.03.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, cavabdehlərin Banka olan əsas borcu 6530,05 manat, faiz borcu 6,72 manat, cəmi 6536,77 manat təşkil edir. - 13.05.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, digər cavabdeh isə kredit borcunun təminatçısı kimi üzərinə öhdəlik götürmüşlər. Həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdirlər. Məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh1 arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İddiaçının digər cavabdehə qarşı olan tələbə münasibətdə isə zaminlik müqaviləsinin müddəları tətbiq olunmalıdır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinəəsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəlləsinin 472.2-ci maddəsinəəsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər 17.10.2019-cu il kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərindən kredit müqaviləsi üzrə yaranmış borc məbləği iddia tələbində göstərilmiş qaydada cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 4517 (dörd min beş yüz on yeddi) manat, 28 (iyirmi səkkiz) qəpik əsas, 939 (doqquz yüz otuz doqquz) manat, 99 (doxsan doqquz) qəpik faiz borcu olmaqla, cəmi 5457 (beş min dörd yüz əlli yeddi) manat, 27 (iyirmi yeddi) qəpik məbləğində pul vəsaiti və 30 (otuz) manat, 40 (qırx) qəpik ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar