Məhkəmə qərarları › İş №2(008)-3127/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3127/2023

23.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3127/2023 23.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 447 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını dəyişərək Cavabdeh bir uşaq üçün aylıq 250 manat olmaqla iki uşaq üçün 500 manat məbləğində alimentin, əlavə xərclərin əvəzi olaraq isə aylıq 50 manat əlavə pul vəsaitinin və ödənilmiş 50 manat rüsumun tutulması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 447 saylı qətnaməsi ilə onunla cavabdeh arasında bağlanılmış nikah pozulmuş, uşaqlar onun yanında saxlanılmış və onların saxlanılmasına görə hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat məbləğində alimentin tutulması qərara alınmışdır. Yetkinlik yaşına çatmamış övladları böyüdükcə onların tələbatı və müvafiq olaraq xərcləri də artır həmin xərcləri də o, təkbaşına qarşılaya bilmir. İllərdir ki, cavabdeh övladları ilə maraqlanmamış, 1 manat da əlavə pul vəsaiti onlar üçün ödənilməmişdir. Kiçik övladı da nitq qüsurlarının olması və digər xəstəliklər mövcuddur. Bununla o bağlı mütəmadi olaraq müalicə və müayinələr almaqdadır. Belə ki, loqoped, nevropotoloq və sair həkimlərin qəbulunda aylıq olaraq müayinələr mütləqdir. Qoşmaya əlavə edilmiş həkim müayinəsinə dair sənədlərdən də göründüyü kimi qeyd edilən faktlar həqiqidir. Övladları hazırda idmanla da məşğuldurlar. Atalarından fərqli olaraq o, onları vətənə, millətə, dövlətə layiqli bir vətəndaş kimi, gələcəyi sağlam bir gənc kimi yetişdirmək istəyir. Bunun üçün isə xanım olsa da, həm özünü ata kimi, həm də ana kimi aparır. Övladları həm də Milli Ordu İdman Kompleksində güləş idmanı üzrə məşğul olurlar. Bundan əlavə olaraq dərslərində geriləməmələri üçün repetitor hazırlığına gedirlər. Cavabdehdən bir uşaq üçün tutulan alimentin 250 manat məbləğinə artırılması və əlavə xərclərin əvəzinin tutulması üçün ilkin olaraq mediasiya qaydasında rəsmi təkliflə müraciət göndərmişdir. Təklifinə müvafiq müddət çərçivəsində cavab verilmədiyindən 14 saylı Mediasiya Təşkilatına mediasiya müraciəti edərək köməklik göstərilməsini xahiş etmişdir. Daha sonra isə 14 saylı Mediasiya Təşkilatında müvafiq iclas keçirildi və mediasiya arayışı ona təqdim edilərək məhkəməyə müraciət etməyi iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməlidir. Bir uşaq üçün müəyyən edilmiş aliment məbləği 150 manatdan 250 manata artırılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli cavabdeh tərəfindən verilmiş vəsatətdən görünür ki, o hər ay heç bir gecikdirmə olmadan 300 manat aliment məbləğini mütəmadi olaraq ödəyir. Bu məbləğdən əlavə, uşaqları ilə görüşərkən imkanı çatdığı dərəcədə övladlarına müxtəlif hədiyyələr də alır. Övladlarının tərbiyəsində yaxından iştirak edir. Uşaqları ilə münasibəti çox yaxşıdır. O, övladları çox istəyir. Ancaq, onun maddi vəziyyəti alimentin iddiaçının istədiyi miqdarda artırılmasına yol verilmir. Çünki, o hal-hazırda heç bir yerdə işləmir. Hələ də özünə uyğun bir iş tapa bilməyib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində xx.xx.2020-ci il tarixdən işsiz kimi qeydiyyata götürülmüşdür. Yenə həmin tarixdən etibarən, işaxtaran kimi Dövlət Məşğulluq Xidmətində qeydiyyatdan keçmişdir. Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığı arayışın surətini də ərizəyə əlavə etmişdir. Səhhətindəki problemlərlə əlaqədar olaraq tam əmək qabiliyyəti olmadığı üçün, hər zaman ancaq yarım gün ştatlı işlərdə işləmək məcburiyyətində olmuşdur. Belə ki, səhhətindəki problemlərlə əlaqədar həqiqi hərbi xidmətdən də azad olunmuş və mütəmadi olaraq müalicə kursu almışdır. Ərizəsinə hərbi biletin surətini də əlavə edir. Həmçinin, texnika mağazasında da krediti var. Ondan aliment tutulan vaxt da, indi də maddi vəziyyəti eynidir. Hər ay çətinliklə də olsa, 300 manat məbləğində aliment ödəyə bilər. Aliment ödəməyinə anası köməklik göstərmişdir. O da artıq yaşlıdır. Pensiyası ona və özünə güclə çatır. Mövcud 300 manat aliment məbləğinin artırılması onunla övladlarının ünsiyyətinə xələl gətirə bilər. Onlarla münasibətləri pozula bilər. Bugünki reallıqda isə aylıq 300 manat aliment heç də az məbləğ deyildir. İddiaçı (Güləbatın) Tahir qızı yaxşı vəzifədə işləməkdədir və aylıq gəliri xeyli yüksəkdir. Elektron Məhkəmə Sistemindən iddiaçının gəlirləri barədə məlumat əldə etmək mümkündür. İddiaçı cavabdehin maddi vəziyyətində dəyişikliyin olmasına dair məhkəməyə sübutlar təqdim etməmişdir. Eyni zamanda, bu müddət ərzində özünün maddi vəziyyətinin pisləşməsinə dair sübutlar da məhkəməyə təqdim etməmişdir. İddiaçının gəlirləri isə cavabdehin gəlirlərindən daha çoxdur. Qeyd etmişdir ki, cavabdeh zəruri vəsaitə malik olan tərəf hesab edilə bilməz. Onun maddi vəziyyətində bu müddət ərzində hər hansı yaxşılaşma olmadığından, aliment miqdarının bir uşaq üçün 150 manatdan, cəmi 300 manat olan aliment məbləğinin, hər bir uşaq üçün 250 manat olmaqla, 500 qədər artırılması arzu edilməz haldır. Belə hesab etmişdir ki, hazırki iddia rədd edilməlidir. İddia ərizəsinin rədd edilməsi barədə qərar çıxaırlmasını xahiş etmişdir. Məhkəmə, iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Sabunçu Rayon Maştağa qəsəbə nümayəndəliyi tərəfindən verilmiş AZ-İV seriyalı 740426 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə Bakı şəhərində doğulmuş X5 atası Cavabdeh, anası İddiaçıdır. 3 saylı Bakı “ASAN Xidmət” X7 tərəfindən verilmiş AZ-İV seriyalı 496549 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuş X6 atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-447/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnamənin surətindən görünür ki, iddiaçı Cavabdeh X3 qarşı nikahın pozulması və birgə nikahdan doğulmuş uşaqlarının onun himayəsində qalması tələbinə dair ilkin iddia qismən təmin olunmuş, Cavabdeh ilə X4 arasında Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində 30.1 1.2010-cu il tarixdə, 1581 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, X2 Cavabdeh qarşı birgə nikahdan doğulmuş uşaqlarının onun himayəsində qalması və aliment tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, xx.xx.2012-ci il ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X1 və tərbiyə edilmələri üçün anaları X2 yanında qalması, xx.xx.2012-ci ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılmaları üçıın 16 oktyabr 2017-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul - məbləğində aliment Cavabdeh tutulub X3 verilməsi qərara alınmışdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 (əlli) manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 220 manat yaşayış minimumundan da azdır və uşağın tələbatını ödəyə bilməz. Bununla da uşağın maraqlarını pozduğundan, onun maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı qismən artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarını və cavabdehin əlavə gəlirlərinin olmasına dair sübutların mövcud olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-447/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı 2023-cü il üçün uşağlar üçün nəzərdə tutulmuş yaşayış minimumu həddində artırılmalı, xx.xx.2012-ci il tarixdə doğulmuş X5 və xx.xx.2015-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə iddia tələbinin 50 manat məbləğində mediasiya xərcinin tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbini 50 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, aliment tələbinə dair ddialarda dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-447/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. xx.xx.2012-ci il tarixdə doğulmuş X5 və xx.xx.2015-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar