Məhkəmə qərarları › İş №2(008)-3207/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3207/2021

22.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3207/2021 22.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı ödənilməyən sığorta hissəsinin və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Sabunçu rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-də işlədiyi 2010-2015-ci illər üzrə əmək haqqına uyğun ödənilməli olan 2743 manat sığoorta haqqı məbləğinin tutularaq Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi və həmçinin həmin illər ərzində ona ödənilməli olan 10973 manat əmək haqqının cavabdehin təqsirində vaxtında ödənilmədiyi üçün dəymiş 5371,60 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05.07.2010-cu il tarixdə Cavabdeh ASC-nin Ucar rayon filialına aparıcı mütəxəssis-mexanik vəzifəsinə təyin olunmuş və 01.07.2015-ci ildə ştatların ixtisarı ilə əlaqədar işdən azad olunmuş, 5 il ərzində əmək haqqının vaxtında ala bilməmişdir. Sabunçu rayon Məhkəməsinin 05.09.2016-cı il tarixli qətnaməsi ilə 10973 manat məbləğində əmək haqqı, işdən çıxarma müavinəti və istifadə edilməmiş məzuniyyət pulu cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. Qətnamə qanuni qüvvəsi almışdır. Lakin həmin illər ərzində Dövlət Sosial Müdafiə Fonduna qismən ödənişlər edilmişdir. Halbuki, həmin illər üzrə 10973 manatın 25 faizini təşkil edən 2743 manat sosial sığorta haqqı ödənilməli idi. Həmçinin, 10973 manat əmək haqqı vaxtında ödənilmədiyi üçün ona inflyasiya faizinə uyğun hesablanaraq 5371,60 manat maddi zərər dəymişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi X2 məhkəməyə iddia müddətinin tədbiqinə dair ərizə təqdim edərək iddianını rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia müddəti ötürüldüyündən iddia rədd olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır. Sabunçu rayon Məhkəməsinin 05.09.2016-cı il tarixli qətnaməsi ilə 10973 manat məbləğində əmək haqqı, işdən çıxarma müavinəti və istifadə edilməmiş məzuniyyət pulu cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur, Bakı Apellyasiya Məhkəməsinin 12.12.2016cı il tarixli qətnaməsi ilə Sabunçu rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin 04.05.2017-ci il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin məbləğ Ali Məhkəmənin 04.05.2017-ci il tarixli qərarından sonra dərhal icra edilmişdir, bu işin mübahisə edilməyən halıdır. Hazırda iddiaçı Cavabdeh» ASC-də işlədiyi 2010-2015-ci illər üzrə əmək haqqına uyğun ödənilməli olan 2743 manat sığoorta haqqı məbləğinin tutularaq Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi və həmçinin həmin illər ərzində ona ödənilməli olan 10973 manat əmək haqqının cavabdehin təqsirində vaxtında ödənilmədiyi üçün dəymiş 5371,60 manatın ödənilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia müddəti ötürülmüşdür və bu səbəbdən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələlərinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, iddiaçı həmin müddəti ötürərək iddia ərizəsini məhkəməyə təqim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd edildiyi kimi, iddiaçı 2017-ci ildən hüququnun pozulduğunu bilmiş, lakin hazırki iddia ilə 4 ildən sonra müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar