Məhkəmə qərarları › İş №2(008)-3231/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3231/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3231/2025 14.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı, Cavabdeh1 Vilayət oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh1 Vilayət oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh1 Vilayət oğlu və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Vilayət oğlu və Cavabdeh2 2500 (iki min beş yüz) manat məbləğində pulun və ödənilmiş 45 (qırx beş) manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, 2015-ci ildə Sabunçu rayonu Kürdəxanı qəsəbəsi, Ləiş bağları, 6693 nömrəli 6 sot olan bağ sahəsini İran İslam Respublikasının vətəndaşı Cavabdeh1 Vilayət oğlundan 18000 manata almağa razılaşmış, torpaq sahəsi Behnam qohumunun adında olmuş və çıxarışı olmamışdır. 11 fevral 2015-ci il tarixdə Behnama 14000 manat pulu vermiş və onunla razılaşmışdır ki, torpaq sahəsinin çıxarışını alandan sonra qalan 4000 manat pulu da verəcək. 2018-ci ilin mart ayında Behnam ona zəng edərək, torpaq sahəsinin çıxarışını aldığını və qalan 4000 manat pulu verməsini bildirmişdir. Həmin vaxt pulu olmadığından Behnam ilə torpaq sahəni başqa adama satmasını və ona verməli olan 4000 manatı verməsini bildirmişdir. O, da razılaşmış və torpaq sahəsinə müştəri axtarmağa başlamışdır. 5-6 ay sonra Behnam torpaq sahəsini özü sataraq, onun 14000 manat pulunu qaytaracağını demişdir. Behnamın təklifinə razılaşmış ki, onun iştirakı ilə torpaq sahəsini satsın. 2019-cu ilin oktyabr ayında məlum olmuşdur ki, Behnam həmin torpaq sahəni təxminən 20 gün əvvəl onun xəbəri olmadan satmışdır. Bu barədə Behnama deyəndə, Behnam torpaq sahəni satıb bir ay müddətində onun pulunu qaytaracaq. Lakin, Behnam pulunu dediyi vaxtda qaytarmamış, ona hissəhissə cəmi 11500 manat pul qaytarmış, 2500 manat pulunu isə qaytarmamışdır. Behnam ona hər dəfə yalan vədlər verərək pulu geri qaytarmamışdır. O, Behnamdan pulunu istəyəndə Behnam demişdir ki, ona çatası 2500 manat pulu Sabir adlı şəxsə verib ki, pulu ona çatdırsın, lakin o Sabirdən pulunu istəyəndə Sabir də demişdir ki, onun alacağı var, pulu alanda onun pulunu da verəcək. Sabir hətta ona pula görə Behnamın üstünə getməsin, onun pulunu özü verəcəyini desə də, bu günə kimi verməmişdir. Beləliklə, cavabdehlər onu aldadaraq pulunu verməmişlər. Bundan sonra, onun etibarından suiistifadə edərək, onu aldadıb pulunu qaytarmayan şəxslər barəsində polisə şikayət etmişdir. Binəqədi RPİ-nin 4-cü PŞ-də izahat verən Cavabdeh1 Vilayət oğlu xx.xx.2025-ci il tarixli izahatında, həqiqətən də, 14000 manat pul aldığını, 2500 manat borclu qaldığını, həmin məbləğdən isə guya ona güzəşt etdiyini bildirmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Vilayət oğlundan 2500 manat məbləğində pulun və ödənilmiş 45 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Vilayət oğlu izahatında İddiaçı cəmi 11500 manat pul qaytardığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən, işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. 17 aprel 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, 2015-ci ildə Bəxtiyar adlı qohumunun tanışı İran İslam Respublikası vətəndaşı Cavabdeh1 6 sot torpaq sahəsi satın aldığını, razılaşmaya əsasən 14.000 manat pul verdiyini, qalan 4.000 manatı da torpaq sahəsinin çıxarışını aldıqdan sonra verməyi öhdəsinə götürdüyünü, 2015-ci ildən 2018-ci ilə qədər gözlədiyini, həmin müddətdə də torpaq sahəsində işlədiyini, 2018-ci ilin sonunda həmin torpaq sahəsini sataraq ona pulunu verəcəyini bildirdiyini, cavabdehə torpaq sahəsini onun iştirakı ilə sata biləcəyini bildirdiyini, lakin ondan xəbərsiz Cavabdeh1 Cavabdeh2lə razılşaraq onun da torpaq sahəsi daxil olmaqla 12 sot torpaq sahəsini ucuz qiymətə satdığını və cavabdehin ona yalnız 11.500 manat pul qaytardığını bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunan 22 fevral 2025-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarın surətindən görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-nə şikayət ərizəsi ilə müraciət etmiş, təhqiqatçı Ayaz Kazımov tərəfindən araşdırma başlanılmış, araşdırma zamanı İddiaçı 2015-ci ildə İran İslam Respublikası vətəndaşı olan Cavabdeh1 Vilayət oğlundan Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ləiş bağlarında 0,06 hektar torpaq sahəsini 18000 manata almağı razılaşaraq, Cavabdeh1 14000 manat pul vermiş, qalan 4000 manatı isə torpaq sahəsi onun adına sənədləşdiriləndən sonra verəcəyini razılaşmışlar, 2018-ci ildə Cavabdeh1 həmin torpaq sahəsi də daxil olmaqla 0,12 hektar torpaq sahəsinə dair qohumu X1 adına çıxarış alandan sonra, torpaq sahəsinin 0,06 hektarını İddiaçı adına rəsmiləşdirmək üçün qalan 4000 manat pulu istəmiş, lakin İddiaçı həmin vaxt pulu olmadığını, torpaq sahəni almaqdan imtina edərək, verdiyi 14000 manat pulu geri istəmiş, Cavabdeh1 da torpaq sahəni satıb onun pulunu qaytaracağını bildirərək torpaq sahəni başqa şəxsə satıb, İddiaçı cəmi 11500 manat pul qaytarmış, qalan 2500 manat pulu isə qaytarmamış və bununla bağlı aralarında narazılıq yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tərəfindən iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2015-ci ildə İran İslam Respublikası vətəndaşı olan Cavabdeh1 Vilayət oğlundan Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ləiş bağlarında 0,06 hektar torpaq sahəsini 18000 manata almağı razılaşaraq, Cavabdeh1 14000 manat pul vermiş, qalan 4000 manatı isə torpaq sahəsi onun adına sənədləşdiriləndən sonra verəcəyini razılaşmışlar, 2018-ci ildə Cavabdeh1 həmin torpaq sahəsi də daxil olmaqla 0,12 hektar torpaq sahəsinə dair qohumu X1 adına çıxarış alandan sonra, torpaq sahəsinin 0,06 hektarını İddiaçı adına rəsmiləşdirmək üçün qalan 4000 manat pulu istəmiş, lakin İddiaçı həmin vaxt pulu olmadığını, torpaq sahəni almaqdan imtina edərək, verdiyi 14000 manat pulu geri istəmiş, Cavabdeh1 da torpaq sahəni satıb onun pulunu qaytaracağını bildirərək torpaq sahəni başqa şəxsə satıb, İddiaçı cəmi 11500 manat pul qaytarmış, qalan 2500 manat pulu isə qaytarmamış və bununla bağlı aralarında narazılıq yaranmışdır. İddiaçı, cavabdehin ona pulunu geri qaytarmadığını görüb, onu rəsmi qaydada xx.xx.2025-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-nə şikayət ərizəsi ilə müraciət etmiş, təhqiqatçı Ayaz Kazımov tərəfindən araşdırma başlanılmış, həmin araşdırma zamanı cavabdeh xx.xx.2025-ci il tarixdə izahat verərək, 14000 manat pul aldığını, 2500 manat borclu qaldığını etiraf etmiş və bunu məhkəmə iclasında verdiyi izahatıyla da təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər Qanunun tələblərinə uyğun olaraq Cavabdeh1 Vilayət oğlu tərəfindən üzərinə götürülmüş öhdəliklər icra edilmədiyindən, cavabdehin Binəqədi RPİ-nin 4-cü PŞ-nə verdiyi izahatında, həmçinin məhkəmə iclas zalında verdiyi izahatında pul almasını etiraf etdiyindən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 Vilayət oğlundan 2500 (iki min beş yüz) manat pul tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş 45 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 Vilayət oğlundan 2500 (iki min beş yüz) manat pul tutularaq, İddiaçı ödənilsin. Ödənilmiş 45 manat dövlət rüsumu cavabdehdən tutularaq, idiaçılara geri qaytarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar