Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3235/2025 28.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mehtiyev Əli Fikrət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 32800 ABŞ dollarına rəsmi məzənnəyə uyğun olaraq 55760 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 258 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2022-ci ildə şahid X1 iştirakı ilə, xx.xx.2022-ci ildə qaytarmaq şərti ilə 30.000 (otuz min) ABŞ dolları borc pul almış və borcun etirafı kimi həmin tarixdə yazılı iltizam (borcun etirafı) da vermişdir. Bu günədək keçən 14 aydan artıq müddət ərzində borcu qaytarmamışdır. xx.xx.2023-cü ildə "Azərpoçt" vasitəsilə borcun qaytarılması haqqında cavabdehə pretenziya (tələbnamə) göndərmiş, cavabdeh həmin pretenziyanı xx.xx.2023-cü ildə poçt qəbzini imzalayaraq almışdır. Bundan sonra ona dəfələrlə müxtəlif vaxtlarda borcun qaytarılmasına vəd vermiş, lakin vədini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqa, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə cavabdeh əsassız varlanmış şəxs hesab olunur və belə faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. 2022- 2023-cü illər ərzində bank uçot dərəcəsi (8,25 - 9) % olmuşdur. Bu hesabla ən azı illik 8% hesabı ilə götürsək geçikdirilən 14 ay üçün cavabdeh əlavə olaraq (8% : 12) x 14 ay x 30000$ / 100 = 2800 ABŞ dolları vəsait də ödəməlidir. Beləliklə, iddia ərizəsi məhkəməyə təqdim edilən vaxt cavabdehin ümumi borcu 30.000 + 2800 = 32800 ABŞ dolları və ya 55760 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, "xxxx" MMC-də baş mühasib vəzifəsində işləyən zaman, şirkətin sahibi Mustafa Korkmazın işçilərin əmək haqqılarını ödəyə bilmədiyi üçün pula ehtiyacının olduğunu, pulun verilməsi üçün yalnız ona etibar olunduğundan iltizama onun qol çəkəcəyi şərti ilə Mustafa Korkmaza pul veriləcəyi bildirildiyindən, tərəfindən iltizama qol çəkdiyini, həmin zaman pul verilmədiyini, pulun üzünü görmədiyi Soltanov Sevil adlı şəxsdən Cəfərov Heydər götürərək maşında Mustafa Korkmaza verildiyini və götürülən pulun 20.000 ABŞ dolları olduğunu bildirdi. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X3 ifadəsində, Cavabdeh uzun illərdi tanıdığını, "xxxx" MMC-də birlikdə işlədiklərini, "xxxx" MMC-nin direktoru Mustafa Korkmazın işçilərin əmək haqqını vermək üçün pula ehtiyacı olduğundan lombard işlədən İddiaçı adlı şəxsdən onun yanında 30.000 ABŞ dolları pulu 1 ay müddətinə qaytarmaq şərtilə Cavabdeh verildiyini, pulun sonradan kimə verilməsinin ona bəlli olmadığını, dəfələrlə qaytarılması üçün müraciət edilsə də, qaytarılmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mustafa Korkmaz ifadəsində, "xxxx" MMC-nin təsisçisi olduğunu, maliyyə çətinliyi ilə əlaqədar işçilərin pulunu ödəyə bilmədiyini, həmin müddətdə direktor olan Heydər Cəfərovdan borc pul tapmasını xahiş etdiyini, o, da pulu Cavabdeh adına verilə biləcəyini demişdir. Çünki onların arasında başqa pul mübahisələri olduğundan ona deyil, Daməd bəyə pulun verilməsi barədə iltizam tərtib edilməli olduğunu bildirmiş, razılaşdıqları vaxt Heydər bəyə bir qadın 18.000 ABŞ dolları pul vermiş və demişdir ki, qayda belədir, 20.000 ABŞ dolları sənəd üzrə yazılır, 2000 ABŞ dolları da özlərinə götürəcəklər. Qarantiya olsun deyə, iltizamda 30.000 ABŞ dolları yazılmışdır. Sonra iltizamın məhv ediləcəyini bildirmişlər. İltizamın pul verilmədən qabaq yazıldığını və Cavabdeh, İddiaçı görməmiş və pulu ondan almamışdır. İş materiallarında olan Cavabdeh tərəfindən əlyazma üsulu ilə icra edilmiş xx.xx.2022-ci il tarixli "Borcun etirafı"n mətni aşağıdakı kimidir: "Mən, Cavabdeh (ş/v: seriya AZE № ********) xx.xx.2022-ci il tarixində İddiaçı Xanməmməd qızından dostum Cəfərov Heydərin şahidliyi ilə 30.000 ABŞ dolları, yəni xx.xx.2022-ci il tarixinə qədər qaytarmaq şərti ilə borc aldım. Qaytara bilmədiyim halda bütün məhkəmə xərclərinin öhdəliyini öz üzərimə götürürəm". Həmin sənəd "xx.xx.2022" tarixi qeyd edilməklə Cavabdeh və Cəfərov Heydər tərəfindən imzalanmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/2763 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı ilə, Cavabdeh arasında xx.xx.2022-ci ildə aldığı 30.000 ABŞ dolları borc pulun 14 ay müddətə gecikdirdiyinə görə illik 5% hesablanmaqla faiz borcu 1750 ABŞ dolları məbləğində müəyyən edilir. İş materiallarına "Whatsapp" tətbiqi vasitəsi ilə aparılmış yazışmalar əlavə edilmişdir. İş üzrə müəyyən edilmiş hallar ondan ibarətdir ki, Mahmudov X2 Sevil Xanməmməd qızından xx.xx.2022-ci ildə Cəfərov Heydər adlı şəxsin şahidliyi ilə xx.xx.2022-ci il tarixinə qədər qaytarmaq şərti ilə 30.000 ABŞ dolları məbləğində borc almışdır. O, bu barədə xx.xx.2022-ci ildə "Borcun etirafı"nı yazıb iddiaçıya təqdim etmişdir. Hazırda iddiaçı 32800 ABŞ dollarına rəsmi məzənnə üzrə uyğun olan 55760 manat pulun cavabdehdən tutularaq ona qayatarılmasını tələb edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd edilməlidir ki, tələb olunan 32800 ABŞ dolları məbləğində borc pul 30000 ABŞ dolları məbləğində əsas borcdan və 2800 ABŞ dolları məbləğində borcun gecikdirilməsinə görə faiz borcundan ibarətdir. Məhkəmə öncə 30000 ABŞ dolları məbləğində əsas borca münasibət bildirərək, hesab edir ki, tələb bu hissədə qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Müəyyən edilir ki, iddiaçı xx.xx.2022-ci ildə cavabdehə 1 ay sonra qaytarmaq şərti ilə şahid Cəfərov Heydərin yanında 30.000 ABŞ dolları məbləğində pul vermişdir. Bu fakt Cavabdeh tərəfindən xx.xx.2022-ci ildə əlyazma üsulu ilə icra edilmiş "borcun etirafı” barədə iltizamda eləcə də, şahid Cəfərov Heydərin ifadəsində öz təsdiqini tapır. Məhkəmə araşdırması zamanı izahatı alınan Cavabdeh iltizamın qabaqcadan yazıldığını daha sonra pulun verildiyini və pul verilən zaman 30.000 deyil, 20.000 ABŞ dolları olduğunu iddia etsə də, məhkəmə onun vermiş olduğu izahatı inandırıcı hesab etmir. Belə ki, “Borcun Etirafı” barədə iltizamdan aydın görünür ki, 30.000 ABŞ dolları Cavabdeh tərəfindən alınmış və o bunu öz imzası ilə təsdiqləmişdir. Məhkəmə qeyd edir ki, verilən məbləğ cavabdehin dediyi kimi 30.000 ABŞ dolları deyil, 20.000 ABŞ dolları olmuşsa, bu hal keçən 3 il müddətində Cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Halbu ki cavabdeh ali təhsilli, uzun müddət mühasib vəzifəsində işləmiş, kifayət qədər yaşa malik şəxsdir. Eyni zamanda məhkəmə iclasında Cavabdeh pulun “Qorxmaz Qrupun” işçilərin əmək haqqını ödənilməsi üçün götürülərək, həmin şirkətin təsisçisi olan Mustafa Korkmaza verildiyini və onun tərəfindən də, İddiaçı məxsus kart hesabına qaytarıldığını bildirsə də, pulun qaytarılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Cavabdeh ilə, Mustafa Korkmaz arasında olan vatsap yazışmalarından göründüyü kimi Mustafa Korkmaz hazırki məhkəmə prosesi davam edən zaman Cavabdeh pulu tez bir zamanda qaytarılacağı, ona heç bir problem yaranmayacağı barədə vədlər verdiyi müəyyən olunur və bu hal iddia olunan pul məbləğinin cavabdeh tərəfindən qaytarılmadığını bir daha təstiq edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməsə də, baş mühasib vəzifəsində işlədiyi "xxxx" MMC-nin sahibi Mustafa Korkmazın işçilərin əmək haqqılarını ödəyə bilmədiyi üçün iltizama onun imza çəkməsini xahiş etdiyini, pulun da onun tərəfindən Mustafa Korkmaza verildiyini bildirsə də, bunları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir, halbuki Azərbayc Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan aldığı 30000 ABŞ dolları rəsmi məzənnəyə uyğun olaraq 51000 manat məbləğində pul vəsaiti qaytarılmalıdır. Məhkəmə əsas borcun gecikdirilməsinə görə 2800 ABŞ dolları məbləğində faiz borca münasibətdə aşağıdakıları bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. İddia ərizəsindən görünür ki, İddiaçı öhdəliyin icrasının gecikdirilməsinə görə cavabdehdən tutulmalı olan faiz borcunu 2022-2023-cü illər üzrə bank uçot dərəcəsi əsasında hesablayaraq cavabdehdən 2800 ABŞ dollar məbləğində pulun tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, pul məbləğinin ödənilməsi gecikdirildikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Ona görə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/2763 nömrəli ekspert rəyi ilə cavabdehin xx.xx.2022-ci ildə aldığı 30000 ABŞ dolları borc pulun 14 ay müddətə gecikdirdiyinə görə illik 5% hesablanmaqla faiz borcunun 1750 ABŞ dollar olduğu müəyyən edilmişdir. Beləliklə, iddia bu hissədə qismən təmin edilməli, borcun gecikdirilməsinə görə 1750 ABŞ dollarının rəsmi məzənnə üzrə uyğun olan 2975 manat məbləğində pul cabadehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı 258 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia tələbi qismən, təmin edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş rüsumunun həmin hissəsi, yəni 251,92 manat cavabehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 30000 ABŞ dolları rəsmi məzənnəyə uyğun olaraq 51000 manat pulun tutularaq, İddiaçı ödənilsin. Cavabdeh gecikdirilmiş 5% borcu 1750 ABŞ dolları rəsmi məzənnəyə uyğun olaraq 2975 manat pulun tutularaq, İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumundan 251,92 manat pulun cavabdehdən tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev.
Məhkəmə qərarları › İş №2(008)-3235/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3235/2025
28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver