Məhkəmə qərarları › İş №2(008)-3243/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3243/2025

04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3243/2025 04.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Cavabdeh3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı "Cavabdeh2 əri Cavabdeh1 məxsus olan Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi İstixana Kombinatında yerləşən 33 nömrəli evin 15 nömrəli mənzilini ona satmaları müqabilində cavabdehlərin ondan aldıqları 147880 manat məbləğində pulun və ödənilmiş 438 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması" barədə ilk iddiasına, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı qarşı "60350 manat maddi zərərin, 25 qram 750 əyar 1 ədəd qızıl boyunbağının dəyəri olan 4000 manat pulun və 10000 manat mənəvi ziyanın ödənilməsi" barədə qarşılıqlı iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı "Cavabdeh2 əri Cavabdeh1 məxsus olan Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi İstixana Kombinatında yerləşən 33 nömrəli evin 15 nömrəli mənzilini 2021-ci ildə ona satmaları müqabilində cavabdehlərin ondan aldıqları 147880 manat məbləğində pulun və ödənilmiş 438 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh2 əri Cavabdeh1 məxsus olan Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi İstixana Kombinatında yerləşən 33 nömrəli evin 15 nömrəli mənzilini ona satmaları müqabilində cavabdehlərin ondan aldıqları 147880 manat məbləğində pulun və ödənilmiş 438 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, o, cavabdehləri 40 ilə yaxındır tanıyır, Cavabdeh3 ilə bir sinifdə oxumuş, qonşu kimi onunla və ailə üzvləri ilə normal münasibətləri olmuşdur. O, 2016-cı ildə Cavabdeh3 7000 manat borc pul almış, lakin bir müddət maddi çətinlik olduğu üçün borcu qaytara bilməmişdir. 7000 manatı ödəyə bilmədiyinə görə Emil və anası Sevda borcun gecikdirilməsinə görə əlavə 12000 manat da ödənilməsini tələb etdilər. Daha sonra cavabdehlər borcu təcili qaytarmasını tələb etdikdə, əlində o qədər nəqd pulunun olmadığını bildirmişdir. Cavabdehlər 7000 manat borcun əvəzində atasına məxsus 28000 manat dəyərində olan 4 sot torpağı əlindən alıb başqa şəxsə satacaqları ilə onu hədələmişlər. İki il keçəndən sonra Emil həmin 4 sot torpağa alıcı gətirmiş, borcu dərhal qaytarmasa torpağı satacağını bildirmişdir. O, torpağın atasının hədiyyəsi olduğunu bildirmiş, 28000 manat dəyərində olan həmin 4 sot torpağı kənar şəxsə satmaması müqabilində Emil və Sevda 7000 manat borca görə əlavə tələb etdiyi 12000 manatdan başqa, ondan əlavə də 9000 manat pul tələb etmişlər. Məcbur qalıb atasının hədiyyəsi olan torpağı onlardan geri qaytarmaq üçün Emil və Sevdaya 12000 manat pul ödəmişdir. Cavabdehlər əlavə olaraq 16000 manat da ödəməyi tələb etmişlər. 2021-ci ilin mart ayının sonlarında Cavabdeh2 əri Cavabdeh1 məxsus olan Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi İstixana Kombinatı 4-cü X.Vəliyev küçəsində yerləşən 33 nömrəli evin 15 nömrəli mənzilini satmaq istədiyini, yaxın adam olmasını, onları da özlərinə ev alana qədər evdən qeydiyyatdan çıxarmamasını istədiklərini bildirmişdir. O, Cavabdeh2 satdığı evi özü üçün almaq istədiyini demişdir. Sevda etiraz etməmiş, evin qiymətini - evə görə 45000 manat, evdə olan əşyalara görə isə 11000 manat olmaqla, cəmi 56000 manata razılaşmışlar, evin pulunu ödədikdən sonra Sevda əri ilə notariusa gedib evi iddiaçının adına notariusda alqı-satqı edib keçirəcəyini bildirmişdir. 2021-ci ilin mart ayının sonlarında evin alqı-satqısına görə o, ilkin ödəniş olaraq Cavabdeh2 20000 manat ödəyib və Cavabdeh2 evin çıxarışını evin açarlarını ona vermiş, o, özünə və ailə üzvlərinə məxsus olan əşyalarını Sevdadan aldığı həmin evə köçürüb orada yaşamağa başlamışdır. 2021-ci ilin iyul ayında o, evin alqı-satqısına görə Cavabdeh2 10000 manat da ödəmişdir. 2022-ci ilin yayında evin alqı-satqısına görə Cavabdeh2 8000 manat pul ödəmişdir. Aralarında olan "WhatsApp" danışıqlarında Sevda ondan 60000 manat almasını təsdiq edir. 2023-cü ilin payızında lombardda olan qızıllarını çıxarmaq üçün ona 20000 manat pul lazım olmuş, o, Sevdadan 20000 manat borc pul götürüb və həmin borcu 2023-cü ilin noyabr ayından başlayaraq, hər ay 2000 manat ödəməklə 2024-cü ilin oktyabr ayına qədər artıqlaması ilə Sevdaya qaytarmışdır. 2023-cü ilin dekabr ayının sonlarında Sevda onların evinə gəlib oğlu Emilə kreditlə təzə ev aldığını, aldığı evə görə beh verdiyini, evə görə qalan pulu təcili ödəməli olduğunu bildirərək, ona satdığı evə görə qalan pulu təcili ödəməyini tələb etmiş, ona demişdir ki, lombarddan çıxardığı qızılları təzədən apar girov qoy pul götür ver ona, beh verib Emilə mənzil almışdır, təcili qalan pulu ödəməlidir, yoxsa behi batar, əks təqdirdə onu evdən çıxaracağı ilə hədələmişdir. O da məcbur qalıb öz qızıllarını və qohumlarından aldığı qızılları "Lombardcini" Bank Olmayan Kredit Təşkilatına girov qoyub 35000 manat pul götürmüş, elə lombardda Sevda həmin 35000 manatı ondan tutub almışdır. Daha sonra 2024-cü ilin mayında Cavabdeh2 ondan 10000 manat pul almışdır, aralarında olan "WhatsApp" danışıqlarında Sevda özü də həmin 10000 manatı ondan almasını təsdiq edir. Bundan başqa, Sevdanın ona satdığı evin alqı-satqısına görə razılaşdığı 56000 manatı və 7000 manat borcun əvəzində əlindən aldığı atasından qalan torpağın qaytarılması müqabilində ondan tələb etdiyi 28000 manatı artıqlaması ilə ödəyib qurtarmağına baxmayaraq, Cavabdeh2 vədinə əməl etməmiş, ona satdığı evi adına sənədləşdirməmişdir. Əksinə, Cavabdeh2 onlara gəlib atasına məxsus olan torpağa və ona satdığı evə görə guya pulu gecikdirdiyini, oğluna aldığı evin kreditini vaxtında ödəyə bilməməsində onu günahlandıraraq banka faiz ödəməli olduğunu bəhanə edərək ondan əlavə pul tələb etmiş, əks təqdirdə evi onun adına sənədləşdirməyəcəyi, onu evdən çıxaracağı ilə hədələmişdir. Ona görə də o, atasından qalan torpağa və ona satdığı evə görə Cavabdeh2 ödədiyi külli miqdarda pulun batmasından ehtiyat edərək məcbur qalıb xx.xx.2024-cü ildən başlayaraq xx.xx.2024-cü ilə qədər kart vasitəsilə köçürmə yolu ilə Cavabdeh2 və oğlu Emilə 42520 manat pul ödəmişdir, kartdan-karta bankomatdan karta pulun ödənilməsi barədə köçürmə qəbzləri də vardır. Həmin pulun bir hissəsini Bakıda olanda ödəmiş, sonra 2024-cil ilin iyun ayının əvvəlində o, rayona gedəndə Emil və Sevda ondan öz kartını, bacısı Cəmalənin kartını, ailə dostu Təranə xanımın və onun oğlu Allahverdinin birbank kapital kartlarını Emil və Sevda almışlar. O, rayonda olanda pulun bir qismini həmin kartlara ödəmiş, Emil də çıxarıb anası Sevdaya vermişdir. Onların kartları hələ də Emil və Sevdadadır, həmin pulların bir hissəsini isə Sevdanın oğlu Emilin verdiyi kartlara köçürmüşdür. "WhatsApp" danışıqlarında Sevda özü də təsdiq edir. Bundan başqa, 2024-cü ilin iyul ayında evin pulundan əlavə Cavabdeh2 ondan 10000 manat, evində qızı Duyğu vasitəsilə 1600 manat pul almışdır. Həmçinin, o, rayonda olanda Cavabdeh2 onlara gəlib evin alqı-satqısına görə əri Nüsrətdən əlavə 13000 manat pul almışdır. Bir dəfə də qonşusu Azad vasitəsilə Cavabdeh2 ondan 5760 manat (2800 ABŞ dolları və 1000 manat) nəqd pul almışdır. Lakin, bütün bunlara baxmayaraq xx.xx.2025-ci ildə onlar evdə olmayanda Cavabdeh2 və oğlu Cavabdeh3 gəlib özbaşınalıq edərək 2021-ci ildə ona satdığı evin qıfılını sındırıb evə girib, əşyalarının bir hissəsini ondan xəbərsiz və icazəsiz çıxardıb evin həyətinə tullamışlar, əşyalarını məhv etmişlər, evin qıfılını dəyişdirmişlər, evdə olan ona məxsus olan digər əşyaların, qızıllarının və s. qiymətli əşyalarının Sevdanın 4 il əvvəl ona satdığı evdə olubolmamasını yoxlamaq imkanı yoxdur, çünki evin qıfıllarını dəyişdiriblər. Bu yaxınlarda ona məlum olmuşdur ki, Cavabdeh2 əri Cavabdeh1 onun əri Şahid9 qarşı "ünvan 1 ünvanında yerləşən evdən cavabdeh Şahid9 məxsus əşyaların çıxarılması" tələbinə dair Sabunçu Rayon Məhkəməsində onlara qarşı iddia qaldırmışdır. Göründüyü kimi, Cavabdeh2 əri Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən evi 2021-ci ildə ona satmışlar, həmin evin satılması müqabilində 2021-2024-cü illər ərzində ondan hissə-hissə 147880 manat pul almışlar, indi də onlara qarşı iddia qaldırıb onları evdən çıxarmaq istəyirlər. Belə olan təqdirdə Cavabdeh2, onun oğlu Cavabdeh3 və əri Cavabdeh1 ünvan 2 ünvanında yerləşən evi ona satmaları müqabilində ondan aldıqları 147880 manat məbləğində pul məhkəmə qaydasında onlardan tutulub ona ödənilməlidir. Digər cavabdehləri də etbarnamə əsasında məhkəmədə təmsil edən Cavabdeh3 ilk iddiaya etirazında bildirmişdir ki, iddiaçı 147880 manat pul tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ildən başlayaraq 2024-cü ilə qədər ayrı-ayrı vaxtlarda güya ki, onlara pul vermişdir, halbuki onun onlara verdiyi pullar iddia ərizəsində əsaslandırdığı qaydada torpağı satarkən özünün borclu olduğu 7000 manat bankdan ona götürüb verdiyi ödənişlərlə bağlı olmuşdur. İddiaçı iddia ərizəsinin əsaslandırıcı hissəsində pulla bağlı münasibətlərin yaranmasının ilkin tarixini 2016-cı ildə ondan aldığı 7000 manat pul olduğunu qeyd etmişdir. Lakin bu belə deyil. İddiaçının onlara, yəni cavabdehlərə ümumilikdə göndərdiyi pul vəsaitini göndərməsinin əsasları borclarla bağlı olmuşdur. Əlavə etdiyi kredit müqaviləsindən aydın görünür ki, xx.xx.2015-ci ildə İddiaçı onun anası Cavabdeh2 10000 manat borc pul almış, pulun verilməsində özünün təşəbbüsü ilə notarial qaydada müqavilə bağlanmışdır. Belə ki, borca pul istəyərkən notarial qaydada müqaviləyə qonşu kimi ehtiyac görmədiyini bildirsə də, pulu evin yaxınlığındakı 39 saylı Notariat Ofisində verilməsini istəmişdir. Lakin kredit müqaviləsindən göründüyü kimi, qeyd olunan 1 il müddətində həmin şəxs onlara pul verməmiş və bununla da bağlı müqavilənin ləğv olunması barədə Notariat Ofisində ərizə yoxdur. Məhkəmədə ona qarşı iddia olmamış, pulu da ondan tələb etməməsinin səbəbi qonşu kimi münasibəti qoruyub saxlamaq istəyi olmuşdur. İddiaçı iddia ərizəsində ondan 20000 manat aldığını etiraf edir. Həmin borcu onlara sübut olunan ödəniş qəbzləri ilə qaytarmasını isə onlardan tələb edir. İddiaçı verdiyi iddia ərizəsinin 4-cü səhifəsində qeyd edir ki, onlara məxsus ünvan 2 ünvanında yerləşən evi 2021-ci ildə satmışlar. Həmin cümlənin arxasınca qeyd edir ki, 2021-ci ildən 2024-cü ilə qədər ******* manat onlara evə görə pul ödəmişdir. İddiaçının dediyindən belə çıxır ki, iddiaçı onlardan evi 2021-ci ildə almasına baxmayaraq onlara sonradan da pul vermiş olur. Ödəniş qəbzləri də 2024-cü ilə istinad edir. İddiaçı iddia ərizəsinin 2-ci səhifəsində qeyd edir ki, 2021-ci ildə onlardan aldığı evin çıxarışını onlar ona şəxsən vermişlər. Lakin iddia ərizəsinə əlavə etdiyi çıxarışın verilmə tarixindən də görünür ki, çıxarış 2024-cü ilin dekabr ayında verilmişdir. İddiaçının onlara verdiyi vədə inanaraq ayrı yerdən ev almışlar. Həmin müddətdə, yəni xx.xx.2024-cü ildə ondan pulunu istəyəndə aldığı evin alqı-satqı müqaviləsini "WhatsApp" vasitəsilə ona göndərərək bildirmişlər ki, onlar ona arxayın olub ev almışlar. İddiaçı bu vasitədən də yalan danışaraq istifadə etmək və əsassız varlanmaq istəyir. İddiaçı iddia ərizəsinin 3-cü səhifəsində xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə qədər ümumilikdə 42520 manat pul verdiyini qeyd edir. Lakin bu belə deyil. Ödəniş qəbzlərinin birində 19 iyun saat 12:58-də ödəniş həyata keçirilən zaman balansında görünür ki, öz balansında olan 5000 manat pulu onlara göndərdiyi kimi məhkəməyə təqdim etmişdir. Yuxarıda qeyd etdiklərindən və iddiaçının bu günkü günü ödəniş qəbzlərini sübut kimi təqdim etməsindən də sual yaranır ki, necə olur ki, məhkəməyə təqdim etdiyi az məbləğdə pulları sübut kimi ödəniş qəbzi ilə ödəyir, tələb etdiyi külli miqdarda pulu iddia ərizəsində adlarını qeyd etdiyi şəxslər vasitəsilə göndərmiş olur? İddiaçının onlara göndərdiyi pul vəsaitləri özünün etiraf etdiyi borclar olub. 10000 və 20000 manat, qalıq ödənilən pullarda onun banka görə ödəniş pulları olub. Məhkəməyə təqdim etdikləri flaşkartda bank ödənişi ilə bağlı səslər sübut kimi qeyd olunub. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı qarşı "60350 manat maddi zərərin, 25 qram 750 əyar 1 ədəd qızıl boyunbağının dəyəri olan 4000 manat pulun və 10000 manat mənəvi ziyanın ödənilməsi" barədə qarşılıqlı iddia vermişlər. Qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdehlər qarşılıqlı iddianı belə əsaslandırmışlar ki, iddiaçı onlarla qonşudur. 2016-cı ildə iddiaçı Cavabdeh3 7000 manat nəqd şəkildə borc pul almış, sonradan iddiaçı və onun bacısı özünə məxsus torpaq sahəsini 22000 manata təklif etmişlər. Razılaşaraq 22000 manatı ona vermiş, o da 7000 manat olan borcunu vermişdir. İddiaçı özünü işə adam düzəltmək, Təhsil Nazirliyində müəllimlik vakansiyalarına işə düzəltmək kimi işlərlə məşğul olduğu kimi tanıdaraq maddi imkanının yaxşılaşdığını bildirmiş, onlara məxsus ünvan 3 ünvanında yerləşən evi və yaxınlıqda yerləşən torpaq sahəsini almaq məqsədilə ümumilikdə 84000 manata şifahi qaydada söhbət etmişlər. Bununla bağlı bankdan pul götürəcəyini və həmin məbləği ödəyəcəyini bildirmişdir. Belə ki, iddiaçı Cavabdeh3 ilə sinif yoldaşı olmuşdur deyə səmimi söhbətinə inanmışlar. Bank işçilərini evə gətirərək ev almaq məqsədini bildirəcəyini, evin dəyərində kredit götürərək onlara verəcəyini vəd etmişdir. Həmin ərəfələrdə işə düzəltmək adı altında Cavabdeh3 tanışını işə düzəltmək adı ilə 10000 manat pul almışdır. Pulu kimdən almağı barədə notarial qaydada təsdiq edilmiş müqavilə var, hansı ki, həmin şəxsi İddiaçı işə düzəldəcəkdi. İşin gec düzəlməsi barədə İddiaçı pulu verən şəxsin işini tələb etməyi ilə bağlı narahatçılıq yaratdığını və narazılıq etdiyini bildirmişdir. O da öz növbəsində niyə notarial qaydada alırdın, əlyazma ilə alardın söyləmişdir. Hər dəfə də iş düzəlir kimi yazılar göndərməklə yanaşı "WhatsApp" səsləri atmışdır. Hər dəfə də demişdir ki, narahat olmasın deyə bizi aldadırdı. Bundan başqa, İddiaçı Cavabdeh2 1 həftəlik 25 qramlıq italyan qızılı 750 əyar boyunbağını verməyini, lombarda qoyub pul götürərək digər bankı bağlayaraq yenidən böyük məbləğdə pul götürərək onlara verəcəyi kimi inandırmışdır. Həmin qızıl da bugünə qədər iddiaçıdadır. Qızılı verməsini tələb etdikdə qızıl satılıb, narahat olma eyni olanı bazardan alıb verəcək demişdir. Bundan əlavə, iddiaçı Cavabdeh3 bankdan öz adına pul götürərək ona verməyini xahiş etmişdir ki, ödənişləri vaxtlı vaxtında ödəyəcək. O da inanaraq 2024-cü ildə 10000 manat kredit götürərək İddiaçı vermişdir. Həmin ərəfələrdə evi olaola başqa yerdən ev almaq istəyini bilən İddiaçı bilirdi ki, əlində bu məqsədlə pul var. Ağlaya-ağlaya mərhəmət hissindən istifadə edərək işə düzəltmək istədiyi adamlardan iş düzəlmədiyi üçün ondan şikayət olunduğunu, pulu qaytarmazsa onun barəsində qanuni tədbir görüləcəyini bildirmişdir. İnanaraq 20700 manat pul vermişlər ki, problemini həll etsin. Flaş kartda 20700 manat borclu olduğunun sübutu kimi qeyd olunub. Bundan başqa, cavabdeh İddiaçı özünün lombarda olan borcunu ödəmək üçün xahiş etmişdir ki, 1000 manat ödəsinlər. Buna görə onlara ödəniş kodu atmışdır ki, ödənişi ödəsinlər. Öz qohumuna məxsus kart da atmışdır ki, bu kart hesabına 2000 manat və 650 manat pul atsınlar. Cavabdehin evlə bağlı iddiasına münasibət olaraq bildirir ki, iddia ərizəsinin giriş hissəsində qeyd etdiyi kimi özünün göstərdiyi təşəbbüslə 84000 manata şifahi qaydada razılaşmışlar ki, bank əməliyyatı edərək həmin pulu ödəyəcəyini və həmin vaxt notarial qaydada alqı-satqı edəcəklər. Həmin pul vəsaitinin 28000 manatı evdən əlavə torpaq sahəsinin alqı-satqısına aiddir. Həmin 28000 manatın 12000 manatını ödəsə də, 16000 manat borcu hələ də qalmaqdadır. Bu barədə özünün şikayəti əsasında Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsində aparılan araşdırma zamanı qəbul olunmuş cinayət işinin başlanılmasının rədd olunması qərarında əksini tapıb. İddiaçı 16000 manat borclu olmasını etiraf etməsinə və həmin pulu guya ki verməsi kimi qeyd etməsinə baxmayaraq bu vaxta qədər verməmişdir. Eyni zamanda, iddiaçı ilk iddia ərizəsində qeyd etmişdir ki, onlar evin çıxarışını 2021-ci ildə ona vermişlər, halbuki Cavabdeh1 həmin evə çıxarışı xx.xx.2024-cü ildə almışdır. Bütün bu olanlar onların səhhətində ciddi problemlərin yaranması, hətta infarkt keçirtməyə kimi gətirib çıxarmışdır. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 səhhəti ilə bağlı epikrizlərdən aydındır ki, iddiaçının hərəkətlərindən sonra onların sağlamlığında ciddi problemlər yaranmaqla mənəvi zərər vurulmuşdur. Bundan sonra Cavabdeh3 məhkəməyə qarşılıqlı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı qarşı verdiyi iddia ərizəsində göstərdiyi boyunbağının dəyəri 4000 manat təşkil edir. Həmin ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək və ona uyğun izahat verərək bildirmişdir ki, 2015-ci ildə notariat qaydada təsdiq edilmiş müqavilə əsasında götürdüyü 10000 manat borcdan 3000 manat ödəmişdir. Qalan 7000 manat borcu ödəyə bilmədiyinə görə cavabdehlər atasına məxsus torpaq sahəsini öz adlarına keçirmiş, həmin 7000 manat borca görə əlavə 12000 manat ödənilməsini tələb etmişlər. O, mənzilə görə 50000 manat, daha sonra 60000 manat vermişdir. Bundan sonra 20000 manat borcundan 11000 manat ödəmişdir. Qalan borcu 9000 manat təşkil edir. Daha sonra 3 ay ərzində 800 manat, cəmi 2400 manat pul ödəmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı ev almaq üçün Cavabdeh2 56000 manat pul vermişdir. İddiaçı qorxmuşdur ki, pul verməsə cavabdeh onu evdən çıxarar. Cavabdeh2 iddiaçıya 10000 manat pul vermiş, lakin həmin məbləğ əri tərəfindən ödənilmişdir. Cavabdehə 9000 manat borcu olduğunu, başqa borcu olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh3 iddianı etiraf etməyərək izahatında bildirmişdir ki, iddiaçı 2015-ci ildə 10000 manat anasından, 7000 manat özündən borc götürmüşdür. Bundan sonra İddiaçı atasına məxsus torpaq sahəsini 22000 manata ona satmışdır. O, həmin pulu verdikdə iddiaçı 7000 manat borcunu qaytarmış, lakin anasından aldığı 10000 manat borcu qaytarmamışdır. Aldığı torpaq sahəsi sənədsiz olduğundan 2016-cı ildə Cavabdeh2 adına bələdiyyə sənədi almışlar. Bundan sonra iddiaçı həmin torpaq sahəsinə görə 12000 manat pul vermiş, bu səbəbdən bələdiyyə sənədi iddiaçıya verilmişdir. İddiaçı həmçinin onlara ev almaq istədiklərini bildirmişdir. Cavabdehlər iddiaçıya X7 məxsus Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi İstixana Kombinatında yerləşən 33 nömrəli evin 15 nömrəli mənzilini 56000 manata satmağı təklif etmiş, iddiaçı da razı olmuşdur. Daha sonra İddiaçı dostu Xəyalın bacısını işə düzəltməyi vəd etmiş, ona görə iddiaçıya 10000 manat pul vermiş, lakin iddiaçı həmin şəxsi işə düzəltməmiş və borcu qaytarmamışdır. İddiaçı anasının 25 qramlıq qızıl boyunbağısını almışdır. Daha sonra 2024-cü ildə bankdan kredit götürərək iddiaçıya 10000 manat borc vermişdir. Bundan başqa o, Şahid2 vasitəsilə iddiaçıdan aldığı 4 bank kartından 37500 manat pul çıxardığını bildirmişdir. Həmin puldan 20000 manat iddiaçının qızıllarını lombarddan götürmək üçün aldığı borcun, 10000 manat anasından 2015-ci ildə kredit müqaviləsi əsasında götürdüyü borcun, 7500 manat isə özünün kredit borcunun qaytarılması üçün verilən məbləğlərdir. Şahid2 vasitəsilə 4 bank kartı ilə yanaşı 415 manat pul götürmüşdür. Məhkəmə baxışı zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Vəkil2 qarşılıqlı iddianı müdafiə edərək ilk iddiaının rədd edilməsini, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, tərəflər qonşularıdır, onlarla münasibətləri yaxşıdır. İddiaçı 2024-cü ilin yay aylarında ona işlətdiyi mağazada konvert verərək Cavabdeh3 götürəcəyini bildirmişdir. Konvertdə 4 bank kartı, 2800 ABŞ dolları və 1000 manat məbləğində pul vəsaiti olmuşdur. Cavabdeh3 mağazaya gələrək konverti götürmüşdür. Mağazada müşahidə kamerası var, lakin qeydə alınan görüntülər 1 ay müddətindən sonra silinir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, iddiaçının bacısıdır. Mollayeva X1 Sevda Tofiq qızından ev almış, pulunu da ödəmişdir. Evin qiymətini dəqiq bilmir, təxminən 50000-60000 manatdır. Hal-hazırda həmin evdə kimin yaşadığı barədə məlumatı yoxdur. İddiaçı faizlər də ödəyirdi, lakin məbləği bilmir. Məhkəmə baxışı zamanı Şahid1 bildirmişdir ki, iddiaçının bacısı Şahid3 qonşusudur, cavabdehləri isə tanımır. İddiaçı bacısıgilə gəldiyində ona pul göndərmək üçün kart lazım olduğunu bildirmiş, bu səbəbdən də o, özünün və anasının bank kartlarını İddiaçı vermişdir. Həmin kartda ona məxsus pul yox idi. İddiaçı güvəndiyi şəxs olduğundan özünün və anasının bank kartlarını ona vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid7 bildirmişdir ki, iddiaçı baldızıdır, cavabdehlər isə qonşularıdır. İddiaçıgildə olduqda Cavabdeh2 İddiaçı ona 9000 manat borcu olduğunu, ona görə də 10000 manat pul ödəməsini tələb etdiyini eşitmişdir. İddiaçı ona Cavabdeh2 borc aldığını demişdir. Cavabdehin İddiaçı əlavə pul istədiyini eşitməmişdir. Bundan başqa, o, özünə məxsus kartdan mobil tətbiq vasitəsilə Cavabdeh3 kartına 1350 manat hissə-hissə pul köçürmüşdür. Kart iddiaçıda olmuşdur. O, İddiaçı müəyyən məbləğin göndərilməsini dedikdə həmin məbləği Cavabdeh3 kartına göndərirdi. Şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, tərəfləri tanıyır, münasibətləri yaxşıdır. İddiaçı cavabdehlərdən ev almışdır, həmin ev üçün əşyaları onun mağazasından almışdır. İddiaçı onunla lotoreya oynayırdı, evin alınmasına görə yaranan borcu qaytarmaq məqsədilə bir neçə dəfə özünə düşən pulun Cavabdeh2 götürəcəyini bildirmişdir. Cavabdeh2 ondan ayrı-ayrı vaxtlarda 10000 manat və 8000 manat iddiaçıya düşən pul götürmüşdür. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, iddiaçının qardaşıdır, cavabdehləri tanıyır. 2024-cü ilin noyabr-dekabr aylarında cavabdehlər iddiaçının onlara 60000 manat borcu olduqlarını bildirmişlər. O, İddiaçı borcu olduğu təqdirdə evin açarını verəcəyini cavabdehlərə demişdir. Lakin iddiaçı ilə danışdıqdan sonra borcu olmadığını, hətta əlavə faiz ödədiyini öyrənmiş, ona görə də evin açarını cavabdehlərə verməkdən imtina etmişdir. Bundan başqa, özünə məxsus evin həyətində Cavabdeh2 İddiaçı ona 52000 manat faiz pulunu ödədiyini bildirmişdir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə həm ilk iddianı, həm də qarşılıqlı iddianı qismən əsaslı hesab edir. Müəyyən edildi ki, xx.xx.2015-ci ildə Qafarova Kəmalə Cəfərqulu qızı kredit müqaviləsinə əsasən Cavabdeh2 1 il müddətinə 10000 manat pul götürmüşdür. İddiaçı 2016-cı ildə Cavabdeh3 7000 manat borc almış, ödəyə bilmədiyi üçün atasına məxsus torpaq sahəsini cavabdehlərə satmış, aldığı puldan 7000 manat borcunu qaytarmışdır. Sözügedən torpaq sahəsinin İddiaçı tərəfindən təkrar alınması üçün 28000 manata razılaşmışlar. Eyni zamanda, İddiaçı Cavabdeh1 məxsus Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi İstixana Kombinatında olan 33 nömrəli evin 15 nömrəli mənzilini 56000 manat qiymətə almağa razılaşmış, daha sonra isə həmin evə ailəsi ilə birlikdə köçmüşdür. Cavabdehlər həmin mənzilin açar yerini dəyişmiş, iddiaçıya məxsus əşyaları oradan çıxarmışlar. İşdə olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi İstixana Kombinatında olan 33 nömrəli evin 15 nömrəli mənzili Cavabdeh1 xüsusi mülkiyyət əsasında məxsusdur. İşdə olan xx.xx.2015-ci il tarixli "Kredit müqaviləsi"ndən görünür ki, Cavabdeh2 Qafarova Kəmalə Cəfərqulu qızına 10000 manat pulu faizsiz olaraq 1 il müddətinə, yəni xx.xx.2016-cı ilədək ödəmək şərti ilə borc vermişdir. İşdə olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi məhəllə 2595-də olan 4 nömrəli evin 15 nömrəli mənzili (yeni qaydalarla: AZ1040, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Yavər Əliyev küçəsi giriş 16 M3 m4) Cavabdeh3 xüsusi mülkiyyət əsasında məxsusdur. İşdə olan notarial qaydada təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"ndən görünür ki, xx.xx.2024-cü ildə Guseinov Rafig Cavabdeh3 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi məhəllə 2595-də olan 4 nömrəli evin 15 nömrəli mənzili (yeni qaydalarla: AZ1040, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Yavər Əliyev küçəsi giriş 16 M3 m4) 140000 manata satmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli "Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar"dan görünür ki, İddiaçı Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, "Lombardcini" Kredit Təşkilatı tərəfindən İddiaçı 36 ay müddətinə 35000 manat məbləğində kredit verilmişdir. İşdə olan notariat qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli "Beh müqaviləsi"ndən görünür ki, Cavabdeh3 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi məhəllə 2595-də olan 4 nömrəli evin 15 nömrəli mənzilin (yeni qaydalarla: AZ1040, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Yavər Əliyev küçəsi giriş 16 M3 m4) Guseinov Rafigə 3000 manat məbləğində beh ödəyir. Məhkəmə ilk iddiaya münasibət bildirərək qeyd edir ki, iddiaçı ümumi olaraq tələb etdiyi 147880 manat pulun hansı məbləğlərdən ibarət olduğunu aydın şəkildə göstərməmiş, məhkəmə araşdırması zamanı sual verildikdə dəqiqliklə izah edə bilməmişdir. Məhkəmə iddia ərizəsində göstərilənlərə əsasən cavabdehdən tələb olunan məbləği şərti olaraq aşağıdakı kimi bölür: 1) torpaq sahəsinə görə ödənilmiş 12000 manat; 2) Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi İstixana Kombinatında olan 33 nömrəli evin 15 nömrəli mənzilin alınmasına görə ödənilmiş 48000 manat; 3) lombarddan qızıllarını çıxarmaq üçün ödənilmiş 20000 manat; 4) Cavabdeh3 beh üçün verilmiş 35000 manat; 5) xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək kart vasitəsi ilə köçürdüyü 42520 manat; 6) qızı Duyğu vasitəsilə verdiyi 1600 manat; 7) əri Nüsrət vasitəsi ilə verdiyi 13000 manat; 8) qonşu Şahid2 vasitəsi ilə verdiyi 5760 manat. Qeyd edilən məbləğlər toplandıqıda 177880 manat alınsa da, tələb olunan məbləğ 147880 manat təşkil edir. Ona görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə uyğun olaraq, irəli sürülən tələb üzrə araşdırma aparmışdır. Məhkəmə öncə torpaq sahəsinə və mənzilə görə tələb olunan pul vəsaitlərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, daşınmaz əmlaka sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Hazırkı iş üzrə müəyyən edilmişdir ki, Cavabdeh3 İddiaçı torpaq sahəsini və Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi İstixana Kombinatı 4-cü X.Vəliyev küçəsində yerləşən 33 nömrəli evin 15 nömrəli mənzili satarkən notariat qaydada təsdiq edilən müqavilə bağlamalı olduqları halda, belə müqavilə bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Göstərilən Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə tərəfindən müəyyən edilir ki, İddiaçı ilə cavabdehlər arasında daşınmaz əmlakın alqı-satqısı ilə bağlı qanunla müəyyən edilən formada bağlanmış etibarlı müqavilə mövcud deyil. Bu halda, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Müəyyən edilir ki, tərəflər torpaq sahəsi üçün 28000 manat, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi İstixana Kombinatı 4-cü X.Vəliyev küçəsində yerləşən 33 nömrəli evin 15 nömrəli mənzil üçün isə 56000 manata razılaşmışlar. Qeyd olunan məbləğlərdən torpaq sahəsinə görə iddiaçının 12000 manat, mənzil üçün isə 38000 manat pul ödədiyi təsdiq olunur. Belə ki, məhkəmə baxışı zamanı Cavabdeh3 İddiaçı torpaq sahəsinə görə 12000 manat ödədiyini etiraf etmişdir. Mənzilə görə ödənilən pullar dindirilmiş şahid ifadəsi ilə təsdiq olunur. Belə ki, Şahid5 İddiaçı ilə "lotoreya" oynadığını bildirmişdir. "Lotoreya" dedikdə bəlli sayda şəxslərin hər ay müəyyən məbləğdə pulu toplayaraq növbə ilə bir-birilərinə verməsi başa düşülür. Şahidin ifadəsinə görə, İddiaçı Tofiq qızına düşən 10000 manat və 8000 manat pul evin borcunun ödənməsi üçün şəxsən Cavabdeh2 tərəfindən götürülmüşdür. Bundan başqa, iddiaçı sözügedən evə görə 20000 manat məbləğdə ilkin ödəniş etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı Şahid6 iddiaçı tərəfindən 20000 manat ilkin ödəniş edildiyini təsdiq etmişdir. Beləliklə, İddiaçı cavabdehlərə torpaq sahəsinə görə 12000 manat, mənzilə görə 38000 manat pul ödədiyi məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiq olunur. Ona görə məhkəmə hesab edir ki, cavabdehlərdən 50000 manat pul alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddiaçının tələb etdiyi 147880 manat məbləğin qalan hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər; Sadalanan normaların birgə təhlilindən görünür ki, öhdəliyin müqavilə üzrə əmələ gəlməsi üçün qanunla müəyyən edilmiş formaya riayət edilməlidir. Bu məbləğlərdə olan pul vəsaiti barədə borc müqaviləsi hüquqi nəticələr yarada bilməsi üçün müəyyən edilmiş formada bağlanmalı olmasına baxmayaraq, tərəflər bu formaya riayət etməmişlər. Ona görə də tərəflər arasında olan münasibətlər borc müqaviləsi kimi qiymətləndirilə bilməz. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmişdir ki, bir tərəf qanuni əsas və ya müqavilə olmadan digər tərəfə pul verildikdə bu əsassız varlanma hesab edilir. Öhdəlikdən kənar qazanılanlar əsassız varlanma qaydalarına uyğun olaraq qaytarılmalıdır. İddiaçı tələb etdiyi 97880 məbləğində pulu cavabdehlərə verdiyini sübuta yetirməlidir, çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı işdə İddiaçı iddia ərizəsində lombarddan qızıllarını çıxarmaq üçün Cavabdeh2 20000 manat aldığını, 2023-cü ilin noyabr ayından 2024-cü ilin oktyabr ayına qədər hər ay 2000 manat pul ödədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh3 pul çıxarmaq üçün iddiaçının ona 4 ədəd bank kartı verdiyini bildirmişdir. O, həmin kartlardan 37500 manat pul çıxardığını, ondan 20000 manatın iddiaçının lombarddan qızıllarını çıxarmaq üçün götürdüyü pulun qaytarılması üçün olduğunu etiraf etmişdir. İddiaçı və cavabdeh arasında 20000 manat borcun verilməsinə dair yazılı müqavilə bağlanmamışdır. Lakin məhkəmə hesab edir ki, tərəflər öz hərəkətləri ilə əqdin bağlanmasının bəyənilməsini nümayiş edərək, öhdəliklərini icra etmişlər. Qanunvericiliyə uyğun olaraq öhdəliyin icrası onun xitamı üçün əsasdır. Başqa sözlə, iddiaçı cavabdehdən 20000 manat borc almış, cavabdeh də həmin borcun qaytarıldığını etiraf etmişdir. Hal-hazırda iddiaçının həmin pulu tələb etməsinin qanuni əsası yoxdur. Ona görə də iddia bu hissədə rədd edilməlidir. Bundan sonra iddiaçı Cavabdeh3 aldığı evin behini ödəmək üçün qızıllarını lombarda qoymaqla 35000 manat pul verdiyini iddia edərək, sübut kimi "Lombardcini" kredit təşkilatı ilə bağladığı kredit müqaviləsini və Cavabdeh3 ilə Guseinov Rafig arasında bağlanmış beh müqaviləsini təqdim etmişdir. Məhkəmə bildirir ki, həmin sübutlar yalnız iddiaçı tərəfindən 35000 manat kredit götürüldüyünü, cavabdeh tərəfindən isə 3000 manat beh ödəmək öhdəliyinin götürüldüyünü təsdiq edir. Lakin həmin sənədlərlə iddiaçı tərəfindən 35000 manat borcun cavabdehə verilməsi sübuta yetirilmir. Ona görə iddia bu hissədə də təmin edilə bilməz. İddiaçı xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək kart vasitəsi ilə 42520 manat köçürdüyünü bildirmiş, sübut olaraq qəbzlər təqdim etmişdir. Həmin qəbzlərin tədqiqi nəticəsində müəyyən edilmişdir ki, pulun göndərildiyi və köçürüldüyü 16 rəqəmli bank hesablarının nömrəsinin 8 rəqəmi əks olunmamışdır. Həmçinin pulu qəbul edən şəxsin adının yalnız ilk hərfləri göstərilmişdir. Beləliklə, məhkəmə üçün hansı hesabdan hansı hesaba və ya kimə məxsus hesaba pulların köçürülməsi aydın deyil, həmin qəbzlər sübut kimi qəbul edilə bilməz, ona görə iddia bu hissədə də təmin edilməməlidir. İddiaçı qızı Duyğu vasitəsilə 1600 manat və əri Nüsrət vasitəsi 13000 manat pulun verilməsini təsdiq edən sübut təqdim etməmiş, cavabdehlər həmin məbləğlərin alınmasını etiraf etməmişdir. Ona görə 1600 manat və 13000 manat pulun cavabdehlərdən tələb edilməsi əsassızdır. Bundan başqa, iddiaçı qonşusu Şahid2 vasitəsi ilə verdiyi 5760 manat (2800 ABŞ dolları və 1000 manat) pulun cavabdehlərdən tutulmasını tələb edir. Cavabdeh3 məhkəmə iclasında həmin pulların alınmasını inkar etsə də, şahid ifadəsi ilə həmin fakt təsdiq olunur. Göstərilən pulun verilməsinin qanuni əsası məhkəmə tərəfindən müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə baxışı zaman iddiaçının nümayəndəsi Vəkil1 ərizə təqdim edərək, xx.xx.2025-ci il tarixli borc müqaviləsinə münasibətdə iddia müddətinin tətbiq edilməsini, həmin müqavilənin sübutlar sırasından çıxarılmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə bildirir ki, cavabdehlərin qarşılıqlı iddiasında həmin xx.xx.2025-ci il tarixli kredit müqaviləsində göstərilmiş məbləğlə bağlı tələb irəli sürülmədiyinə görə iddia müddətinin tətbiq edilməsi üçün əsas yoxdur. Beləliklə, ilk iddia qismən təmin edilərək İddiaçı xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 55760 manat pul tutulmalıdır. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə bildirir ki, cavabdehlər də tələb etdiyi 60350 manat pulun hansı məbləğlərdən ibarət olduğunu aydın şəkildə göstərməmiş, məhkəmə araşdırması zamanı sual verildikdə bunu dəqiq izah edə bilməmişlər. Ona görə məhkəmə qarşılıqlı iddia ərizəsində göstərilənlərə əsasən tələb olunan pul məbləğini şərti olaraq aşağıdakı kimi bölür: 1) torpaq sahəsinə görə ödənilməmiş 16000 manat; 2) dostu Xəyalın bacısının işə düzəldilməsi üçün verilmiş 10000 manat; 3) bankdan kredit götürərək verilmiş 10000 manat; 4) borc verdiyi 20700 manat; 5) iddiaçının qohumuna məxsus bank kartlarına köçürülmüş 2650 manat; 6) 4000 manat 25 qram 750 əyar 1 ədəd qızıl boyunbağının dəyəri; 7) mənəvi ziyana görə 10000 manat. İlk iddiaya münasibət bildirdikdə məhkəmə tərəflər arasında torpaq sahəsinə sərəncam verilməsi barədə əqdin etibarsız olduğunu müəyyən etmişdir. Etibarsız əqd üzrə isə öhdəliyin icrasının tələb edilməsi qanuni hesab edilə bilməz. Ona görə məhkəmə bu qənaətə gəlir ki, qarşılıqlı iddia 16000 manat hissəsində də təmin edilməməlidir. Tələb olunan digər məbləğlərə münasibətdə məhkəmə yuxarıda sadalanan borc müqaviləsinə və əsassız varlanmaya aid Mülki Məcəllənin, eləcə də sübutetmə yükünün bölünməsinə istinad edərək bildirir ki, tərəflər arasında yazılı müqavilələr olmamış, cavabdeh həmin pulların verilməsini təsdiq edən sübutu məhkəmə təqdim etməmiş, iddiaçı yalnız 9000 manat borcu olduğunu etiraf etmişdir. Təqdim edilən səs yazıları, eləcə də "WhatsApp" yazışmaları məhkəmə baxışı zamanı tədqiq edilmiş, lakin həmin sübutlar vasitəsi ilə tələb olunan məbləğlərinin verilməsi öz təsdiqini tapmamışdır. Ona görə məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı 9000 manat tutularaq cavabdehlərə ödənilməlidir. Cavabdehlər 25 qram 750 əyarlı 1 ədəd qızıl boyunbağıya görə 4000 manat pulun tutulmasını tələb etsələr də, məhkəməyə onun iddiaçıya verilməsini təsdiq edən sübut təqdim etməmişlər. Ona görə qarşılıqlı iddia bu hissədə təmin edilməməlidir. Tələbin mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarının 1-ci bəndində deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarında Plenum izah etmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum Qərarında daha sonra deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göründüyü kimi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddianın təmin edilməsinin şərtlərindən biri iddiaçıya zərərin vurulmasında cavabdehin təqsirinin müəyyən edilməsidir. Hazırkı işdən görünür ki, cavabdehlər məhkəməyə iddiaçının təqsirli hərəkəti və ya hərəkətsizliyi nəticəsində onlara mənəvi zərərin vurulması ilə bağlı hər hansı mötəbər sübut təqdim edə bilməmişlər. Ona görə məhkəmə bu qənaətə gəldi ki, qarşılıqlı iddia bu hissədə də təmin edilməməlidir. Beləliklə, qarşılıqlı iddia qismən təmin edilərək İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xeyrinə 9000 manat pul tutulmalıdır, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, İddiaçı Cəfərquzu qızı tərəfindən ilk iddia üzrə xx.xx.2025-ci ildə ********** nömrəli mədaxil qəbzi ilə 421 manat, xx.xx.2025ci il tarixli mədaxil qəbzi ilə 17 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cəmi 147880 manat məbləğində iddianın 55760 manat hissəsi (37,70 faiz) təmin olunduğuna görə bu məbləğə mütənasib olaraq dövlət rüsumunun 37,70 faizi, yəni 165,12 manatı cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 272,88 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Qarşılıqlı iddia üzrə Cavabdeh2 xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi ilə 302 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cəmi 65350 manat məbləğində iddianın 9000 manat hissəsi (13,77 faiz) təmin olunduğuna görə bu məbləğə mütənasib olaraq dövlət rüsumunun 13,77 faizi, yəni 41,58 manatı cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 260,42 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İlk iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 55760 manat pul və ödənilmiş 165,12 manat dövlət rüsumu, cəmi 55925,12 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İlk iddia qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 272,88 manat hissəsi ona aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 9000 manat pul və 41,58 manat dövlət rüsumu, cəmi 9041,58 manat məbləğində pul tutularaq cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ödənilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumunun 260,42 manat hissəsi onlara aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X11.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar