Məhkəmə qərarları › İş №2(008)-3250/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3250/2022

14.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3250/2022 14.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(051)-1288/2015 saylı qətnaməsi ilə müəyyən edilən və Sabunçu Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-1221/2017 saylı qətnaməsinə əsasən artırılan, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən təyin olunmuş 110 manat alimentin miqdarının artırılaraq hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması, mediasiya xidməti üçün ödədiyi 51 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuşdular. xx.xx.2012-ci il tarixdə X5 doğulmuşdur. Sabunçu Məhkəməsinin xx.xx.2017ci il tarixli, 2(008)-1221/2017 saylı qətnaməsilə Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(051)-1288/2015 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq 110 manat müəyyən edilmişdir. Həmin məbləğ hal-hazırda uşağın saxlanması üçün kifayət etmir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək qeyd etdi ki, özü də işləyir, uşağa anası baxır, lakin uşağın tələbatları artır, qazandığı pul kifayət etmir. Xahiş edir iddia təmin edilsin. Məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək qeyd etdi ki, bir başqa uşağına da aliment ödəyir, xahiş edir iddia rədd edilsin. Məhkəmə, tərəflərin izahatlarının dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İlddiaçı ilə cavabdehin yetkinlik yaşına çatmamış bir uşaqları var - xx.xx.2012-ci il tarixdə doğulmuş X5 (AZ-İ seriyalı 108783 №-li doğum haqqında şəhadətnamə). İddiaçı ilə cavabdehin arasında olan nikah xx.xx.2015-ci il tarixdə ləğv edilmişdir (AZ-İ seriyalı 220994 №-li nikahın pozulması haqqında şəhadətnamə). Sabunçu Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-1221/2017 saylı qətnaməsilə Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(051)-1288/2015 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq 110 manat müəyyən edilmişdir. Hazırda iddiaçı aliemntin məbləğinin 110 manatdan 193 manata artırılmasını istəyir. Cavabdeh xx.xx.2004-cü il tarixdə doğulmuş X1 18 yaşına çatana qədər saxlanması üçün Məcnunova Hicran Məcnun qızına hər ay 70 manat aliment tutulur (Ağdaş rayon İcra Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış). Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən təmin olunmalı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. xx.xx.2021-ci il tarixdə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 193 manat olduğu halda, bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Lakin, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, cavabdehin digər uşağı X4 18 yaşına çatana qədər, yəni xx.xx.2022-ci il tarixədək cavabdehdən 150 manat, həmin tarixdən sonra isə 193 manat məbləğində aliment tutulmalıdır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda iddiaçı mediasiya xidməti üçün ödədiyi 51 manat pul vəsaitinin cavabdehdən tutulmasını da istəyir. Məhkəmə hesab edir ki, həmin xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən məhkəmə xərcini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilmişdir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda hazırki iddianın qiyməti 996 manat təşkil edir (193-110 x 12 = 996). Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(051)-1288/2015 saylı qətnaməsi ilə müəyyən edilən və Sabunçu Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)- 1221/2017 saylı qətnaməsinə əsasən artırılan alimentin məbləği artırılaraq, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx.xx.2022-ci il tarixədək 150 manat, xx.xx.2022-ci il tarixdən sonra 193 manat məbləğində hər ay İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə xərcləri üzrə mediasiya sessiyasına ödənilmiş 51 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar