Məhkəmə qərarları › İş №2(008)-3267/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3267/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3267/2021 19.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki işə kiçik iddia (sadələşdirilmiş icraat) üzrə icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.06.2018-ci il tarixli, 00177152 saylı nisyə alqı-satqı müqaviləsi üzrə cavabdehdən İMEİ kodu **********72030 olan “Samsung Galaxy S9 Plus” markalı mobil telefon üçün 905 manat ödənilməmiş hissə, 90 manat cərimə borcu, ümumilikdə 995 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1025 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16.06.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, sonuncu İMEİ Kodu **********72030 olan “Samsung Galaxy S9 Plus” markalı mobil telefon almış və nəticədə 995 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq, satış qiyməti 2875 manat (24 ay x 115 manat + 115 manat ilkin ödəniş), İMEİ kodu **********72030 olan “Samsung Galaxy S9 Plus” markalı mobil telefon üçün ümumilikdə 995 manat olmaqla, ondan 905 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla, 90 manat cərimə borcu yaranmışdır. Cavabdehin ödədiyi ümumi məbləğ 1970 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödənilməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 23-1-ci fəslində təsbit edilmiş müddəalar rəhbər tutularaq, iddianın qiyməti nəzərə alınaraq, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası MPM-in 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq, tərəf olduqları mülki işə, iddianın məbləği iki min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi xahiş edilmiş, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən, həmin Məcəllənin 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan 16.06.2018-ci il tarixli, 00177152 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, 115 manat ilkin ödəniş olunmaqla, iddiaçı "xxxx" MMC tərəfindən İMEİ kodu **********72030 olan “Samsung Galaxy S9 Plus” markalı mobil telefon 24 ay müddətinə, aylıq 115 manat ödənilməsi şərti ilə Cavabdeh satılmışdır. İş materiallarında olan 16.06.2018-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********72030 olan “Samsung Galaxy S9 Plus” markalı mobil telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 16.06.2018-ci il tarixli ödəniş cədvəlinə əsasən, cavabdehlə iddiaçı arasında bağlanmış 16.06.2018-ci il tarixli, 00177152 saylı nisyə alqı-satqı müqaviləsi ilə cavabdehə satılmış İMEİ kodu **********72030 olan “Samsung Galaxy S9 Plus” markalı telefon üçün hər ay 115 manat olmaqla, 24 ay müddətində ümumilikdə 2760 manat ödənilməlidir. İş materiallarında olan 11.03.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, “Samsung Galaxy S9 Plus” markalı mobil telefon üçün Cavabdeh borcu 905 manat ödənilməmiş hissə, 90 manat cərimə borcu, ümumilikdə 995 manat təşkil edir. İş materiallarında olan 30.04.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, 16.06.2018-ci il tarixli, 00177152 saylı müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirməyəcəyi təqdirdə, məhkəməyə müraciət olunacağı barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, götürdüyü İMEİ kodu **********72030 olan “Samsung Galaxy S9 Plus” markalı mobil telefonun ödənişlərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən, məhkəmə bu qənaətə gəlir ki, iddia əsaslı olduğundan, təmin edilməli, Cavabdeh 905 manat əsas borc və 90 manat cərimə borcu olmaqla, cəmi 995 manat borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 16.06.2018-ci il tarixli, 00177152 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 905 (doqquz yüz beş) manat əsas borc, 90 (doxsan) manat cərimə borcu olmaqla, cəmi 693 (altı yüz doxsan üç) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar