Məhkəmə qərarları › İş №2(008)-3279/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3279/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3279/2021 21.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22.05.2020-ci il tarixli, D36-05/20 və 17.07.2020-ci il tarixli, D/50 mal, iş və xidmətlərin alqı-satqı müqavilələrinə əsasən, 1500,00 (bir min beş yüz manat) manat, 988,00 (doqquz yüz səksən səkkiz ABŞ dolların) ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankın ödəniş gününə olan rəsmi məzənnəsi ilə manatla (AZN) olan əsas borc pulları, 1.000 (bir min manat) manat məbləğində əldən çıxmış faydanı və 31 manat dövlət rüsumun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC maşınlara mühərrikinin yanacaq sisteminin benzin yanacaq növündən sıxılmış metan təbii qaz yanacağına keçirilməsi üçün zəruri avadanlıqları öz hesabına əldə edib, quraşdıraraq satışı ilə məşğuldur. İddiaçı MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 22.05.2020-ci il tarixli, D36-05/20 nömrəli mal, iş və xidmətlərin alqı-satqı müqaviləsinə əsasən, 3 ay müddətinə, hər ay 500,00 (beş yüz manat) manat ödəniş etməklə, 1500,00 (bir min beş yüz manat) manata, Cavabdeh oğlunun istifadəsində olan “Khazar LX” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı minik maşınına mühərrikinin yanacaq sisteminin benzin yanacaq növündən sıxılmış metan təbii qaz yanacağına keçirilməsi üçün zəruri avadanlıqları öz hesabına əldə edib quraşdıraraq satılmışdır. Bu barədə 22.05.2020-ci il tarixli, 85 nömrəli akta əsasən maşına metan qaz qurğusu quraşdırılmış avtomobili Cavabdeh oğluna təhvil verilmişdir. İddiaçı MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 17.07.2020-ci il tarixli, D/50 nömrəli mal, iş və xidmətlərin alqı-satqi müqaviləsinə əsasən, 4 ay müddətinə, hər ay 247,00 (iki yüz qırx yeddi) ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankın ödəniş gününə olan rəsmi məzənnəsi ilə manatla ödəniş etməklə, 988 (doqquz yüz səksən səkkiz) ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankın ödəniş gününə olan rəsmi məzənnəsi ilə manata cavabdehi Cavabdeh oğlunun istifadəsində olan “Khazar LX” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı minik maşınına mühərrikinin yanacaq sisteminin benzin yanacaq növündən sıxılmış metan təbii qaz yanacağına keçirilməsi üçün zəruri avadanlıqları öz hesabına əldə edib quraşdıraraq satılmışdır. Bu barədə 17.07.2020-ci il tarixli, 103 nömrəli akta əsasən maşına metan qaz qurğusu quraşdırılmış avtomobilin Cavabdeh oğluna təhvil verilmişdir. Lakin Cavabdeh oğlu 22.05.2020-ci il tarixli, D36- 05/20 nömrəli mal, iş və xidmətlərin alqı-satqi müqaviləsinə əsasən, 3 ay müddətinə, hər ay 500,00 (beş yüz) manat ödəniş etməli olduğu halda, 22.05.2020-ci il tarixdən şifahi və yazılı xəbərdarlıqlar etməklərinə baxmayaraq, heç bir ödəniş etməyərək 1500,00 (bir min beş yüz) manat və 17.07.2020-ci il tarixli, D/50 nömrəli mal, iş və xidmətlərin alqı-satqi müqaviləsinə əsasən 4 ay müddətinə, hər ay 247,00 (iki yüz qırx yeddi) ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankın ödəniş gününə olan rəsmi məzənnəsi ilə manatla ödəniş etməli olduqları halda, 17.07.2020-ci il tarixdən xəbərdarlıqlar etməklərinə baxmayaraq, heç bir ödəniş etməyərək 988,00 (doqquz yüz səkkən) ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankın ödəniş gününə olan rəsmi məzənnəsi ilə manatla əsas borcları qalmışdır. 22.05.2020-ci il tarixli, D36-05/20 və 17.07.2020-ci il tarixli, D/50 nömrəli mal, iş və xidmətlərin alqı-satqi müqavilələrin 10.3-cü bəndinə əsasən, Cavabdeh oğlu ödəniş etmədiyi üçün, 21.02.2021 -ci il tarixdə yazılı xəbərdarlıq edərək, 22.05.2020-ci il tarixli, D36-05/20 və 17.07.2020-ci il tarixli, D/50 nömrəli mal, iş və xidmətlərin alqı-satqi müqavilələr iddiaçı tərəfindən xitam edilmişdir. Bir ildir hər iki müqavilə üzrə Cavabdeh oğlu heç bir ödəniş etmədiyi üçün 1.000 (bir min manat) manat məbləğində əldən çıxmış faydaları olmuşdur. 22.05.2020-ci ci il tarixli, D36-05/20 və 17.07.2020-ci il tarixli, D/50 nömrəli mal, iş və xidmətlərin alqı-satqi müqavilələrin 6.3-cü bəndinə əsasən mübahisəli hallar yarandıqda, məsələnin həllinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmasına iddiaçı və cavabdeh tərəflər razıdırlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh oğlu iddianı qismən qəbul edərək bildirdi ki, 22.05.2020-ci il tarixli, D36-05/20 və 17.07.2020-ci il tarixli,D/50 mal, iş və xidmətlərin alqı-satqı müqaviləsinə əsasən 1500 manat və 988 ABŞ dolları borcu qəbul edir. Əldən çıxmış fayda 1000 manat tutulması hissəsində iddianı qəbul etmədiyini bildirdi. Bu barədə ərizəni məhkəməyə təqdim etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasın gəlməmiş, bunun səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan «İddiaçı” MMC ilə Cavabdeh arasında bağlanmış 22.05.2020-ci il tarixli, D36-05/20 nömrəli mal, iş və xidmətlərin alqı-satqı müqaviləsindən görünür ki, «İddiaçı” MMC “Khazar LX” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı minik maşınının mühərrikinin yanacaq sisteminin benzin yanacaq növündən sıxılmış metan təbii qaz yanacağına keçirilməsi üçün zəruri avadanlıqları öz hesabına quraşdırmağı, Cavabdeh oğlu isə 3 ay müddətinə, hər ay 500 (beş yüz) manat ödəniş etməklə, 1500 (bir min beş yüz) manat ödəməyi öhdəsinə götürmüşdür. - «İddiaçı” MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 17.07.2020-ci il tarixli, D/50 nömrəli mal, iş və xidmətlərin alqı-satqı müqaviləsindən görünür ki, «İddiaçı” MMC “Khazar LX” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı minik maşınının mühərrikinin yanacaq sisteminin benzin yanacaq növündən sıxılmış metan təbii qaz yanacağına keçirilməsi üçün zəruri avadanlıqları öz hesabına quraşdırmağı, Cavabdeh oğlu isə 4 ay müddətinə, hər ay 247 (iki yüz qırx yeddi) ABŞ dolları ödəniş etməklə, 988 (doqquz yüz səksən səkkiz) ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. - 22.05.2020-ci il tarixli 85 nömrəli aktdan görünür ki, avtomobil sahibi avtomobilə qaz avadanlığı quraşdırılması texniki tələblərə cavab verdiyi və sahibinə saz vəziyyətdə təqdim edildiyi barədə aktı imzalamış və avtomobili təhvil almışdır. - 17.07.2020-ci il tarixli 103 nömrəli aktdan görünür ki, avtomobil sahibi avtomobilə qaz avadanlığı quraşdırılması texniki tələblərə cavab verdiyi və sahibinə saz vəziyyətdə təqdim edildiyi barədə aktı imzalamış və avtomobili təhvil almışdır. - 03.03.2021-ci il tarixdə Cavabdeh oğlu tərəfindən təhvil alınmış xəbərdarlığın surətindən görünür ki, cavabdeh müqavilələr üzrə yaranmış borcun ödənilməsi barədə xəbərdar edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun r i s k dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 22.05.2020-ci il taixli və 17.07.2020-ci il tarixli malın, işin və xidmətlərin alqı-satqı müqaviləsinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi tam yerinə yetirdiyi halda cavabdeh hər iki müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməyərək, müqavilələr üzrə heç bir ödəniş etməmiş, hər iki müqavilə üzrə iddiaçıya borcu yaranmışdır. Məhkəmə iddia tələbinin 1.000 (bir min) manat məbləğində əldən çıxmış fayda hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı cavabdehdən əldə çıxmış 1000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etsə də, iddia tələbini həmin hissədə nə məhkəmə iclasında, nə də ki mülki işin materiallarında əsaslandıra bilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Beləliklə də, iddia qismən təmin edilərək, Cavabdeh oğlundan 22.05.2020-ci il tarixli, D36-05/20 saylı müqaviləyə əsasən 1500 (bir min beş yüz) manat və 17.07.2020-ci il tarixli, D/50 saylı müqaviləyə əsasən isə 988 (doqquz yüz səksən səkkiz) ABŞ dollar ( ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində borc pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddiada qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi əsas hissədə tam təmin edldiyindən iddiaçı tərəfindən ödənilmiş 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh oğlundan 22.05.2020-ci il tarixli, D36-05/20 saylı müqaviləyə əsasən 1500 (bir min beş yüz) manat və 17.07.2020-ci il tarixli, D/50 saylı müqaviləyə əsasən isə 988 (doqquz yüz səksən səkkiz) ABŞ dollar ( ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində borc pul və 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar