Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-328/2023 13.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 30 000 (otuz min) manat vəsaitin tutularaq ona ödənilməsi, ödənilmiş 180 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında mülkiyyətində olan mənzili təmir etdirmək istəmişdir. Bildirir ki, o, işlə əlaqədar daima ölkə xaricində olduğu üçün təmirə nəzarət edə bilməmiş, bu səbəbdən də rəsmi şirkətlə işləmək istəmişdir. Bu məqsədlə internetdə gedən reklamlar arasında axtarış etmişdir və cavabdeh "xxxx" MMC-ni seçmişdir. Şirkətin rəhbəri olan Pərvin Sadıqovla ofislərində görüşmüşdür və onların şirkəti ilə işləməyə razılığa gəlmişdir. Bundan sonra sövdələşərək 46605 manata razılaşmış və 25 dekabr 2020ci il tarixdə aralarında müqavilə imzalamışdır. Müqavilə imzalandıqdan sonra tərəfindən 06 yanvar 2021-ci il tarixdə 18 000 manat, 05 iyul 2021-ci il tarixdə isə 12 000 manat olmaqla toplam 30 000 manat vəsaiti MMC-nin xəzinəsinə ödəmişdir. Azərbaycana qayıtdıqdan sonra təmirlə maraqlanaraq, mənzilə getmiş və məlum oldu ki, demək olar ustalar tərəfindən heç bir iş görülməyib. Şirkətlə bu haqda maraqlandıqda işlərinin çox olması, bu səbəbdən də işdə gecikmə olduğunu bildirmişdir dedi. Həmçinin qısa müddətə təmiri bitirəcəyinə söz vermişlər. Qısa müddət sonra o, yenidən ölkə hüdudlarından kənara getməli olmuşdur. 2021-ci ilin sonu yenidən qayıtdığı zaman mənzilə baxdıqda məlum oldu ki, cavabdeh təşkilat heç bir təmir aparmamışdır. Şirkətlə əlaqə saxlamaq istədikdə ofisi tərk etdikləri üçün bu mümkün olmadı. Məlum olan telefonlara isə artıq cavab verilməmişdir. Bu zaman o, artıq aldandığını anlamış və məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili Vəkil ərizə ilə müraciət edərək Bakı şəhərindən kənarda olduğunu, iddia tələbini müdafiə etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının vəkili qeyd edilən podrat müqaviləsnin 2 mənzilin təmiri üçün tərtib edildiyini bildirmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli podrat müqaviləsinin surətindən görünür ki, tərəflər arasında olan müqaviləyə əsasən podratçı bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsində qeyd olunan təmir-tikinti işlərini yerinə yetirməyi, Sifarişçi isə İşlərin bu Müqavilə ilə razılaşdırılmış dəyərini ödəməyi öz öhdəsinə götürür. Cavabdeh MMC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 176010 nömrəli qəbzdən görünür ki, Rəcəbov Nəriman tərəfindən şəxsi evin təmiri üçün 18700 manat məbləğndə pul ödənmişdir. Cavabdeh MMC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 175975 nömrəli qəbzdən görünür ki, Rəcəbov Nəriman tərəfindən şəxsi evin təmiri üçün 12000 manat məbləğində pul ödənmişdir. xx.xx.2017-ci il tarixli “Rahatlığın Məkanı-Gold” ilə X1 arasında bağlanmış 17 S nömrəli alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” ünvan 2 ünvanında tikilməkdə olan binanın, 3-cü bina 5-ci blok 10-cu mərtəbəsində yerləşən 40 nömrəli mənzili “Alıcı”ya verməyə, “Alıcı” isə həmin mənzili qəbul etməyə və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli “Rahatlığın Məkanı-Gold” ilə X1 arasında bağlanmış 17 S nömrəli alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” ünvan 3 ünvanında tikilməkdə olan binanın, 3-cü bina 5-ci blok 10-cu mərtəbəsində yerləşən 39 nömrəli mənzili “Alıcı”ya verməyə, “Alıcı” isə həmin mənzili qəbul etməyə və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2017-ci il tarixli və xx.xx.2019-cu il tarixli maliyyə arayışlarına əsasən ünvan 2 ünvanında tikilməkdə olan binanın, 3-cü bina 5-ci blok 10-cu mərtəbəsində yerləşən 40 nömrəli mənzil və ünvan 3 ünvanında tikilməkdə olan binanın, 3-cü bina 5-ci blok 10-cu mərtəbəsində yerləşən 39 nömrəli mənzilə görə İddiaçı MMC-yə borcu olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekpertiza rəyindən görünür ki, Bakı şəhəri, F.Yusubov küçəsində yerləşən, 81 saylı evin İddiaçı mülkiyyətində olan və baxış zamanı təqdim olunmuş 1-ci mənzildə aparılmış təmittikinti işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 4949.0 manat və 2-ci mənzildə aparılmış təmir-tikinti işlərinin təqribi ümumi dəyəri 10466.0 manat məbləğində müəyyən olunur. Bakı şəhəri, F.Yusubov küçəsi, ev 81, mənzil 40 dair müqavilə, sxem və ya cizgi olmadığından, baxış zamanı təqdim olunmuş mənzillərin hansı biri 40 saylı mənzilə aid olmasını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə podrat müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.1-ci maddəsinə əsasən Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.2-ci maddəsinə əsasən Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada podrat müqaviləsi bağlanaraq, cavabdehə müqavilənin ilkin mərhələsi üçün xx.xx.2021-ci il tarixdə 18700 manat və xx.xx.2021-ci il tarixdə 12.000 manat pul vəsaiti verilmişdir, iddiaçının cavabdeh şirkətə xx.xx.2021-ci il tarixdə 18700 manat və xx.xx.2021-ci il tarixdə 12.000 manat pul vəsaiti verilməsini CavabdehMMC-nin kassa mədaxil orderlərindən müəyyən edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək iddiaçı tərəfindən cavabdehə 30000 manat məbləğində pul vəsitinin ödənilməsinə baxmayaraq cavabdehin hər iki mənzildə heç bir iş görməmiş olduğunu bildirsədə, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın vermiş olduğu rəydən görünür ki, iddiaçı tərəfindən tətqiqata təqdim edilmiş hər iki mənzildə müəyyən təmir-tikinti işləri aparılmışdır. Həmçinin ekspertin rəyindən müəyyən edilir ki, birinci mənzildə aparılan təmir işlərinin təqribi dəyəri 4949 manat, 2-ci mənzildə aparılan təmir işlərinin təqribi dəyəri isə 10466 manat olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı tərəfindən cavabdehə ödənilmiş ümumi məbləğin iddiaçı tərəfindən tələb edilən hissəsindən-30000 manat hissəsindən hər iki mənzilin təmirin xərclənmiş pul vaisiti çıxılmalı, yerdə qalan təmirə xərclənməmiş məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. (30000-4949-10466=14585) Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 180 manat məbləğində dövlət rüsumunun 90 manat hissəsi Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan əlavə iddia tələbi qismən təmil edildiyindən ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaiti tərəflərin hər ikisinə aid ediləməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh KHAN Group MMC-dən 14585 ( on dört min beş yüz səksən beş) manat məbləğində pul, 90 (doxsan) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. 100 (yüz) manat ekspertiza xərcinin 50 manat olan hissəsi KHAN Group MMC-dən, 50 manat hissəsi isə İddiaçı tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-328/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-328/2023
13.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver