Məhkəmə qərarları › İş №2(008)-3290/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3290/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3290/2021 21.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «İddiaçı” ASC-nin cavavdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «İddiaçı” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 30 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3050,07 manat əsas borc, 739,84 manat faiz borcu, 738,28 manat cərimə və kredit müqaviləsi üzrə 30.08.2020-ci il tarixdən 19.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 80,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 4609,04 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 30 may 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 28 faizlə 12 ay müddətinə 5000 manat kredit götürmüşdür. 07 may 2020-ci il tarixli əlavə Sazişə əsasən kreditin müddəti 30 avqust 2020-ci il tarixədək müəyyən edilir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 30 may 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il martın 19-dək Cavabdeh1 banka 30 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3050,07 manat əsas borc, 739,84 manat faiz borcu, 738,28 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4528,19 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bundan başqa, 19 mart 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 30 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3050,07 manat əsas borc, 739,84 manat faiz borcu, 738,28 manat cərimə və kredit müqaviləsi üzrə 30.08.2020-ci il tarixdən 19.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 80,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 4609,04 manat borcu vardır. 30 may 2019-cu il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. İddiaçı «İddiaçı” ASC nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” İKB ASC ilə Cavabdeh1 Ramiz oğlu arasında bağlanmış 11-MZ-1-0-1248-19 nömrəli, 30.05.2019-cu il tarixdə mikro kredit müqaviləsinə əsasən cavavdehə 12 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 5000 (beş min) manat kredit vermişdir. - “xxxx” İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 30.05.2019-cu il tarixli, 11-MZ-1- 0-1248-19 nömrəli Zaminlik müqaviləsindən görünür ki, borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. -19.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Ramiz oğlunun 30.05.2019-cu il tarixli müqavilə üzrə banka olan 3050.07 (üç min əlli manat, yeddi qəpik) manat əsas borc, 739.84 (yeddi yüz otuz doqquz manat, səksən dörd qəpik) manat faiz borcu, 738.28 (yeddi yüz otuz səkkiz manat, iyirmi səkkiz qəpik) manat cərimə borcu və kredit müqaviləsi üzrə 19.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz hesablanmış 80.85 (səksən manat, səksən beş qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 4528.19 (dörd min beş yüz iyirmi səkkiz manat, on doqquz qəpik) manat təşkil edir. - 30.05.2019-cu il tarixli, 11-MZ-1-0-1248-19 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə aylıq ödəniş 482.53 manat müəyyən edilmişdir. -30.05.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 5000 (beş min) manat məbləğində pulu təhvil almışdır. -07.05.2020-ci il tarixdə 30.05.2019-cu il tarixli, 11-MZ-1-0-1248-19 nömrəli kredit müqaviləsinə əlavə olan 1 nömrəli sazişdən bilinir ki, kredit müddəti 30.08.2020-ci il tarixədək uzadılmış, borc məbləği kapitallaşdırılmaqla 3050.07 (üç min əlli manat, yeddi qəpik) manat təşkil etmişdir. - 07.05.2020-ci il tarixli, 11-MZ-1-0-1248-19 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə müddət 3 ay uzadılmışdır. -07.05.2020-ci il tarixdə 30.05.2019-cu il tarixli, 11-MZ-1-0-1248-19 nömrəli zaminlik müqaviləsinə əlavə olan 1 nömrəli sazişdən bilinir ki, kredit müddəti 30.08.2020-ci il tarixədək uzadılmış, borc məbləği kapitallaşdırılmaqla 3050.07 (üç min əlli manat, yeddi qəpik) manat təşkil etmişdir. -06.02.2021-ci il tarixli, AİHTD-2369 nömrəli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər müqavilə üzrə öhdəliklərin icrasının həyata keçirməsi qanunla müəyyən olunmuş qaydada tələb olunmuşdur. Müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişlər. -752419883 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, 30.40 (otuz manat,qırx qəpik) dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavavdehlərdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh1 Ramiz oğlu iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, zamin Cavabdeh2 isə borclunun əvəzinə hər hansı ödəniş etməmiş və bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də, cavabdehlər onların risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidirlər. Məhkəmə cavabdehlər tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas, faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas, faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulması hissəsində tam təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə 3050.07 (üç min əlli manat, yeddi qəpik) manat əsas borc, 739.84 (yeddi yüz otuz doqquz manat, səksən dörd qəpik) manat faiz borcu məbləğində müəyyən olunduğu halda cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 738.28 (yeddi yüz otuz səkkiz manat, iyirmi səkkiz qəpik) manat məbləğində cərimə (dəbbə) pulu məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunu azaldaraq 10 (on) manat müəyyən edilməsini cavabdehlərin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə 19.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz hesablanmış 80.85 manat məbləğində əldən çıxmış fayda hissəsinə münsibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsasız olduğundan təmin edilməlidir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3050.07 (üç min əlli manat, yeddi qəpik) manat əsas borc, 739.84 (yeddi yüz otuz doqquz manat, səksən dörd qəpik) manat faiz borcu, 10 (on) manat cərimə borcu və kredit müqaviləsi üzrə 30.08.2020-ci il tarixdən 19.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) fazilə hesablanmış 80.85 (səksən manat, səksən beş qəpik) manat əldən çıxmış fayda olmaqla, cəmi 3880.76 (üç min səkkiz yüz səkkiz manat, yetmiş altı qəpik) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar