Məhkəmə qərarları › İş №2(008)-3321/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3321/2021

06.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3321/2021 06.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı, Cavabdeh X5 iştirakı ilə, İddiaçı cavabdeh X2rşı “aliment miqdarının artırılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı “aliment miqdarının artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X3 16.08.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində aliment tutulmaqla aliment məbləğinin artırılması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-8005/2018 –ci il tarixli, 21 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X3 16.08.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün 16.10.2018-ci il tarixdən hesablanmaqla hər ay 154 manat sabit pul məbləğində aliment və 16.08.2017-ci il təvəllüdlü X7 3 (üç) yaşına çatana kimi saxlanması üçün hər ay 50 manat aliment tutularaq, İddiaçı Vaqif qızının xeyrinə ödənilməsi qət edilmişdir. Alimentin məbləği 300 manatadək artırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının 31 dekabr 2020-ci il tarixli 1699-VQ saylı qanunun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi uşaqlar üçün minimum məbləğ 175 manatadək artılırılmışdır. Lakin bu yalnız qanunda nəzərdə tutulan minimum məbləğdir və hazırda uşaqların maddi tələbləri bundan çox yüksəkdir. Odur ki, həmin artım nəzərə alaraq, cavabdehdən uşağa görə tutulan aliment məbləği heç olmazsa ən azı 300 manata qaldırılmalıdır. Əlavə olunmuş qətnamədən də görünür ki, cavabdehin buna hər cür imkanı var. Belə ki, o, Socar da işləyir və yüksək əmək haqqı əldə edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X8 iddia tələbinin qismən qəbul edərək, rəsmi və qeyri-rəsmi olaraq iş yeri olmadığını, birgə nikahdan 3 uşağı olduğunu bildirdi. Məhkəmədən 200 manat məbləğində aliment tutulmasını xahiş etdi. Bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və qanuni qüvvəsini almış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8005/2018 nömrəli, 21 noyabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X3 16.08.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün 16.10.2018-ci il tarixindən hesablanmaqla hər ay 154 manat sabit pul məbləğində aliment İddiaçı Vaqif qızının xeyrinə tutulması qət edilmişdir. Qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehin qazancını nəzərə alaraq hər ay sabit pul məbləğində 300 manat miqdarında alimentin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etsə də, cavabdehin hər ay qazancının və əlavə gəlirlərinin məbləğinin, iş yerinin mövcud olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh isə könüllü surətdə yazılı ərizə yazaraq iddia tələbini qismən qəbul edərək hər ay 200 manat sabit pul məbləğində alimenti ödəməyə etiraz etmədiyini bildirmişdir. Beləliklə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 175 manat yaşayış minimumundan da azdır və uşağın tələbatını ödəyə bilməz. Bununla da uşaqların maraqlarını pozduğundan, onların maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən, o cümlədənən cavadehin 200 manat sabit pul məbləğində aliment ödəməsinə etiraz etmədiyindən məhkəmə hesab edir ki, uşaqın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı 200 manat məbləğində artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı və cavabdeh X5 birgə nikahından doğulmuş 16 avqust 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli, 2(008)-8005/2018 nömrəli qətnaməsi ilə tutulan sabit pul məbləğində alimentin miqdarı artırılaraq, cavabdeh X3 İddiaçı xeyrinə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar