Məhkəmə qərarları › İş №2(008)-334/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-334/2023

14.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-334/2023 14.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona dəymiş zərərin əvəzi kimi 1435 manat məbləğində pul vəsaiti, 35 manat dövlət rüsumunun əvəzi və təmir aktına görə ödədiyi 10 manat məbləğində xərcin əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, təxminən saat 12:20-də idarə etdiyi “KİA Optima” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Rüstəmov küçəsi ilə hərəkət edərkən onun idarə etdiyi “Opel Zafira” markalı, **-TE-*** dövlət nişanlı avtomaşına anidən sağa manevr edərək idarə etdiyi avtomaşınla toqquşmuşdur. Cavabdehin səhlənkarlığı nəticəsində, ona 1435 manatlıq ziyan vurulmuşdur. Cavabdehə şifahi şəkildə xəbərdarlıq edilməsinə, ona vurduğu ziyanı ödəməli olması bildirilməsinə baxmayaraq, cavabdeh onun sözlərinə heç bir əhəmiyət vermir. Hadisə zamanı avtomobilinin sığortası olmadığına görə, cavabdeh hadisə yerindən qaçmışdır. Buna baxmayaraq, o, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar, DİN-in 102 xidmətinə zəng vurmuşdur. Cavabdeh barəsində Nizami DYPŞ-nin əməkdaşları tərəfindən TP ******* saylı, xx.xx.2022-ci il tarixli İnzibati tənbeh verilmə haqqında qərar tərtib olunaraq, (100) manat məbləğində cərimə edilmişdir. Onun idarə etdiyi avtomobilə dəymiş ziyanla bağlı “Cahan Motors” Opel servisi tərəfindən xx.xx.2022-ci il tarixdə 1435 manatlıq ziyan akt tərtib olunmuşdur. Göstərilənlərə əsasən, tələbin təmin olunması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib tələbinin barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, Cavabdeh, əvvəlki məhkəmə iclasında iştirak edən zaman iddia tələbi ilə qismən razılaşaraq bildirmişdir ki, iddiaçının avtomobii 2009-cu il buraxılışlıdır. Lakin tələb olunan məbləğ yeni detallar üçün müəyyən edilmişdir. O, avtomobilin dəmir hissəsini əzmiş və fara hissəsinə ziyan dəymişdir. İddiaçıya avtomobilin özü tərəfindən təmir olunmasını təklif etsə də, iddiaçı buna razı olmamışdır. Beləliklə, cavabdeh ondan tələb olunan məbləğin şişirdirilmiş olduğu qənaətindədir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin etirazını nəzərdən keçirib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən və i.a. istifadə edilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin mübahisəssiz halından görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 12:20 radələrində yol nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh idarə etdiyi “Kia Optima” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçıya məxsus “Opel Zafira” markalı, **- TE-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuş, cavabdeh İXM-nin 327.1, 469.1 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Qeyd edilənlər işdə olan TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar, inzibati xəta haqqında İXP ******* nömrəli protokol, tərəflərin xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nizami RPİ DYPŞ-nə ünvanladığı izahatları və digər sənədlərlə təsdiqlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə hesab edir ki, mülki hüqüq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində İddiaçı məxsus “Opel Zafira” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər yetirilmişdir. İş materiallarında olan “Cahan Motors” Opel servisi tərəfindən tərtib olunmuş təmir aktından və satış fakturasından görünür ki, avtomaşının təmiri və görülən işlərin dəyəri 1435 manat təşkil edir, İddiaçı tərəfindən 10 manat məbləğində pul ödənilmişdir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizalarına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2022-ci il tarixli, 9/4492 №-li və xx.xx.2022-ci tarixli, 9/7784 №-li ekspert rəyinə əsasən, “Cahan Motors” tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avto hissələrin qiymətləri nəzərə alınmaqla, 2009-cu il buraxılışlı, “Opel Zafira” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1435 manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə alınmış ekspert rəyləri toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Bununla əlaqədar olaraq, həmçinin qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və işin araşdırılan hallarını nəzərə alaraq məhkəmə, belə nəticəyə gəlir ki, iddiaçıya dəymiş maddi ziyan 1435 manat məbləğində qiymətləndirilməklə, iddia tələbi təmin edilərək Cavabdeh həmin məbləğdə pul vəsaiti tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 35 manat məbləğində dövlət rüsumu ödəmiş və 10 manat məbləğdə xərc çəkmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsini əsaslı hesab edərək qeyd edir ki, iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 35 manat məbləğində dövlət rüsumunun və qüsur aktına görə çəkilmiş xərcin əvəzi olaraq 10 manat cavabdedən alınaraq, iddiaçının xeyrinə ödənilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 200 manat təşkil edir, iddia təmin edildiyindən, ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə, yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 1435 (bir min dörd yüz otuz beş) manat, ödənilmiş dövlət rüsumuna görə 35 (otuz beş) manat, təmir aktına görə çəkilmiş xərcin əvəzi olaraq 10 (on) manat olmaqla, cəmi 1480 (bir min dörd yüz səksən) manat məbləğində pul vəsaiti tutulsun. İş üzrə keçirilmiş keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar