Məhkəmə qərarları › İş №2(008)-336/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-336/2023

13.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-336/2023 13.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçılar İddiaçı və Nümayəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı və Nümayəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlardan “Lexus Es 250” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 3650 manat və digər nəqliyyat vasitələrinə çəkdikləri 350 manat pul vəsaitinin xeyirlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında rəsmi qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşayan İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan, “Lexus Es 250” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin avtomobili etibarnamə əsasında idarə edən Nümayəndə Sabunçu qəsəbəsindən şəhər şossesi ilə mərkəz istiqamətində hərəkət etdiyi vaxt sağa - Balaxanı istiqamətinə dönərkən, manevr etdiyi zaman qarşısında hərəkət edən “MercedesBenz 817 D” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili yolun tam döngə hissəsinə doğru geriyə hərəkət edən zaman “Lexus Es 250” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissəsindən vurmuşdur. Qəza zamanı xəsarət alan olmasa da, cavabdehin təqsirindən idarə etdiyim avtomobilə xeyli miqdarda zərər vurulmuşdur. Sıradan çıxmış detallar aşağıdakılardır: -arxa krılo LH; -arxa stop krılo üstü LH; -qermetika; -zaklyopka və parpres kantı. Qəza baş verdikdən sonra “MercedesBenz 817D” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün Qobustan rayonu, Şıxzahırlı kəndində yaşayan Cavabdeh2 olduğu məlum olmuşdur. Həmin şəxsə dəfələrlə ya zərəri ödəməsini, ya da avtomobilini bərpa etməsini bildirsələr də, nəticəsi olmamışdır. "xxxx" MMC-də keçirilmiş avtomobilə baxış və qiymətləndirmə aktına əsasən, yeni detalların alınması, təmir-bərpa işlərinə çəkiləcək ümumi xərc 3650 manat təşkil edir. Qəza zamanı, Sabunçu RPİ-nin DYPŞ-nin YNH-si üzrə baş inspektoru, polis kapitanı Sahib Mirzəyev hadisə yerində olaraq hadisə yerinin cizgisini çəkmiş və hər ikisi də onu imzalamışlar. Heç kimin etirazı olmamışdır. Hadisənin hüquqi nəticəsi barədə xx.xx.2022-ci il tarixdə Cavabdeh2 barəsində qayda pozuntusuna görə inzibati xəta haqqında protokol yazılmış və qərar çıxarılmışdır. İddiaçıların rəsmi iş yeri yoxdur, xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən dayanmışdır, taksi xidmətlərindən istifadə edirlər. Ona görə də hal-hazıradək taksi xidmətlərindən istifadəyə görə xərcləri 350 manat kimi qiymətləndirirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddianı müdafiə edərək, iddia ərizəsinin məzmuna uyğun izahat verib, məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə razı olduğunu bildirib, dəymiş ziyan məbləği kimi orada göstərilən pul məbləğinin tutulmasına etiraz etməmişdir. Həmçinin taksi xidmətindən istifadə ilə əlaqədar xərclədiyi 350 manat pulun əvəzinin də cavabdehlərdən tutulmasını xahiş etdi. Digər iddiaçı və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmuna uyğun izahat verib, təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən və i.a. istifadə edilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin mübahisəsiz halı bundan ibarətdir ki, xx.xx.2022-ci il tarixdə, saat 15:30 radələrində yol nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi “Mersedes-Benz 817D” yük markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı məxsus, Nümayəndə tərəfindən idarə olunan “Lexus ES250” minik markalı, **-TJ- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, ona maddi ziyan vurmuşdur. Qeyd edilənlər işdə olan TP ******* seriya nömrəli inzibati tənbeh vermə haqqında qərar, İXP ******* seriya nömrəli inzibati xəta haqqında protokol, nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında ƏN-V-768609 və ƏN-Vİİ 676731 nömrəli etibarnamələr, AE 096631 və AB 598806 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələri və digər sənədlərlə təsdiqlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə hesab edir ki, mülki hüqüq pozuntusu (delikt) Cavabdeh2 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində İddiaçı məxsus “Lexus ES250” minik markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər yetirilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qiymətləndimə aktından görünür ki, avtomaşının təmiri, xidmət haqqı və ehtiyat hissələri üçün tələb olunan xərclər siyahısına əsasən “Lexus ES250” minik markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir xərcləri 3093,22 manat, ƏDV 556 manat olmaqla, ümumilikdə 3650 manat təşkil edir. İşdə olan "xxxx" MMC tərtib olunmuş xx.xx.2022-ci il giriş, xx.xx.2022-ci il çıxış tarixli aktdan görünür ki, sözügedən avtomaşına 2950 manat təmir xərci çəkilmişdir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş zərər aktı aktı əsasında hesablanma aparılmış və həmin aktdakı təmir xərci göstərilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-336/2023 saylı qərardadı əsasənda məhkəməyə təqdim edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin digər – xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, göstərilmiş suallara aydınlıq gətirilməmiş, hər hansı tədqiqat aparılmamışdır. Göstərilən qərardad, icra edilməsi məqsədilə yenidən həmin quruma mülki işlə birlikdə gödərilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2023 il tarixli ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" servis tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Lexus ES250” minik markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri hadisə baş verən tarixə təxminən 2501 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə alınmış xx.xx.2023 il tarixli ekspert rəyi toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Bununla əlaqədar olaraq, həmçinin qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və işin araşdırılan hallarını nəzərə alaraq məhkəmə, belə nəticəyə gəlir ki, iddiaçıya dəymiş maddi ziyan 2501 manat məbləğində qiymətləndirilməklə, iddia tələbi təmin edilərək Cavabdeh2 ziyan məbləğinin İddiaçı xeyrinə tutulması hissəsində təmin edilməli, qalan hissədə isə aşağıdakılara əsasən rədd edilməlidir. Belə ki, ziyan vurulmuş avtomobil İddiaçı mülkiyyətindədir. Həmin avtomobilə ziyan vuran “Mersedes-Benz 817D” yük markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobil isə etibarnamə əsasında xx.xx.2021-ci il tarixdən 9 il 5 ay 17 gün müddətinə Cavabdeh1 tərəfindən Cavabdeh2 qanuni sahibliyi və istifadəsinə verilmişdir. Yəni sözügedən avtomobil qanuni əsaslarla Cavabdeh1 qanuni sahiblik və istifadəsindən çıxmışdır. Beə olan halda, iddiaçı dəymiş ziyan məbləğinin həmin şəxsdən tutulmasını tələb etməkdə haqlı olmamışdır. Digər tərəfdən ziyan vurulmuş avtomobil İddiaçı mülkiyyətində olduğundan məhkəmə hesab edir ki, iddia tələbi Nümayəndə münasibətdə təmin edilə bilməz. İddiaçı avtomobilinə vurulmuş ziyana görə ondan istifadə edə bilməməsi nəticəsində taksi xidmətindən istifadəyə görə düşdüyü zərər kimi 350 manat pulun tutulmasını da tələb etsə də, həmin hissədə məhkəməyə sübut təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, qeyd olunan hissədə iddia təmin edilməməlidir. Məhkəmə bu qənaətə gələrkən, alternativ və daha münasib qiymətlə xidmət göstərən sərnişin daşıma xidmətlərindən istifadə imkanının mövcudluğunu da nəzərə alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsini əsaslı hesab edərək qeyd edir ki, iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh2 alınaraq, iddiaçının xeyrinə ödənilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli ekspert təqdiqatının dəyəri 60 manat, xx.xx.2023-cü il tarixli rəyin dəyəri 50 manat, xx.xx.2023-cü il tarixli ekspert tədqiqatının dəyəri 50 manat təşkil edir. Lakin xx.xx.2023-cü il tarixli rəydən görünür ki, eksert tərəfindən hər hansı tədqiqat aparılmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli ekspert tədqiqatının dəyəri olan 60 manat və xx.xx.2023-cü il tarixli ekspert tədqiqatının dəyəri olan 50 manat cavabdehə aid edilməli və ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 İddiaçı xeyrinə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 2501 (iki min beş yüz bir) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutulsun. İş üzrə çəkilmiş cəmi 110 (bir yüz on) manat ekspertiza xərci Cavabdeh2 aid edilməklə, ondan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar