Məhkəmə qərarları › İş №2(008)-3367/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3367/2021

05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3367/2021 05.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla «alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla «alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi » tələbinə dair iddia ərizəsi ilə müraciət edərək ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi. Əli Kərim küçəsi, 120 saylı fərdi yaşayış evinin 1-ci mərtəbə, 74.0 kv.m, 2 otaq, 4 saylı mənzilin və 1-ci mərtəbə, 77.0 kv.m, 2 otaq, 2 saylı mənzilə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, mənzilə dair çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh adına ünvan 1 fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilsə də, bəzi vətəndaşlar yaşadıqları mənzilləri pulunu nəğd ödəməhklə müqavilə əsasında almışlar. Həmin mənzil alıcılarından biri də odur. Cavabdeh 07.07.2018-ci il tarixdə ünvan 1 ünvanda inşa edilən binanın 1-ci mərtəbəsindən 2 (iki) otaqdan ibarət 74.0 kv.m və 2 (iki) otaqdan ibarət 77 kv.m olan 2 ədəd mənzil almış, ümumilikdə 74.0 kv.m mənzil üçün 63.000 (altmış üç min) manat və 77.0 kv.m mənzil üçün 65.000 (altmış beş min) manat ödəmişdir. Lakin bu günə qədər aldığı mənzillərə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış ala bilməmişdir. Qeyd olunan mənzillər onun mülkiyyətindədir. Mənzillərə çıxarış ala bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh və maraqlı şəxs məhkəmə iclasının vaxı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, iddia tələbini qəbul edərək, təmin edilməsinə etiraz etmədiyin, o cümlədən bildirdi ki, həqiqətənda iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı mənzilini dəyərini tam şəkildə cavabdehə ödəmişdir. Lakin ha-hazırda cavabdehin Bakı şəhər Sabunçu rayonu Əli Kərim küçəsində 120 saylı evindəki payın üzərində məhkəmənin qərarı əsasında həbs olduğundan alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilə bilmir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 07.07.2018-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilədən görünür ki, ünvan 2 ünvanda inşa edilən ümumi sahəsi 77 kvadratmetr olan 1-ci mərtəbədə yerləşən, 2 otaqdan ibarət olan 2 nömrəli 65000 manat dəyəri olan mənzili pay barədə icraçı Cavabdeh ilə payçı İddiaçı arasında müqavilə bağlanmışdır. -07.07.2018-ci il tarixli, arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ə.Kərim küçəsi 120 ünvanına yerləşən 2 otaqlı 77 kvadratmetr olan yaşayış sahəsi üçün 65000 (altmış beş min) AZN məbləği ödəmişdir. -07.07.2018-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilədən görünür ki, ünvan 2 ünvanda inşa edilən ümumi sahəsi 74 kvadratmetr olan 1-ci mərtəbədə yerləşən, 2 otaqdan ibarət olan 4 nömrəli 63000 manat dəyəri olan mənzili pay barədə icraçı Cavabdeh ilə payçı İddiaçı arasında müqavilə bağlanmışdır. -07.07.2018-ci il tarixli, arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ə.Kərim küçəsi 120 ünvanına yerləşən 2 otaqlı 74 kvadratmetr olan yaşayış sahəsi üçün 63000 (altmış üç min) AZN məbləği ödəmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 14.06.2021ci il tarixli **********57 nömrəli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh mülkiyətində olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 3 ünvanının hüquq sahibləri kimi X8 2-ci mərtəbə, 2 otaq, ü/s- 59.9kv.m, y/s-36.4kv.m, k/s-23.5kv.m və 2.4kv.m açıq eyvan və qalan hissəyə isə Cavabdeh mülkiyyətçi kimi qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 22.07.2021ci il tarixli **********06 nömrəli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən müəyyən olunur ki, ünvan 3 ünvanının payçılar X12, X6, X9, X4, X2, X10, X3 və X1 payları ayrı –ayrılıqda göstərilmiş, yerdə qalan hissə isə Cavabdehu adına qeydiyyata alınmışdır. -- Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 22.07.2021-ci il tarixli **********06 nömrəli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Cavabdeh sözügedən fərdi yaşayış evinin qalan hissəsinin payçısıdır. Cavabdeh hissəsinə natura bölgüsü aparılmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Azərbaycan Respublikası Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Beləliklə məhkəmə araşdırması zaman müəyyəm olundu ki, iddiaçı ilə cavabdeh arasında 07.07.2018-ci il tarixdə yaşayış binasında mənzil tikintisi haqqında müqavilələr bağlanmışdır. Və həmin müqavilələr əsasında icraçı Cavabdeh, öz mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi, 120 saylı fərdi yaşayı evinin 1-ci mərtəbə, 74.0 kv.m, 2 otaq, 4 saylı mənzilə və 1-ci mərtəbə, 77.0 kv.m 2 otaq, 2 saylı mənzilləri payçı İddiaçı verməyi öhdəsinə götürmüş, öz növbəsində iddiaçıda həmin məzillərin dəyərini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı 07.07.2018-ci il arayışlarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi, 120 saylı fərdi yaşayı evinin 1-ci mərtəbə, 74.0 kv.m, 2 otaq, 4 saylı mənzil və 1-ci mərtəbə, 77.0 kv.m 2 otaq, 2 saylı mənzillər üçün 63.000 və 65.000 manat ödəniş etməsinə baxmayaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)- 755/2019 saylı, 12.09.2019-cu il tarixli qərardadına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi, 120 saylı fərdi yaşayış evinin Cavabdeh aid hissəsinə həbs qoyulduğundan tərəflər araında bağlanmış müqavilə qanunvericliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi, 120 saylı fərdi yaşayı evinin 1-ci mərtəbə, 74.0 kv.m, 2 otaq, 4 saylı mənzilə və 1-ci mərtəbə, 77.0 kv.m 2 otaq, 2 saylı mənzilə dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.3-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi, 120 saylı fərdi yaşayı evinin 1-ci mərtəbə, 74.0 kv.m, 2 otaq, 4 saylı mənzilə və 1-ci mərtəbə, 77.0 kv.m 2 otaq, 2 saylı mənzilə dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar