Məhkəmə qərarları › İş №2(008)-3367/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3367/2024

28.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3367/2024 28.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi ilə, İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təhkim edilmiş elektron nəzarət vasitəsinin 2277.40 manat dəyərində pul məbləğinin ondan tutularaq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkum Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-880/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək, 1 il 11 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Məhkəmə tərəfindən məhkumun üzərinə yaşadığı ünvanı axşam saat 22.00-dan səhər saat 08.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitəni işlək vəziyyətdə saxlamaq və s. vəzifələri qoyulmuşdur. Hökm və onun icrasına dair xx.xx.2022ci il tarixli göstərişi xx.xx.2022-ci il tarixdə Bakı şəhər Pprobasiya İdarəsinin icraatına daxil olmuş, məhkum xx.xx.2022-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyatdan keçərək, onunla ilkin qaydada fərdi söhbət aparılmış və ona yaşadığı ünvanda “Attenti” markalı elektron nəzarət vasitəsi komplektinə daxil olan elektron qolbaq tətbiq edilərək ona üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” xx.xx.2023-cü il tarixli texniki rəydən müəyyən edilmişdir ki, mobil nəzarət qurğusunun ana platada elementlərin üzərində korroziya müşahidə olunur, təmiri mümkün deyildir və istifadəyə tam yararsızdır. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi maliyyə arayışına görə həmin elektron nəzarət vasitəsini dəyəri 2277.40 manat təşkil edir. Məhkum tərəfindən dəymiş ziyan ödənilmədiyindən və mübahisənin başqa həlli mövcud olmadığından, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli qərarının 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh təhkim edilmiş elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 manat məbləğində pul vəsaitinin alınıb Ədliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Bakı şəhər Probasiya İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eyni zamanda, məktubla məhkəməyə müraciət edərək, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-880/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh 10 avqust 2022ci il tarixdən 18 noyabr 2022-ci il tarixədək həbsdə saxlandığı 03 ay 08 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 ay 16 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Cavabdeh üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, hökmün icrasına nəzarətin Cavabdeh yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməsi, Cavabdeh cəzasını çəkməsinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh barəsində seçilmiş «həbs» qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməsi və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Cavabdeh dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi, iş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan narkotik vasitə olan 0, 906 qram heroin hökmün qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, Cavabdeh ərazi narkoloji dispanserdə qeydiyyata alınması, ekspertiza tədqiqatının dəyəri 114 manat Cavabdeh tutularaq dövlət nəfinə keçirilməsi, iş üzrə maddi sübut – 01 ədəd “CD” diskin iş materiallarında saxlanılması hökm edilmişdir. - Cavabdeh tərəfindən Bakı şəhər Probasiya İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli izahatın surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-880/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmünə əsasən üzərinə qoyulmuş vəzifələri yerinə yetirəcəyini öhdəsinə götürmüş, üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən mütəmadi və yaxud qərəzli boyun qaçırdıqda ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin daha ağır cəza növü ilə - müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi üçün məhkəməyə təqdimat veriləcəyi icra məmuru tərəfindən izah olunmuşdur. - azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, Cavabdeh 1 ədəd “Attenti” markalı 35655767 seriya nömrəli elektron nəzarət qurğusu komplekti (1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd enerji götürücü qurğu, 1 ədəd seriya nömrəli sadə elektron qolbaq 078CE20843) təhvil verilmiş və ona hökmün tələbləri, o cümlədən, üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. - Cavabdeh tərəfindən Bakı şəhər Probasiya İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli izahatın surətindən görünür ki, Cavabdeh elektron nəzarət vasitəsinin cibindən suya düşdüyünü, həmin an qurğunun söndüyünü və işləmədiyini, enerjiyə qoyduqda açılmadığını görüb yararsız hala düşdüyünü bildirmişdir. Bununla bağlı icra məmuruna məlumat vermişdir. - elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyin surətindən görünür ki, Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitəsinə keçirilmiş texniki baxış nəticəsində env-nin ana platasında elementlərin üzərində korroziya müşahidə olunduğu, təmirinin mümkün olmadığı və istifadəyə tam yararsız olduğu müəyyən edilmişdir. - "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, “Attenti” markalı elektron nəzarət vasitəsinə (komplektə) daxil olan - 1 ədəd sadə elektron qolbaq, 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektrik adapteri, 1 ədəd proqram lisenziyası 1930 manat, 347.40 manat ƏDV daxil olmaqla, cəmi 2277.40 manat dəyərindədir. İşin araşdırılmış hallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-880/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh cəzasının icrasına nəzarət qaydasında “Attenti” markalı, ümumi dəyəri 2277.40 manat olan elektron nəzarət komplekti təhkim edilmiş, ona üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Lakin elektron nəzarət komplektinə baxış keçirilərkən mobil nəzarət qurğusunun işlək vəziyyətdə olmadığı və yararsız hala salındığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1. maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh “Attenti” markalı elektron nəzarət komplektinin dəyəri olan 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, Cavabdeh 42.77 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Attenti” markalı elektron nəzarət komplektinin dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödənilsin. Cavabdeh 42.77 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar