Məhkəmə qərarları › İş №2(008)-3368/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3368/2024

04.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3368/2024 04.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə iddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı "cavabdehə təhkim edilmiş elektron nəzarət vasitəsinin 2277,40 manat məbləğində dəyərinin ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X1 hesabına ödənilməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı Şəhər Probasiya İdarəsi Cavabdeh qarşı "cavabdehə təhkim edilmiş elektron nəzarət vasitəsinin 2277,40 manat məbləğində dəyərinin ondan tutularaq Bakı Şəhər Maliyyə İdarəsinin hesabına ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin təşəbbüsü ilə Bakı Şəhər Maliyyə İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək həmin məbləğin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X1 hesabına ödənilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-432/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm və onun icrasına dair göstəriş xx.xx.2023-cü ildə Bakı Şəhər Probasiya İdarəsinin icraatına daxil olmuş, məhkum həmin gün İdarədə qeydiyyata alınaraq onunla ilkin qaydada fərdi söhbət aparılmış və xx.xx.2023-cü ildə ona "Attenti" markalı elektron nəzarət vasitəsi komplektinə daxil olan elektron qolbağ tətbiq edilərək ona üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Müvafiq protokolla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ, bir ədəd enerji toplayıcısı Cavabdeh tətbiq edilərək təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Narkoloji Mərkəzi" publik hüquqi şəxsdən daxil olmuş məktubda məhkum Cavabdeh xx.xx.2024-cü ildə Mərkəzin ixtisaslaşdırılmış şöbəsində məcburi müalicəyə yerləşdirildiyi bildirilmişdir. Qeyd olunan Mərkəzdə xx.xx.2024-cü ildə məhkumun elektron nəzarət vasitəsinə baxış keçirilmiş, bu zaman mobil qurğunun məhkumun üzərində olmadığı aşkar edilmişdir. Həmin tarixdə məhkumdan izahat alınmış, o, izahatında mobil qurğunu itirdiyini bildirmişdir. Məhkum Cavabdeh tətbiq edilən elektron qolbağ üzərindən açılmış və xx.xx.2024-cü il tarixli aktla birlikdə Elektron monitorinq idarəsinə təhvil verilmişdir. "Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında" xx.xx.2024-cü il tarixli texniki rəydə "Attenti" sadə qolbağının komplektasiyasının pozulduğu, komplektə daxil olan mobil qurğu, adapter və koburanın aşkarlanmadığı və bu səbəbdən həmin cihazın istifadəyə tam yararsız olduğu bildirilmişdir. Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin təqdim etdiyi maliyyə arayışına görə, həmin elektron nəzarət vasitəsinin dəyəri 2277,40 manat təşkil edir. Məhkum tərəfindən ziyan ödənilmədiyinə və mübahisənin başqa həlli mövcud olmadığına görə hazırkı iddia məhkəməyə verilmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyinə görə işə onun iştirakı olmadan baxıldı. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Narkoloji Mərkəzi" publik hüquqi şəxsində saxlanıldığına görə iddia ərizəsinin surəti və digər sənədlər, həmçinin məhkəmə bildirişləri həmin Mərkəzin rəhbərliyi vasitəsilə ona təqdim edilmiş, lakin o, iddiaya qarşı etiraz verməmiş və məhkəmə iclaslarında iştirak etmək istədiyini bildirməmişdir. Ona görə də işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edildi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Müəyyən edildi ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 432/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, onun üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və sair vəzifələr qoyulmuş və ona narkomaniyadan məcburi müalicə təyin olunmuşdur. Hökm qanuni qüvvəyə mindikdən sonra xx.xx.2023-cü ildə Bakı Şəhər Probasiya İdarəsinə hökmün icra edilməsi haqqında göstəriş verilmişdir. Həmin İdarədə xx.xx.2023-cü ildə Cavabdeh elektron nəzarət vasitələri, o cümlədən bir ədəd "Attenti" markalı 35656293 nömrəli mobil qurğu, bir ədəd mobil qurğunun enerji toplayıcı adaptoru, bir ədəd 27954 nömrəli sadə elektron qolbağ, bir ədəd mobil qurğu üçün qoruyucu qab təhkim olunmuş, eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. Cavabdeh xx.xx.2024cü ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Narkoloji Mərkəzi" publik hüquqi şəxsin ixtisaslaşdırılmış şöbəsində məcburi müalicəyə yerləşdirilmiş, həmin vaxt müəyyən olunmuşdur ki, o, sadə qolbağ istisna olmaqla digər elektron nəzarət vasitələrini itirmişdir. Sadə qolbağın komplektasiyası pozulduğuna görə həmin cihaz təkrar istifadəyə yararsız hesab olunmuşdur. Qeyd olunan elektron nəzarət vasitələrinin ümumilikdə dəyəri 2277,40 manat təşkil edir. İşdə olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-432/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, onun üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və sair vəzifələr qoyulmuş və ona narkomaniyadan məcburi müalicə təyin olunmuşdur. İşdə olan, hökmün icra edilməsi haqqında xx.xx.2023-cü il tarixli göstərişdən görünür ki, həmin hökm icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə göndərilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı Şəhər Probasiya İdarəsi tərəfindən Cavabdeh elektron nəzarət vasitələri, o cümlədən bir ədəd "Attenti" markalı 35656293 nömrəli mobil qurğu, bir ədəd mobil qurğunun enerji toplayıcı adaptoru, bir ədəd 27954 nömrəli sadə elektron qolbağ, bir ədəd mobil qurğu üçün qoruyucu qab təhkim olunmuş, eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Cavabdeh mobil nəzarət qurğusunu itirdiyini bildirmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh təhkim edilən bir ədəd elektron qolbağ ondan götürülmüş, digər elektron nəzarət vasitələri isə itirilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Narkoloji Mərkəzi" publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh xx.xx.2024-cü ildə həmin Mərkəzin ixtisaslaşdırılmış şöbəsində məcburi müalicəyə yerləşdirilmişdir. İşdə olan "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli "Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəy"indən görünür ki, "Attenti" sadə qolbağının komplektasiyası pozulduğuna görə həmin cihaz təkrar istifadəyə yararsızdır. İşdə olan "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, "Attenti" markalı elektron nəzarət vasitələrinin dəyəri ümumilikdə 2277,40 manat təşkil edir. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin xx.xx.2023-cü il tarixli xidməti məktubundan görünür ki, zədələnmiş və ya digər üsulla yararsız vəziyyətə salınmış elektron nəzarət vasitələrinin dəyəri məhkumlardan tutularaq Ədliyyə Nazirliyinin X3ndə müvafiq hesabına (X3 Kod: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. CTREAZ22. Ədliyyə Nazirliyi Hesab № AZ18CTRE********************. VÖEN**********. Büdcə təsnifatının kodu: 142120. Büdcə səviyyəsinin kodu: 7) köçürülməlidir. Məhkəmə iddianın həlli ilə bağlı Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin aşağıdakı normalarına istinad edir: 15-2.1. İctimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir. 15-2.2. Elektron nəzarət vasitələrinin siyahısı və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 15-2.3. Elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. 15-2.4. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. 15-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 144 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları"nın 7.5-ci bəndində deyilir ki, tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Sadalanan normalardan göründüyü kimi, məhkumun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X1 müvafiq hesabına köçürülməlidir. Cavabdeh məhkəmə tərəfindən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuş, xx.xx.2023-cü ildə ona elektron nəzarət vasitələri, o cümlədən bir ədəd "Attenti" markalı 35656293 nömrəli mobil qurğu, bir ədəd mobil qurğunun enerji toplayıcı adaptoru, bir ədəd 27954 nömrəli sadə elektron qolbağ, bir ədəd mobil qurğu üçün qoruyucu qab təhkim olunmuş, eyni zamanda, elektron nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsinin üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilmiş və bu barədə protokol tərtib edilmişdir. Lakin Cavabdeh sadə qolbağ istisna olmaqla digər elektron nəzarət vasitələrini itirmişdir. Bu səbəbdən həmin cihaz yararsız hesab olunmuşdur. Belə olan halda, elektron nəzarət vasitəsinin dəyərini təşkil edən 2277,40 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X1 hesabına köçürülməlidir. Bundan başqa, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.14-cü maddəsinə görə, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırkı iddianın qiyməti 2277,40 manat olduğuna görə ödənilməli olan dövlət rüsumu 42,77 manat təşkil edir, lakin iddiaçı Bakı Şəhər Probasiya İdarəsi büdcə təşkilatı olduğu üçün dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Belə olan halda, məhkəmə bu qənaətə gəldi ki, iddia təmin edildiyinə görə 42,77 manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilməli və ondan tutularaq dövlət gəlirlərinə alınmalıdır. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2277,40 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X1 (X3 Kod: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. CTREAZ22. Ədliyyə Nazirliyi Hesab № AZ18CTRE********************. VÖEN**********. Büdcə təsnifatının kodu: 142120. Büdcə səviyyəsinin kodu: 7) hesabına köçürülsün. Cavabdeh 42,77 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X6.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar