Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3384/2024 07.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 (üç min) manat əsas borcun və 50 (əlli) manat ödənilmiş dövlət rüsumunun, cəmi 3050 (üç min əlli) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2020-ci ilin may ayında ondan 3000 (üç min) manat borc pul almışdır. Aralarında olan razılaşmaya əsasən cavabdeh aldığı pulu hər ay 250 (iki yüz əlli) manat olmaqla 1 (bir) il müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh bu barədə ərizə yazmışdır. Lakin cavabdeh öhdəliklərini icra etməmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq, Cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Sonuncu dəfə ona hüquqi xidmət göstərən "xxxx" MMC cavabdehə iki dəfə pretenziya məktubu ilə müraciət edərək pulun qaytarılmasını tələb etmişdir. Lakin cavabdeh aldığı pulu qaytarmaqdan imtina etmişdir. Göründüyü kimi Cavabdeh 3 ildən artıq müddətdə ondan aldığı 3000 manatı qanunsuz olaraq özündə saxlamış, pulu qaytarmaqla bağlı tələblərinə məhəl qoymamış, qanunsuz hərəkətlərini bu gün də davam etdirir. Odur ki, cavabdehdən 3000 (üç min) manat əsas borcun və 50 (əlli) manat ödənilmiş dövlət rüsumunun, cəmi 3050 (üç min əlli) manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, eyni zamanda, məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçını tanımır. Məhkəməyə təqdim edilmiş ərizədəki xətt ona məxsusdur. Həmin ərizə komandiri Rəhim bəydə olmuşdur. Ərizədə göstərilən məbləği də ona komandiri yazdırmışdır. O, komandiri Rəhim bəydən 2000 manat borc pul almış, hər dəfə 300 manat ödəməklə, 3000 manat qaytarmışdır. Göründüyü kimi aldığı borc puldan 1000 manat da artıq qaytarmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh tərəfindən yazılmış ərizədən görünür ki, o, İddiaçı 3000 (üç min) manat borc pul almış və həmin pulu hər ay 250 manat olmaqla, 1 il müddətində qaytaracağını öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli pretenziyalardan görünür ki, pretenziyanı aldıqdan 5 gün müddətində 3000 manat məbləğində pulun ödənilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə, məhkəməyə müraciət ediləcəyi cavabdehin nəzərinə çatdırılmışdır. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh 2020-ci ilin may ayında 1 il müddətində ayda 250 manat ödəmək şərti ilə 3000 manat məbləğində borc pul vermişdir. İddiaçı öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh iddiaçı qarşısından götürdüyü öhdəliyə əməl etməmiş və aldığı borc pulu qaytarmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 3000 manat məbləğində pulu İddiaçı almışdır. Göründüyü kimi, cavabdeh götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıdan aldığı pulu qaytarmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3000 (üç min) manat məbləğində pul və 50 (əlli) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində pul və 50 (əlli) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-3384/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3384/2024
07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver