Məhkəmə qərarları › İş №2(008)-3397/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3397/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3397/2025 15.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 noyabr 2021-ci il tarixdə borc müqaviləsinə əsasən ödənilməmiş qalan 80.000 (səksən min) manat borcun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, tanışı Cavabdeh2 noyabr 2021-ci ildə ona müracit edərək, mənzilinin təmiri üçün təxminən 120.000 manat pul lazım olduğunu bildirmişdir. Bir yerdə işlədiklərindən aralarında etibar yaranmışdır. Bu səbəbdən də, həyat yoldaşı ilə birlikdə olan zaman xx.xx.2022-ci il tarixədək qaytramaq şərti ilə 115.000 manat pul vermişdir. Cavabdehə verdiyi 115.000 manat puldan hissə-hissə olmaqla 35.000 manatının qaytarmış, arasında yaranmış münaqişədən, nikahın pozulması, əmlak bölgusü və s. sonra qalan pulu qaytramaq istəmirlər. Ona görə də məhkəməyə müracit etməli olmuşdur. Cavabdeh2 ilə aralarında bağlanmış 11 noyabr 2021-ci il tarixdə borc müqaviləsinə əsasən 115000 (yüz on beş min) manat məbləğində pul vəsaitini mülkiyyət hüququnu “Borc alan”a verməyi, “Borc alan” isə borcu müqavilənin şərtlərinə uyğun olaraq “Borc verən”ə geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən 01 yanvar 2022-ci il tarixədək borc geri qaytarmalı idi. Cavabdehlər həmin borcun 35000 (otuz beş min) manatını qaytarmış, lakin qalan 80000 (səksən min) manat pul bu gunə qədər qaytarmamışdır. Dəfələrlə tələb etməyinə baxmayaraq, heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında iddia tələbinin qəbul etdiyini, borc puldan 35000 manat geri qaytardığını və 80000 manat borcun isə qaldığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdeh olan Cavabdeh1 məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan məhkəmə iclası davam etdirilmişdir. 23 aprel 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, Cavabdeh2 mühasib olduğundan işlə əlaqədar onu tanıdığını, 115.000 manat pulu Cavabdeh2 evinin təmiri üçün borc olaraq verdiyini, o puldan 35.000 manatı versə də, qalan pulu bu günədək qaytarmadığını, Cavabdeh1 Cavabdeh2 yoldaşı olduğundan onu da cavabdeh qismində cəlb etdiyini bildirmiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 23 aprel 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında iddiaçıdan borc pul götürdüyünü, yoldaşı Cavabdeh1 heç vaxt işləmədiyini, borc pulu da özünün götürdüyünü, İddiaçı evin təmiri ilə bağlı 115.000 manat pul götürdüyünü, 1 gün sonra 11 noyabr 2021-ci ildə isə müqavilə bağladıqlarını, qısa müddətdə qaytaracağını düşündüyünü, lakin Cavabdeh1 və iş yerindən tanışı Aygün adlı şəxs onun aldatdığı üçün pulu qaytara bilmədiyini, Aygün adlı şəxslə bağlı polisə və məhkəməyə müraciət etdiyini, Cavabdeh1 borc pul götürdüyündən xəbəri olmadığını bildirmişdir. 30 aprel 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, borc mübahisəsi Cavabdeh2 ilə olduğunu, Cavabdeh1 Cavabdeh2 ilə birgə nikahda olduqları üçün cavabdeh qismində cəlb etdiyini, onun da banka qarşı öhdəliyinin olduğunu, cavabdeh borcunu qaytarmadığı üçün banka qarşı pulu da ödəyə bilmədiyini, evinin satışa çıxarıldığını, 115.000 manat borcdan 35.000 manatı qaytardığını, qalan 80.000 manatın cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 30 aprel 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında iddia tələbini qəbul etdiyini, 35.000 manat pulu qaytardığını, 80.000 manat borcun qaldığını, başqa şəxslərə də borcu olduğundan çatdırıb ödəyə bilmədiyini, Cavabdeh1 ilə əmlak mübahisəsinə dair məhkəmə mübahisələrinin olduğunu, onun nəticəsinə uyğun olaraq borcunu qaytarmaq istədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə, X2 arasında 11 noyabr 2021-ci il tarixli “Borc” müqaviləsinə əsasən İddiaçı qaytarmaq şərtilə X1 115000 (yüz on beş min) manat borc pul vermişdir. Borc müqaviləsinin 2.2.1-ci bəndinə əsasən borclu borc məbləğini 01 yanvar 2022-ci il tarixədək tam həcmdə geri qaytarmalıdır. Müqavilənin 2.2.1-ci bəndinə əsasən göstərilən vaxtda borc ödənilməzsə, borc alana məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ŞTQ, Nardaran bağlar massivi 698 ünvanda ona məxsus bağ evini satdıqdan sonra qaytarılacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı 115000 (yüz on beş min) manat məbləğində pul vəsaitini müqavilədə qeyd olunan müddətində qaytarmaq şərti ilə cavabdehə vermişdir. Cavabdeh həmin borcun 35000 (otuz beş min) manatını iddiaçıya qaytarmış, lakin qalan 80000 (səksən min) manat pul bu gunə qədər qaytarmamışdır. Halhazlırda iddiaçı məhkəməyə müraciət edərək qeyd edilən pul vəsaitinin cavabdehlərdən tələb edir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Cavabdeh2 izahatında iddia tələbini qəbul etdiyini, 35.000 manat pulu qaytardığını, 80.000 manat borcun qaldığını, Cavabdeh1 borc pul götürdüyündən xəbəri olmadığını bildirərək, etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 80000 (səksən min) manat borc pul alınaraq, İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İdddia tələbinin qismən təmin olunması ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh1 aid iddia tələbi təmin olunmur ona görə ki, cavabdehlərdən Cavabdeh2 məhkəmə iclasında etiraf etmişdir ki, göstərilən 115.000 manat borc birgə nikah müddətində götürülsə də ailənin birgə məsrəflərinə sərf edilməmişdir. Belə ki, qeyd olunan pul məbləğini İddiaçı maşında Cavabdeh2ə vermiş, sonuncu isə həmin məbləği ona məxsus bağın təmirinə sərf etmişdir. Beləliklə pulun Cavabdeh1 verilməsi və həmin məbləğdən onun istifadəsi sübut olunmadığından iddia ona aid hissədə təmin oluna bilinməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmədə hazırkı iddianın qaldırılması üçün iddiaçı tərəfindən 299,55 (iki yüz doxsan doqquz manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 299,55 (iki yüz doxsan doqquz manat əlli beş qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 80000 (səksən min) manat borc pul və 299,55 (iki yüz doxsan doqquz manat əlli beş qəpik) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar