Məhkəmə qərarları › İş №2(008)-344/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-344/2025

25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-344/2025 25.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 6500 (altı min beş yüz) manat pulun və ödədiyi 85 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə hər ikisinin yaxınları X3 və X2 şahidliyi ilə ondan 7000 (yeddi min) manat pul borc alaraq xx.xx.2024-cü il tarixdə qaytaracağına vəd vermişdir. Lakin Cavabdeh verdiyi vədə əməl etməyərək, bu günə qədər, yəni xx.xx.2024-cü il tarixədək ona olan 7000 (yeddi min) manat borcundan cəmi 500 (beş yüz) manat kart vasitəsi ilə göndərərək qaytarmışdır. Dəfələrlə ona olan 6500 (altı min beş yüz) manat pulu tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək, borcu qaytarmaqdan boyun qaçırır. İddiaçı məhkəməyə ərizə göndərərək, səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyindən, bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi və izahatında bildirdi ki, o, iddiaçını tanımamış, Arif adlı şəxsi tanımışdır. İddiaçıdan heç bir məbləğdə pul almamış, heç bir məbləğ görməmişdir. O, şirkət maşını idarə etmiş, həmin maşın cərimə meydançasına yerləşdirilən zaman maşını oradan çıxarmaq üçün tanımadığı şəxslərin yanında ona adi bir vərəqə məcbur imza çəkdirmişlər və yazılar yazdırmışlar. İddiaçının məhkəməyə təqdim etdiyi borc müqaviləsini o yazmamışdır, müqavilədəki imza ona məxsus deyildir. Həmin sənədi ilk dəfə məhkəmə iclasında görmüşdür. Həmçinin, ekspert rəyinə əsasən müqavilədəki yazıların və imzanın ona məxsus olmadığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli borc müqaviləsindən görünür ki, «Mən, Cavabdeh, İddiaçı 7000 (yeddi min) manat pulu xx.xx.2024-cü il tarixdə qaytarmaq şərti ilə borc alıram. İddiaçı aldığım 7000 manat borcu söz verdiyim vaxt qaytarmasam məsuliyyət daşımağa hazıram. Borc müqaviləsini özüm yazdım və şahidlərin iştirakı ilə imzamla təsdiqləyirəm. İmza: Cavabdeh B., İddiaçı E., Əliyev Kənan A., Rəhimov Arif N.». - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 85 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-4/1892 nömrəli xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 3-cü vərəqəsində Cavabdeh adından olan xx.xx.2023-cü il tarixli Borc müqaviləsindəki yazılar və “Cavabdeh B.” yazılarının qarşısındakı imza – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 3-cü vərəqəsində Cavabdeh adından olan xx.xx.2023-cü il tarixli Borc müqaviləsindəki yazılar ilə həmin müqavilədə “Cavabdeh B.” yazılarının qarşısındakı imzanın – eyni şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. İddia ərizəsinə və işin məhkəmə iclasında müəyyənləşdirilən hallarına əsasən İddiaçı xx.xx.2023-cü il tarixli borc müqaviləsinin Cavabdeh ilə bağlandığını, həmin müqaviləyə əsasən cavabdehin ondan xx.xx.2024-cü il tarixdə qaytarmaq şərti ilə 7000 (yeddi min) manat borc pul aldığını və üzərinə bu barədə öhdəlik götürməsinə baxmayaraq, müqavilənin şərtlərini pozaraq ona cəmi 500 manat qaytardığını, qalan 6500 manat məbləğində pul öhdəliyini icra etmədiyini iddia edərək, həmin məbləğin və 85 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmiş, lakin məhkəmə, yuxarıda qeyd olunan sənədləri və iş üzrə alınmış ekspert rəyini tədqiq edib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixli borc müqaviləsinin həqiqətən Cavabdeh ilə bağlanmasını, həmin müqavilənin cavabdehin razılaşdırılmış iradə ifadəsi olmasını sübut edə və iddia tələbini əsaslandıran dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, ödənilmiş 85 manat dövlət rüsumu İddiaçı aid edilməli, həmçinin, məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 140 manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 85 manat dövlət rüsumu İddiaçı aid edilsin. Məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 140 manat məbləğində pul İddiaçı tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar