Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3444/2023 28.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) Əsədullazadə Rəhilə Novruz qızının, Cavabdeh2 nümayəndəsi və vəkili X10 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X11 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və X11 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlardan 19.300 manat əsas borc, 6.200 manat faiz borcu olmaqla, cəmi 25.500 manat pul vəsaitinin tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının qanuni təmsilçisi Əsədullazadə Rəhilə Novruz qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə "xxxx" MTK-nın Yeni Günəşli qəsəbəsi, ”V” y/sahəsi,13 M ünvanında inşa etdiyi binadan cəmiyyətə naturadan 5000 kv.m yaşayış və qeyri-yaşayış sahəsinin verilməsi qət edilmişdir. Qətnamə Suraxanı rayon İcra şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə icra olunduqdan sonra həmin mənzillərdən biri - 253 saylı mənzil təmirsiz halda Cavabdeh1 Babəli oğluna 40.000 manata satılmış və o, cəmiyyətə ilkin olaraq 15.000 manat ödədikdən sonra mənzil ona təmirsiz olaraq təhvil verilmişdir. Bununla bağlı Cavabdeh1 Babəli oğlu ilə xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmış və onun cəmiyyətə ödədiyi 15.000 manat pul vəsaitinin alınması barədə eyni tarixli maliyyə arayışı və kassa mədaxil orderi verilmişdir. Qalan 25.000 manat məbləğində borcunu isə cəmiyyətə kredit şəklində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 həmin mənzili təmir etdirmiş və mənzilə köçərək yaşamağa başlamışdır. Bundan bir-neçə ay sonra Cavabdeh1 mənzili Cavabdeh2 60.000 manata satmaq barədə razılığa gəlmişdir. xx.xx.2016-cı il tarixdə notariat kontorunda həmin alqı-satqını rəsmiləşdirərək Cavabdeh2 ilkin olaraq 29.000 manat məbləğində pulu alaraq cəmiyyətə ödədiyi və təmirə xərclədiyi pullarını bərpa etmişdir. Bundan sonra hər ikisi cəmiyyətin ofisinə gələrək bu halı, eləcə də, Cavabdeh1 cəmiyyətə qaytarmalı olduğu borcunu Cavabdeh2 tərəfindən ödəniləcəyini bildirmişdir. Ona görə də Cavabdeh2lə "xxxx" MMC arasında ödənişlərin ardıcıllığı protokolu hazırlanaraq hər iki tərəfdən imzalanmışdır. Həmin protokola əsasən Cavabdeh2 2016-cı ilin dekabr ayından başlayaraq cəmiyyətə hər ay 500 manat ödəməklə 60 ay ərzində borclu olduğu 30.000 manatı qaytarmalı, həmin məbləğin 5000 manatı isə tərəflərindən Cavabdeh1 qaytarılmalı idi. Bundan sonra Cavabdeh2 2019-cu ilin dekabr ayına qədər, yəni 27 ay ərzində cəmiyyətə 11.700 manat ödədikdən sonra müxtəlif bəhanələrlə qalan borcu ödəməkdən dolayı yollarla imtina etmişdir. Tərəflərindən dəfələrlə ona borcunu ödəməyəcəyi təqdirdə, müqavilənin 6-cı bəndində nəzərdə tutulduğu kimi, mənzilin ondan geri alınacağı, mənzil başqasına satıldıqdan sonra onu ödədiyi pulun 10% dəbbə pulu çıxıldıqdan sonra qalan 90% özünə qaytarılacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 öz öhdəliyini yerinə yetirmək fikrində deyil. Halhazırda Cavabdeh2 cəmiyyətə olan borcu illik 10% hesablanmaqla 2022-ci ilin ilk altı ayı üçün 25.500 manat təşkil edir. Göründüyü kimi, 253 saylı mənzil ilkin olaraq Cavabdeh1 40.000 manat satılmış, həmin məbləğin 15.000 hissəsi onun tərəfindən ödənilsə də, qalan 25.000 manat hissəsi ödənilmədən Cavabdeh2 60.000 manata satılmışdır. O, həmin məbləğin 29.000 manat hissəsini Cavabdeh1 ödəmiş, qalan hissəsini hər ay 500 manat olmaqla cəmiyyətə ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin məbləğdən 11.700 manat hissəni ödəsə də, qalan 19.300 manat hissəni ödəməmişdir. İddiaçının nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X18 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, hazırkı iş üzrə iddia predmeti olan mənzilə dair Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-287/2015 nömrəli qətnaməsi ilə X5 həmin mənzil üzərində hüquqları tanınmışdır və sözügedən qətnamə qanuni qüvvəyə minmişdir. Cavabdeh2 mənzil barədə ödənişləri dayandırmasına səbəb həmin qətnamələrdir. Suraxanı Rayon Məhkəməsinin göstərilən icra sənədi üzrə aparılan icra prosedurları çərçivəsində Cavabdeh2 yaşadığı mənzildən çıxarılmış, başqa rayondan zərərçəkmiş şəxslərə mənzillər verilmişdir. Cavabdeh2 və Vüqar Kərimov qarşılıqlı razılığa gələrək belə müəyyən etmişlər ki, Cavabdeh2 yaşadığı mənzil özünə qalmaqla, yeni mənzil Vüqar Kərimova verilməlidir. Sonra yenidən notarial qaydada müqavilə bağlanmışdır. Bununla da, "xxxx" MMC və Cavabdeh2 arasında hər hansı hüquqi münasibətlərin davam etməsindən söhbət gedə bilməz. Odur ki, "xxxx" MMC-nin hazırkı iddia tələbini qaldırmağa subyektiv hüququ yoxdur. Ona görə də nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1, iddia tələbini ona münasibətdə qəbul etməmiş və bildirmişdir ki, o, ilkin 15.000 manat ödəniş etməklə, Yeni Günəşli qəsəbəsi, “V” y/sahəsi, 13 M ünvanında inşa edilmiş yeni tikilidən 253 nömrəli təmirsiz mənzil almışdır. Onu təmir etdirdikdən sonra satmaq qərarına gəlmiş və müştəri kimi Cavabdeh2lə mənzilin qiyməti və ödəniş qaydası barədə razılaşmış, bununla bağlı "xxxx" MMC-yə bildirib onun razılığı ilə mənzili həmin şəxsə satmışdır. Razılıq ondan ibarət olmuşdur ki, mənzilə olan qalıq borcu yeni alıcı olan Cavabdeh2 ödəyəcək, hətta 5000 manat pul da ona çatmalı idi. Hazırda onun nə cəmiyyətlə, nə də digər cavabdeh olan Cavabdeh2lə heç bir mübahisəsi yoxdur. Ona görə də, cavabdeh göstərilənlərin nəzərə alınıb iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən məcmu halında tədqiq edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-1(103)-523/2023 saylı icra sənədinə əsasən, "xxxx" MMC və "xxxx" MTK arasında bağlanılmış xx.xx.2005-ci il tarixli podrat müqaviləsi ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində yerləşən 1.68 ha ərazinin 0,4 ha sahəsində inşa edilmiş 4 bloklu, 16 mərtəbəli yaşayış binasında təhvil verilməli olan 8.000 kv.m sahənin təhvil verilməmiş 5.000 kv.m sahəsinin "xxxx" MMC-yə naturada təhvil verilməsi vəzifəsinin "xxxx" MTK-ya həvalə edilməsi qət edilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2- 1(82)1137/2015 saylı məktubundan aydın olur ki, iddiaçı "xxxx" MTK-nın cavabdeh Suraxanı rayon İcra Şöbəsinə qarşı “Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-1(103)-523/2013 nömrəli icra sənədinin icrasının mümkün olmaması səbəbindən, həmin icra işinin icraatı üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Əkrəm Əliyevin hərəkətlərinin qanunsuz hesab edilməsi, həmin icra sənədinin icra olunmadan geri qaytarılması vəzifəsinin icra məmurunun üzərinə qoyulması və icra sənədi üzrə icraatın dayandırılması tələbinə dair 2-1(82)1137/2014 nömrəli iş üzrə xx.xx.2015-ci il tarixli qərar xx.xx.2015-ci il tarixdə qanuni qüvvəyə minmişdir. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)- 287/2015 saylı qətnaməsinə əsasən, hazırkı iş üzrə mübahisə predmeti olan 253 saylı mənzilə münasibətdə X5 iddia tələbi qismən təmin edilərək, "xxxx" MTK-nın sədrinin xx.xx.2014-cü il tarixli, 02 saylı əmrinin ləğv edilməsi hissəsində iddia tələbi qismən yolverilməz hesab edilməklə həmin hissədə mülki işin icraatına xitam verilmiş, cavabdeh "xxxx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 13 M saylı evin ümumi sahəsi 68.6 kv.m olan 1 otaqlı, 253 saylı mənzilinin iddiaçı X12 təhvil verilməsi qət edilmişdir. - "xxxx" MMC və "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli razılaşdırma protokolundan görünür ki, sözügedən binanın 253 nömrəli mənzili "xxxx" MMC-yə təhvil verilmişdir. - "xxxx" MMC və Cavabdeh1 arasında bağlanılmış xx.xx.2016-cı il tarixli müqavilənin 1 və 3-cü bəndlərinə əsasən, satıcı Bakı şəhəri, ünvan 1 ünvanında cəmiyyətin mülkiyyətinə verilmiş 5.000 kv.m sahədən 253 nömrəli mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və öncədən müəyyənləşdirilmiş əmlak dəyərini tam ödəməyi öhdəsinə götürür. Həmin mənzilin ümumi dəyər 40.000 manatdır, alıcı ilkin olaraq 15.000 manat ödəməyi öhdəsinə götürür. - Həmin müqavilənin 6-cı bəndinə əsasən, alıcı mənzildən imtina etmək istədikdə və ya mənzili özü satmayıb geri qaytarmaq istədikdə "xxxx" MMC tərəfindən həmin mənzil başqa bir şəxsə satıldıqdan sonra alıcının ödədiyi məbləğin 90%-ni özünə qaytarır. - Həmin müqavilənin 8-ci bəndinə əsasən, əgər kredit borcu alıcı tərəfindən 3 ay ardıcıl ödənilməzsə, "xxxx" MMC kredit borcunu faizlə hesablamaq, müqaviləni ləğv etmək və mənzili yenidən satışa çıxarmaq hüququna malikdir. Mənzil satıldıqdan sonra alıcının ödədiyi məbləğdən 20% dəbbə pulu tutularaq qalan məbləğ özünə qaytarılır. - xx.xx.2016-cı il tarixli maliyyə arayışından məlum olur ki, sözügedən mənzilin ümumi 40.000 manat dəyərindən ilkin ödəniş olaraq 5.000 manat Cavabdeh1 tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(010)- 1576/2016 saylı qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-1(103)-523/2013 nömrəli icra sənədi icra edildiyindən həmin icra sənədi üzrə icraata xitam verilmişdir. - xx.xx.2016-cı il tarixli müqaviləyə 14 saylı əlavədən – ödənişlərin ardıcıllığının razılaşdırılması protokolundan görünür ki, Cavabdeh1 və X15 arasında bağlanılmış alqısatqı müqaviləsinə əsasən "xxxx" MMC-yə olan kredit borcunun ödənilməsi müddəti hər ayın birinci həftəsi 500 manat ödəmək şərti ilə 60 ay olaraq razılaşdırılmışdır və orada olan cədvəldən görünür ki, Mansur Əliyev 2016-cı ilin dekabr ayından 2017-ci ilin avqust ayına qədər 500 manat ödəniş etmiş, sentyabr ayı ödəniş edilməmiş, 2017-ci ilin oktyabr ayından fevral ayınadək 500 manat, mart ayından iyun ayınadək 300 manat, iyul ayında 500 manat, avqust ayında 400 manat, sentyabr ayından dekabr ayınadək 500 manat, 2019-cu ilin yanvar ayında 400 manat ödəniş etmiş, sonrakı tarixlərdə isə ödəniş edilməmişdir, iddiaçının məlumatına görə isə cəmi 11.700 manat ödəniş etmişdir. - xx.xx.2016-cı il tarixli, BHM 074659 seriya nömrəli kassa mədaxil orderinin surətindən görünür ki, Cavabdeh1 tərəfindən "xxxx" MMC-nin kassasına 15.000 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. - Satıcı Cavabdeh1 və alıcı X15 arasında xx.xx.2016-cı il tarixdə bağlanılmış ilkin müqaviləyə əsasən, satıcı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 253 nömrəli mənzili alıcının mülkiyyətinə verməyi, alıcı isə 29.000 manatı notariusun bankdakı depozit hesabı vasitəsilə, qalan 31.000 manatı isə 5 il ərzində satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2016-cı il tarixdə X6 tərəfindən verilmiş notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, ünvan 2 ünvanında yerləşən 253 nömrəli mənzilə dair əri Cavabdeh1 X15 ilə ilkin alqı-satqı müqaviləsi bağlamasına etiraz etməmişdir. - xx.xx.2016-cı il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 ünvan 3 ünvanında "xxxx" MTK tərəfindən tikilməkdə olan 4 bloklu, 15 mərtəbəli yaşayış binasında həmin MTK ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2005-ci il tarixli müqaviləyə və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi və icra vərəqəsi, xx.xx.2016cı il tarixli təhvil-təslim aktına əsasən, sözügedən mənzilin özəlləşdirilməsi ilə əlaqədar müxtəlif qurumlarda onu təmsil etməyi, adına çıxarış və digər sənədləri almağı və s. hüquqi hərəkətlərin aparılmasını xx.xx.2026-cı il tarixədək X11 etibar etmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhər Ərazi İdarəsinin ünvan reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M nömrəli mənzilin sahibi "xxxx" MTK-dır. -xx.xx.2016-cı il tarixli aktdan görünür ki, xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi ünvanında tərtib edilmiş akta əsasən 27 mənzil, sonradan təhvil verilmiş 3 mənzil ümumi sahəsi 2332,3 kv.m, 800 kv.m dayanacaq sahəsi, 3-4-cü girişində yerləşən 726 kv.m sahəsi olan ticarət mərkəzi və qeyriyaşayış sahəsi "xxxx" MTK tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir. -Mənzilin addan-ada keçirilməsi və ünvan barədə xx.xx.2021-ci il tarixli arayışdan və “yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında "xxxx" MTK və Cavabdeh2 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 01 saylı müqavilədən görünür ki, mübahisə predmeti olan 253 saylı mənzil həmin tarixdə X5 adından Cavabdeh2 adına keçirilmişdir. Cavabdeh2 "xxxx" MTK-ya borcu yoxdur. Mənzilin ümumi dəyəri 20.580 manat razılaşdırılmışdır. -Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3861/2022 saylı icra sənədindən məlum olur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13M nömrəli binanın istismarının "xxxx" MTK-dan alınaraq "xxxx" MMC-yə təhvil verilməsi qət edilmiş və həmin qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-1568/2018 nömrəli qərarından məlum olur ki, "xxxx" MMC-nin direktoru Əsədullazadə Rəhilə Novruz qızının kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-9099/2017 saylı qətnaməsi X7 və X3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. -Ali Məhkəmənin sözügedən qərarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-287/2015 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-4524/2015 saylı qətnaməsi ilə X5 iddia tələbinin təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, 253 saylı mənzilə dair X14 ilə "xxxx" MTK-nın sədri arasında xx.xx.2014-cü il tarixdə müqavilə bağlanılmış, lakin MTK ilə X16 arasında xx.xx.2013-cü il tarixli müqavilə bağlanılmış və həmin mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışı verilmişdir. - X5 Bakı şəhəri 18 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, sözügedən binanın 4-cü mərtəbəsində inşa edilmiş, ümumi sahəsi 68.6 kv.m olan 1 otaqlı, 253 saylı mənzildən imtina etmiş, gələcəkdə həmin əmlaka dair heç bir iddiası və tələbinin olmayacağını bildirmişdir. - Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(010)-131/2018 saylı icra sənədi, tələbkar X5 xx.xx.2021-ci il tarixli icra sənədinin geri qaytarılması barədə ərizəsi əsasında məhkəməyə geri qaytarılmışdır. -X11 edilmiş xx.xx.2022-ci il tarixli sonuncu xəbərdarlıqdan görünür ki, ona 25.000 manat pulun həmin ilin aprel ayının sonunadək ödənilməyəcəyi təqdirdə, xx.xx.2016-cı il tarixli müqavilənin ləğv olunması və mənzilin boşaldılaraq cəmiyyətə təhvil verilməsi barədə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə, məhkəmə iclasda tədqiq edilmiş sübutları, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə sənədlərini nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddiaçı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/sahəsi, 13 M ünvanında inşa edilmiş binanın 253 nömrəli mənzilinə görə ödənilməmiş 19.300 manat hissəsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş binadan 5.000 kv.m yaşayış və qeyri-yaşayış sahəsinin (o cümlədən mübahisə predmeti olan 253 nömrəli mənzilin) "xxxx" MMC-yə naturada təhvil verilməsi vəzifəsi MTK-nın üzərinə qoyulmuş və bu barədə qanuni qüvvəyə minmiş qətnamə icra olunaraq, Suraxanı Rayon Məhkəməsi tərəfindən icra sənədi üzrə icraata xx.xx.2016-cı il tarixdə xitam verilmişdir. Odur ki, 253 nömrəli mənzilin "xxxx" MMC-nin istismarında olması işin mübahisəsiz halıdır. Digər tərəfdən, iş matariallarından aydın olur ki, həmin mənzil bir neçə şəxslərə - X12, X8, Cavabdeh1 və X1. Lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin mənzil üzərində X5 hüquqları tanınmışdır. Lakin o, sonradan ərizə ilə müraciət edərək, həmin mənzildən imtina etmiş və gələcəkdə ona dair heç bir iddia və tələbinin olmayacağını bildirmiş, buna görə də, Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2021ci il tarixli qərarı ilə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-131/2018 saylı icra sənədi icra edilmədən geri qaytarılmışdır. Həmçinin "xxxx" MMC və Cavabdeh1 arasında bağlanılmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi ünvanında yerləşən 13M nömrəli binanın 253 nömrəli mənzilinin dəyəri 40.000 manat qiymətləndirilmişdir və alıcı tərəfindən 15.000 manat məbləğində pul vəsaiti cəmiyyətin kassasına köçürülmüş, qalan məbləğin isə hər ayın birinci həftəsi 500 manat olmaqla, 60 ay müddətinə ödənilməsi razılaşdırılmışdır. Lakin sonradan X16 həmin mənzili xx.xx.2016-cı il tarixdə X2 və onlar belə razılaşmışlar ki, 29.000 manat notariusun bankdakı depozit hesabı vasitəsilə, qalan 31.000 manat isə 5 il ərzində ödənilməlidir. İş materiallarından görünür ki, o, 2016-cı ilin dekabr ayından başlayaraq, 2019-cu ilin yanvar ayındadək razılaşdırılmış məbləğləri ödəmiş, sonradan isə ödənişləri dayandırmışdır. İşdə olan ödənişlərinin ardıcıllğının razılaşdırılması protokolundan görünür ki, X15 tərəfindən həmin mənzilə cəmi 9200 manat ödənildiyini görünsə də, iddiaçı hazırkı iddiası ilə qalıq 30.000 manatın 11.700 manat hissəsinin ödənildiyini bildirmişdir. Belə olan halda, X9 aldığı mənzilə görə ödənişlərin dayandırıldığı aşkar görünür. Onun nümayəndəsi də izahatında həmin halı inkar etməyərək, bunu Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-287/2015 nömrəli qanuni qüvvəyə minmiş qətnamənin mövcudluğu ilə əsaslandırır. Lakin həmin qətnamə ilə mübahisəli mənzil üzərində digər şəxsin hüquqlarının tanınması, sonradan isə həmin şəxsin mənzilə dair hər hansı iddiasının olmamasına dair ərizəsinin mövcudluğu, X13 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icrasından azad etmir. Cavabdeh1 isə, hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qarşısında hər hansı öhdəliyinin mövcudluğu məhkəmə tərəfindən müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 646.1 və 646.2-ci maddələrinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 648.3-cü maddəsinə əsasən, alqı-satqı müqaviləsinin predmetini digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylar təşkil edirsə, alıcının üzərinə həmin payların alış qiymətini tikinti başa çatmazdan əvvəl tam şəkildə ödəmək öhdəliyi qoyula bilməz. Bu zaman ödəmələr bu Məcəllənin 770-1-ci maddəsində nəzərdə tutulmuş şərtlər nəzərə alınmaqla və tikintinin mərhələləri üzrə hissələrlə həyata keçirilməlidir. İddiaçı əsas məbləğdən əlavə, öhdəliyin icra edilməməsinə görə 6.200 manat məbləğində faiz borcunun, əslində isə dəbbə pulunun ödənilməsini tələb etsə də, məhkəmə iddianı bu hissədə əsaslı hesab etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırkı iş üzrə isə cavabdeh tərəfindən öhdəliyinin icra edilməməsi nəticəsində iddiaçı ona nə kimi zərər dəydiyini göstərməmiş, buna dair hər hansı təsdiqedici sübutu məhkəməyə təqdim etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli Qərarında da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, göstərilənlərə əsasən cavabdeh X4 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 19.300 manat məbləğində pul vəsaiti tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, cavabdeh X11 münasibətdə iddia tələbinin 19.300 manat hissədə təmin edildiyini nəzərə alaraq, hesab edir ki, təmin edilmiş məbləğə mütənasib olaraq, 148 manat məbləğində dövlət rüsumu həmin cavabdehə aid edilməli və ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X4 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 19.300 (on doqquz min üç yüz) manat məbləğində pul vəsaiti və 148 (bir yüz qırx səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-3444/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3444/2023
28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver