Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3445/2023 01.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tutulan alimentin miqdarının artırılaraq, cavabdehdən xx.xx.2014-cü il tarixdə doğulmuş X1 üçün hər ay cavabdehin gəlirlərinin 1/4 hissəsi məbləğində alimentin, eyni zamanda mediasiya xərcləri üçün ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X4 doğulmuşdur. Sabunçu rayon Məhkəməsinin 2(008)-7081/2021 №-li xx.xx.2021-ci il tarixli qətnaməsilə cavabdehdən Milananın yetkinlik yaşına çatanadək saxlanması üçün 175 manat məbləğində aliment tutulmuşdur. Hazırda həmin məbləğ uşağın saxlanması üçün kifayət etmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, özü işləmir, qızı ilə Ramana qəsəbəsində kirayədə yaşayırlar, 200 manat kirayə haqqı, 50 manat kommunal xərcləri ödəyir, anası köməklik göstərir, cavabdeh isə öz mənzilində yaşayır, uşağın tələbatları günü gündən artır, cavabdeh planşet alıb uşağa, onun ödənişinin nəzərə alınmasını məhkəmədən xahiş edir, halbuki həmin planşet uşağa lazım deyildi, istədiyi vaxt gəlib apara bilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək qeyd etdi ki, 996 manat məvacib alır, hər ay (pençiya və müavinat), banklarda kreditləri var, ikinci ailəsi və digər uşağı yoxdur, Qarabağ əlili kimi dövlət tərəfindən ona verilmiş iki otaqlı mənzildə yaşayır, iddiaçının uşağı ilə birlikdə kirayədə yaşadığını bilir. Xahiş edir, iddia rədd edilsin. Məhkəmə, tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı ilə cavabdehin yetkinlik yaşına çatmamış bir uşaqları var - xx.xx.2014-cü il tarixdə doğulmuş X4 (4 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı ******* №-li doğum haqqında şəhadətnamə). Sabunçu rayon Məhkəməsinin 2(008)-7081/2021 №-li xx.xx.2021-ci il tarixli qətnaməsilə tərəflərin arasındakı nikah pozulmuş, Milana anasının yanında saxlanılmış, cavabdehdən Milananın yetkinlik yaşına çatanadək saxlanması üçün 175 manat məbləğində aliment tutulmuşdur. Cavabdeh müddətsiz ikinci qrup əlildir, ayda 996 manat məbləğində məvacib alır (pensiya və müavinat). Cavabdeh iki kredit üzrə ödənişlər edir – xx.xx.2025-ci il tarixədək "xxxx" ASC-yə hər ay 189 manat, "xxxx" MMC-yə 519,99 manatlı planşetə görə ayda 50 manat xx.xx.2023-cü ilədək. Cavabdehin başqa ailəsi və uşağı yoxdur. Cavabdeh Hövsan qəsəbəsində dövlət tərəfindən ayrılmış iki otaqlı mənzildə yaşayır. İddiaçı uşağı ilə kirayə evdə yaşayırlar. Hazırda iddiaçı alimentin məbləğinin 175 manatdan 220 manata artırılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində gbstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə cavabdehin təqdim etdiyi dəlillərə dair aşağıdakıları qeyd etmək istəyir. Qeyd edildiyi kimi, cavabdeh hər ay 996 manat məbləğində məvacib alır, onun 240 manatı kreditlərin ödənilməsinə yönəlir, özünə məxsus evdə yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh qalan 756 manatdan hər ay 249 manat (gəlirlərinin 1/4 hissəsi) aliment ödəyərsə, qalan 507 manatla rahat yaşaya bilər. Belə ki, qeyd edildiyi kimi, iddiaçının azyaşlı qızı ilə məsrəfləri cavabdehin məsrəflərindən daha çoxdur, yəni cavabdeh öz mənzilində yaşayır, iddiaçı isə qızı ilə birlikdə kirayə evdə yaşayır. Hazırki mübahisələrdə uşağın mənafeyi üstün tutulmalıdır, təbii ki, aliment ödəyən şəxsin çətin maddi vəziyyəti düşməməsi şərtilə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, iddiaçı 50 manat mediasiya xərcinin tutulması istəyir. Məhkəmə hesab edir ki, həmin məbləğ iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. Təyin olunmuş alimentin miqdarı artırılaraq qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2014-cü il tarixdə doğulmuş X1 üçün hər ay Cavabdeh gəlirlərinin 1/4 hissəsi məbləğində aliment və mediasiya xərcləri üçün ödənilmiş 50 manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-3445/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3445/2023
01.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver