Məhkəmə qərarları › İş №2(008)-3451/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3451/2023

20.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3451/2023 20.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər uşağa görə hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanunu ilə 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsi ilə əsaslandırmışdır. Cavabdeh iddianı etiraf etməmiş və iddiaya qarşı xx.xx.2023-cü il tarixli etirazında bildirmişdir ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində hərbi qulluqçu kimi xidmət edir və onun aylıq ümumi qazancı 819,58 manat təşkil edir. Hazırda hər ay 150 manat mənzil kirayə haqqı və iddiaçıya 300 manat aliment ödəyir. İddiaçının tələbi təmin olunarsa, ona cəmi 229 manat əmək haqqı qalacaq. Eyni zamanda, iddiaçı hər ay 2-ci qrup əlil uşaqları Məhərrəmli Fəridəyə təyin edilmiş 340 manat pensiyanı da alır. Qanun uşaqları maddi cəhətdən saxlamaq vəzifəsini bir valideynin deyil, hər iki valideynin üzərinə qoymuşdur. Ona görə də iddiaçı özü də işləməli və uşaqlarının maddi cəhətdən saxlanmasında iştirak etməlidir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Müəyyən edildi ki, Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında olan nikahın pozulması, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün xx.xx.2022-ci ildən etibarən hər ay hər bir uşağa görə 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan, "Doğum haqqında şəhadətnamə"lərin surətlərindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 valideynləri Cavabdeh və İddiaçıdır. Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(072)-309/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün xx.xx.2022-ci ildən etibarən hər ay hər bir uşağa görə 150 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, kiçik çavuş Cavabdeh aylıq təminatı 651,13 manat, il ərzində bir dəfə olmaqla maddi yardıma görə 544 manat, məzuniyyət pulu 421,95 manat, pul mükafatına görə 1055,36 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsisteminə əsasən, İddiaçı əmək müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bundan başqa, "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır ("Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, sadalanan normalarının mənasına görə, alimentin artırılması institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin artırılması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. İşdən göründüyü kimi, cavabdehdən iddiaçının xeyrinə aliment tutulması qət edildikdən sonra ölkədə yaşayış minimumu uşaqlar üçün artırılaraq 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçı həm bu hala, həm də cavabdehin rəsmi əmək haqqından əlavə başqa qazancının olmasına istinad etsə də, məhkəməyə həmin qazancı təsdiq edən sübut təqdim edə bilməmişdir. Məhkəmə uşaqların saxlanmasının hər iki valideynin borcu olduğunu vurğulayaraq, qeyd edir ki, cavabdehdən hər ay hər uşaq üçün 180 manat sabit pul məbləğində alimentin tutulması hər iki tərəfin maddi və ailə vəziyyətinə, diqqətəlayiq olan digər hallara, eləcə də uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinə uyğundur. Ona görə də iddia hər uşaq üçün 180 manat məbləğində təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə görə, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İşdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir. İddiada artırılması tələb edilən alimentin bir illik miqdarı 960 manat (440 manat – 300 manat = 140 manat x 12 ay = 1680 manat) təşkil edir. Belə olan halda, hazırkı iddia üçün ödənilməli olan dövlət rüsumu 36,8 manatdır. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia qismən, yəni 81,81 faiz hissəsində təmin edildiyi üçün məhkəmə xərcləri həmin nisbətdə, yəni 30,10 manat hissədə cavabdehə aid edilməli və göstərilən məbləğ ondan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(072)-309/2022 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay tutulan hər uşağa görə 150 manat alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 180 manat sabit pul məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30,10 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən apellyasiya şikayəti, şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməklə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar