Məhkəmə qərarları › İş №2(008)-3452/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3452/2025

18.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3452/2025 18.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh “Akademik M.Ə.Qasımov adına Respublika Klinik xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon idarəsinə və “Akademik M.Ə.Qasımov adına Respublika Klinik xəstəxanası” publik hüququ şəxsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddiası üzrə mülki işə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon idarəsinə və “Akademik M.Ə.Qasımov adına Respublika Klinik xəstəxanası” publik hüququ şəxsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, 12.*** manat maddi zərər, 10.*** manat mənəvi zərər və 156 manat dövlət rüsumu olmaqla, cəmi 22.156 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçının hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin okyabr ayında tibbi şəhadətləndirməyə cəlb edilərək rayon hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçərək səhhəti ilə bağlı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə müayinəyə göndərilmişdir. Səhiyyə müəssisəsinin təqdim etdiyi sağlamlıq vəziyyətinin müayinə edilməsi aktına əsasən hərbi xidmətə yararlı hesab edilərək xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyinin hərbi hissəsinə həqiqi hərbi xidmətə göndərilmiş və xx.xx.2024-cü il tarixdə vaxtından əvvəl ehtiyata buraxılmışdır. Buna səbəb isə həqiqi hərbi xidmətdə olduğu dövrdə həyata keçirilən tibbi müayinə olmuşdur. Belə ki, hərbi hissənin qərargah rəisinin N nömrəli xx.xx.2024-cü il tarixli göndərişinə əsasən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinədə olmuş, xx.xx.2024-cü il tarixli 8787 saylı “Xəstəlik haqqında şəhadətnamə”yə əsasən Q 66.5 aşıq-qayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış hər iki ayağın 3-cü dərəcəli boylama yastıayağı diaqnozu qoyularaq dinc dövrdə hərbi xidmətə yararsız olduğu üçün vaxtından əvvəl ehtiyata buraxılmışdır. Həqiqi hərbi xidmətə çağırış üzrə 18 yaşı olduqdan sonra, əvvəllər də tibbi müayinəyə göndərilmiş, lakin o zaman xidmətə yararlı olmamağı ilə bağlı diaqnoz qoyulduğu üçün xidmətə cəlb olunmamışdır. 4 il sonra səhlənkarlıq nəticəsində xidmətə cəlb olunmuşdur. Sabunçu rayonunda 2 otaqlı köhnə tikilidə valideynləri, iki kiçik qardaşı və yaşlı nənəsi ilə birlikdə çox çətin şəraitdə yaşayırlar. Bu səbəbdən erkən yaşlarda işləməli olmuşdur. Həqiqi hərbi xidmətə cəlb olunduğu dövrdə əmək müqaviləsi üzrə yeni tapdığı işdə çalışmış və az da olsa ailəyə dəstək olmağa başlamışdı. Lakin səhlənkarlıq ucbatından xidmətə cəlb olunmaqla əvvəlki işini itirməklə yanaşı, bir il müddətinə ailəyə işləyərək maddi dəstək də göstərə bilməmişdir. Əmək fəaliyyət qabiliyyətli hesab edildiyi gündən ailənin maddi rifahının çox aşağı olduğunu bildiyi üçün müxtəlif işlərdə çalışmış və ailəyə dəstək olmuşdur. Həqiqi hərbi xidmətdə olduğu bir il ərzində xəstəliyi ilə bağlı çox əziyyət çəkmişdir. Çünki həqiqi hərbi xidmətə yararsız hesab edilməsi ona görədir ki, xəstəliyi ilə bağlı olaraq hamıdan tez yorulmuş və həqiqətən ciddi ağrılarla üzləşmişdir. Hərbi əsasnaməyə əsasən isə hər hansı tapşırığı icra etməyə bilməzdi. Bütün ağrılara və xəstəliyinin fəsadlarına baxmayaraq, digər əsgər yoldaşlarından seçilməmiş və vətənə xidmətini bir il boyunca layiqincə etmişdir. “Akademik M.Ə.Qasımov adına Respublika Klinik xəstəxanası” publik hüququ şəxsində bir dəfə, 2024-cü ilin avqust ayında Müdafiə Nazirliyi Baş klinik hospitalında (Papanin) üç dəfə rentgen olunmuş, həmin ilin sentyabr ayında sənədi təsdiq olunmuş, oktyabr ayında hərbi hissədən tərxis olunmuşdur. Həkimlərin bildirdiyinə görə, onun ayağındakı yastıpəncəlik hərbi xidmətdə yaranmamışdır, əgər hərbi xidmət dövründə yaransa idi, ona pensiya kəsilərdi. Hələ 18 yaşı olanda ayağı İİİ dərəcəli yastıpəncəli olduğu üçün onun hərbi xidmətə aparmamışlar. Lakin dörd il sonra hərbi xidmətə cəlb olunmuş, on iki ay hərbi hissədə əziyyət çəkmişdir. Buna baxmayaraq, hərbi biletində yararsız olaraq qeyd olunmuş, heç yerdə işə düzələ bilmir. Hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra da əvvəlki iş yerində əmək funksiyalarını icra edə bilmir, buna səbəb isə bir il boyunca çəkdiyi ağrılar olmuşdur. Çünki əmək müqaviləsi üzrə fəhlə çalışmışdır. Xəstəliyi hazırda fəhlə kimi işləməyinə maneə törədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “Akademik M.Ə. Qasımov adına Respublika Klinik xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 iddiaya etiraz edərək izahatında bildirdi ki, iş üzrə verilmiş mütəxəssis rəyləri ilə razıdır. Çağırışçı İddiaçı sağ ayaq tağın boylama yastıpəncəliyin təyini xx.xx.2023-cü il tarixində digital (rəqəmsal) rentgen aparatında çəkilmişdir və pacs sistemində ölçülmüşdür. Çağırışçı İddiaçı sağ ayaq tağın h=17.2 ölçülmüşdür. Bu göstərici İİ və İİİ dərəcəli yastıpəncəliyin sərhəddindədir. 17 mm-dən aşağı olan göstərici (məs. 16.9 mm) artıq İİİ dərəcəli yastıpəncəlik hesab olunur. Yastıpəncəliyin göstəriciləri kiçik də olsa, dəyişə bilən göstəricidir. Uzun müddətli fiziki yüklə, bədən çəkisinin artıb-azalması və s. məlum səbəblər göstəcinin dəyişikliyinə səbəb ola bilir. Həmin dəyişilik özünü uzun müddət ayaq üstə qaldıqda pəncə, diz və çanaq nahiyəsində ağrı və bəzi hallarda deformasiyalarla biruzə verə bilər. Ayaq tağının göstəricisinin dəyişkənliyinə ayaqdarağı, ayaqdarağarxası sümüklərdə yaranan patalogiyalar, vətər və bağlarda yaranan patalogiyalar səbəb ola bilər. İddiaçının hərbi xidmət dövründə sərt quruluşa malik əsgər ayaqqabısı geyinməsi ayaq tağının göstəricisinin dəyişməsinə səbəb olmuşdur. Qeyd olunanlara əsasən, nümayəndə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Digər cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon idarəsinin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, iddianı qəbul etmir. Təmsil etdiyi qurum xəstəxnanın rəyinə əsaslanmışdır. Belə ki, 2020-ci ildə İddiaçı 18 yaşı tamam olanda 3 saylı Sabunçu Xəstəxanası rəy vermişdir ki, hərbi xidmətə yararsızdır, həmin rəyə əsasən ona hərbi bilet vermişlər. Yenidən təkrar komissiyaya zamanı “Akademik M.Ə. Qasımov adına Respublika Klinik xəstəxanası” publik hüquqi şəxsinə göndərilmişdir. Orada hər iki ayaqda 2-ci dərəcəli yastı pəncəlik diaqnozu ilə hərbi xidmətə məhdud yararlı sayılmışdır. Həmin aktlara əsasən hərbi xidmətə yola salınmışdır. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdeh “Akademik M.Ə. Qasımov adına Respublika Klinik xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi (həkimi) Nümayəndə3 bildirmişdir ki, iddianı qəbul etmir. Təmsil etdiyi xəstəxananın rentgen nəticələrinə əsasən, İddiaçı ayağı 2-ci dərəcəli yastıayaqdır. Ayağın quruluşuna vizual baxmaqla onun yastılığını, 1, 2 və ya 3-cü dərəcəlik olduğunu müəyyən etmək olmur. Bunu yalnız rentgen müayinəsi zamanı görmək olur. Rentgen bir dəfə çəkilir. Təmsil etdiyi xəstəxananın radialogiya şöbəsi bununla bağlı rəy vermişdir. Hazırda bütün xəstəxanalarda elektron sistem mövcuddur. Həmin rəy bütün dövlət xəstəxanalarında elektron sistemlə görünür. “Papanin” hospitalı da baxıb rəyi təsdiqləyib ki, 2-ci dərəcəli yastıayaqdır. 2-ci dərəcəli yastıayaq narahat ayaqqabı geyinəndə, uzun müddət ayaq üstə qalanda, fiziki yüklə məşğul olanda, çəki artıranda 3-cü dərəcə olmağı 100-də 80-90 faizdir, hərbi ayaqqabı geyindikdə isə 100-də 100 faizdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 299 №-li əmrindən çıxarışdan görünür ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı 3-cü mexanikləşdirilmiş taborun (BMP-2) 9-cu mexanikləşdirilmiş bölüyünün 3-cü mexanikləşdirilmiş taqımının 3-cü mexanikləşdirilmiş manqasının pulemyotçu, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 11 sentyabr 2024-cü il tarixli 8787 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə şəhadətləndirilərək “Xəstəlik cədvəlinin 61c maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər kabinetinin 2008-ci il il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-Həkim ekspertiziyası haqqında Əsasnaməyə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edildiyinə görə 08 oktyabr 2024-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli X1 ünvanlanmış məktubdan görünür ki, Xidmətin Sabunçu rayon idarəsində qeydiyyatda olan 2***-ci il təvəllüdlü İddiaçı növbəti tibbi şəhadətləndirilməyə cəlb edilərək, rayon hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhəti ilə bağlı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə müayinəyə göndərilmişdir. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktına müvafiq olaraq İddiaçı rayon hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İ qrafasına əsasən “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” Qərarı ilə xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyinin hərbi hissəsinə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Onun müddətli həqiqi hərbi xidmətə yararlılığı barədə qərar Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”na əsasən qəbul edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli İddiaçı ünvanlanmış məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə qeydiyyatda olduğu Xidmətin Sabunçu rayon idarəsi tərəfindən növbəti şəhadətləndirilməyə cəlb edilərək, rayon hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhəti ilə bağlı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına, Akademik M.A.Topçubaşov adına X2 əlavə müayinələrə göndərilmişdir. Səhiyyə müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi akt”larına əsasən xidmətin mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin "Xəstəliklər cədvəfrnin İ qrafasının tələblərinə müvafiq olaraq “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşı tamam olana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli X1 ünvanlanmış məktubdan görünür ki, Xidmətin Sabunçu rayon idarəsində qeydiyyatda olan 2***-ci il təvəllüdlü İddiaçı növbəti tibbi şəhadətləndirilməyə cəlb edilərək, rayon hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhəti ilə bağlı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə müayinəyə göndərilmişdir. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”na müvafiq olaraq, İddiaçı rayon hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin “Xəstəliklər cədvəli”nin İ qrafasına əsasən "A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır" qərarı ilə xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyinin hərbi hissəsinə müddətli həqiqi hərbi xidmətə göndərilmiş və xx.xx.2024-cü il tarixdə vaxtından əvvəl ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət səhiyyə sisteminin yerli idarəetmə orqanlarına və tibb müəssisələrinə həvalə olunmuşdur. Eyni zamanda, rayon (şəhər) çağırış komissiyalarının işində yerli icra hakimiyyəti başçılarının qərarı ilə dövlət səhiyyə müəssisələrində çalışan həkim mütəxəssislər iştirak edir (ezam edilir) və çağırışa cəlb olunan çağırışçıların tibbi müayinədən keçirilməsini və şəhadətləndirilməsini həmin həkim mütəxəssislər yerinə yetirirlər. - xx.xx.2024-cü il tarixli, 8787 saylı “Xəstəlik haqqında şəhadətnamə”yə əsasən İddiaçı Q 66.5 aşıq-qayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış hər iki ayağın 3-cü dərəcəli boylama yastıayağı diaqnozu qoyulmuş, dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Klinik Hospitalının xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdən hazırkı vaxtadək Müdafiə Nazirliyi Baş Klinik Hospitalında stasionar və ambulator müayinə və müalicədə olması barədə arxiv sənədləri bazasında məlumat yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Elmi-tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli cavabında qeyd edilmişdir ki, ayaq tağının göstəriciləri rentgen müayinəsindən sonra rentgen həkimi tərəfindən təyin edilir. Fiziki yüklə çalışmaq, bədən çəkisinin artması ayaq tağının dəyişməsinə səbəb ola bilər. Uzun müddət fiziki yüklə çalışmaq, bədən çəkisinin artması oynaq yarığının daralmasına, yastıpəncəliyin dərəcəsinin artmasına, oynaqda şişkinliyə, artroza, pəncələrdə ağrıların əmələ gəlməsinə səbəb ola bilər. Ayaq tağının dəyişməsinə həyat tərzinin dəyişməsi, uzun müddət ayaq üstə dayanmaq, ayaqqabı geyiminin dəyişməsi xüsusi ilə sərt ayaqqabılar səbəb ola bilər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin xx.xx.2025ci il tarixli rəyində qeyd edilmişdir ki, ayaq tağının göstəriciləri dəyişə bilər. Uzun müddət fiziki yüklə çalışmaq, bədən çəkisinin artıb-azalması ayaq tağının göstəricisinin dəyişkənliyinə səbəb ola bilər. Həmin dəyişkənlik özünü uzun müddət ayaqüstə qaldıqda pəncə, diz və çanaq nahiyəsində ağrı və bəzi hallarda deformasiyalarla biruzə verə bilər. Ayaq tağının göstəricisinin dəyişkənliyinə ayaq darağı və ayaqdarağarxası sümüklərdə yaranan pataloğiyalar, vətər və bağlarda yaranan patalogiyalar səbəb ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1117-ci maddəsinə əsasən, müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1119.1-ci maddəsinə əsasən, zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. 1119.2-ci maddəsinə əsasən, zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər qismində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsini və Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasını göstərərək, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəydiyini bildirib həmin zərərin ödənilməsini tələb edir. Məhkəmə bununla bağlı qeyd edir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə yaradılmış mərkəzi icra hakimiyyəti orqanı olmaqla hüquqi şəxs statusuna malikdir. Həmin Xidmətin fəaliyyətinin həyata keçirilməsi məqsədilə onun strukturunda yerli idarələr fəaliyyət göstərir. Sabunçu rayon idarəsi isə Xidmətin ərazi üzrə fəaliyyət göstərən struktur bölməsi olmaqla ayrıca hüquqi şəxs statusuna malik deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən, iddia cavab verməli olmayan şəxsə qarşı qaldırıldıqda məhkəmə iddiaçının razılığı ilə həmin cavabdehin əsl cavabdehlə əvəz olunmasını təklif edir. Məhkəmə iclasında iddiaçıya cavabdehin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz olunması təklif edilmiş, lakin iddiaçı buna razılıq verməmişdir. Qanunun tələbinə görə, cavabdehin əvəz olunması yalnız iddiaçının razılığı ilə həyata keçirilə bildiyindən, iddiaçı razılıq vermədiyi halda, məhkəmə cavabdehi öz təşəbbüsü ilə dəyişdirmək səlahiyyətinə malik deyildir. Bu səbəbdən, məhkəmə işi mövcud cavabdehə münasibətdə araşdırmağa davam etmişdir. İddiaçı cavabdeh Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının tibbi müayinəni düzgün aparmadığını, səhlənkarlıq nəticəsində, onun sağlamlıq vəziyyəti düzgün qiymətləndirilmədiyini və nəticədə ayaq pəncəsində deformasiyanın yaranması və ağırlaşması baş verdiyini bildirsə də, iş materiallarında olan tibbi sənədlərdən və müvafiq tibb müəssisələrinin rəylərindən müəyyən edilir ki, iddiaçının ayaq pəncəsində müşahidə olunan dəyişikliklər müxtəlif səbəblərdən yarana və zaman keçdikcə dəyişə bilər. Belə ki, tibbi rəylərdə göstərilmişdir ki, ayaq pəncəsinin tağının vəziyyəti müxtəlif dövrlərdə dəyişə bilər; belə dəyişikliklər fiziki yüklənmə, bədən çəkisinin dəyişməsi, ortopedik faktorlar və digər səbəblərlə əlaqədar yarana bilər. Bununla əlaqədar, məhkəmə qeyd edir ki, tibbi məsələlərin müəyyən edilməsi xüsusi bilik tələb edən məsələdir və belə hallarda məhkəmə tibbi rəy və ekspertiza nəticələrinə əsaslanır. İddiaçı tərəfindən həmin tibbi rəyin yanlış olduğunu təsdiq edən müstəqil tibbi ekspertiza rəyi və ya digər mötəbər tibbi sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz iddia və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, hərbi xidmətə yararlılıq müayinə aparıldığı andakı sağlamlıq vəziyyətinə görə müəyyən edilir. Yəni tibbi komissiya və ya hospital ehtimal və ya proqnoza görə deyil, həmin anda mövcud olan tibbi göstəricilərə əsasən rəy verir. Bu səbəbdən, şəxsin 18 yaşında yararsız hesab olunması, 4 il sonra yenidən müayinədə yararlı sayılması, daha sonra xidmət zamanı vəziyyətin yenidən pisləşməsi tibbi baxımdan mümkün hallardır. Cavabdehlərin məsuliyyəti yalnız aşağıdakı hallarda yarana bilər: müayinə səthi və ya qaydalara zidd aparılıbsa. Məsələn, rentgen müayinəsi aparılmayıbsa, ortopedik müayinə standartlara uyğun aparılmayıbsa, tibbi sənədlər düzgün qiymətləndirilməyibsə. Tibbi səhv (yanlış diaqnoz) sübuta yetirilərsə. Yəni əgər sonradan müəyyən edilərsə ki, həmin vaxt artıq ağır dərəcəli yastı pəncəlilik mövcud olmuş, buna baxmayaraq yararlı qərarı verilmişdir. Xəstəliyin sonradan proqressivləşməsi, xidmət zamanı ağırlaşma baş verməsi nə xəstəxananın, nə də hərbi komissarlığın təqsiri sayılmır. Bu, şəxsin sağlamlıq vəziyyətinin dəyişməsi hesab olunur və o sonradan xidmətə yararsız hesab edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən zərərin ödənilməsi ilə bağlı iddiaların təmin olunması üçün cavabdehin qanunsuz hərəkəti, zərərin mövcudluğu, həmin zərərlə cavabdehin hərəkətləri arasında səbəbli əlaqə və cavabdehin təqsiri birlikdə mövcud olmalıdır. Bu elementlərdən hər hansı birinin mövcudluğu sübuta yetirilmədikdə iddianın təmin edilməsi mümkün deyildir. İş materiallarının araşdırılması nəticəsində, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən göstərilən halların cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində baş verməsini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. İddiaçı həmçinin mənəvi zərərin baş verməsini əsaslandırmaq üçün cavabdehlərin qanunsuz hərəkətlərinə istinad etsə də, həmin hərəkətlərin mövcudluğu və bunun nəticəsində onun mənəvi sarsıntı keçirməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddia edilən mənəvi zərərin məhz cavabdehlərin hərəkətləri nəticəsində baş verdiyini göstərən və həmin zərərlə cavabdehlərin hərəkətləri arasında birbaşa səbəbli əlaqəni təsdiq edən sübutlar da təqdim edilməmişdir. Belə olan halda, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsl olmayan cavabdeh olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinə qarşı yönəldildiyindən və iddiaçı cavabdehin əvəz olunmasına razılıq vermədiyindən, ona qarşı qaldırılmış iddia bu əsasla rədd edilməlidir. Digər cavabdeh olan Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının qanunsuz hərəkətləri və həmin hərəkətlərlə iddia edilən zərər arasında səbəbli əlaqə sübuta yetirilmədiyindən, eləcə də, mənəvi zərərin cavabdehlərin hərəkətləri nəticəsində yarandığını təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən, iddia həmin hissələrdə təmin edilə bilməz. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 156 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qanunun qeyd olunan tələbinə əsasən, məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 156 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon idarəsinə və “Akademik M.Ə.Qasımov adına Respublika Klinik xəstəxanası” publik hüququ şəxsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar