Məhkəmə qərarları › İş №2(008)-3454/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3454/2023

26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3454/2023 26.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2600 manat məbləğində nağd pulun qaytarılması, 30 manat məbləğində iddia ərizəsinin tərtibatına görə çəkilən əlavə xərcin, 47 manat məbləğində dövlət rüsumunun alınaraq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixində Cavabdeh 4000 manat məbləğində pul vəsaitini vermişdir. Belə ki, həmin şəxs iddiaçının işə düzəldəcəyinə dair vəd verərək pul vəsaitini alsa da, sözü gedən məsələ öz həllini tapmamışdır. Sonradan iddiaçının təkidiylə pul məbləğini hissə-hissə qismən ödəmişdir. Belə ki, şəxs özünün əlyazması ilə iddiaçıdan xx.xx.2017-ci il tarixində 4000 manat aldığını qeyd və eyni zamanda etiraf etmişdir. Cavabdeh həmçinin xx.xx.2022-ci il tarixində 200 manat, xx.xx.2022-ci il tarixində 500 manat, xx.xx.2022-ci il tarixində 200 manat, xx.xx.2022-ci il tarixində 200 manat, xx.xx.2022-ci il tarixində 200 manat və xx.xx.2022-ci il tarixində 100 manat ödəniş etməsini özünün əlyazması ilə qeyd etmiş və bu fakt öz təsdiqini tapmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixindən indiyədək ödəniş etməmiş və qalıq 2600 manat məbləğində pul vəsaiti ödənilməmişdir. Cavabdeh etdiyi ödənişləri X2 vasitəsilə həyata keçirmişdir. Bütün bu faktları ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət üçün iddia ərizəsinin tərtibatı üçün ödənilmiş 30 (otuz) manat və dövlət rüsumu olaraq 47 (qırx yeddi) manat xərc çəkilmişdir. Göründüyü kimi cavabdeh şəxsin qanunsuz əməlləri nəticəsində iddiaçının əlavə olaraq çəkdiyi xərcin dəyəri cavabdehdən tutulmalıdır. Cavabdeh iddia ərizəsinə etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tamamilə ağ yalan olmaqla cavabdehin ünvanına təmiz böhtandır. Belə ki, iddiaçının özünün cavabdehə 2013-cü ildən 4500 manat borclu olduğu halda, həmin borcunu qaytarmamaq üçün bunu fikirləşib, heç bir əsası olmayan böhtan dolu iddia ərizəsini yazmışdır. Digər tərəfdən kalendarda 31 aprel 2022-ci il tarixi yoxdur. Fikirləşib yalan uyduranda da, heç olmazsa uydurulan tarixlərə fikir vermək lazımdır. İddiaçı qeyd etdiyi əlyazmanı məhkəməyə təqdim etsin ki, məhkəmə də məhkəmə-xətşünaslıq ekspertizası təyin edərək həmin ekspertizanı keçirsin, görək həmin əlyazmaya cavabdehin hər hansı bir aidiyyəti varmı. İddiaçı şahid qismində çağırmaq istədiyi X2 cavabdehə bildirdi ki, heç bir kəsin qeyri-qanuni işlərində, xüsusən də, xəbəri və məlumatı olmayan işlərdə şahid ola bilməz və hətta sonradan özü gətirib notarial qaydada yazmış olduğu sənədi təqdim edəcəyini bildirmişdir. edim ki, iddiaçının iddiası düzgün olsaydı belə, iddia ərizəsinin verilməsinin müddətləri hər bir halda artıq çoxdan keçmişdir. Digər tərəfdən, baxmayaraq ki, cavabdeh iddiaçıya yox, o cavabdehə pul borclu olsa da, iddia vermə müddətləri keçdiyindən iddiaçının iddialarının rədd olunması haqqında yekun məhkəmə qərarının qəbul olunmasını məhkəmədən xahiş edir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə müəyyən vaxtlarda müəyyən məbləğləri (iddia ərizəsində göstərilən), «***-***-**-**» mobil telefon nömrəsi, altında «Elçin» adını əks etdirən əlyazma təqdim edilmişdir. Həmin əlyazma heç kimin imzası ilə təsdiq edilməmişdir. İddiaçı «X2»nun adından məhkəməyə ərizə təqdim etmiş, həmin ərizədəki imza notarial qaydada təsdiq edilməmişdir. Bu əsasdan məhkəmə həmin ərizəni sübut kimi qəbul etməmişdir. İddiaçı tərəfindən digər sübutlar məhkəməyə təqdim edilməmişdir. Hazırda iddiaçı 2600 manatı və məhkəmə xərclərinin tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tərəfindən iddia tələbini sübut edən sənədlər məhkəməyə təqdim edilməmiş, iddiasının hüquqi əsasının nədən ibarət olması, iddiaçı ilə cavabdehin hansı hüquq münasibətlərində olmaları, hansı hüquq münasibətlərinə söykənərək ona pul məbləğlərinin verməsi barədə məlumat verilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Cavabdeh iddia müddətinin tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslılığına dair sübut təqdim edilmədiyindən iddia müddətinin tədbiq edilib-edilməməsi məsələsi müzakirə edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 -ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu və iddia ərizəsinin tərtibatına görə çəkilən əlavə xərc iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş 47 manat dövlət rüsumu və 30 manat məbləğində iddia ərizəsinin tərtibatına görə çəkilən əlavə xərc iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar