Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3468/2024 31.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı1 iştirakları ilə, İddiaçı1 Cavabdeh X5 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 torpaq sahəsini almaq üçün ödədiyi 3100 manat pulun ödənilməsi, M.A.Haşımovun vasitəsilə Maştağa Bələdiyyəsinə ödədiyi 210 manat pulun ödənilməsi, tikinti işlərinin aparılması üçün M.A.Haşımovun vasitəsilə aldığı daş, sement və qum üçün ödədiyi 280 manat pulun ödənilməsi, məhkəməyə gəlib getdiklərinə görə ödəyəcəkləri yol pulu 60 manat pulun ödənilməsi, ödənilmə vaxtına kimi olan müddətə bank uçot dərəcəsi ilə hər geçikdirilmiş gün üçün faizlərin ödənilməsi və ödədiyi dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, onlar 2022-ci ilin iyul ayında torpaq almaq üçün instagram səhifəsindən Maşa tağa torpaq satışı səhifəsində Maştağa Əmlak MMC kimi qeyd olunan X4 ***-***-**-** mobil nömrəsinə zəng etmiş, ondan Maştağa ərazisində münasib torpaq sahəsinin olub-olmamasını soruşmuş, M.A.Haşımov onun votsapına torpaq sahəsinin şəklini atmış, həmin torpaq sahəsinin 1,5 sot oluğunu və qiymətinin də 3500 manat olduğunu bildirmişdi. İddiaçılar torpaq sahəsinə baxmış və qiyməti onların maddi vəziyyətlərinə uyğun olduğundan torpaq sahəsini almaq qərarına gəlmiş, M.A.Haşımov torpaq sahəsinin 1,5 sot olduğunu bildirsə də, sonradan həmin sahənin 1 sot olması məlum olmuş, 3000 manata razılaşmış, təxminən 5 gün ərzində iddiaçı 500 manat behi M.A.Haşımova verdmiş, bir neçə gün sonra isə 1000 manat pulu da M.A.Haşımovun kartına göndərmiş, ümumilikdə 3100 manat pulu tam ödədikdən sonra M.A.Haşımovdan torpaq sahəsinin sənədini tələb etmiş, sənəd ona verilməmişdir. Həmçinin makler M.A.Haşımovun vasitəsilə Maştağa Bələdiyyəsinə ödədiyi 210 manat pulun geri qaytarılmasını məhkəmədən xahiş edir. Sonradan İddiaçı1 cavabdeh X5 qarşı dəqiqləşdirilmiş tələblə iddia ərizəsi verərək cavabdehə sənədsiz torpaq sahəsini almaq üçün ödədiyi 3100 manat, M.A.Haşımovun vasitəsilə Maştağa Bələdiyyəsinə ödədiyi 210 manat, tikinti işlərinin aparılması üçün M.A.Haşımovun vasitəsilə aldığı daş, sement və qum üçün ödədiyi 280 manat pulun, cəmi cəmi 3590 manatın və 58 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, eyni zamanda İddiaçı2 onun iddiaçılar sırasından xaric edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı tərəfindən məhkəməyə cavabdehin imzası notarial qaydada təsdiq edilmiş iddianı qəbul etməsi barədə ərizəsi təqdim edilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qanuni və əsaslı olduğu qənaətinə gəlmişidr. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflərin arasında hər-hansı müqavilə olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Həmin Məcəllənin: 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin. Bu mənada birgə cavabdehlər torpaq üzərində mülkiyyət hüquqları (sənədləri) olmadan iddiaçının hesabına pul (əmlak) əldə etmişlər. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia etiraf edildiyindən,bu məhkəmə tərəfindən təsdiq edilməli və iddiaçının irəli sürdüyü tələb təmin olunmalıdır. İddiaçı eyni zamanda 58 manat dövlət rüsumunun tutulmasını istəyir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, 58 manat rüsum cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X6 tərəfindən iddianın etiraf edilməsi təsdiq edilsin. 3100 manat pul, Maştağa Bələdiyyəsinə ödədiyi 210 manat, daş, sement və qum üçün ödənilmiş 280 manat pul, cəmi 3590 manat və 58 manat məblğəində dövlət rüsumu cavabdeh X2 İddiaçı1 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-3468/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3468/2024
31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver