Məhkəmə qərarları › İş №2(008)-3489/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3489/2024

24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3489/2024 24.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4, Cavavdeh Cavabdeh iştirakları ilə, İddiaçı «Yelo Bank” ASC-nin cavavdeh Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Yelo Bank” ASC Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9395,05 (doqquz min üç yüz doxsan beş manat beş qəpik) manat əsas borc, 897,9 (səkkiz yüz doxsan yeddi manat doxsan qəpik) manat faiz borcu, 623,54 (altı yüz iyirmi üç manat əlli dörd qəpik) manat cərimə borcu, cəmi 10916,49 (on min doqquz yüz on altı manat qırx doqquz qəpik) manat borc pul və ödənilmiş 122,75 (bir yüz iyirmi iki manat yetmiş beş qəpik) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 xx.xx.2022-ci il tarixli Standart şərtlər müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 16 faizlə 30 ay müddətinə 11800 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. xx.xx.2023-cü ilədək X2 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9395,05 (doqquz min üç yüz doxsan beş manat beş qəpik) manat əsas borc, 897,9 (səkkiz yüz doxsan yeddi manat doxsan qəpik) manat faiz borcu, 623,54 (altı yüz iyirmi üç manat əlli dörd qəpik) manat cərimə borcu, cəmi 10916,49 (on min doqquz yüz on altı manat qırx doqquz qəpik) manat borcu vardır. Məhkəmə iclasında iştirak edən iddiaçı «Yelo Bank” ASC nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın qismən təmin edilməsini xahiş edərək bildirmişdir ki, Cavabdeh ödəniş etdiyindən Cavabdeh 7107,15 (yeddi min bir yüz yeddi manat on beş qəpik) manat əsas borc, 897,9 (səkkiz yüz doxsan yeddi manat doxsan qəpik) manat faiz borcu, 623,54 (altı yüz iyirmi üç manat əlli dörd qəpik) manat cərimə borcu, cəmi 8628,59 (səkkiz min altı yüz iyirmi səkkiz manat əlli doqquz qəpik) manat borc pul və ödənilmiş 122,75 (bir yüz iyirmi iki manat yetmiş beş qəpik) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək faiz və cərimə borcunun azaldılmasını məəhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Yelo Bank” ASC ilə X3 arasında bağlanmış xx.xx.2022-ci-cu il tarixli Standart şərtlər müqaviləsinə görə cavavdehə 30 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 11800 manat kredit vermişdir. -xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2022-ci il tarixli müqavilə üzrə banka olan 9395,05 (doqquz min üç yüz doxsan beş manat beş qəpik) manat əsas borc, 897,9 (səkkiz yüz doxsan yeddi manat doxsan qəpik) manat faiz borcu, 2494.17 manat cərimə borcu, cəmi 12787.12 manat təşkil edir. -xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2022-ci il tarixli müqavilə üzrə banka olan 7107,15 (yeddi min bir yüz yeddi manat on beş qəpik) manat əsas borc, 1706.74 manat faiz borcu, 6997.90 manat cərimə borcu, cəmi 15811.79 manat təşkil edir. 4 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 304965 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 21 sentyabr 2022-ci ildə siqmavari bağıırsağın bədxassəli yenitörəməsindən vəfat etmişdir. -Cavabdeh xx.xx.2022-ci il tarixli 4 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat Kontoruna ünvanladığı ərizədən görünür ki, atası X2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə istəmişdir. -23 aprel 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh atası X1 miras qalmış Bakı şəhəri Bakıxanov qəsəbəsi Xəlilov küçəsi 1B saylı evin 38 saylı mənzilin və “Chevrolet Captiva minik” markalı 77CK404 dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi olmuşdur. -********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, 123,15 (bir yüz iyirmi üç manat on beş qəpik) dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılmasıvə ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1038-ci maddəsinə əsasən Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Məhkəmə araşdırması zamanı məlum məlum olmuşdur ki, iddiaçı ilə X3 arasında xx.xx.2022-ci il tarixində 30 ay müddətinə kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə tərəflər arasında nəzərdə tutulmuş öhdəlikləri tam olaraq yerinə yetirmiş, lakin müqavilənin digər tərəfi olan Ə X3 müqavilənin icra müddəti bitməmiş və öhdəlik tam olaraq icra olunmadan xx.xx.2022-ci il tarixində vəfat etmişdir və qanuni üzrə vərəsəliyi isə hazırki Cavabdeh Suleyman oğlu qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinin təlbindəndə göründüyü kimi mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxil olduğundan və hazirdakı Cavabdeh Suleyman oğlundan iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə cavabdehdən tutulmalı əsas və faiz borcun məbləğlərinə diqqət yetiraək qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilə maliyyə arayışından da görünür ki, cavabdeh tərəfindən iddia ərizəsi ilə məhkəmə müraciət edildikdən sonra müəyyən ödənişlər olduğundan iddia tələbi əsas borca münasibətdə qismən 7107.15 manat hissədə təmin edilməli, faiz borc hissədə isə tam tamin edilməlidir. Bundan sonra məhkəmə iddianın əsas borca hesablanmış 623.54 manat məbləğində cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğlərinə mütənasib olmadığından endirilməli, 100 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 122.75 dövlət rüsumunun 101 manat olan hissəsinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 7107,15 (yeddi min bir yüz yeddi manat on beş qəpik) manat əsas borc, 897,9 (səkkiz yüz doxsan yeddi manat doxsan qəpik) manat faiz borcu, 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 8105.05 (səkkiz min bir yüz beş manat beş qəpik) manat borc pul və 101 (bir yüz bir) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar